TOP 10

“Maestro” 10 illik silahdaşının gözündə: “Qurbanov fenomeninin sirri ondadır ki...”

Futbol
Tarix: 2018-08-10 10:10

Dünən Qurban Qurbanovun “Qarabağ”ın “sükanı arxası”nda ilk oyuna çıxdığı gündən 10 il ötdü. Bu illər ərzində təcrübəli mütəxəssisin rəhbərliyi altında yalnız iki futbolçu oynayıb – Maksim Medvedev və Qara Qarayev. Ancaq Qara “maestro”nun debüt mövsümündə cəmi 1 oyun keçiribsə, Maksim 20 matçda forma geyinib. Sport24.az “süvarilər”in vitse-kapitanı Medvedevlə müsahibədə Qurbanovlu “Qarabağ” 10-illiyinə ekskurs etdi.

 

- Qurban Qurbanovun 2008-ci ildəki təyinatını necə xatırlayırsan?

- “Qarabağ”dakı karyerama Rasim Karanın rəhbərliyi altında başlamışam. Lakin 2008/09 mövsümünün startına sayılı günlər qalmış türkiyəli mütəxəssis gözlənilmədən “Xəzər Lənkəran”a getdi. Yaxşı yadımdadı, bu hadisədən bir neçə gün sonra klubdaxili iclas keçirildi və bizə yeni baş məşqçimiz – Qurban Qurbanov təqdim edildi. Bundan da bir-iki gün sonra çempionatda ilk oyununu keçirdik. O vaxtkı heyəti yada salarkən, qeyd etməliyəm ki, komandamız daha çox yaşlı futbolçulardan formalaşmışdı. Onların sırasında Zaur Ramazanov, Emin İmaməliyev, Aslan Kərimov kimi futbolçuları xatırlayıram. İndiki heyətimizlə müqayisə etsək, açığı, yalnız özümü xatırlayıram. Heç Qara Qarayevin oynaması da yadıma gəlmir. O, bizdə məşq edirdi, lakin heyətə cəlb olunmurdu.

 

- 10 il əvvəlki və bugünkü “Qarabağ”...
- Qurban Qurbanov həmin dövrdə məşqçilikdə ilk addımlarını atırdı. İndiki dövrümüzlə müqayisəyə gəlməyən “Qarabağ” vardı: 6-7-ci yerləri tuturduq, legionerlər istənilən səviyyədə deyil, yerli futbolçuların yaşı 30-dan yuxarı idi. Ancaq Qurban müəllimin gəlişindən sonra “qocalar”ın əksəriyyəti ilə vidalaşdı, heyət yenidən formalaşdı, gəncləşdirmə prosesi aparıldı. Bundan sonra komandaya həmyaşıdlarım cəlb edildi və yeni “Qarabağ” yavaş-yavaş qurulmağa başladı. Aydın məsələdi ki, yeni və gənclərdən qurulmuş heyət dərhal qələbələri sıralamayacaqdı. Axı, rəqiblərimiz çox keyfiyyətli futbolçulardan təşkil olunmuşdu. İlk uğurumuz həmin mövsümün sonu Azərbaycan Kubokunu qazanmaqla gəldi. Bu, bizim üçün təntənəli bir hadisə idi. Elə klub üçün də həmçinin. Çünki “Qarabağ” xeyli müddət idi titul üzünə həsrət qalmışdı. Bax, məhz bu uğurdan sonra komandada qələbə ruhu formalaşmağa başladı. Bundan sonra “Qarabağ”a daha elitar legionerlər və yerli futbolçular cəlb edilməyə başladı. Addım-addım irəli gedirdik və demək olar ki, hər mövsüm medallar uğrunda mübarizədə iddialılar sırasında idik. Gərgin iş, xoş mühit və gözəl anlaşma nəticəsində uğurlar qazanmağa başladıq. Bunun da bariz nümunəsidi ki, “Qarabağ” son 5 ildə çempionluğu heç kimə güzəştə getmir.

 

- Bəs, Qurban müəllim özü necə, çoxmu dəyişib? İlk illərdə əsas nəyə diqqət yetirirdi?
- Əlbəttə, baş məşqçimiz ildən-ilə təcrübəsini artırırdı və bu da öz nəticəsini verməyə başladı. Çünki o, hər bir futbolçuyla necə rəftar etməyi, onu necə kökləməyi dəqiqliyi ilə bilirdi. Qurban müəllim hər bir oyunçuya meydanda ondan nə istədiyini “çeynəyib” verirdi. Biz futbolçulara sadəcə, onun tapşırıqlarını yerinə yetirmək qalırdı. Məşqlərimiz də kifayət qədər məhsular keçirdi, əsas diqqət fiziki hazırlığa yönəlirdi. Bizi elə bir həddə çatdırdı ki, artıq digər komponentlər üzərində rahatlıqla çalışmağa başladıq. Nəticələr göz önündədi. Komanda vahid mexanizmə çevrildi, futbolçular daha intizamlı və məsuliyyətli olmağa başladı. Baş məşqçi aydın şəkildə bizə başa saldı ki, bu, “1 nömrə”li işimiz, həyat tərzimizdi. Nəticələr də göstərir ki, futbolçular onun tövsiyələrini lazımınca qəbul etdilər, möhkəmləndilər, zəngin təcrübə qazanmağa başladılar.

 

- İllər ötdükcə “Qarabağ” avrokuboklarda da uğurlu qrafik cızmağa başladı...
- Elədir ki, var. Daxili arenadakı uğurlarımızı tədricən Avropa meydançalarına da daşıya bildik. Əlbəttə, əvvəl-əvvəl bizi “döyürdülər”. Ancaq “döyülə-döyülə” də bərkidik, Avropa təcrübəmiz artdı. Və bu gün 10 il əvvəl bizlər üçün “akula” kimi görünən rəqiblərə qarşı indi rahat şəkildə oynayırıq. Düşünürəm ki, oynadığımız futbol da yetərincə baxımlıdı. Bunun nəticəsi olaraq tribunaları da fəth edə bilmişik. Fanatlarımızın sayı günbəgün artır. Qurban müəllimin intizama xüsusi diqqət yetirməsi, bununla yanaşı, özü üzərində də daim çalışması komandanın daha uğurlu oynamasını şərtləndirir.  Bu gün fəxrlə deyə bilərik ki, Qurbanovun yaratdığı komandanın uğurları tək “Qarabağ”da yox, bütün Azərbaycan futbolunda öz əksini tapıb. Bildiyim qədərilə Azərbaycan futbolunda bir klubu ardıcıl 10 il çalışdırmış ikinci mütəxəssis olmayıb. Bu, artıq özlüyündə böyük bir nailiyyətdi. “Qarabağ” ölkənin “1 nömrə”si olmasıyla yanaşı, Avropada da adından söz etdirib. “Köhnə qitə”də hətta Avropa nəhəngləri belə “Qarabağ”a böyük hörmətlə yanaşır.

 

- 10 il – bir igidin ömrüdü...
- Baş məşqçimizi bu 10 ildə əldə etdiyi yüksək nailiyyətlər münasibətilə təbrik edirəm. Xoşbəxtəm ki, onun kimi bir mütəxəssislə işləyirəm. Ümid edirəm ki, vəhdətimiz futbolçu karyeramı bitirənədək davam edəcək. Çünki Qurban müəllim futbolçuya daha da inkişaf etmək üçün ən düzgün istiqaməti göstərməyi bacarır. Allahın köməyilə milli komandamızda da bu uğurların davamın gətirə biləcəyik. İstərdim ki, Qurbanov məşqçi kimi uğurları təkcə klub səviyyəsində yox, millidə də əldə etsin. Baş məşqçimizin xarakteri və intizama xüsusi diqqət yetirməsiylə buna nail olacağına inanıram. Qurbanov fenomeninin sirri nədədi? O, daha gənc futbolçulara doğma övladları kimi, nisbətən yaşlılara böyük qardaş kimi münasibət bəsləməklə hər bir oyunçuya maksimum faydasını verməyi bacarır. Bunda da bir məqsədi var: hər bir futbolçu Azərbaycan bayrağını layiqincə təmsil etsin! 

 

 

MEHMAN SÜLEYMANOV

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB