TOP 10

Futzalımızın "professor"u qayıtdı: "Oğlum da komandamda oynayır, onu özüm "yonmuşam"

Futbol
Tarix: 2018-09-13 13:40

Onlar meydana çıxanda tribunalarda boş yer olmurdu. Onların sərgilədiyi futzal daim alqışla qarşılanıb. Onlar mübarizə aparanda heç kim hansısa güzəşt barədə düşünmürdü. Hamı bilirdi ki, daim amansız mübarizə gedəcək. O dövrün "qızıl oğlanlar"ı vardı - Ağatahir Əzimov, Baba Əsgərov, Allahverdi Babayev, Nurəddin Eyniyev, İlqar Aslanov, Rauf Hüseynov və bunlarla yanaşı daha neçə-neçə parlaq sima. 

 

2000-ci illərin əvvəlllərinin ən güclü futzal erası. Bu futzalçıların əksəriyyəti indi sevimli peşələrindən uzaqdırlar. Bir tək Ağatahir Əzimov bu yaxınlarda U-19 futzal yığmasının baş məşqçisi təyin olundu. Dünən futzal üzrə Azərbaycan Yüksək Liqasının yeni mövsümü start götürdü. Təəccübümüzü gizlədə bilmədik, tribunada əyləşənlərdən biri Mahir Eyniyev idi. Həmin Mahir ki, artıq 47 yaşı var və 10 ildən yuxarıdı Vətəndə yaşamırdı. Necə gəlib, nə vaxt gəlib? Zala gəlişinin məqsədi nədi? Veteran futzalçıyla danışmaq üçün yetərincə mövzular var idi. Tribunada qarşılaşdığımız zamanı artıq kövrəldiyini gizlədə bilmədi. Hər halda, 20 ilə yaxındı tanıdığı jurnalistləri görmək onun üçün də xoş idi. Beləliklə, Azərbaycan futzalının "professor"u (tanınmış mütəxəssis Elman Ələkbərovun təbirincə), sizə təqdim etdiyim tarixi fotoda kapitan sarğısını daşıyan və debütant "Yasamal İdman-Sağlamlıq Klubu”nun baş məşqçisi olan Mahir Eyniyevin Sport24.az-a müsahibəsini təqdim ediirik. 

 

- Neçə vaxtdı Azərbaycanda yox idiniz. Haralarda idiniz, nə işlə məşğul olurdunuz?

- 12 ildir Azərbaycandan kənarda idim. Rusiyada, Sankt-Peterburq şəhərində yaşayırdım. Orda xırda ticarətlə məşğul olurdum. Mini-marketim vardı, onu satdım, bura gəldim və yenidən vətəndəyəm, Azərbaycan futzalındayam. 

 

- 12 il futzalsız necə yaşadınız?

- Oynayırdım. Həminki səviyyə olmasa belə. Orda komandada oynayırdım, çempion da olmuşam. 

 

- Nə vaxt Vətənə qayıtmısınız?

- 1 aya yaxın olar. 

- Dərhal futzal komandası yaratmaq fikrinə düşdünüz?

- Komanda var idi. Sadəcə, zəng gəldi və onu götürüb hazırlaşdırmağa başladım. Yaxşı oyunçular var. Ancaq təbii ki, təcrübəsizliyi nəzərə almaq lazımdı. Oğlum da oynayır komandamda. Məhəmməd Eyniyev - "10 nömrə".

 

- Allah saxlasın. Oğlunuzda ata kimi, məşqçi kimi hansı potensialı görürsünüz?

- Bir ata yox, dostu kimi deyirəm ki, onda hər şey var. Onu özüm "yonmuşam". Oyununa baxıb özünüz qiymət verərsiniz. 

 

- Harada məşq edirsiniz?

- Yasamalda açıq meydançada.

 

- Sponsorunuz var?

- Yox, maddi durumumuz zəifdi. Komandanı daxili imkanlarımız hesabına saxlayırıq. Oyunçularımızın yol pullarını veririk. Ancaq güclü komanda yartamaq istəyiriksə, sponsor lazımdı ki, yaxşı şərait olsun. 

 

- Siz oynadığınız dövrdə futzalçılarımızın "qızıl nəsli"  vardı.  Ancaq təəssüf ki, bu gün o nəslin kölgəsini də görmürük. Sizcə, niyə?

- Bura çoxlu gəlmələr gəlib - əsasən brazilyalılar. Ancaq özümüzdə də yaxşı futzalçılar vardı - Ağatahir Əzimov, Natiq Məmmədkərimov, Allahverdi Babayev, Rəcəb Fərəczadə, Vitali Borisov, İbrahim Aslanov, Rüfət Məmmədov, Nurəddin Eyniyev, Baba Əsgərov, qapıçı Rauf Hüseynli və sair. Məncə, özümüzünküləri oynatmaq lazımdı. "Araz"da çıxış edən futzalçıların çoxu, braziliyalılar həm klubun, həm də milli komandamızın şərəfini qoruyurdu. Yaxşı futzalçılarımız var, sadəcə, onları seçib oynatmaq lazımdı. Azərbaycanda futzal olub, olacaq da. Çünki qanımızda var. 

 

- Sizcə, neçə il lazımdır ki, yeni nəsil futzalçılarımız həmin nəslin heç olmasa bənzəri olsunlar?

- Bu, olacaq. İndi hər komanda yaxşılığa doğru gedir. Qabaq yox idi, artıq klubların uşaq komandaları var. Uşaq futzal məktəbi yaradılıb, sadəcə, zaman lazımdır ki, nəticəsini görək. Dərhal gəlib nəsə etmək olmaz.  

- Ağatahir Əizmov artıq futzal üzrə U-19 yığmamızın baş məşqçisdi. Sizi yenidən futzalımızda görməyə çox şad olduq. Veteranlarımızın qayıdışını müşahidə edirik. Yəqin ki, sizin komandada hamısı yerli oyunçulardı...

- Bəli, öz azərbaycanlı uşqlarımızdı.

 

- Bunun seleksiyasını aparmısınız, yoxsa Yasamaldakı oyunçuları yığmsınız?

- Yox, Yasaamaldan kənarda, məsələn, Əhmədlidən də var. Yəni seleksiya işləri aparmışıq.

 

- Bu komanda cari mövsümdə yox, neçə ilə yaxşı komanda ola bilər? Futzalımızın vaxtilə liderləri kimi - "Gömürkçü", "Turan AİR, "Azərneftyanacaq", "Tribut" səviyyəsində...

- Çox çətin sual oldu. O vaxtın futzalı ayrı idi, indi ayrı. Çox çətinliklərimiz olub.

 

- Saytımız Azərbaycanda bütün dövrlərin ən yaxşı futzalçısı ilə bağlı sorğu keçirmişdi. Sizinlə Ağatahir Əizmovun adı ən çox hallandı və nisbətdə sizə daha çox üstünlük verildi. Hətta "Turan AİR"in və milli komandamızın sabiq baş məşqçisi Elman Ələkbərov demişdi ki, Mahir Eyniyev Azərbaycan futzalının "professor"udu. Kiçik "professor" yetişir, yoxsa..?

- İstedad həmişə olub. Sadəcə, hər şey oyunçunun özündən asılıdı. Oğlumda da potensial var. Öz üzərində çox işləmək lazımdı. Ona qiyməti sizlər, futzal mütəxssisləri verə bilər. Oynaya-oynaya artırmaq olar.

 

- Futzal federasiyamızın prezidenti Zaur Axundovla görüşmüsüz?

- Yox. Ancaq inşallah, görüşməyi planlaşdırıram. 

 

- Uzun fasilədən sonra Azərbaycan çempionatını izlədiniz. İlk tur sizdə necə təəssürat oyatdı? İştirakçılar arasında digər "Yasamal" adlı komanda da var. Derbi olacaq?

- Yəqin ki, olmalıdı. Yaxşı komandadı, çox xoşuma gəldi. Heyətində gənc oynçular var. Ümumiyyətlə, ilk turda maraqlı, bol qollu matçlar gördük.  

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB