TOP 10

"Şəmkir" şərfinə həsrət rus jurnalist: "Dünyada "Qarabağ" kimi 25 ildir didərgin düşən komanda yoxdu!"

Futbol
Tarix: 2018-08-01 13:14

Andrey Dudenko. Bu ad Azərbaycan futbol ictimaiyyətinə heç nə demir. Ancaq dünən Albaniya “Kukesi”sinin Bakıdakı matçından öncə “Krasnaya Zvezda” (“Qırmızı ulduz”) qəzetinin əməkdaşına Tofiq Bəhramov adına Respublika stadionunda rast gəldikdə Azərbaycan paytaxtına gəlişinin səbəbiylə maraqlanmaya bilməzdik. Söz sözü çəkdi və yekunda oxuyacağınız maraqlı bir müsahibə alındı. Rusiyalı həmkarımız Sport24.az-a verdiyi müsahibədə “Kukesi”yə heç bir şans tanımadı.

 

-  1924-ci ildən “Krasnaya Zvezda” oxucularla görüşə gəlir. Qəzetimizin təsisçisi Rusiya Müdafiə Nazirliyidi. Maraq üçün qeyd edim ki, hətta Böyük Vətən Müharibəsi dövründə qəzetimizin bir nömrəsi belə dayandırılmayıb. Eyni zamanda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının üzvü olmağımı da qeyd edim.

 

- Bakıya gəlişinizin məqsədi barədə məlumat verərdiniz...
-  Hazırda bir neçə ölkədə hərbçilərin beynəlxalq oyunları keçirilir – peşəkar hərbçilərin müsabiqəsi. Bunlardan birinə Bakı ev sahibliyi edir. Yarış “Buta” Hərbi Dəniz Donanmasında təşkil olunub və “Dəniz Kuboku” adlandırılır.
 

- Sabah (söhbət dünən olub - red) burda – “Tofiq Bəhramov”da da qaynaq bir müsabiqəyə şahidlik edəcəyik. Hərçənd, mübarizə aparan tərəflər heç də hərbçilər olmayacaq...
-  Əlbəttə, burda tam fərqli peşənin sahibləri mübarizə aparacaq. Futbolçuların öz, məşqçilərin öz, azarkeşlərin isə öz vəzifələri olacaq. Şəxsən mənə gəlincə, bu, tribunadan izləyəcəyim 693-cü futbol matçı olacaq. Yetərincə maraqlı qarşılaşmalara şahidlik etmişəm, o cümlədən Rusiyada təşkil olunan son mundiala da.

 

- Bu, Bakıya neçənci səfərinizdi?
-  İlk dəfədi ki, Azərbaycana ayaq basıram. Ümumilikdə paytaxtınızda 12 gün qalacam.  Mənə bu ezamiyyət təklif olunanda, öyrəndim ki, eyni tarixdə “Qarabağ”ın da Çempionlar Liqasında ev oyunu olacaq.


 
- Qeyd etdiniz ki, 700-ə yaxın oyunu stadiondan izləmisiniz. Bunlar arasında ən unudulmaz qarşılaşma kimi hansını qeyd edə bilərsiniz?
-  Bir neçə oyun adı çəkmək mümkündü. Ancaq mənim üçün əbədi iz buraxan 1999-cu ilin oktyabrında baş tutmuş Rusiya – Ukrayna qarşılaşmasıdı. Andrey Şevçenkonun Aleksandr Filimonovun qapısına cərimə zərbəsindən vurduğu həmin kuryoz qol iliyimə qədər işlədi. Bunadək “qanrar qazan”a bənzəyən stadiona bir anlıq sükut çökdü və yalnız bir neçə ukraynalının sevinc hayqırtıları...

 

- Avrokuboklarda Azərbaycan və Rusiya təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib. Maraqlıdı, Rusiyada baş tutan həmin qarşılaşmalardan hansınısa tribundan izləmək sizə nəsib olubmu?
-   Xeyr. Avrokubok görüşlərini izləyə bilməmişəm. Lakin milli səviyyəsində Rusiyanın Azərbaycana Roman Şirokovun penaltidən vurduğu yeganə qol sayəsində qalib gəldiyi görüşü “Lujniki” stadionundan izləmişəm. O ki qaldı klub səviyyəsindəki matçlara, iş başında yalnız “Şəmkir”i görmüşəm. 2002-ci ilin yanvarında o vaxtkı Azərbaycan çempionu ölkənizi “Birliik Kuboku”nda izləmişəm. “Şəmkir”dən söz düşmüşkən, bir üzücü məqama toxunmaya bilmərəm. Hansı komandanın oyunu tribunadan izləyirəmsə, mütləq onun şərfinə sahib oluram. Çünki bu atributun kolleksiyaçısıyam. Açıq deyim, hazırda “Şəmkir”in şərfini tapmaq mənim üçün dünyanın yeddinci möcüzəsi olar. 

 

-  Nə əcəb yerindəcə şərfə yiyələnmək cəhdi göstərmədiniz?
-  Cəmi 18 yaşım var idi, utancaq bir tələbə idim. Sadəcə, institutda oxuduğumuz üçün oyuna baxmağa bizi pulsuz buraxırdılar.

 

- Andrey, yetərincə futbol matçı izləmisiniz, müxtəlif ölkələrdə olmusunuz. Yaddaş ensiklopediyanıza baş vursanız, 25 ildi qaçın statuslu komandaya rast gəlmisiniz? Özü də Çempionlar Liqasının qrupunda oynasın!
-  Dəfələrlə qısamüddətli analoji halla rastlaşmışam. Ancaq söhbət meydança probleminə görə stadionu dəyişən klublardan gedir, doğma torpaqdan didərgin salınmış komandadan yox. Ancaq hərbi-siyasi vəziyyətə görə qaçqın statuslu komanda...Yox, nəinki mən görməmişəm, heç dünya praktikasında da belə bir şey yoxdu. Bildiyimə görə, hətta Suriya yığması da oyunlarını doğma meydanda keçirə bilir.


 
-  “Qarabağ”dan söz düşmüşkən, nə vaxtsa çempionumuzun oyununu televiziya vasitəsilə olsa da izləyə bilmisinizmi?
-  Nəinki nə vaxtsa, Ağdam təmsilçisinin son rəsmi görüşünə baxmışam. Bilirdim ki, məni Bakıya səfər gözləyir və burda “Qarabağ” – “Kukesi” matçına stadiondan baxacam. Bu səbəbdəndən Albaniyadakı qarşılaşmanı televiziyadan izləməyi vacib saydım. 

 

- Çox gözəl. Elə isə ilk oyun barədə qısa təəssüratlarınızı bilmək maraqlı olardı...
-  Məni düzgün başa düşün, bu sözləri heç də qonağınız olduğum üçün demirəm. “Kukesi” kimi komandalara ÇL-in növbəti mərhələsində yer yoxdu. Bəlkə də sərt səslənəcək, ancaq matç ərzində cəmi iki dəfə rəqib qapısı həndəvərinə baş çəkən komanda belə mötəbər turnirə layiq deyil!
 


- Bəs “Qarabağ”?
-  Hə, bu, başqa məsələ! Komanda topa nəzarət edir, hücumlar qurur, qol vurmağa cəhd göstərir. Ancaq ortaya belə bir sual çıxır: fərqlənə bilməmələrinin səbəbi nədədi? Hesab edirəm ki, “Qarabağ”ın qol vurmasına mane olan elə öz futbolçuları oldu. Ustalıq səviyyəsinə görə rəqibdən bu qədər üstünsənsə, qol və qollar vurmağa borclusan. İlk qarşılaşmaya əsasən deyə bilərəm ki, növbəti mərhələyə bu cütlükdə tək namizəd var. O başqa məsələ ki, növbəti mərhələdə BATE səddi nə dərəcədə dişlərinizə görə olacaq. Çünki Belarus çempionunu çoxdandı iş başında görmürəm.
 


- Gəlin, tələsməyək. Hər halda, HİK səfərdəki matçda qolsuz bərabərliyə nail olub...
- Etiraf edək ki, Finlandiyanın klub futboluyla bu ölkənin vətəndaşlarından başqa çətin ki, kimsə maraqlana.
 

- Və sonda “Qarabağ” – “Kukesi” matçına proqnozunuz...
- Yaradılan epizodlardan heç olmasa “3” qiymətinə istifadə olunsa, meydan sahiblərinin minimum 2 top fərqli qələbəsini proqnozlaşdırıram. Ancaq qüvvələrin real nisbətini nəzərə alsaq, çempionunuzun 3 cavabsız qolla mərhələni rahat şəkildə adlayacağını düşünürəm. 

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV
 

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB