TOP 10

Bəxtiyar Musayev “Keşlə”də: “İndikilərdən də güclü futbolçu gətirmək olardı”

Futbol
Tarix: 2018-09-12 14:03

“Keşlə”də yeni təyinat reallaşıb. Bəxtiyar Musayev klubun seleksiyaçı məşqçisi təyin edilib. Sport24.az-a verdiyi müsahibədə sabiq yarımmüdafiəçi qarşıdakı planlar haqda danışdı.

 

-    İlk olaraq təyinatınız barədə məlumat verərdiniz...
-    Klubun rəhbəri Zaur Axundov məni dəvət etdi və öz komandasında görmək istədiyini bildirdi. Fikir mübadiləsi apardıq, düşüncələrimiz, futbola baxış bucağımız üst-üstə düşdü. “Keşlə”nin uğurları üçün əlimdən gələni edəcəm.

 

-    Komandayla tanış olmaq üçün vaxtınız olubmu?
-    Dünəndən komandanın məşqlərinə qatılıram. Əvvəlki turlarda da “Keşlə”nin oyunlarını izləmişəm. Üstəlik, yerli futbolçularımızın da hamısını yaxından tanıyıram. Eyni zamanda, Denis Silva və Bahodir Nasimovla “Neftçi”də işlədiyim dövrdən tanışam və potensiallarına bələdəm.

 

-    Elə isə bu komandadan nə gözləməyə dəyər? Dəyişikliyə çoxmu ehtiyac var?
-    Düşünürəm ki, “Keşlə”də yaxşı futbolçular toplaşıb. Qışda 1-2 mövqeyi gücləndirmək lazım olacaq. Əlbəttə, arzu edərəm ki, qışadək elə bir oyun, elə bir nəticəyə imza ataq ki, yeni oyunçulara zərurət yaranmasın. Amma ilkin təəssüratıma görə bunu deyə bilərəm ki, müəyyən mövqelər gücləndirilsə, daha yaxşı olar.

 

-    “Neftçi”də də eyni postu tutmusunuz. Gətirdiyiniz legionerlər də daim adlarından söz etdirməyi bacarıblar. Ancaq bu dəfə fərqli büdcəyə sahib komandada çalışacaqsınız...
-    Başa düşürəm ki, hər bir oyunçunun öz qiyməti var. Lakin indiki büdcəyə uyğun gələn futbolçular da tapmaq olar. Zənnimcə, indikilərdən də güclü futbolçu gətirmək olardı. Hazırda 5 il əvvəlki səviyyədə çempionatımız yoxdu. Bir tək “Qarabağ” və “Neftçi”nin büdcəsi digər klublardan nəzərəçarpacaq dərəcədə fərqlənir. Ancaq hətta onlarla da başabaş mübarizə aparmaq mümkündü. Əvvəllər çempionluq uğrunda 5-6 komanda mübarizə aparırdısa, indi qızğın mübarizə 2-4-cü yerlər uğrunda gedəcək. Zaur müəllimi çoxdan tanıyıram. Olduqca ambisiyalı insandı. Hədəfləri həmişə maksimal olur. Biz də buna uyğun seleksiya işlərimizi qurmalıyıq ki, komandamıza faydalı olaq.
 

CEYHUN ƏLİYEV

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB