TOP 10

Bədavi Hüseynov qrupdan çıxmağımızı indi də real sayır: "Qapımıza təyin edilən penalti mübahisəli idi"

Futbol
Tarix: 2018-09-11 12:59

Malta yığmasıyla 1:1 hesabıyla nəticələnən UEFA Millətlər Liqasının səfər matçı Azərbaycan milli komandası kimi, onun aparıcı müdafiəçisi Bədavi Hüseynov üçün də uğursuz alındı. Belə ki, qapımıza vurulan qol onun rəqibin kapitanına qarşı qayda pozuntusuna görə təyin edilən penaltidən vuruldu. Bədavi Sport24.az-ın Maltaya ezam olunmuş əməkdaşına müsahibəsində həm bu epizoda, həm də ümumilikdə oyuna toxundu, qrupdan çıxmaq şanslarımızı dəyərləndirdi. 

 

- Yəqin, razılaşarsan ki, 1:1 indiki məqamda ən üzücü nəticələrdən biridi. Belə uğursuzluğun səbəbi nədi?

- Təəssüf ki, heç-heçə oynadıq. Hərçənd, qələbəyə köklənmişdik. Bizə bu qarşılaşmada qələbə çox lazım idi. Çox danışmaq olar ki, nə alındı, nə yox. Ancaq əfsuslar olsun ki, Vətənə bu nəticəylə qayıdırıq. Bunu qəbul etmək, normal qarşılamaq və növbəti matçlara hazırlaşmaq lazımdı. Çünki şansımız itməyib, hələ qarşıda 4 matçımız var. Bunların hər birində qələbə qazanmaq vacib olacaq. Qrupdan çıxmaq istəyiriksə, bunu reallaşdırmalıyıq.

 

- Oyunda temp çatışmırdı. Temp qol buraxdığımızdan sonra oldu, komanda rəqibin üzərinə bütün qüvvəylə hücum etdi və hesabı bərabərləşdirdi. Ancaq sonradan nədənsə sakitləşdiniz, həminki güclü axın yox idi...

- Bilmirəm. Onunla bağlamaq istəmirəm ki, 3 gündən bir oynayırdıq. Bu faktor da rol oynayır, qısa müddətdə 2 matç keçirmək çətindi. Buraxdığımız qoldan sonra belə baxanda, toparlandıq, başa düşürdük ki, hesabı bərabərləşdirməliyik. Ancaq ola bilər ki, gücümüz çatmadı. Dəqiq səbəbi deyə bilmərəm. Belə götürəndə. oyunumuz alınırdı, ancaq sonluğu qoymaq çatmırdı. Bunun üzərində işləyəcəyik. İstək vardı, döyüşürdük, Ancaq ümumilikdə səbəbi deyə bilmərəm.

 

- Yarım qol vəziyyətləri yaradılırdı, ancaq real qol imkanlarımız elə də çox deyildi. Yəqin, bunu da qəbul edəcəksən...

- Razılaşıram. Dedikləriniz reallıqdı.

 

- Yəni hesab oyuna görə oldu?

- Hardasa, hə. Çünki topa nəzarət bizdə olsa da, hücumlarımızın kəsəri elə də çox deyildi. Bunu kənardan siz də gördünüz.

 

- Bəs müdafiədə necə oynadınız?

- Daha yaxşı oynaya bilərdik. Məncə, qapımıza təyin edilən penalti mübahisəli idi. Bizim qapıya partiki olaraq başqa təhlükəli vəziyyətlər yox idi. Hücuma çıxırdılar, ancaq bunun qarşısını ala bilirdik. Ümumilikdə, daha yaxşı oynaya bilərdik. 

 

- Əlini ürəyinə qoyaraq deyərdin: iki heç-heçədən sonra qrupdan çıxmağımız realdımı?

- Realdı. Niyə yox? Hər komanda büdrəyə biər. Qrupumuzda bütün komandalar təxminən eyni səviyyədədi. Hamı oynayır, mübarizə aparır. Farer adaları Maltanı məğlub etdi. Buna görə düşünürəm ki, hər şey mümkündü. Sadəcə, bu mərhələdə duruş gətirərək bütün uğursuzluqları unutmaq, növbəti matçlara daha inamlı çıxmaq lazımdı. Artıq itiricəyimiz heç nə qalmayıb və oynayıb bizə lazım olan xalları qazanmaq lazımdı. 

 

CEYHUN ƏLİYEV, Malta

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB