TOP 10

İDDİA - Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri əcnəbi olacaq!

Futbol
Tarix: 2018-09-13 18:42

Sabah AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Gündəlikdəki məsələlərə baxdıqda əsas diqqət çəkən məqam Hakimlər Komitəsi (HK) və Hakim-İnspektorlar Komitəsindəki (HİK) struktur dəyişikliyi ilə bağlı məqamdı. Məsələ kifayət qədər çoxşaxəlidi. 

 

İlk olaraq Avropa praktikasına diqqət yetirək. Böyük ölçüdə bu iki komitə “Köhnə Qitə”də vahid mexanizm kimi fəaliyyət göstərir və bir rəhbəri var. Bizdə isə HK-ya Xaqani Məmmədov rəhbərlik edir, HİK-ə isə Əli Hüseynov. Deməli, kələfin ucu göründü. Böyük ölçüdə əminliklə söyləyə bilərik ki, “struktur dəyişikliyi” ifadəsi altında bu iki qurumun birləşməsi gizlənir.

 

Maraqlıdı, birləşdikdə rəhbər şəxs kim təyin olunacaq? Xaqani Məmmədovun idarəçiliyini tənqid etməkdən təngə gəlsək də, bu şəxs bugünədək quruma rəhbərlik edirdi. Sabah birləşmə baş tutacaqsa, onun yeni yaradılan Komitəyə sədr təyin olunacağı real görünmür. Hər halda, Məmmədovun hakim səhvlərini özünəməxsus tərzdə müdafiə etməsi tək medianı deyil, ölkə klublarını da təngə gətirib. Bunu AFFA rəhbərliyi də gözəl bilir ki, Məmmədovun rəhbərliyi dövründə zəngin ənənəyə sahib Azərbaycan hakimlik məktəbi irəliyə getməyib. Belədə, Məmmədovla işbirliyinin davam etdiriləcəyi inandırıcı görünmür. Çünki əlavə haqlı tənqidə heç bir qurum razı olmaz. 

 

Əli Hüseynova gəlincə, təcrübəli mütəxəssisin birləşmiş quruma rəhbər təyin ediləcəyi də mümkünsüz görünür. Struktur birləşməsi baş tutuacaqsa, Assosiasiya rəhbərliyi üstünlüyü mütləq yeni simaya verməyi düşünəcək. Ki, yeni metodlar, yeni ideyalar, yeni baxış bucağı üçün platsdarm yaransın. 

 

Ancaq bu məsələ olduqca həssadı. Kimliyindən asılı olmayaraq, ölkədaxili yarışlarda məğlub olan tərəf mütləq matçın hakimini, dolayısı ilə onu təyin edən şəxsi günahlandırmağa çalışacaq. Belədə, klubların narazılığı qətiyyən səngiməyəcək. Assosiasiya rəhbərliyi isə bu cür söz-söhbətin qarşısını almaqda ən maraqlı qurumdu. Necə deyərlər, hər kəs başını sallayıb ancaq futbolunu oynasın.

 

Xeyli götür-qoy etsək də, elə bir potensial namizəd yoxdu ki, onun idarəçiliyi dövründə klubların narazılığı səngisin. “Günah keçisi” axtarıldıqda mütləq Hakimlər Komitəsinin sədri seçiləcək: bu, və ya digər hakimi “X” komandasının oyununa təyin etdiyi və həmin “Mister “X”-in” bilərəkdən rəqibə kömək etdiyi iddia olunacaq. 

 

Bütün bu cür neqativ halların qarşısını almaq üçün yeganə yol yeni yaradılacaq Komitəyə əcnəbi rəhbərin təyin olunmasıdı. Başqa alternativ sadəcə, görünmür. Əks halda, AFFA “Əlinin papağını Vəlinin başına” qoymaqdan başqa bir şey etməyəcək.

 

Yeri gəlmişkən, belə praktika yenilik sayılmayacaq. Məsələn, Pyerluicci Kollina Ukraynada Hakimlər Komitəsinin kuratoru vəzifəsində çalışıb. O, 7 il ərzində bu postu tutub: 2007-2017-ci illərdə. Digər italyan – Roberto Rozetti isə Rusiya Futbol Ittifaqında Hakim və Hakim-İnspektorlar Departamentinə rəhbərlik edib. Daha bir misal isə Qazaxıstanla bağlıdı. Hakim və Hakim-İnspektorlar Komitəsinə 2 il ərzində rusiyalı Nikolay Levnikov rəhbərlik edib.

 

Yekunlaşdıraq. Biz öz məntiqli iddiamızı irəli sürdük. Əlbəttə, qərar sabah açıqlanacaq. Ancaq sabahkı qərar iddiamızla düz mütənasiblik təşkil edəcəksə, legioner Komitə rəhbərinin nə MDB, nə də Türkiyədən olmasını istəmədiyimizi bəri başdan bildiririk. Hər halda, şəffaflıq, şübhələrin məhv olmasını istəyiriksə, nə keçmiş müttəfiqlərimizin, nə qardaş Türkiyənin, nə də keçmiş sosialist ölkələrindən kiminsə olması məsləhətdi. 
 

CEYHUN ƏLİYEV

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB