TOP 10

Qurbanovla Millətlər Liqasının burulğanında: “Tez bir zamanda futbolçularımıza onu çatdıracağıq ki…”

Futbol
Tarix: 2018-08-17 14:00

Qurban Qurbanovla görüşərkən hələ BATE ilə cavab qarşlaşması baş tutmamışdı. Müsahibəmiz milli komandaya həsr olunduğundan Belarus çempionuna qarşı mövzuya toxunmadıq. Hər halda, qarşıdan Millətlər Liqası gəldiyindən bu söhbətə zərurət olduqca böyük idi...

 

 

"Kosovo olduqca ciddi rəqibdi, bizim də problemlər həddən artıq çoxdu"

- Millətlər Liqasında rəqiblərimizi incələməyə vaxtınız olub?
- Bəli. Hamı bizim kimi düşünür, hamı bizim kimi hazırlaşır və hamı da ən azı qrupun qalibi olmaq istəyir. İlk oyunumuz da Kosovoyladı. Bəli, yazılanlardan da oxuyuram, danışılandan da eşidirəm ki, adı kiçik görünür. Ancaq ümumən həddindən artıq ciddi rəqibdi və demək olar bütün futbolçuları - 90 faizi legioner həyatı yaşayır. Özü də uğurlu. Sizin yazdıqlarınızdan da oxumuşam ki, milliyə yeni futbolçu axtarırlar, Kosovaya kökü kiçik də olsa bağlı futbolçular varsa, ələ keçirmək istəyirlər. Hətta deyirlər ki, Kosovo millisinə gəlsə də, gəlməsə də, bizim həmin futbolçulardan incikliyimiz olmayacaq. Almaniya, Belçika, Hollandiya, Türkiyə - bütün çempionatlardan çox ciddi futbolçuları var. Bir sözlə, olduqca ciddi rəqibdi və mübarizəni məhz belə komandaya qarşı qarşılaşmayla başlayacağıq. 

 

- Bəs digər rəqiblərimiz olan Malta və Farer adaları yığmaları?
- Onları da izləyirik. Köməkçim Elçin Rəhmanov oyunlarını canlı izləyib, özüm də  baxmışam. Bizi çətin və maraqlı bir turnir gözləyir. 

 

- Özünüz də qeyd etdiniz, kim nə deyir, desin, Kosovo nəinki qrupumuzun, hətta deyərdik ki, turnirdə yer aldığımız D liqasının favoriti kimi görünür. Ən azı hələlik. Bəs biz nəylə öyünəcəyik, belə güclü rəqibin qarşısına kiminlə çıxacağıq? Legionerimiz demək olar yoxdu axı. Olanlar bəlli, Araz Abdullayevlə, Ramil Şeydayev yay fasiləsini klub axtarmaq yönündə yollarda keçiriblər. Yəni, öz durumuzda yetərincə qayğılandıran məqamlar var...
- Bəli. Problemlərimiz həddən artıq çoxdu. Amma hər bir halda futbolçulara güvənməliyik və onların az bir vaxtda idman formalarını yaxşılaşdırmaq üçün hər şeyə əl atmalıyıq. Bəli, məni da narahat edən məqam odu ki, bu gün Araz Abdulalyev hələ tam qərarlaşdırmayıb. Düzdür, maraqlanıram, danışıqlar gedir. Bəlkə də qiyabi həll olunub. Ancaq hələ ki, rəsmi həll olunan bir şey yoxdu. O cümlədən Ramil Şeydayev. Hər gün oxuyuruq ki, danıqılar gedir, ancaq hələ qərar verməyiblər. İstər-istəməz bu yanaşma qayğılandırır. Bir ay sonra turnirə başlayırıq, ancaq onların psixoloji hazırlığı bu turnirə deyil. Hansı komandanı seçəcək, harda oynayacaqlar, heç özləri də bilmir. Hələ də özlərinə klub tapmaq düşünürlər. Əslində isə indidən hamının düşüncəsi, fikri Millətlər Liqası oyunlarına olmalı idi. Hər bir futbolçu“necə edim gündən-günə idman formamı yaxşılaşdırım” barədə düşünməlidi. Bildiyiniz ki, Ruslan Abışov zədələnərək uzun müddətə sıradan çıxıb. Düzdür, Namiq Ələsgərovla bağlı deyirlər ki, komandayla məşqlərə başlayıb. Ancaq yenə də formasını bərpa etməsi, çempionatda əvvəlki oyununu oynaması üçün zaman lazımdı. Cavid Hüseynov cəza üzündən çempionatın ilk 3 turunu buraxır. Belə problemlər var. Ancaq yenə də hər bir halda hər şey edəcəyik ki, bu turnirə tam hazır olaq. Nə qədər çətin olsa da, şansımızdan maksimum istifadə etməyə çalışmalıyıq.

 

 

"Ola bilər ki, turnirin gedişatında yeni futbolçu olsun, ancaq..."

- Müsahibələrinizdə qeyd etmisiniz ki, ola bilər ki, milli komandaya kimlərsə əlavə cəlb olunsun, milliləşdirmə prosesi olsun. Ancaq bir aydan da vaxt az qaldı, heç nə görmədik. Hadisələrin gedişatı artıq ondan xəbər verir ki, yeni futbolçu olmayacaq, yoxsa..?
- Çətindi. Yəqin ki, turnir başlayanadək olmasın.

 

- Ümumiyyətlə, müraciət olubmu?
- Qısa danışıqlarımız olub, ancaq ciddı bir səviyyəyə gəlib çıxmayıb. 

 

- Yəni, Millətlər Liqasında gördüyümüz futbolçular olacaq?
- Hal-hazırda bunlardı.

 

- Ancaq belə başa düşdük ki, turnirin gedişində bunu istisna etmirsiniz...
- Bəli. Ola bilər ki, gedişatda olsun. Ancaq bu, o qədər də inandırıcı görünmür. 

 

 

"Bu gün yalnız onu fikirləşsək ki, Avropa çempionatına bir yolumuz var, o da Millətlər Liqasında qalib gəlmək, gələcəyimizi itirmiş olarıq"

- Millimizin potensialı imkan verirmi ki, Millətlər Liqasında qalib olacağımız haqda düşünək?
- Gəlin, belə danışaq, hər bir neqativ cavabım birincisi, sizlərdə inamsızlıq yaradacaq, ikincisi, azarkeşlərdə, üçüncüsü də futbolçularımızda. Ümumiyyətlə, bir cür yanaşmaq istəyirdik ki, onsuz da futbolda hər şey komanda şəklində həll olunur. Çünki futbol kollektiv oyundu. Adicə Kosovonu götürək, onların futbolçularının oynadıqları çempionatlar, keçdikləri futbol yolu bizimkilərdən öndədi. Yəqin ki, yaxında daha yaxından maraqlanacaqsınız ki, hansı futbolçuları hansı klublarda oynayır, hansı potensiala malikdi. Ancaq praktikamda olub ki, istər "Qarabağ" olsun, istər də milli komanda - özümüzdən güclülərə qalib gələ biliblər. Həmişə hər bir turnirə ümidlə hazırlaşmışam və futbolçularıma da daim güvənməyə çalışmışam. Həmişə də inandırmağa çalışmışam ki, həqiqətən onlara güvənirəm, biz bir yerdəyik. Ona görə hər hansı neqativ cavabım, fikrim sizlərdə o dediyim inamsızlıqlığı yarada bilər. Bu üzdən belə fikirləşirəm ki, hamımız bir olmalıyıq. Sadəcə, vəziyyəti düzgün dəyərləndirməyi bacarmalıyıq. Həm rəqibi, həm ümumiyyətlə, futbolumuzu hərtərəfli şəkildə. Həmişə demişəm ki, bu gün məğlub ola bilərik. Ancaq sabahımızı məğlub olmayaq. Bu gün yalnız onu fikirləşsək ki, Avropa çempionatında iştirak etməyə bir yolumuz var, o da Millətlər Liqasında qalib gəlmək, gələcəyimizi itirmiş olarıq. Birvaxtlar vaxtlar klub səviyyəsində fikirləşirdik ki, avrokuboklarda bir mərhələ keçsək, bu, bizim üçün uğurdu. 

 

- Sonra fikirləşdik ki, yox, iki mərhələ keçsək, bu, bizim üçün ən yüksək nailiyyətdi...
- Bəli. Daha sonra pley-offa düşdük və bu zaman artıq düşünmədik ki, bura bizim üçün ən pik nöqtədi. Onda artıq hamıda inam yaranmağa başladı. Şükülər olsun Allaha ki, Azərbaycanın 3 klubu Avropa Liqasının qrup mərhələsində iştirak etdi. Ona görə də Azərbaycanda bütün hamının gözü bu Millətlər Liqasındadırsa, burda məğlub olduq, bizim futbol batdı, bir daha ora çıxmarıq deyə fikirlə yanaşsaq, gələcəyimizi itirmiş olarıq. Hər bir turnirdə istənilən halda bir qalib olur. Bunu da hər kəs qazana bilər. Dünya çempionatında həmişə güclü qalib gəlmir ki...Yaxud Çempionlar Liqasında, Avropa Liqasında. Görürsən ki, düşünmədiyin bir komanda gəlir lider olur, çempionluğu əldə edir. Bugünümüzü uduza bilərik, ancaq əsas odur sabahımızı uduzmayaq. Ona görə bu futbolçulara, hamımız bir-birimizə güvənərək turnirə başlamalıyıq. Demək istəmirəm ki, uduzsaq, hansısaformada özümü sığortalamaq fikrindəyəm. İdman elə bir peşədir ki, burda düşünmədiyin məğlubiyyətlər də ola bilər, heç ağlına gəlməyən yerdə bəlkə də dünya çempionatında iştirak edərsən. Götürək, ötən seçmə mərhələni, ilk 3 oyundan sonra 7 xalla millimiz Almaniya ilə qrupda şərikli lider idi. Niyə də olmasın, belə nəticələr ola bilər. Ona görə komandanı turnidə qalib gəlməsi üçün həmişə düzgün hazırlamağa çalışmışam. Alınmasa, bunu heç vaxt faciəyə çevirmək istəmirəm. Çünki bu, elə bir işdir ki, hər gün davam edir. Bizim də istənilən neqativ düşüncə işimizə mane ola bilər. Bu cür yanaşma istərdim.

 

 

- Söhbətə başlamzdan öncə bizə Ansi Aqollinin Albaniya yığmasının heyətində Avropa çempionatının final mərhələsində geyindiyi formanı göstərdiniz. Aqollinin millidəki komanda yoldaşı, yay fasiləsində “Qəbələ”yə keçən Sabien Lilaydan açıqlama alanda evdə Kosovoya 0:3 hesabıyla uduzduqları oyuna da toxunduq. Yarımmüdafiəçi isə “oy-oy-oy, çox güclü yığmadı” diaqnozunu qoymaqla yadda qaldı...
- Ola bilər ki, azarkeşlərdə, bəzi mütəxəssislərdə istər-istəməz rəqib barədə yanlış fikir formalaşır. Ancaq tez bir zamanda bütün futbolçularımıza onu çatdıracağıq ki, necə ciddi bir rəqibə qarşı oynayırıq. Hər bir oyunçumuza düzgün çatdırmalıyıq ki, Kosovo yığmasının potensialı nədi, futbolçuları hansı çempionatlardan gəliblər. Bu fikiləri formalaşdırdıqdan sonra oyuna böyük inamla çıxmalıyıq. 

 

 

"Minimum yaxşı oyun göstərən, minimum nəticəyə oynamağı bacaran komandanı formalaşdırmaq qarşımızda duran vəzifə idi"

 

- Yoxlama matçlarını bir-bir xatırlayanda, ən yaxşı oyun sonuncu oldu - səfərdə Latviyaya 3:1 hesabıyla qalib gəldiyimiz. Bu plan üzrə gedirdi ki, artan qarfik olsun? Çünki“Qarabağ”dada bunu müşahidə edirik. Bu atan qrafiki yığmada da tətbiq edirsiniz?
- Yox. Belə deməzdim ki, artan qrafiki burda da tətbiq edirəm. Sadəcə, o dönəmdə bütün variantları yoxlamaq imkanımız olub. Bəli, milli komanda səviyyəsində bir qədər fərqlidi. İstər-istəməz ola bilər ki, hər oyun reytinqə hesablansın, bunu düşünərək, futbolçuları, komandanı formalaşdıraq. Mənim üçün çox vacib idi ki, bütün matçlarda bütün futbolçularla yaxından tanış olum. Bundan asılı olmayaraq hər matçda nəticə vermək borcumuz idi. Minimum yaxşı oyun göstərən, minimum nəticəyə oynamağı bacaran komandanı formalaşdırmaq qarşımızda duran vəzifə idi. Həmişə son oyunlara futbolçuları daha ciddi hazırlayırsan, ümumiyyətlə, tam fərqli formada hazırlaşırsan. Buna baxmayaraq, digər matçlarda da yaxşı oyunlarımız olub. Makedoniya ilə 1:1 oynasaq da, həmin qarşılaşmada futbolçulardan, oyun nizam-intizamından, verilən tapşırıqları yerinə yetirməsindən çox razı qaldım. Belə hazırlıq matçlarında eniş mütləq olur. Ola bilər ki, yoldaşlıq görüşlərində düşündüklərimizi Millətlər Liqasında tam fərqli edək. Çünki burda rəqiblər, oyunların səviyyəsi, sürət, hər şey tam fərqli olacaq. Məsələn, komanda 10 günlük təlim-məşq toplanışında olanda, onu son günlərdə tam hazır etməyə çalışırsan. Belə bir düşüncə ümumiyyətlə, olur. 

 

 

"Millidə müdafiənin mərkəzinə alternativlər var, ona görə də mütləq kimlərsə cəlb olunacaq"

- Millidən danışarkən istər-istəməz müdafiənin mərkəzi yada düşür. Onsuz da qıtlıqdı, bir tərəfdən də Ruslan Abışov sıradan çıxıb. Bədavi Hüseynovun yanında oynamağa alnernatib görünmür. Belə çıxır ki, Maksim Medvedev oynayacaq? Hər halda, ağlımıza nominal mərkəz müdafiəçisi gəlmir...
- Belə deyək də, bu gün görünən odur ki, namizəd Maksimdi. Yoxlama matçlarında onunla Ruslan müdafiənin mərkəzində çıxış edirdi. Şükürlər olsun ki, Bədavi qayıdıb, Maksim yerindədi. Kosovoyla matçadək çempionatda oyunlarımız olacaq, orda baxacağıq. Alternativlər var, ona görə də mütləq kimlərsə cəlb olunacaq.

 

- Gənc Bəhlul Mustafazədinin birdən-birə elə matça çıxması realdırmı?
- Çempionatda oyunlardan çox şey asılı olacaq. 

 

- Mərkəz müdafiəçisiylə yanaşı, mərkəz hücumçusu də millidə problem olaraq qalır. Heç bir hazırlıq matçına dəvət edib sınamadığınız Rüfət Dadaşovun qarşıdakı rəsmi oyunlara çağırmağınız nə dərəcədə realdı?
- İnanın ki, hamıyla maraqlanırıq, hamı haqda informasiya toplanılır. Dediyimkimi, son matçlar, hər bir futbolçunun performansı mənim üçün çox vacib olacaq. Rüfər Dadaşov daxil olmaqla hamıya diqqət ayrılacaq, hamıya baxılacaq və sonda heyətlə bağlı qərar veriləcək.

 

- Heyəti nə vaxt açıqlayacaqsınız? Kosovoyla matça hardasa10 gün qalmış?
- Bəli. İnşallah, bu ayın sonuna tam açıqlayacağam. 

 

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

25 Sentyabr 2018
24 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB