TOP 10

Təxirə salınan partiya

Futbol
Tarix: 2018-09-08 13:33

Millətlər Liqasında yığma komandamızın debüt oyunu birmənalı qarşılanmadı. Kimlərsə millimizin oyununu sönük adlandırdı, bəziləri daha irəliyə gedib “qorxaq” statusu da verdilər. Kosovo ilə qarşılaşma barədə oyunu izləməyənlərə nəyisə təsvir etmək istəməzdik. Ancaq bu görüşün görünməyən tərəfləri var idi ki, hətta Bakı Olimpiya Stadionunda olanların əksəriyyəti də bu bucaqları görmədi.

 

Başlayaq start heyətindən. Adlarına, çıxış etdikləri klublara görə təsnifatlandırma aparsaq, Qurban Qurbanovun ilk “11-liy”i yanlış idi. Lakin 46 yaşlı mütəxəssis özü özünün düşməni deyil. Heç bir məhdud sayda keyfiyyətli oyunçuya sahib məşqçi yaxşını saxlayıb, pisi meydançaya buraxmaz. Əgər Dmitri Nazarov oyuna sonradan qoşulur və hücumlara rəng qatmağı bacarırsa, bu, o demək deyil ki, Almaniyada çıxış edən yarımmüdafiəçi start fitiylə döyüşə atılsaydı da, eyni effekti verəcəkdi. Burda iki səbəb ola bilər: ya Nazarov 90 dəqiqə yüksək tempdə oyuna hazır deyil, ya da rəqib yorulduqdan sonra meydana çıxmışdı ki, belədə, çox xoş təsir bağışladı.

 

Qarşılaşmanın ilk dəqiqələri kəşfiyyat xarakteri daşısa da, milli üzvlərimizdə həyəcan daha çox hiss olunurdu. Niyə? Evdə oynayan komanda üçün belə mötəbər turnirin açılış oyunu olduqca əhəmiyyətlidi. Bu, sevgilisi ilə ilk dəfə görüşə gedən oğlanın dilinin topuq vurması qədər təbiidir. Bax, ona görə də top futbolçularımızın ayağında qalmırdı. “Ruslan Qurbanov nə gündədi”, “Emin Mahmudov niyə oyunu üzərinə götürmür”, “Mahirin millidə nə işi var” tipli sualların cavabı da məhz bu komponentdədi. Biz nə İtaliya deyilik, nə də İspaniya. Bunu qəbul etmək lazımdı – futbolumuz “cırtdan”lar siyahısındadı. Millətlər Liqasının ən aşağı Divizionunda çıxış ediriksə, əlavə şərhə ehtiyac yoxdu.

 

Təqribən 15 dəqiqə ərzində Kosovo daha mobil komanda təsiri bağışlayırdı. Lakin futbolçularımız həyəcan yükünü qismən də olsa, üzərlərindən atdıqdan sonra oyunun tempi tamamilə öldü. İndi top meydanın mərkəzində var-gəl edirdi. Artıq qonaqlar böyük qüvvəylə irəliyə atılmaqdan çəkinirdilər. Hərçənd, əsas “silah”larını da unutmurdular – ara ötürmələri. Nə yaxşı ki, Qara, Maksim və Bədavi ən həlledici məqamlarda bir dəfə də olsun səhvə yol vermədilər. Doğrudu, fasiləyədək hücum xəttindəki oyunumuz qeyri-kafi idi. Qısası, ilk yarının nəticəsi ən ədalətlisi idi: tərəflərdən heç biri kreativ hücumlar qura bilmirsə, qol bir yana, heç təhlükədən də danışmaq yersiz idi.

 

İkinci hissə yığmamızın hücumları ilə başladı. Deməli, paltardəyişmə otağında Qurbanov yetirmələrinə lazımi “dopinq”i verməyi bacarmışdı. Baş məşqçidən söz düşmüşkən, dəfələrlə qeyd etdiyimiz faktı bir daha xatırladaq: Qurbanov istənilən rəqibi əyani gördükdən sonra daha mobil futbol sərgilətməyi bacarır. Bu dəfə o, cavab qarşılaşmasını gözləmədi, 15 dəqiqəlik fasilə zamanı da onun üçün yetərli oldu. Statistik göstəricilərə əsasən deyə bilərik ki, komandamız daha üstün oynadı. Qapıya endirilən zərbələrin nisbəti 7:3-dü. Çərçivəyə isə Bernar Şallandın yetirmələri ümumiyyətlə, zərbə endirməyi bacarmadı. Doğrudu, bizim də qürrələnəcəyimiz bir rəqəmimiz yoxdu. Cəmi 2 dəfə çərçivəyə zərbə endirmişik ki, bunlar da heç bir təhlükə kəsb etməyib. Lakin fasilədən sonra, xüsusilə, son 20-25 dəqiqədə Samir Uykaninin qapısı qarşısında həyəcanlı anlar yaşandı. Bir epizodda isə rəqib müdafiəçi cərimə meydançasında əllə oynasa da, Ola Hubber Nilsenin fiti susdu. Qapı arxasında yer alan yardımçı hakimin gözü qarşısında yaşanan bu epizoda reaksiya verilməməsi bir daha sübut etdi ki, dürüstlüyə yalnız VAR sistemiylə nail olmaq mümkündü.

 

Daha bir nüans ölkənin ən güclü hücumameylli yarımmüdafiəçisi Cavid İmamverdiyevin ehtiyatda qalmasıyla bağlıdı. Heç şübhəsiz ki, “Sabah”ın futbolçusu meydançada olsaydı, komandamız daha rəngarəng hücumlar qurardı. Lakin İmamverdiyev hələ ki, hazır deyilsə, bu, sadəcə, bəxtsizlikdi. Elə Namik Ələsgərovun da zədə səbəbindən 23-lükdən kənarda qalması üzücü məqamdı. Nəzərə alaq ki, Araz Abdullayev də məlum problemlər üzündən ümumiyyətlə, dəvətlilər siyahısında yer almamışdı. Futbol ölkəsi olmayan bir yığmanın birdən birə 3 liderinin yoxluğu hücumun dişsizliyində özünü necə göstərməyə bilərdi?!

 

...Qrupda 4 komanda mübarizə aparır. Ümumilikdə isə hər komanda 6 oyun keçirəcək. Millimizin kağız üzərində əsas rəqibi Kosovodu. Nəzərə alsaq ki, qarşıda hələ 5 tur var, indidən riskə gedib başıalovlu hücuma atılmaq nə dərəcədə düzgün olardı? Axı, istənilən riskli futbolun əks üzü də var – qol buraxmaq təhlükəsi. Kim təminat verə bilər ki, qarşıdakı 4 turda Kosovo bir daha xal itirməyəcək? Riskə tələb olunan vaxt gedilər. Hazırda isə taktiki savaş gedir; son turadək kim daha çox xal itirəcəksə, o da Kosovoda “va-bank” oynamalı olacaq.

 

Müasir şahmatda kompüterlər ən elitar qrossmeysterlərə “əlcək ata” bilir. Ancaq ötən əsrin 90-cı illərinədək tam fərqli sistem tətbiq olunurdu: 40 gedişdən sonra partiya təxirə salınırdı və ertəsi gün davam etdirilirdi. Bax, ilk turda qeydə alınan 0:0 da məhz belə bir təxirəsalmanı xatırladır. Qurbanovun növbəti gedişi isə Maltada olacaq...

 

CEYHUN ƏLİYEV
 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB