TOP 10

Cavadov millinin futbolçularını qınadı: "Çox narahatam ki, doğrudanmı belə komandalara qalib gələ bilmirik?"

Futbol
Tarix: 2018-09-09 16:21

Malta səfərinin ilk yazısını müsahibəylə başlamaq qərarına gəldim. Buna əsas da var. İsgəndər Cavadovla hələ Bakıda, Hava Limanında söhbət etmişəmsə, deməli, ilk yazı da xronoloji ardıcıllığa uyğun olmalıdı. AFFA İcraiyyə Komitəsinin üzvünün açıqlamaları heç şübhəsiz ki, milli futbolçuları silkələyəcək. Dilə gətirməsə də, simasından oxunan bir şeyi gördüm: “futbolçu milli komandanın maykasını geyinibsə, bunun nə demək olduğunu sümüyünün iliklərinədək dərk etməlidi”. 

 

- Kosovoyla matçda nəticə və komandamızın oyunu sizi nə dərəcədə razı saldı?
- Nəticədən razı qalmadım. Hərçənd, bu, turnirdə ilk matçdı. Həyəcan var, ilk dəfədir belə turnir keçirilir. Həm də yeni baş məşqçinin rəhbərliyi altında ilk rəsmi oyuna çıxırdılar. Ümumilikdə götürsək, oyunun daha yaxşı olmasını arzulayırdım. 

 

- Bəs hesab, sizcə, oyuna görə oldu?
- Bəli.

 

- Elə isə qələbə üçün nə çatmadı?
- Ustalıq səviyyəsi. Bu futbolçular nə bacarığa malikdirlər, elə də oynayırlar. Bundan yuxarı səviyyədə oynamaq haqda danışmaq çox çətindi. Artıq neçə illərdi ki, milli komandamızda elə bu futbolçular oynayır. İrəli getmək istəyirik, ancaq faktiki olaraq bu futbolçular eyni oyunu sərgiləyirlər. Uğur qazanmaq üçün futbolçular meydanda canlarını qoymalıdılar. Hər bir hərəkətdə də başlarını işlətməlidilər.

 

- Dediklərinizə əsasən belə demək olar ki, Millətlər Liqaısnda şansımız yoxdu?
- Yox, şans var. Niyə yoxdur ki?

 

- Heç olmasa qrupdan çıxmaq?
- Bəli. Böyük ölçüdə götürsək, Farer adalarının da şansı var, Kosovonun da, Maltanın da. Yəni qrupda 4 komandanın hamısının. Demək istəmirəm ki, kim daha şanslıdı. Ancaq şans hamıda var. Bunun olması üçün oynamaq, hər matçdan matça artırmaq lazımdı. Bu futbolçuları tanımasaydım, başqa fikir bildirərdim. Ancaq neçə illərdi gözümüzün qabağında olan futbolçulardı. Ola bilər futbolçular toparlanaraq daha yaxşı oyun göstərsinlər. Oynamaq istəyən futbolçu əzab çəkməli deyil, oynamalıdı. Niyə başqa futbolçular yüksək səviyyədə çıxış edirlər? Sərbəst, ağıllı oynayırlar. Deməli, onlarda inkişaf fərqli gedir. Bizim futbolçularda isə neçə illərdi eyni mənzərədi. 

 

- Yəqin ki, Farer adalarının evdə Maltaya 3:1 hesabıyla qalib gəldiyi matçı görməmisiniz...
- Bəli, görməmişəm. Yəqin ki, çatandan sonra oteldə baxacağam. Farer yığması son dünya çempionatının seçmə mərhələsində qrupda 9 xal toplamışdı.

 

- Yəni farerlilərin qalib gəlməyi sizin üçün gözlənilməz olmadı?
- Bəli. Deməli, futbol oynaya bilirlər. Ancaq bir daha qeyd edirəm ki, bu, bizim üçün elə də güclü rəqib deyil. Ümumiyyətlə, rəqiblərimizin hamısı gücümüzə görədi və bu qrupdan çıxmağımız lazımdı. Bunun üçünsə qələbə qazanmaq gərəkdi. Keçmiş futbolçu kimi çox narahatam ki, doğrudanmı belə komandalara qalib gələ bilmirik?

 

- Sizcə, Maltada da xal itirsək, bu, faciə olacaq?
- Belə olsa, faktiki şansımız xeyli azalacaq. Tam deyə bilmərəm, çünki bu komandalar hələ öz aralarında oynayacaq. Buna görə mənzərə tam aydın olmayacaq. Mənzərə 3-cü turdan sonra artıq müəyyənləşəcək.

 

- Nəticəni nəzərdə tuturdum ki, bu, bizim üçün faciə olacaq?
- Bizim üçün əlbəttə. Maltada xal itirsək, təhlükəli vəziyyətdə olacağıq. 

 

- Necə düşünürsünüz, Maltaya qalib gələ bilərikmi?
- Əlbəttə. Yaxşı oynasaq, buna reallaşdıracağıq. Bunadək də qalib gəlmişik. Sadəcə, qalib gəlməyə hazır olmalıyıq. Malta startda məğlubiyyətdən sonra bizə də ciddi müqavimət göstərəcək. Təbii ki, indi bir şey demək çətindi. Ancaq qələbə şansımız var. Fikrimcə, Maltadan bir az güclüyük.

 

CEYHUN ƏLİYEV 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB