TOP 10

“Qarabağ”ı sındırmayan 0:1 - Bakıda antrakt, son pərdə Borisovda endiriləcək

Futbol
Tarix: 2018-08-08 12:00

Respublika stadionunun konfrans zalında süstlük hökm sürür. Hər kəs “Qarabağ”ın BATE-dən evdə aldığı məğlubiyyəti həzm etməyə çalışır. Az sonra zala Qurban Qurbanov daxil olur. Ancaq bu dəfə fərqli formada. Təcrübəli mütəxəssis gülümsəyərək yerini tutur. İstənilən qələbədən sonra ciddiyətini itirməyən, rəqib haqda yüksək fikirlər söyləyən Qurbanov bu dəfə fərqli ampluadadı: özüylə müsbət enerji gətirir. “Hələ heç bir şey həll olmayıb. Bu, mübarizənin yalnız ilk hissəsi idi” deyən məşqçi zaldakıları da inandırmağa zərurətin yarandığını hiss edir...

 

***

 

Pərdə qalxır və Andreas Ekberqin start fiti səslənir. Gözləntilərin əksinə olaraq Belarus çempionu dərhal oyunun ipini əlinə alır. Təqribən 10 dəqiqədən sonra aydın olur ki, cütlüyün favoriti heç də təmsilçimiz deyildi. Daim topa nəzarəti əlində saxlamağı sevən çempionumuz indi “mərmi”yə həsrətdi. Bəzi epizodlarda top kortəbii şəkildə meydanın rəqibə aid hissəsinə vurulur ki, bu da “Qarabağ” markası kimi tanıdığımız komandaya heç də xas deyil. Aşkar görünür ki, “süvarilər” çaşqınlıq içindədi. Qonaq komandanın baş məşqçisi Aleksey Baqa öyrəşmədikləri havada 90 dəqiqə Azərbaycan çempionu ilə eyni tempdə döyüşə bilməyəcəklərini dərk edərək, ilk hissədən maksimumu sıxmaq tapşırığı verdiyini sezməmək mümkün deyil. Təqribən 25 dəqiqədən sonra Qurbanovun komandası oyunu mərkəzə keçirməyi bacarır. Təşəbbüsə yiyələnmək üçünsə daha 5 dəqiqəyə ehtiyac duyulur. Lakin oyun ərzində ən azı 3 kritik müdaxilə ilə yadda qalan Rəşad Sadıqovun gözlənilməz səhvindən sonra belaruslar 3 gedişə topu tora daxil edirlər. “Qarabağ” “soyuq duş”dan fasiləyədək ayıla bilmir.

 

***  

 

İkinci hissə tam fərqli məcrada keçir. Ancaq məcburiyyətdən arxa xətti zəiflədərək daha böyük qüvvəylə irəli atılan “Qarabağ” az qala qapısında daha bir qol görmək təhlükəsini yaşayır. BATE ikinci 45 dəqiqədə təzyiq altında oynasa da, komandanın funksional hazırlığına həsəd aparmamaq mümkün deyil. Ağdam təmsilçisinin ən kreativ futbolçularına topu yalnız üzü öz qapısına qəbul etmək imkanı verən qonaqlar Zubir, Emeqara, Miçelin hər topa toxunduğu epizodda minimum 2 futbolçuyla qarşılayırdılar. Delarj isə cinahda oynamaq üçün sürət baxımından əziyyət çəkdiyindən sabiq müttəfiqlərimizə başağrısı ola bilmirdi. Emeqaranı “ac” saxlamağa nail olan Baqanın yetirmələri isveçrəlilin meydanın dərinliyinədək qayıtmağa məcbur edirdilər. Bununla o komanda yoldaşlarına operativ genişlik açmağa çalışsa da, BATE-nin müdafiə xətti cərimə meydançasını minalanmış sahəyə döndərmişdilər. Hər mina obrazında qonaq komandanın futbolçularının bir ayağını təsəvvür etsək, ümumi say bəzən 14 olurdu. Beələdə, istər-istəməz diqqət ehtiyat oyunçular skamyasına yönəlir. Dani Kintananın son məşqdə ciddi zədəlnməsi Qurbanovu “ispan toreador”undan məhrum etmişdi. Hücum xəttini gücləndirmək üçün Qurbanovun de-fakto, iki “kozır”ı qalırdı – Mahir Mədətov və Filip Ozobiç...

 

***

 

46 yaşlı mütəxəssis ilk əvəzetməyə 67-ci dəqiqədə əl atdı: Delarjı Mahir Mədətov əvəzlədi. Həmin vaxtadək “Qarabağ” ərazi üstünlüyünü sol cinahda titanik həddə çatdırdığından, 21 yaşlı vinger adət etmədiyi sağ cinaha göndərildi. Final fitinə 10 dəqiqə qalmış isə Filip də meydana çıxmaq şansı qazandı. Məhz bu əvəzetmədən sonra keyfiyyəti kəmiyyətə çevirmək üçün şanslar yaranmağa başladı. Ozobiçin qapıya endirdiyi ilk zərbə hədəfdən yayınsa da, 87-ci dəqiqədə yalnız Denis Şerbitskinin ustalığı bərabərlik qolunun qarşısını aldı. Son dəqiqədə isə Zubir “şvedka”yla əla zərbəylə yadda qalsa, top “doqquzluğ”dan azacıq aralı keçdi...

 

***

 

Respublika stadionunun konfrans zalında süstlük hökm sürür. Hər kəs “Qarabağ”ın BATE-dən evdə aldığı məğlubiyyəti həzm etməyə çalışır. Az sonra zala Qurban Qurbanov daxil olur. Ancaq bu dəfə fərqli formada. Təcrübəli mütəxəssis gülümsəyərək yerini tutur. İstənilən qələbədən sonra ciddiyətini itirməyən, rəqib haqda yüksək fikirlər söyləyən Qurbanov bu dəfə fərqli ampluadadı: özüylə müsbət enerji gətirir. “Hələ heç bir şey həll olmayıb. Bu, mübarizənin yalnız ilk hissəsi idi” deyən məşqçi zaldakıları da inandırmağa zərurətin yarandığını hiss edir...

 

***

 

İlk oyuna görə hansı nəticələri çıxarmaq olar. Əvvəla, cavab qarşılaşması öncəsi “Qarabağ” çox arzuolunmaz durumla qarşı-qarşıyadı. Elə BATE-nin olduqca intizamlı futbol oynamasını da qeyd etməmək olmaz. Bu cür müdafiə xəttini yarmaq olduqca müşkül məsələdi. Lakin pozitiv məqamlar da var. Söhbət ikinci yarıda topa nəzarəti tam ələ keçirməkdən gedir. Eyni zamanda, Filip Ozobiçin oyuna yaxşı daxil olması da xüsusi vurğulanmalıdı. Xorvatiyalı yarımmüdafiəçi cavab qarşılaşmasının ilk dəqiqələrindən meydanda olsa, buna təəccüblənmərik. Nəhayət, ən başlıca “kozır” Qurban Qurbanovun cütlü oyunlardan birincisinə əbədi damğa vurmasıdı: “İlk matç rəqibi daha yaxından tanımaq baxımından bizə çox faydalı olur”. Hə, indi Qurbanov BATE-nin eninə də, uzununa da bələddi.

 

***  

 

Pərdə endirilir. Tamaşaçılar ruh düşkünlüyü ilə çölə çıxır. Ancaq bu qarşıdurmada son akkord vurulmayıb. Hələlik sadəcə, antrakt elan edilib. “Arxı kimin hoppanacağı”nı isə avqustun 14-də görəcəyik...
 

 

CEYHUN ƏLİYEV

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB