TOP 10

2018-19: kim nəyə qadırdi?

Futbol
Tarix: 2018-08-10 18:00

Axır ki, gəlib çıxdı. Kimlərinsə böyük səbirsizliklə gözlədiyi, kimlərinsə nifrətlə izlədiyi Topaz Premyer Liqası (TPL) nəhayət ki, sabah start götürəcək. Mövsümün açılış matçı Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq. Bəs, Premyer Liqa iştirakçıları nöbvəti mövsüm özlərini hansı tərəfdən göstərə biləcəklər? Büdcəsi kasadlaşmış “Qəbələ” “Qarabağ”a “əlcək ata” biləcəkmi? Debütant “Sabah” elitada itib-batmayacaq ki? Təpədən-dırnağa yenilənmiş “Neftçi” sabit çıxışla yadda qala biləcəkmi? Ölkə Kubokunun qalibi “Keşlə” yenidən avrokubok zonasına düşə bilərmi? Göründüyü kimi, suallar yetərincədi...

 

“Qızıl”dan danışarkən...

“Qarabağ”
Son 5 mövsümün əvəzsiz çempionu çətin ki, bu il də qızılı əldən verə. Hər halda, ağdamlıların etdiyi transferlər belə düşünməyə əsas verir. Abdollah Zubir, İnnosent Emeqara kimi parlaq simaları rənglərinə qatan ağdamlılara az-çox müqavimət göstərə bilən komanda obrazında yalnız “Neftçi”nin adını çəkə bilərik. Lakin “süvarilər”in bu mübarizədəki şanslarını 70 faizlə dəyərləndirərdik.

 

“Neftçi”
Komadanda təpədən-dırnağa tam dəyişib. Yeni baş məşqçi, yeni legionerlər, yeni texniki heyət. Avropa Liqasındakı çıxış “ağ-qaralar” haqda ikili təəssürat yaratdı. İlk oyunda Macarıstan “Uypeşt”inə qarşı sərgilənən futboldan cavab görüşündə əsər-əlamət yox idi. Əlbəttə, Roberto Bordin və onun komandası barədə daha müfəssəl məlumat toplamaq üçün “Sevilya”ya qarşı matçları da seyr etmək yaxşı olardı. Lakin biz Macarıstan faciəsini daha çox “təsadüf” adlandırardıq, nəinki italiyalı mütəxəssisin yararsızlığı. Bu qəbildən yanaşdıqda “Neftçi” mobil komanda obrazı formalaşdırıb. Baqali Dabo və Dario Frederiko kimi ifaçıları sıralarına qatan son çempionatın bürünc mükaftçısının yerli kadrları da yetərincə diqqətçəkəndi. Emin Mahmudov, Rəhman Hacıyev və xüsusilə, Namiq Ələsgərov istənilən rəqibin başını gicəlləndirə bilər. Adlarını sadaladıqlarımız futbolçulara ötən mövsümün ikinci yarısında qoşulan Soni Mustivarı da əlavə etsək yəqin ki, mənzərə aydın olar. Komandanın müdafiə xəttinin mərkəzində Ruslan Abışovun uzun müddətlik sıradan çıxması boşluq yaratsa da, transfer pəncərəsi bağlananadək yeni transferin reallaşacağı gözlənilir. Yeganə düşündürən məqam qapı xətti ilə bağlıdı. Bordinin inadkarlıqla güvəndiyi Səlahət Ağayev qeyri-sabitdi və istənilən an kobud səhvə yol verə bilər. Rəşad Əzizliyə isə italiyalı çalışdırıcı avrokubok oyunlarında şans tanımadığından konkret rəy bildirməkdə çətinlik çəkirik. Bütün hallarda, “Neftçi”ni “Qarabağ”a nisbətən müqavimət göstərə biləcək yeganə komanda hesab edirik.

 

“Bürünc” uğrunda “3 muşketyor”

“Qəbələ”
Əlbəttə, “Qəbələ”nin son 3 ildəki əzəmətli heyətinin kölgəsinin qızıl uğrunda mübarizə aparacağını söyləmək yalnız pafoslu çıxış kimi qiymətləndirilə bilər. Əyalət təmsilçisinin idealda avrokuboklara vəsiqəni təmin edən bürünc medallar uğrunda mübarizədə əsas namizəd kimi göstərə bilərik. Sənan Qurbanov üçün baş məşqçi kimi debüt mövsümündə “qırmızı-qaralar” 3-cü ola bilsələr, bunu əminliklə onların aktivinə yazmaq olar.

 

“Keşlə”
Bürünc medallar uğrunda mübarizəyə namizədlər sırasına son ölkə Kubokunun qalibini də əlavə edərdik. Mladen Milinkoviç komandanı yeni qəbul etsə də, futbolçuların rəğbətini qazanmağı bacarıb. Serbiyalı mütəxəssisin əlinin altındakı futbolçular Yuri Maksimovun dövründəkindən daha keyfiyyətlidi. Doğrudu, komandanı Sezar Meza Kolli tərk edib. Ancaq kim təminat verə bilər ki, paraqvaylı oyun qurucusu ötənilki formasını qoruya biləcəkdi? Milinkoviçin güvənəcəyi əsas sima isə böyük ehtimalla Miloş Bosançiç olacaq.

 

“Sumqayıt”
Nazim Süleymanov üçün cari mövsüm həqiqət anı olacaq. Təcrübəli mütəxəssis “Sumqayıt”la uğursuzluğa düçar olsa, futbol ictimaiyyəti ilk növbədə məhz onu hədəfə alacaq. Lakin Süleymanov bu yükün altına girəndə də bunu gözəl başa düşürdü. Söhbət heç də yenilənmiş “Sumqayıt”ın avrokubok zonasına düşüb-düşməməsindən getmir. Ötən mövsüm tribunaların ağzına kimi dolmasının səbəbi tək nəticələr deyildi, həm də sərgilənən baxımlı futbol idi. Lakin bizim proqnozumuz belədi ki, Süleymanovun komandası bürünc uğrunda döyüşəcək 3-cü komanda olacaq.

 

“Stavka” edilməyən trio

“Zirə”
Ayxan Abbasovun düşdüyü vəziyyətə həsəd aparmaq olmur. Kasad büdcəyə daha bir zərbə avrokuboklardan kənarda qalmaqla UEFA-dan gələcək pullardan məhrum olmaları olub. İndi 37 yaşlı mütəxəssis yenidən qitəmiqyaslı turnirlərə qatılmaq barədə düşündüklərini desə də, bu, real görünmür. Hər halda, “Zirə” bunu bacarsa boyundan hündürə tullanmış olacaq.

 

“Səbail”
Aftandil Hacıyev üçün cari mövsüm Premyer Liqada debüt ili olacaq. “Səbail” hələ bu ilin sonunda 3 yaşını qeyd edəcək. Paytaxt təmsilçisinin klub kimi tam püxtələşməsi üçün bu zaman kəsiyi olduqca azdı. Düşünürük ki, “dənizçilər” 5-7-ci yerlər uğrunda mübarizə aparacaqlar.

 

“Sabah”
Debütant transferləri ilə TPL-ə iştahlı gəldiyini nümayiş etdirsə də, komandanın dərhal iddialılar sırasına qoşulacağına inam azdı. Ancaq bəzən istisnalara da rast gəlmək mümkündü. Necə ki, vaxtilə “Zirə” Premyer Liqadakı debüt mövsümündəcə gümüş medallara sahib çıxmışdı. Ancaq biz bu cür nikbin proqnoz verməkdən çəkinərdik.

Əlbəttə, bu, bir proqnoz xarakterli yazıdı. Nəticənin necə olacağını isə gələn ilin yazında görəcəyik.

 

 

CEYHUN ƏLİYEV
 

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB