TOP 10

Beşikdə boğulan istedadlar: çıxış yolu PRO-dan keçir

Futbol
Tarix: 2018-07-29 16:36

-    Ölkəmizdə niyə futbolçu yetişmir?
-    Aşağı yaş qruplarından gələn yoxdu.

 

-    Axı, SSRİ dönəmində az-çox futbolçumuz çıxırdı. Bəs, indi niyə yetişmir?
-    ...

 

-    Ola bilər ki, bu məmləkətdə birdən-birə “futbol ağacı qurusun”?
-    Yox, belə şey mümkün deyil!

 

-    Bəs, onda səbəb nədi?
-    Blablablabla...

 

Dialoq iştirakçılarının kimliyinin fərqi yoxdu. Hansı mütəxəssisə yaxınlaşsan özünü təmizə çıxarıb problemi uşaqlarda, valideynlərdə, əyləncə vasitələrinin artmasında, havada, suda, qısası özündən başqa hər şeydə axtaracaq. Əslində isə... Gəlin, birlikdə araşdıraq.

 

Artıq C kateqoriyası ilə uşaq məşqçisi işləməyə icazə var. B kateqoriyası isə bunu UEFA lisenziyası kimi də qələmə verməyə imkan yaradır. Bəli, işləməyə icazə var. Ancaq bunun effektivliyi nə dərəcədə olur? Diqqət yetirsək, Azərbaycanda 8-13 yaş aralığında uşaqlar barədə daha ürəkli proqnozlar verilir. Yaş ki, çatdı 14-15-ə ciddi şəkildə eniş müşahidə olunmağa başlayır. 

 

Niyə? 

 

Bu yaş keçid dövrü hesab edilir. Müəyyən uşaqlarda kişiləşmə 14-dən, bəzilərində 15-dən, elələri də olur ki, 16-dan sonra başlayır. Belədə, hormonal dəyişiklik, fizioloji göstəricilər nəzərəçarpacaq dərəcədə dəyişməyə başlayır. Əgər məşqçi 13 yaşa qədər futbolçuyla uşaq kimi davranırdısa, 14-dən sonra tam fərqli mənzərə yaranır. Bu, psixoloji hazırlıq keçmək üçün ən önəmli dövr olsa da, B kateqoriyalı məşqçi belə bir elmi savada sahib deyil. Üstəlik, taktiki-texniki biliyi də buna imkan vermir. Və ən problemli məqam ondan ibarətdi ki, bu C, B, A kateqoriyalı mütəxəssislərin böyük hissəsi özləri heç vaxt futbolçu olmayıblar. Təsəvvür edin ki, 14-15 yaşlı futbolçuya uzun ötürmə barədə informasiya verən məşqçiyə uşaq deyir ki, müəllim, özünüz nümayiş etdirin də. Bunu praktikada həyata keçirməyi bacarmayan məşqçiyə yetirməsinin hansı inamı qala bilər? Təbii ki, heç bir. Və məşqi ilə futbolçu arasında yaranan uçurumun təməli qoyulur. Belədə, futbolçu sevimli işinə barmaqarası yanaşır və onsuz da keyfiyyətsiz məşqçinin aşıladığı zəif bazanı da itirir. Sonra həmin yeniyetmələrdən bir neçəsi düşür Premyer Liqa klublarının əvəzedici heyətinə. Orda da məşqçi bir başına döyür, bir də dizinə.

 

Bizim dediyimiz Quran ayəsi deyil. Ancaq göründüyü kimi, problemin kökü səriştəsiz məşqçilərdədi. Ancaq Sport24.az olaraq bir ənənəyə də sadiqik. Söhbət istənilən qabardılan problemdən çıxış yolunun göstərilməsindən gedir.

 

Bir neçə gün öncə AFFA I Divizion təmsilçiləri qarşısında ciddi limit tələbi qoydu. Bununla da inqilabi addım atıldı. İndi də analoji addımı biz təklif edirik. Topaz Premyer Liqasında çıxış edən klubların qarşısında 13-14 yaşlıları minimum A kateqoriyasına sahib mütəxəssislər, 15+ komandalarına isə PRO kateqoriyalı məşqçilərin çalışması tələbi qoyulsun. 

 

Bəli, dərhal sual çıxır ki, hansı PRO kateqoriyalı mütəxəssis 800-1000 manata çalışmağa razı olar? Ancaq bunun da cavabı var. Əvvəla, hər mütəxəssisin bonus sitemi tətbiq olunmalıdı. Məsələn, əvəzedici komandaya göndərilən uşaq üçün müəyyən mükafat verilsin. Öz yaş qrupu üzrə yığma komandaya cəlb edilən futbolçu üçün də mükafat fondu yaradılmalıdı. Milliyə daha çox oyunçu verən məşqçiyə AFFA tərəfindən də bonusların ayrılması effektiv olar.  Çünki stimul olan yerdə mütəxəssis də gecəsini-gündüzünə qatar ki, əlindən çıxan uşaq gələcəkdə ölkə futboluna faydalı olsun.

 

Hər halda ili-ilə satırıq, ortada isə nəticələr günü-gündən pisləşir. PRO kateqoriyalı işsiz məşqçi yetərincədi. Yəni, 8-10 məşqçi tapmaq Topaz Premyer Liqası klublarına problem yaratmaz. Biz də öz növbəmizdə bu yaş qruplarına xüsusi diqqət ayırmağı boynumuza götürərik. Təki iş olsun, təki nəticə olsun!

 

CEYHUN ƏLİYEV 

 

P.S. Hazırda göstərilən yaş qruplarında bir məşqçi belə, PRO kateqoriyasına sahib deyil.

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB