TOP 10

Qurbanovla 10 illik yola baxış: “Hətta başqa klubda olsam da belə, qoy, “Qarabağ” 1-ci olsun!”

Futbol
Tarix: 2018-08-10 16:16

BATE-ylə matçsonrası mətbuat konfransından sonra ona yaxınlaşdıqda və yaxın günlərdə onunla müsahibə götürmək istədiyimizi bildirdikdə işi çox olsa da, "olar, danışarıq" cavabını verdi. Ancaq Qurban Qurbanov nəinki həmin gün, heç dünənki zəng zamanı təbrikimizi qəbul etdikdə belə bunun nə münasibətilə olduğunu bilmədi. Yalnız "nə olub ki" sualını verdikdən sonra: 

- Bu gün "Qarabağ"ı ilk oyuna çıxardığınız gündən düz 10 il ötür. 

- Axşam bazada sizi gözləyəcəm...

 

- Bu əlamətdar hadisədən xəbəriniz var idi?
- Bu gün (söhbət dünən olub-müəllif.) olmasından yox idi. Ancaq bir neçə gün əvvəl söhbət olmuşdu ki, 10 ilim tamam olur. Bazamızda Əmrah bəyin ("Qarabağ"ın direktoru Ə. Çəlikəl) yanında oturmuşduq. Birdən söhbət düşdü ki, bu il 10 ilimiz tamam oldu. Ancaq gün olaraq fərqinə varmadıq. Elə çempionatı müzakirə edirdik, bəs oyunlar nə vaxt başlayır. Onda 10 illə bağlı söz düşdü. Debüt matçımın “Bakılı”yla olması dəqiq yadımdadı.

 

- Həmin oyunu necə xatırlayırsınız?
- Hesabı biz açdıq. Sonra 1:1 oldu. Axırda da qələbə topunu vurduq. Viktor İqbekoyini meydana buraxdım, o fərqləndi. 

 

- Yəqin ki, həyəcan vardı. Gənc mütəxəssis idiniz, üstəlik, tələm-tələsik təyinat olmuşdu...
- Həyəcan yüzdəyüz olacaq. Ümumiyyətlə, “Qarabağ”da ilk oyunum və neçə-neçə oyunlar... Bir az uğursuzluq, hər qarşılaşmada həyəcan oldu. Debüt matçım tam yadımdadı. Tam həyəcanlı deyildim. Bəlkə də daha rahat idim, nəinki digər matçlarda. Zaur Ramazanov komandaya yeni gəlmişdi. Səhv etmirəmsə, 4 müdafiəçi ilə oynayırdıq. 1:1-dən sonra üçlü müdafiəyə keçdik, ikinci hücumçu buraxdım və sona yaxın 3 xal gətirən qolu vurduq. 

 

- Bu 10 ildə hazırkı heyətdən iki futbolçu var ki, sizinlə birgə addımlayıb. Biri Maksim Medvedev, digəri də Qara Qarayev...
- Maksimin həmin vaxt oyunları yadımdadı. Ancaq Qara əsas heyət oyunçusu deyildi. Onu ilk dəfə 2011-ci ildə “Brügge”yə səfərdə 1:4 hesabıyla yenildiyimiz matçda buraxdım. 60-70-ci dəqiqələrdə idi, ayaqlarını qıc tutdu, yorulmuşdu (gülür). İlk oyunu idi, birdən-birə səfərdə oynamaq, həyəcan...

 

- Qara “Qarabağ”da karyerasına cinah müdafiəçisi kimi başlamışdı, siz onu dayaq yarımmüdafiəçisi mövqeyinə çəkdiniz...
- Ümumiyyətlə, Qara dayaq yarımmüdafiəçisi oynamırdı. Ya müdafiənin mərkəzində çıxış edirdi, ya da sol və sağ cinaha qoyurdular. Düzdü, mən də bir neçə matçda müdafiənin cinahlarında onu oynatmışdım. Antalayada hazırlıqda idik, yoxlama matçında dayaq yarımmüdafiəçisi mövqeyində yoxladım və belə qərar verdim. 

 

- Necə oldu ki, “Qarabağ” rəhbərliyi sizinlə əlaqə saxladı və baş məşqçi postunu təklif etdi?
- Bakıda idim. Açığı, ilk zəng qardaşımdan - Musadan gəldi. Dedi ki, səni Ramin müəllim (PFL prezidenti Ramin Musayev) axtarır. Deyəsən, Əmrah bəylə bir yerdə idilər, məni axtardılar. Gəldim “Ruslan-93”ə - o vaxt baza ordaydı - və ilk görüşümüz orda baş tutdu, qərar qəbul olundu.

 

- Maraqlıdı ki, karyeranız ərzində “Qarabağ"da oynamasınız. Təklif olmayıb, yoxsa..?
- Açığı, bir neçə dəfə olub. Sadəcə, tam ciddi olmayıb. Sonuncu dəfə 2004-cü ilin qışında olmuşdu. Onda Həştərxandan yeni qayıtmışdım. Bildiyiniz kimi, həmin vaxt zədəyə görə 7 ay oynamadım. “Qarabağ”ın baş məşqçisi Şahin Diniyev idi. O vaxt görüşdük, təklif oldu. Mənə “Neftçi”dən də təklif vardı. Baş məşqçisi yaxşı tanıdığım, vaxtilə rəhbərliyi altında oynadığım Kazbek Tuayev idi. “Qarabağ”ın bir rəhbər şəxsi vardı, onunla görüşdük. Açığı, razılaşmadıq, çünki fərqli təklif oldu. Zədəyə görə idi, fikirləşirdilər ki, 7 aydı futbol oynamıram. Həm də yaşım 30-u keçmişdi. Kazbek Əliyeviç məni yaxşı tanıyırdı, görüşümüz oldu və dərhal razılaşdıq. İlk oyunumuz da “Qarabağ”la oldu. Sizlərin yaddaşında olar təbii ki, Tofiq Bəhramov adına Respublika stadionunda idi.

 

- Əlbəttə! “Neftçi” 3:1 hesabıyla qalib gəldi, ağdamlıların heyətində İlham Yadullayev uğursuz oynadı, penaltiyə səbəb oldu...
- Elədi, İlham məni yıxımışdı. İki qol vurdum, birini də həmin penaltidən. Digəri oyundan olmuşdu. 

 

- “Qarabağ”dakı debüt mövsümünüzdə ən yaddaqalan məqam sonda ölkə kubokunu qazanmağınız oldu. Təsəvvür edin ki, nə köməkçi gətirmişdiniz, nə futbolçu seçiminiz oldu. Titulu nəyin hesabına əldə etdiniz?
- Bəli, qışadək demək olar heç kimi götürmədim.  Bir Zaur Ramazanovu götürdüyümü xatırlayıram. Ancaq qışda Elnur Allahverdiyevlə Rəşad Sadiqovu komandaya cəlb etdim. “Neftçi” onları kənarlaşdırmışdı. Kuboku qazanmağa nəyin hesabına nail olmağa gəlincə, açığı, bəxt də rol oynadı. Doğrudu, müəyyən təcrübəm vardı. Ancaq məşqçi kimi hər hansı titul əldə etməklə bağlı təcrübəm yox idi. Hərçənd, “Neftçi”ylə çempionatda 2-ci yeri tutmuşdum, UEFA Kubokunda 2 matç keçirmişdim. Ümumiyyətlə, insan yeni bir işə gələndə, həddən artıq həvəsli və çalışqan olur. Həqiqətən o vaxtlar elə idim. Demək olar səhər tezdən evdən çıxırdım və gec saatlarda qayıdırdım. O vaxt indiki kimi şərait də yox idi - ancaq videoyazı, oyunlar, məşq proqramı. Dediyiniz kimi tək idim. Heç fiziki hazırlıq üzrə məşqçimiz də yox idi. Hər şeyi çalışırdım ki, özüm edim. 

 

- Hardasa kustar yolla gedirdiniz...
- Hə də, elə də demək olar. Ümumən get-gedə, xüsusilə qışdan sonra komanda yavaş-yavaş formalaşmağa başladı. Rəhbərliklə daha sıx münasibətlərimiz oldu, bir-birimizlə çox ünsiyyətdə olduq, nəyi necə etməklə bağlı müzakirələr etdik. Allahın köməyi ilə Kuboku qazanmağa nail olduq. 

 

- Onu da nəzərə alaq ki, klub rəhbərliyi əvvəlcə sizinlə qısa müddətli - 6 aylıq müqavilə imzalamışdı. Sonra, mövsümün gedişində anlaşmanın başa çatmasına 2 ay qalmış yeni 3 illik müqavilə bağlanmışdı.
- Doğrudu, ancaq yanılmıramsa 2 illik idi. İlin sonunda oyunlarımız yaxşı keçirdi. Lənkəranda “Xəzər Lənkəran”a qalib gəldik.

 

- “Qarabağ”ı atıb “Xəzər Lənkəran”a gedən türkiyəli baş məşqçi Rasim Kara həmin 1:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərildi...
- Bəli. Bundan başqa, “Karvan”a Bakıda qalib gəldik. Bir sözlə, ilin sonunda iddialılarla çox yaxşı oyunlar keçirdik. Bundan sonra rəhbərliyn marağı daha da çoxaldı, yaxından ünsiyyətdə olmağa başladılar. Tahir bəy (“Qarabağ”ın vitse-prezidenti T.Gözəl) ümumiyyətlə, oyunlarımıza çox gəlməyə başladı və sonda müqavilənin bitməsini gözləmədən artırdılar.

 

- Maksim Medvedev “Qarabağ”da 10 illiyinizlə bağlı saytımıza müsahibəsində maraqlı faktdan söz açdı. Dedi ki, Qurban müəllim gəlişindən artıq 1 il sonra komandada gəncləşdirmə siyasəti aparmağa başladı. Bu, klub rəhbərliyinin təşəbbüsü idi, yoxsa şəxsən sizin?
 - Açığı, öz tərəfimdən gəldi və sözün düzü, riskli addım atdım. Komandada xeyli dəyişiklik etmək istəyirdim və bunun üçün ən real variant yerli oyunçuları əldə etmək idi. Birdən-birə komandanı dəyişmək üçün o qədər legioneri yığa bilməzdim. O vaxt bir sıra yerli futbolçularımız yeni-yeni populyarlaşdırmağa başlayırdılar. Onlar da çox istəkli idi. Tanıdığım yerli futbolçular da çox idi. Səhv etmirəmsə, həmin vaxt millimizin Türkiyədə yoldaşlıq görüşü olmuşdu.

 

- Bəli, 2009-cu ilin iyununda Kayseridə Türkiyənin Azərbaycana 2:0 hesabıyla qalib gəldiyi matç idi...
- Orda bir neçə futbolçuyla danışığım oldu. Biri Vüqar Nadirov idi. Son klubuyla müqaviləsi bitmişdi, gedirdi. Yerli futbolçuları yğıdıq və şükürlər olsun ki, hər şey bizim üçün uğurlu alındı. Onlar da “Qarabağ”da oynamağa həvəsli idilər. Bakıya gəlmək istəyirdilər, aralarında rayonda oynayan futbolçular da vardı. Allahın köməyilə qərarımız yanlış olmadı. İstər-istəməz Azərbaycan futbolunda yeni addım atılmış kimi oldu. 

 

- 2009-cu ilin qışında Rəşad Sadıqovu da “Qarabağ”a gətirə bilərdiniz. Çünki adaşıyla Elnur kimi “Neftçi” onu da kənarlaşdırmışdı. Buna cəhd etdiniz, yoxsa yenidən Türkiyədə legioner həyatı yaşamasını üstün tutaraq heç danışmadınız?
- Məncə, variant yox idi. Çünki artıq türklərlə müqavilə imzalamışdı. Anlaşması olduğuna, artıq yeni klubunun düşərgəsində yer aldığına görə danışıqlara girmədik. O vaxt biz yeni başlamışdıq, təzə gələndə qərar verə bilməzdik ki, onu gətirək. Türkiyə çempionatının səviyyəsi məlum idi. Ancaq yayda avrokuboklarda iştirak edəndə Rəşadın komandamda olmasını istədim. Əmrah bəylə birgə Türkiyəyə birbaşa klubun bazasına yollandıq. “Kocaelispor”la ümumi razılığa gəldik və Rəşadı komandamıza cəlb etdik.

 

- Bu 10 ildə hansı futbolçuları - söhbət yerli oyunçulardan gedir - qeyd edə bilərsiniz ki, sima olacağı ilə böyük ümidlər bəsləmisiniz, ancaq hardasa özlərini yandırıblar, parlamayıblar?
- Onsuz da onların hər biri Azərbaycan futbolunda bir sima oldu. Bunlar Əfran İsmayılov, Rauf Əliyev, Vaqif Cavadov, Elvin Məmmədov idi. Maksimlə Qaranı demirəm, çünki indi də bizimlədirlər. Qeyd etdiyim dördlüyə ümidlərim daha böyük idi. Amma sonra elə oldu ki, yollarımızı ayırmalı olduq. Birdən-birə başqa kluba getmək, başqa məşqçinin rəhbərliyi altında oynamaq istər-istəməz futbolçunun düşüncələrini dəyişir. Belə də oldu, ancaq çox istərdim ki, o vaxtkı komanda, oyunçularda futbola olan sevgi, istək, çalışqanlıq indi də olaydı. Həmin vaxt onların hər birini ayrı-ayrılıqda həqiqətən çox istəyirdim. Arzulayırdım ki, daha yüksək səviyyədə oynasınlar. 

 

- Oynaya bilərdilər. ancaq tam potensialları açılmadı...
- Bəli. Məşqdən sonra qalıb meydançada tək işləyirdik, onlarla məşqdən əvvəl və ya sonra ayrıca hazırlıq keçirdik. Çox maraqlı günlərimiz keçib. Onlara çox doğma yanaşırdım.

 

- Maksim onu qeyd etdi ki, elə futbolçular vardı Qurban müəllim onlara öz övladı kimi yanaşırdı...
- Belə doğma münasibət vardı, yaxşı günlər idi. 

 

- Hər bir mütəxəssisin əlçatmaz bir arzusu var ki, komandam Çempionlar Liqasının qrupunda oynasın. Bəs Qurban Qurbanovun futbol aləmində arzusu nədi? Hər halda, ÇL-in qalibi olmaq real deyil...
- Deməzdim ki, arzumdu, işimiz elədi ki, onsuz da arzu edirik və bunu həyata keçirmək üçün daha çox çalışmaq lazımdı. Çox istəyərəm ki, bu “Qarabağ” komandası - burda olub-olmamağımdan asılı olmayaraq - həmişə liderlər sırasında olsun. Azərbaycan futbolu deyiləndə, bu klubun adı 1-ci olsun, 1-ci çıxsın. Hətta başqa klubda olsam da belə, qoy, “Qarabağ” 1-ci olsun, heç nə olmaz. Düzdü, bir azərbaycanlı olaraq həmişə Qarabağ haqda düşünürdük, bu şeyləri fikirləşirdik. Bura gələndən sonra ümumiyyətlə, bu ada, bu bölgəyə fikirlərim, yanaşmam tam dəyişdi. Ona görə bu komanda üçün həmişə ən yaxşısını arzulayıram. Çox istəyərəm ki, futbolumuzda lider elə “Qarabağ” olsun. Ən azından Avropada həmişə görsünlər ki, Azərbaycanın belə bir yaxşı səviyyədə olan klubu var. 
 

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV


 

18 Sentyabr 2018
17 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB