TOP 10

Borets "Şerif" - "Qarabağ" duelinə proqnoz verdi, Rəşad Sadıqova dəstək oldu: "O, 40 yaşınadək oynaya bilər"

Futbol
Tarix: 2018-08-18 13:31

"Qarabağ"ın avrokuboklarda "Şerif"lə yenidən düşməsi ölkəmizdə legioner həyatı yaşamış moldovalılar üçün də böyük maraq kəsb edir. Bu sırada Azərbaycan çempionu və Azərbaycan Kubokunun qalibi olan Vadim Boretsi xüsusi qeyd etməliyik. 42 yaşlı keçmiş sol cinah oyunçusunun ölkəmizdə 7 illik karyerası "Neftçi" və "Bakı"yla bağlı olub. Yaşıl meydanda çıxışını 2012-ci ildə ölkəmizdə başa vuran, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Borets Azərbaycandan gələn zəngə çox sevinərək, Sport24.az-ın suallarını cavablandırdı. 

 

- Məşqçilik fəaliyyətinizlə bağlı işləriniz necədi?

- Yaxşıdı. Əsas planım PRO kurslarını bitirməkdi. Bu, 3-4 aydan sonra - qışda reallaşacaq və məqsədim bu sahədə irəliləməkdi. Hələ ki, Kişinyovda yeni açılan uşaq futbol məktəbində işləyirəm. Yeni nəsillə çalışırsan, hər dəfə nəsə yenilik olur, uşaqlarda futbolun sirlərini öyrənməklə bağlı böyük istək var. Bir sözlə, çox maraqlıdı. PRO-nu alandan sonra böyük planlarım var. Futbolda inkişafımı davam etdirmək istəyirəm. Sizdə nə var-nə yox? "Qarabağ" "Şerif"ə düşüb....

 

- Bəli. Elə bu haqda fikirlərinizi öyrənmək istəyirdik. Hər halda, "Şerif" doğma klubunuz olub, "Qarabağ"ı, keçmiş baş məşqçiniz Qurban Qurbanovu ölkəmizdəki uzunmüddətli karyeranızdan yaxşı tanıyırsınız...

- Bu duel mənə çox maraqlıdı. Görürsünüz də, həyatda necə olur, futbolda yenidən yollarımız kəsişir. Bir il öncə də məhz bu komandalar avrokubokda qarşılaşmışdı. Onda Çempionlar Liqasının III təsnifat mərhələsində, bu dəfə Avropa Liqasının pley-off mərhələsində. 

 

- Azərbaycanla Moldovanın futbolda qarşılaşmaları artıq seriya halını alıb. Bu il milli komandalarımız da görüşmüşdü. Yeri gəlmişkən, onda da baş məşqçimiz Qurban Qurbanov idi...

- (gülür) Elədi. Maraqlı, xatırlamalı şeylər çoxdu. Sizə deyim ki, "Qarabağ"ı bu yay izləmişəm. Çempionlar Liqasında daha çox irəliləməyini istərdim. BATE-ylə matçlarına televiziyadan baxdım. "Qarabağ"ın keçməsi üçün azarkeşlik edirdim.

 

- Sizcə, niyə BATE-ni keçə bilmədik?

- Məncə, "Qarabağ"ın bir az bəxti gətirmədi. Rəşad Sadıqovun müsahibəsini oxudum. Deyib ki, onun üzündən uduzdular. Ancaq bununla razılaşmıram. Çünki məğlubiyyət hamınındı, qələbəni komanda qazanır. Rəşad nə qədər komandanı xilas edib!?

 

- Dəfələrlə...

- Bəli. Müdafiəçi olsa da, hətta nə qədər vacib qollar vurub! 

 

- Hər iki oyunda ötürmədə etdiyi səhvi nəylə əlaqələndirərdiniz?

- Futbolda səhv normaldı. Rəşadı ruhdan düşməməyə çağırıram, ona dəstək oluram. Sadıqov əla futbolçudu, əla insandı!  Ona böyük hörmətim var. Futbolçu kimi çox bəyənirəm. O, əsl kapitandı, əsl liderdi, həyatda heç vaxt kiminsə arxasında gizlənməyib. Bəli, səhv edib, bunu açıqlayıb. Kim səhv etmir ki? Hamı. Futbol həyatında hər şey olur. Dünyada heç bir futbolçu, heç bir insan yoxdur ki, xətaya yol verməsin. Başa düşürsünüz, "Qarabağ"ın oyun üslubu belədi. Həmişə topla, çox ötürmələrlə oynamağa çalışır. "Barselona", "Mançester Siti" kimi topa nəzarətə böyük üstünlük verir. Bu zaman səhvlər, top itkiləri olur. Rəşad da "Qarabağ"da hücumu başlayan ilk həlqədi.

 

- Yəni, Sadıqovun futbolçu karyerasını bitirməli olması haqda baş qaldıran fikirlərlə razılaşmırsınız...

- Əlbəttə, razılaşmıram. Rəşad neçə ildi futbol oynayır, bundan sonra da hələ nə qədər müddət - 40 yaşınadək çıxış edə bilər. Bir daha qeyd edirəm ki, "Qarabağ" kombinasiyalı futbol oynayır, oyunçuları topla olanda ötürmə vermək üçün meydanda bir-birlərini axtarırlar. Bu zaman ötürmənin düzgün verilməməsi olan şeydi. 

 

- BATE-ylə qarşılaşmalarda "Qarabağ" ümumilikdə necə təsir bağışladı?

- Sizə deyim ki, "Qarabağ" meydanda dominantlıq, topa nəzarət edirdi. BATE isə əks-hücumlarda oynayırdı. "Qarabağ"ın oyun üslubu, Qurban Qubanovun necə işləməsi çox xoşuma gəlir - topa nəzarət, daim təzyiq, pressinq etmək. Belə futbol göstərən, topla çox oynayan komandalar xoşuma gəlir. 

 

- İndisə "Qarabağ" həmyerlilərinizlə, keçmiş komandanızla düşüb və yəqin ki, bu dəfə Moldova çempionuna azarkeşlik edəcəksiniz...

- (gülür) Belə deyim ki, "Şerif"lə "Qarabağ"ın, ümumiyyətlə, Moldova və Azərbaycan klublarının qarşılaşmaları həmişə gərgin mübarizə şəraitində keçir. Cütün taleyi əsasən 1 qolluq fərqin sayəsində həll olunur. Kim rəqibindən 1 qol çox vurusa, o da qalib gəlir. Ötən dəfə də belə oldu - Bakıda 0:0, Tiraspolda 1:2. Ona görə də düşünürəm ki, bu dəfə də eyni ssenari təkrarlanacaq. 1 qol çox vuran qələbə qazanacaq. Gərgin mübarizə olacaq. 

 

- Bəs kimi qələbəyə daha şanslı sayırsınız?

- Oyunadək şanslar bərabər olur. Hər iki tərəf güclü komandadı, öz ölkələrinin çempionlarıdı. "Şerif"ə də, "Qarabağ"a da uğurlar, yaxşı oyun arzulayıram. Fikrimcə, maraqlı, sərt mübarizə olacaq. Qarşılaşmaları böyük maraqla gözləyirəm.

 

- Yeri gəlmişkən oyunları stadiondan izləyəcəksiniz, yoxsa..?

- Təəssüf ki, matçlar olan vaxtda Moldovadan kənarda olacağam. Ancaq xaricdə olsam belə, Tiraspol və Bakıdakı matçları mütləq izləyəcəm.

 

- "Şerif" Roberto Bordinin gedişindən sonra Qoran Sabliçə tapşırılıb. Bu gənc mütəxəssisin dönəmində komanda nə qədər dəyişib?

- Demək çətindi ki, bu müddətdə "Şerif" zəifləyib, yoxsa güclənib. Bunu dəqiq bilmirəm. Fakt odur ki, komandada yeni baş məşqçi var, bu isə yeni reallıqlar deməkdi. Bilirsiniz, komanda yeni baş məşqçiylə uğurlu da çıxış edə bilər, uğursuz da. "Şerif"də baş məşqçi dəyişikliyinin olmasının rəqibi üçün üstünlük olub-olmadığını demək çətindi. Yeni baş məşqçi gəlir, komandada emosional planda yeni motivasiya olur, yaxşı oynayır. Yaxud əksi baş verir, yeni baş məşqçiylə nələrslə alınmır. Fikrimcə, ağır oyun olacaq.

 

- İstənilən halda, "Şerif"də afrikalı hücumçu Badibanqa qalıb və o, əsas "vuran ayaq" kimi böyük rol oynayır...

- Bəli, o, "Şerif"də əsas futbolçudu. Vacib qollar vurur, rəqib müdafiəsini daim təzyiqdə saxlayır. "Şerif"də ümumiyyətlə, yaxşı futbolçular çoxdu. Eləcə də "Qarabağ"da. Gördüyünüz kimi, komandada bu yay heyətdə çox dəyişiklik baş verib. Ancaq təbii ki, "Qarabağ"da köhnə, tanış simalar çoxdu. Həmişə Qurban Qurbanova, Rəşad Sadıqova, Elçin Rəhmanova, Zaur Tağızadəyə azarkeşlik edəcəm. Onlarla vaxtilə bir komandada olmuşam. Ümumiyyətlə, "Qarabağ"da tanıdığım futbolçular, insanlar çoxdu. Həmişə onlara görə azarkeşlik edəcəm, həyəcan keçirəcəm.  

 

- Maraqlıdı, bu komandaların üz-üzə gələcəyi rəsmiləşəndə, sizdən məlumat almaqla bağlı müraciət edənlər olub?

- Yox. Bilirsiniz, hazırda hər 2 klubda yaxşı mütəxəssislər var. Onlar öz işlərini yaxşı görürlər, artıq informasiyalar toplayırlar. Hər şeyi bilirlər, baxırlar, təhlil edirlər. Buna görə kənara müraciətə də lüzum yoxdu. Çox şadam ki, yenidən ölkələrimiz futbolda qarşılaşırlar və bu, mənim üçün böyük maraq kəsb edir.  Moldova - Azərbaycan qarşılaşmaları bizlərə də ünsuyyət qurmağa, fikir mübadiləsi aparmağa imkan verir. Bu, məni sevindirir. "Şerif"lə "Qarabağ" arasında matçları diqqətlə izləyəcəm. 

 

MEHMAN SÜLEYMANOV

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB