TOP 10

“Best of the best”: “Qarabağ”la 10 il!

Futbol
Tarix: 2018-08-09 12:30

Təqribən 1 həftə idi ki, materialları toplayırdım. Bünövrə dünən hazır olduqdan sonra əmin idim ki, bu gün yazını bitirə biləcəm. Nəhayət, vaxt gəldi, vədə yetişdi...

 

Beləliklə, bu gün “Qarabağ” və baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar gündü. Sport24.az xəbər verir ki, Ağdam klubunun təcrübəli mütəxəssisin rəhbərliyi altında ilk rəsmi qarşılaşmaya çıxmasından düz 10 il ötür.

 

Tarixi qələbələr qazandığı stadionda debüt

Debüt 2008/09 mövsümünün ilk turunda olub. Özü də Qurban Qurbanovlu “Qarabağ”ın bu 10 ildə Avropa arenasında ən uğurlu matçlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda. 2008-ci ilin avqustun 9-da həmin arenada “Bakılı”nın qonağı olan ağdamlılar 2:1 hesabıyla qalib gəlib. “Süvarilər”in hazırkı baş məşqçisinin rəhbərliyi altında ilk qolunun müəllifi makedoniyalı sabiq yarımmüdafiəçisi Artim Şakiri olub. Yeri gəlmişkən, tanınmış futbolçu Qurbanovdan cəmi 1 yaş kiçik idi. Qələbə topuna isə Vaqif Cavadovu əvəzləyən nigeriyalı yarımmüdafiəçi Viktor İqbekoyi imza atıb. Qurbanovlu “Qarabağ”  ilk qolunu “Bakılı”nın gürcü legioneri David Kakiaşvilidən penaltidən buraxıb. 

 

 

"Neftçi"dən futbolçusu olmadığı "Qarabağ"a

Məlumdu ki, futbolçu karyerasını 2005-ci ilin sentyabrında - 33 yaşında zədə üzündən “İnter”də bitirməli olan qəhrəmanımız elə bu klubda idman direktoru vəzifəsində çalışmaqla fərqli sahədə ilk addımlarını atıb. O, 2006-cı ilin yayında Ağasəlim Mircavadovun “Xəzər Lənkəran”ın “sükanı arxası”na gedişindən sonra “Neftçi”nin baş məşqçisi təyin olunub. Qurbanovun məşqçi kimi debütü də avqustun ilk 10 günlüyünə təsadüf edib və onda da start mərkəzi arenada qələbəylə olub. Ancaq Sumqayıtın “Gənclərbirliyi” klubu üzərində darmadağınla - 6:1 hesabıyla. Müstəqillik dönəmində ölkəmizin ən uğurlu baş məşqçisi “Neftçi” ilə çempionluğun bir addımlığında olsa da, sonda liderliyini əldən verir və “Xəzər Lənkəran” qalib olur. “Ağ-qaralar” isə 34 yaşlı yeni baş məşqçisiylə ilk mövsümündə çempionatımızın gümüş medalçısı olur və UEFA kubokuna vəsiqə qazanır. Ancaq komanda həmin turnirdə mübarizəni ilk mərhələdə dayandırmalı olur - Avstriyanın “Rid” klubuna ümumi nəticə məğlubiyyətlə nəticələnir (səfərdə 1:3, evdə 2:1). 

 

Növbəti çempionatın əvvəlində - 2007/08 mövsümünün IV turunda sentyabrn 2-də “İnter”lə 0:0 hesabıyla nəticələnən səfər matçından sonra istefa verən Qurbanov bundan 1 il sonra “Neftçi”nin əzəli rəqibi olan “Qarabağ”ın baş məşqçisi postuna keçir.  Maraqlıdı ki, Qurbanov 15 illik karyerasında Azərbaycanda 5 klubda oynasa da, bunlar arasında Ağdam təmsilçisi olmayıb. “Qarabağ”ın həmin vaxt baş məşqçisi olan türkiyəli Rasim Kara yeni çempionatın startına sayılı günlər qalmış gözlənilmədən komandanı ataraq “Xəzər Lənkəran”a qayıdır.

Həmyerlilərindən belə hərəkəti gözləməyən “Qarabağ”ın türkiyəli rəhbərliyi təbii ki, çətin vəziyyətdə qalmışdı. Ancaq hər şeydə bir xeyir var. “Qarabağ” o zaman çıxılmaz vəziyyətə düşdüyünü fikirləşirdi. Axı, çempionatın başlanmasına çox az qalmışdı. Həmin vaxt çətin ki, kimsə cürət edib “Karaya təşəkkür edin” deyərdi. Axı, bu mütəxəssis getməsəydi,  Ağdam klubunun Qurbanovla yolları bəlkə heç vaxt kəsişməyəcəkdi. Qurban Qurbanova sahib olmaq, onun baş məşçqi işləməsi “Qarabağ”ın haqqı idi. Doğrudan da klubun sponsoru çox əziyyət çəkdi. Seçim “Neftçi”də,“İnter”də işləyən, sonra xaricdə təhsil alan gənc mütəxəssisin üzərində edildi.

 

 

Ramin Musayevin "Qarabağ" rəhbərliyinə məsləhəti

Bilənlər bilir ki, Qurbanovun “Qarabağ"a gəlişinin maraqlı tarixçəsi var. Həmin vaxt klub rəhbərliyinin gənc mütəxəssisi tanıdığını, onun haqda məlumatlı olduğunu, gözaltı etdiyini desək, ağ yalan olar. Təklif Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevdən gəlir. O, həmin vaxt yaranan bu quruma prezident təyin olunmuşdu. “Qarabağ” düşdüyü çətin vəziyyətdən çıxmağın yollarını Ramin müəllimlə məsləhətləşərkən bu variant ortaya çıxıb. Bəli, Qurbanov haqda Ağdam klubunun rəhbərliyinə, konkret olaraq direktor Əmrah Çəlikələ Musayev danışır. Bu söhbət AFFA-nın inzibati binasında baş tutub. Bu yerdə qeyd edək ki, Qurbanov “Neftçi”nin baş məşqçisi olanda Musayev klubun vitse-prezidenti idi və birgə işləmişdilər. 

 

Çəlikəl həmin vaxt Ramin müəllim yeni yaranan PFL-ə prezident təyin olunması münasibətilə AFFA-ya ona “xeyirli olsun” demək üçün gedir və sözarası baş məşqçi məsələsini danışır. Musayev özü “Qarabağ” rəsmisinə Qurbanovu tövsiyə eləyir.
 

“Qarabağ”ın həmin vaxt düşdüyü vəziyyətdə bir risk olmalı idi. Çünki komanda 1 həftədən sonra çempionatda matça çıxmalı olduğu halda, baş məşqçisi yox idi. Ya gərək Türkiyədən, Avropadan mütəxəssis dəvət etməli idilər, ya da belə riskə getməli. Ağdam klubunun rəhbərliyi kimi Qurbanovun da ilk vaxtda şübhəsi vardı. Bu, şəxsi yox, iş planında idi. Ancaq zamanla hərə özünə görə qarşı tərəfi tanıdı. Bəli, risk idi. Ancaq tək “Qarabağ” üçün yox, həm də Qurbanov üçün. Gənc mütəxəssis özünü sübut etməli idi, çünki o, nə komandanı yığmışdı, nə də özüylə köməkçi gətirmişdi. 

 

 

Debütdəcə titul, Avropada “Qarabağ” rüzgarı”

Debüt mövsümündə “süvarilər” çempionatda 5-ci olsa da, qəhrəmanımız Ağdam klubuna titul qazandırmağı bacardı – ölkə Kuboku “Qarabağ”ın muzeyinə gətirildi. Respublika stadionunda keçirilən finalda “İnter” Vaqif Cavadovun penaltidən vurduğu qolla məğlub edildi - 1:0. Bununla da Qurbanov Azərbaycan Kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxs olur - 2004-cü ildə “Neftçi”də kapitan kimi və 2009-cu ildə “Qarabağ”da baş məşqçi kimi. 

 

Onu da qeyd edək ki, "Qarabağ" Qurbanovla ilk olaraq 6 aylıq müqavilə imzalayır. 2008-ci ilin sonunda müqaviləsinin başa çatmasına iki ay qalmış rəhbərlik baş məşqçisiylə 2009-cu ilin fevral ayını gözləmədən 3 illik sövdələşməyə qol çəkir.

Avropada Qurbanovlu “Qarabağ” rüzgarı” elə debütdə əsir. Ölkə Kubokunun qalibi kimi artıq Avropa Liqası adlanan turnirdə mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisi “Rusenborq” kimi tanınan, güclü rəqibi keçir. Norveçdə keçirilən matç qolsuz bərabərliklə nəticələnir. Bundan bir həftə sonra Respublika stadionunda keçirilən cavab qarşılaşması o vaxt kapitan olmayan Rəşad Sadıqovun ilk hissənin sonuna saniyələr qalarkən cərimə zərbəsindən vurduğu qolla qələbə qazanılır – 1:0. Özü da Ağdam rayonunun işğal günündə - iyulun 23-də! “Qarabağ” həmin və sonrakı mövsümdə Avropa Liqasında pley-off mərhələsinədək irəliləyir. İlk dəfə Hollandiya “Tvente”si (səfərdə 1:3, evdə 0:0), sonra Dortmund “Borussiya”sı (səfərdə 0:4, evdə 0:1) qrupa düşməyə imkan vermir. 2013-cü ildə isə digər Bundesliqa təmsilçisi - Frankfurt “Ayntraxt”ı (evdə 0:2, səfərdə 1:2) qarşıda əngəl olur. 

 

 

Bol rekordlar, tarixi anlar

Nəhayət, 2014-cü ildə tilsim qırılır və “Qarabağl”a nəhayət, arzusunu gerçəkləşdirir. İndi qitəmiqyaslı yarışların qrup mərhələsini “Qarabağ”sız təsəvvür etmək olmur. Üç dəfə bu, Avropa Liqasında reallaşıbsa, ötən il Azərbaycan futbolunda tarix yazılıb - Çempionlar Liqasının qrupu! Qurban Qurbanovun komandası ilk dəfə vəsiqə qazandığı bu turnirin pley-offunda Danimarkanın “Kopenhagen” klubunu keçir - evdə 1:0, səfərdə 1:2. Ancaq hələ ki, nə Avropa Liqasında, nə də Çempionlar Liqasında qrupdan çıxmaq mümkün olubb. 

 

“Qarabağ” bu 10 ildə hazırkı baş məşqçisinin rəhbərliyi altında yalnız 2 mövsümdə mükafatsız qalıb. Bu, 2008/09 mövsümündə 5-ci, 2011/12 mövsümündə 4-cü yer olub. Qurban Qurbanov komandaya 2009/10 və 2010/11 mövsümlərində çempionatın bürünc, 2012/13 mövsümündə gümüş medal qazandırıb. 2013/14 mövsümündən bu yana mütləq titul əldə olunur -  ardıcıl 5 il çempionluq, 3 dəfə - ölkə Kubokunun qalibi və bununla 2014/15, 2015/16 və 2016/17 mövsümlərində "qızıl dubl" sahibi olmaq.

 

46 yaşlı Qurbanov bu 10 ildə “Qarabağ”ı 441 matça çıxarıb. Bunların 244-də qələbə, 114-də heç-heçə, 83-də məğlubiyyət qeydə alınıb (topların fərqi 622-320). O, hazırkı komandasıyla Premyer Liqamızda 314 oyun keçirib - 182 qələbə, 78 heç-heçə, 54 məğlubiyyət. topların fərqi 453-218. 

 

Qurbanovlu “Qarabağ”ın Azərbaycan Kubokunda 46 qarşılaşması var ki, bunun 29-da qələbə, 12-də heç-heçə, 5-də məğlubiyyət yaşanıb (topların fərqi 82-24). 

 

Nəhayət, avrokuboklarda balans belədi - 81 oyun, 33 qələbə, 24 heç-heçə, 24 məğlubiyyət (topların fərqi 87-78).

 

 

10 ildə birgə addımladığı 2 futbolçu

“Qarabağ” 5-ci dəfə Qurban Qurbanovun rəhbərliyi altında qızıl medal qazanmaqla ardıcıl çempionluqlarda öz rekordunu yeniləyib. Təcrübəli mütəxəssis baş məşqçi kimi qazandığı qızıl medalların sayında isə Azərbaycan rekordunu təkrarlayıb. Bunadək rekordun vahid sahibi Ağasəlim Mircavadov idi. “Qarabağ”ı ilk çempionluğuna daşıyan mütəxəssis sonradan iki dəfə “Şəmkir", bir dəfə “Neftçi” və “Xəzər Lənkəran”la uğur qazanıb. Lakin eyni komandada, həm də ardıcıl qazanılan qızıl medallarda Qurbanov öz rekordunu yeniləyib. Bütün çempionluqları “Qarabağ”la yaşayan çalışdırıcı bu uğurları ardıcıl gerçəkləşdirib. Ən əsası, Qurbanov futbol tariximiz ərzində bir klubda hamıdan çox müddətdə işləyən baş məşqçidi. Onun kimi müstəqillik dönəmində, 26 illik milli çempionatımız tarixində 2-ci belə göstərici olmayıb. 

 

Onu da qeyd edək ki, “Qarabağ”ın hazırkı futbolçularından yalnız ikisi - müdafiəçi, vitse-kapitan Maksim Medvedevlə yarımmüdafiəçi Qara Qarayev 10 ildi baş məşqçisiylə birgədirlər. Medvedev 20 yaşı olarkən Qurbanovla ilk mövsümündə çempionatda 20 oyun keçiribsə, Qarayev 17 yaşında cəmi 1 matça çıxıb.

 

 

Qurban Qurbanovun "sağ əli" 

Təcrübəli mütəxəssisin “sağ əli” sayılan Rəşad Sadıqov 1 il sonra - 2009-cu ilin iyununda “Qarabağ”a keçir və bundan sonra 9 ildə birgə çalışırlar. 36 yaşlı müdafiəçinin mükafat kolleksiyası bunadək da zəngin idi. Elə Qurbanovla çiyin-çiyin oynadıqarı vaxtda "Neftçi"ylə çempionluq, ölkə kubokunun qalibi, "qızıl dubl" sahibi olmaq vardı. Ancaq Rəşad əsas uğurlarını məhz "Qarabağ"da Qurban müəllimin rəhbərliyi altında qazanır. Təsadüfi deyil ki, Qurbanovlu "Qarabağ"ın avrokuboklarda ilk qolunun, tarixi qolunun müəllifi məhz Sadıqov olur. "Böyük kapitan" əvvəlcə Avropa Liqasında, sonra isə Çempionlar Liqasında qrup mərhələsinin həyəcanını məhz Qurban Qurbanovlu "Qarabağ"da yaşayır. Təcübəli müdafiəçi bu il karyerasını bitirmək haqda düşünsə də, məhz baş məşqçisinin təkidiylə başa çatan müqaviləni daha 1 illiyə uzadaraq yaşıl meydanda çıxışını ən azı 1 il də davam etdirəcək...  

 
 

MEHMAN SÜLEYMANOV

 

21 Sentyabr 2018
20 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB