TOP 10

Ceyhun Sultanov “od püskürdü”: “Söydüyü insanı gördükdə qucaqlayıb öpmək...”

Futbol
Tarix: 2018-07-23 16:15

“Neftçi”inin idman direktoru Ceyhun Sultanov nəhayət ki, danışdı. Sport24.az-a verdiyi müsahibədə o, Braliçin müqavilə məsələsinə də, Kamal Quliyev və Xəyyam Nəzərlinin işdən azad olunmasına da, Tərlan Əhmədovun palaz-palaz ittihamlarına da cavab verdi.

 

-    İlk olaraq Slavko Braliç məsələsinə aydınlıq gətirməyinizi istəyərdik. Deyilənə görə, bu müdafiəçini həddən artıq şişirdilmiş qiymətə almısınız...
-    “Şiroki Brieq” komandasında bütün oyunları 90 dəqiqə keçirmiş futbolçu hansı qiymətə olar? Sizcə, onu 6-7 minə gətirmək mümkündü? Bu söz-söhbət özlərini menecer kimi tanıtmaq istəyən insanların işidi. 5-ci əldən keçən futbolçuları təklif edirlər və belədə, həmin oyunçu həddən artıq baha qiymətə gəlib çıxır. Belələrindən də biz imtina edirik. Neçə-neçə futbolçu təklif ediblər, demişəm ki, gətirin, dediyiniz qiymətə almağa hazırıq. 10-12 gün gözləmişəm, zəng vurmuşam, amma “daşdan səs çıxıb”, bunlardan yox. Braliçə necə çıxmışam? Bilavasitə şəxsi meneceri ilə əlaqə yaratmışam və məsələ bir günün içərisində həllini tapıb. Bizə oyun praktikası olan futbolçu lazım idi və bunu da Braliçin timsalında tapmışıq. Demirəm ki, “Şiroki Brieq” Avropa nəhəngidi, ancaq yəqin razılaşarsınız ki, bu komanda Azərbaycan ölçüləri ilə kifayət qədər səviyyəli klub hesab edilir.

 

-    Kamal Quliyev də onu əsassız şəkildə işdən çıxardığınızı bildirib...
-    Kamal yaxşı futbolçu olub. Ancaq bu, yaxşı məşqçi, yaxud seleksiyaçı olmaq demək deyil. İntizamsızlığı ilə bütün kollektivə mənfi təsir edirdi. Deyirdi ki, gedirəm aşağı yaş qrupları üzrə komandaların oyununu izləməyə, sonra xəbər tuturduq ki, tamamilə başqa yerdədi. Bu hal mütamadi təkrarlanırdı. Seleksiyaçı idi, ancaq işlədiyi müddətdə bir futbolçu belə gətirməyib. Əksinə, aşağı yaş qrupları üzrə komandalarımızın futbolçularının gedişinə şərait yaradıb. Gəldiyim gündən Kamala seleksiyaçı kimi yox, məşqçi gözü ilə baxırdım. Ancaq işə yanaşmasını gördükdən sonra bu insanla davam etməyəcəyimizi qətiləşdirdim. İşinə məsuliyyətlə yanaşan hər bir kəsin üzünə “Neftçi”nin qapıları açıqdır. Söhbət məsuliyyətli kadrlardan gedir.

 

-     “Neftçi”nin aşağı yaş qrupları üzrə inzibatçısı Xəyyam Nəzərli də klub rəhbərliyini ciddi şəkildə ittiham edib...
-    Əvvəla, “mən burda can qoymuşam” ifadəsinə aydınlıq gətirmək istəyirəm. Heç kimin iş yeri əbədi deyil. Bu gün mən “Neftçi”də işləyirəmsə, heç bir təminatım yoxdur ki, sabah da bu klubda çalışacam. İstənilən an kiminləsə işbirliyinə xitam verilə bilər. Ancaq Nəzərli ilə bağlı vəziyyət daha acınacaqlıdı. Hansı əməlinə görə işdən xaric edildiyini çox gözəl bilir. Bu səbəbi ictimailəşdirməyi belə, ayıb sayıram. Çox təkid edirsiniz deyə, sizə nəql edirəm... İndi gördünüz ki, niyə bunu ictimailəşdirmək ayıbdı?! Açığı, onun utanmaq əvəzinə, sonradan hardasa danışmasını anlamaq mümkünsüzdü. Buna baxmayaraq, Kamran Quliyev onun xanımını qəbul edib və işdən çıxarılmasının səbəbini izah edib. Nəzərlinin həyat yoldaşı klub prezidenti ilə görüşdə ailə vəziyyətlərinin ağır olduğunu bildirib. Kamran müəllim də bunun qarşılığı olaraq Nəzərlinin kartına 3 ay ərzində məvacibini köçürəcəyimizə dair vəd verib. Bəli, bu cür açıqlamalardan sonra heç o yardıma da layiq deyil. Ancaq söz vermişiksə, əməl olunacaq. Bu 3 ay müddətində də qoy, özünə yeni iş yeri tapsın. 

 

-    Nəhayət, Tərlan Əhmədovun səsləndirdiyi ittihamlara da cavabınızı eşitmək istəyərdik...
-    İnsan hansısa iş yerindən çıxdıqdan sonra çörək yediyi yeri pisləməz. Ancaq bu deyim Tərlan üçün deyil. Deyir 3:1 qalib gəldikdən sonra da bilirdim ki, “Uypeşt” səddini adlaya bilməyəcəklər. Bilirdinsə, həmin vaxt niyə demirdin? Niyə qalib gələndə çalışdırdığın sabiq komandanı heç olmasa sosial şəbəkə vasitəsi ilə təbrik etmədin?! Heç bir zaman onun işinə qarışmamışam. “Neftçi”yə cəmi bir oyunçu gətirmişəm. Heç kim bilmirdi, hətta həmin futbolçunun özü də bilmirdi ki, onu Bakıya niyə dəvət etmişəm. Dedim ki, gəl, qonağım ol. Üç gün Bakını gəzdirdim, millimizin martın 23-də Belarusla yoxlama oyununa apardım. Bundan sonra Mustivara müqavilə təklif etdim. Tərlana da dedim ki, belə bir oyunçu var, istəyərsənmi? Müsbət cavab aldıqdan sonra müqavilə imzalandı. 

 

-    Əhmədov əsas “kozır” kimi komandaya bürünc medal qazandırdığını göstərir...
-    Çox yerində toxundunuz. İndi mən də bir xatırlatma edim: Tərlan hər yerdə komandaya bürünc medal qazandırdığını deyir. Amma həmin uğurda xadimədən tutmuş klubun hər bir üzvünə qədər hər kəsin payı var. İnsan nə qədər təkəbbürlü olmalıdı ki, hər bir müsbət epizodu öz adına çıxa? Bəli, 3-cü yer tutmağımızda Tərlan Əhmədovun rolu olub. Ancaq səbəbkar tək o deyil, ola da bilməz! Bir şeyi də əlavə etmək istəyirəm. İnsan başqasının pulunu saymaz. Bu, dində də qəbul edilmir. Bir dəfə danışıram, vəssəlam. Bu cür qarayaxmalar barədə bir də danışmayacam. Çünki reaksiya göstərdikdə, həmin insanlar özlərini qiymətli bir persona bilirlər.

 

-    Ceyhun bəy,  üstündən xeyli müddət keçib. Bəlkə indi Əhmədovla vidalaşmanın əsl səbəbini bildirəsiniz?
-    Təkəbbür. Özünüz də qeyd etdiniz ki, üstündən xeyli müddət ötüb. Istədiyiniz vaxt gəlin bazaya və işçilərdən soruşun. Heç kim barəsində xoş söz deməyəcək. Onun-bunun arxasınca danışmaq, söydüyü insanı gördükdə isə qucaqlayıb öpmək...  
 

CEYHUN ƏLİYEV

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB