TOP 10

BATE-nin baş məşqçisi "Qarabağ" haqda yüksək fikirdədi: "Baqanın xasiyyəti kimi komandası da aqressivdi"

Futbol
Tarix: 2018-08-03 16:25

"BATE-nin baş məşqçisi Aleksey Baqayla ilyarımdan çox tanışıq. Onunla ilk tanışlığımızda BATE-də köməkçi məşqçi işləyirdi. Əsas odur ki, bu klubun yetirməsidi. BATE-nin futbolçusu da - cinah oyunçusu olub". Bu fikirləri Sport24.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Ayxan Abbasov bildirib.

 

Məşqçilikdə ən yüksək kateqoriya olan PRO ilə bağlı son vaxtlar Belarusa tez-tez səfər edən 37 yaşlı mütəxəssis "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan BATE-nin baş məşqçisi Aleksey Baqanı yaxşı tanıyır. Abbasov belaruslu həmkarını, həmyaşıdını belə səciyyələndirib: "Xasiyyətindən də görünür ki, Baqa aqressiv futbolçu olub və komandası da bu yöndə fərqlənir. Belarusda son məşğələmizdə eşitdik ki, Aleksey BATE-nin baş məşqçisi təyin olunub və onu təbrik etdik. Çempionlar Liqasında iki mərhələ keçməyi gənc mütəxəssis kimi onun üçün böyük uğurdu. Baqa Belarusun cavan, həvəsli, perspektivli məşqçilərindən biridi. Orda hər kəs onun bu keyfiyyətləri haqda danışır".

 

Abbasovun fikrincə, BATE-nin uğurlarında onun baş məşqçilərinin öz yetirmələri olması böyük rol oynayır: "Komanda bu ilin əvvəlində yeni baş məşqçi gətirmişdi. Bu, bizə də dərs deyən Oleq Dulub idi. Ancaq onun işi uğursuz oldu. Dulubun rəhbərliyi altında həm ölkə Kubokunun, həm də Superkubokun finalında uduzandan sonra onu istefaya göndərən BATE yenidən öz yetirmələrinə güvəndi. Bu klubda belə bir siyasət var. Bildiyiniz kimi, BATE-nin əsas uğurları hazırda Moskva MOİK-inin baş məşqçisi olan Viktor Qonçarenkoyla bağlıdı. Onun hazırda "hərbçilər"də köməkçisi olan Aleksandr Yermakoviç vaxtilə Borisov təmsilçisində də ona assistentlik edib. Qonçarenko BATE-dən gedəndən sonra isə məhz Yermakoviç baş məşqçi postuna keçərək 5 il onu çalışdırdı və uğurlu çıxışı davam etdirdi. Baqa kimi, Qonçarenko ilə Yermakoviç BATE-də futbol da oynayıblar".

 

Gənc məşqçimizin sözlərinə görə, Baqa "Qarabağ"ı avrokuboklarda rəqib olmamışadək izləyib: "O, həmişə "Qarabağ", Azərbaycan futboluyla bağlı yüksək fikirlərini bildirirdi. Hətta "Qarabağ" ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Roma"yla səfər oyunu zamanı İsveçdə dərsdə idik və qarşılaşmaya bir yerdə baxırdıq. Hər kəs çempionumuzun oyununu çox yaxşı qarşılayırdı, həmişə komandamızdan söz edirdilər, maraqlanırdılar. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda çox yüksək fikirdə olurlar, hamısına belə uğurlu çıxış maraqlı gəlirdi. Ümumilikdə komanda, Azərbaycan futbolu haqda çox sual verirdilər. İşlədiyimiz klublardan da soruşurdular. Ancaq ən çox maraqlandıqları "Qarabağ" idi. Çünki məhz Ağdam təmsilçisi son illərdə Azərbaycanı MDB məkanında ən yaxşı tanıdan komandamız olub"

 

"Zirə"nin gənc çalışdırıcısı "Qarabağ" - BATE duelində yaxşı oyun, maraqlı mübarizə gözləyir: "Belarus çempionu "Kukesi"dən güclü komandadı. Onların da "Qarabağ" kimi Avropada təcrübələri var. Bilirik ki, postsovet məkanında iki nəhəngdən - Rusiya və Ukraynadan sonra Çempionlar Liqasında ilk qrupa düşən məhz BATE-di. Bu komanda neçə mövsüm qrupda özündən söz etdirdi. BATE Belarusda məşhur klubdu. Ölkəsində digər klublar - "Dinamo", "Şaxtyor" rəqabət göstərmək istəyir. Ancaq görürən odur ki, sonluqda BATE çempion olur, Çempionlar Liqasının və ya Avropa Liqasının qrupunda demək olar hər mövsüm çıxış edir. Mənə elə gəlir ki, "Qarabağ"a tam yaxın rəqibdi. Hər iki qarşılaşma çətin olacaq. "Qarabağ"a uğurlar arzulayıram".

 

Qeyd edək ki. Abbasov futbol karyerasını məhz "Qarabağ"da başa vuraraq məşqçilikdə ilk addımlarını orada atıb.

 

MEHMAN SÜLEYMANOV

 

19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB