TOP 10

Bədavi “stavka”nı Mədətova edir: “Əməlli başlı qırğın olacaq”

Futbol
Tarix: 2018-08-23 15:41

Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə uğrunda Tiraspolda “Şerif”lə ilk oyuna çıxacaq. Azərbaycan çempionunun məsul oyunu öncəsi komandanın aparıcı simalarından sayılan Bədavi Hüseynovla bir neçə gün öncə götürdüyümüz müsahibəni də məhz bu səbəbdən saxlamaq qərarına gəlmişdik. Mərkəz müdafiəçisi ilə söhbətə Topaz Premyer Liqasının II turuna təsadüf edən “Qarabağ”ın “Səbail”lə debüt matçı barədə fikirlərini öyrənməklə başladıq... oyunu kənardan izləsə belə.

 

-    Nəzərə alsaq ki, çempionatda ilk oyunumuz idi, uşaqların da bəziləri mövsümdə debüt oyununa çıxmışdılar, pis təsir bağışlamadılar. “Şerif”lə oyunöncəsi bu görüşdən qələbəylə ayrılmaq olduqca vacib idi. Həm də çempionata qələbəylə başlamaq da xüsusi önəm kəsb edir. Komanda yoldaşlarım xarakter göstərdi və hesab edirəm ki, layiqli qələbə qazandılar.

 

-    Uzun müddət zədə səbəbindən futbolsuz qalmışdın. Doğrudu, artıq 6 beynəlxalq oyunda meydana çıxmısan. Necə düşünürsən, artıq tam formadasan?
-    Əlbəttə, 7 ay özünü göstərməyə bilməz. Çətindi, nə gizlədim. Ancaq özüm də hiss edirəm ki, oyundan-oyuna artırıram. Düzdü, çoxdan oynamamağım bəzən anlaşılmazlığa səbəb olur. Ancaq düşünürəm ki, hər arxada qalan qarşılaşmadan sonra daha yaxşı formada olacam.

 

-    Çempionlar Liqası artıq arxada qalmış mərhələdi. Ancaq Avropa Liqasının qrupuna da düşə bilməsəniz yəqin hansı tənqidlərlə üzləşəcəyinizi dərk edirsən...
-    Əlbəttə, başa düşürəm. Ancaq bu, futboldu. Futbolda daim qələbələri sıralamaq mümkün deyil. Düşünmürəm ki, BATE ilə görüşlərdə rəqibdən zəif təsir bağışlayırdıq. Layiqli oynadıq, sadəcə, azacıq nəsə çatışmadı. “Şerif”lə oyunlardan uğurlu nəticə əldə edib, Avropa Liqasının qrupuna düşmək üçün hər şey edəcəyik.

 

-    Dani Kintananın yoxluğu bir yana, BATE ilə cavab qarşılaşmasında qırmızı vərəqə alan İnnosent Emeqara da Moldovadakı görüşdə komandanıza kömək edə bilməyəcək.
-    Kadr itkiləri bizi üzür. Oyunu Daninin üzərindən qururduq və bu “silah”dan məhrumuq. Doğru qeyd etdiniz ki, Emeqara da ilk oyunda bizə kömək edə bilməyəcək. Ancaq digər tərəfdən sevinirəm ki, “Səbail”lə oyunda Mahir Mədətov dubl etdi. Bu, onda özünəinam hissini artıracaq. Mədətov öz üzərində çox çaışır, ancaq hardasa bəxti gətirmir. Düşünürəm ki, qarşıdakı oyunlarda daha uğurlu olacaq.

 

-    Qrafikiniz yaman ağırdı: Çempionlar Liqası, ardınca daxili çempionat oyunu, sonra Avropa Liqası və ardınca Millətlər Liqası. Gücünüz tükənməyəcək?
-    Hər il buna bənzər qrafikdə oluruq. Uşaqlar da bunu başa düşür və bərpaya lazımi miqdarda zaman ayırırlar. Məşqçi heyətimiz də bu yüklənmələri nəzərə alır. Məsələn, “Səbail”lə oyunda həm mənə, həm də bir neçə komanda yoldaşıma dincəlmək imkanı yaratmışdılar.

 

-    Avropa Liqasının qrup mərhələsinə yüksələcəyiniz təqdirdə, tarixdə ilk dəfə ən pis halda 3-cü səbətdə yer alacaqsınız. Ancaq bunun üçün “Şerif” səddi aşılmalıdı...
-    İlk növbədə baş məşqçimizin tapşırıqlarını həyata keçirmək lazımdı. Qurban Qurbanov istənilən rəqibi əla təhlil etməyi bacarır. Daha bir məqam soyuqqanlılıqla bağlıdı. Təmkinli olmaq, eyni zamanda əldə edəcəyimiz qol imkanlarından yararlanmaq lazımdı. Öz oyunumuzu nümayiş etdirə bilsək, düşünürəm ki, hər şey istədiyimiz kimi sonuclanacaq.

 

-    Ancaq məsələnin digər tərəfini də unutmayaq: ötən mövsüm “Şerif”in ÇL arzusunu gözündə qoyan komandasınız. Deməli, rəqib qisas hissi ilə alışıb-yanır...
-    Razılaşmamaq olmur. Onlar ikiqat əzmlə döyüşəcəklər ki, həmin məğlubiyyətin əvəzini çıxsınlar. Heç keçən il də işimiz asan olmamışdı. “Şerif”i keçmək üçün xeyli güc sərf etmişdik. Bu dəfə əməlli başlı qırğın olacaq. Ancaq başqa yolumuz yoxdu, döyüşməliyik.

 

-    Ötən il ilk oyun Bakıda idisə, indi Tiraspolda baş tutacaq...
-    Böyük fərq görmürəm. Bəlkə də cavab oyununa evdə çıxmağımız bizim üçün əlverişlidi. Bütün hallarda, səfərdə qol vurmağa çalışmaq lazımdı. 
 

CEYHUN ƏLIYEV

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB