TOP 10

"Neftçi" eksteryerinin məsulunun məhsulu: Allahverdiyev müəyyən "kartlar"ı açdı

Futbol
Tarix: 2018-07-22 12:06

“Neftçi”nin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahevrdiyevlə “Uypeşt”lə Bakı qələbəsinin ertəsi günü görüşdük. Bugünkü “Neftçi”nin tanıtım baxımından gördüyü işlərin əsas səbəbkarı ilə müsahibədə bir çox maraqlı məqamlar, qət edilən yol, üfüqdəki görüntülərdən danışdıq. O, futbol səhnəsində yeni sima olmadığı üçün işin qulpundan dərhal yapışmağı bacarıb. Zaqatala “Simurq”unda çalışmış həmkarımız daha sonra “CBC Sport” “şineli”ni geyinib. Son iş yeri olmuş Sumqayıt Texnologiyalar Parkından ayrılma səbəbi isə futbola olan bağlılığıdı. Elə müsahibədə də qeyd etdiyi kimi, “Neftçi”yə pul arxasınca gəlməyib, oturduğu isti yerdə aldığı məvacibin eynisini “vulkan” üzərindəki “Neftçi” kreslosuna dəyişib.

 

"Neftçi"dən ilk təklif gələndə, ovaxtkı rəhbərliyə şərtlərim ağır gəlmişdi"

 

- “Neftçi”də çalışmaq həm prestijdi, həm də böyük məsuliyyət. Bu klubda işləmək heç də asan olmadığından, böyük təzyiq olduğundan, hər kəs bura gəlməkdə tərəddüd edir...
- Kamran Quliyev hələ “Neftçi”yə təyin olunanda təklif almışdım. Mən də dedim ki, söhbət edərik. Çünki daha öncə də “Neftçi”dən təklif almışdım. Sadəcə, ovaxtkı rəhbərliyə şərtlərim ağır gəlmişdi. İkinci dəfə mənə təklif gələndə demişdim ki, oturub danışarıq, şərtlərim sizi qane edərsə, işbirliyinə başlayarıq. Mayın 1-də Kamran müəllimdən mənə zəng gəldi və görüşmək istədiyini bildirdi. “Neftçi”nin prezidenti ilk növbədə fikirlərini bildirdi, mətbuat xidmətini necə görmək istədiyini söylədi, şərtlərini dedi. Mən də öz şərtlərimi açıqladım. Bilirdim ki, “Neftçi”də durum nə yerdədi, azarkeşlərlə, mediayla, ictimaiyyətlə əlaqələri pis vəziyyətdi. İctimaiyyətlə əlaqələr departamentinin ümumi yanaşma mexanizmi var - həm dövlət orqanları və qeyri-hökümət təşkilatları, həm də media və azarkeşlərlə münasibətlər yüksək səviyyədə qurulmalıdı. Bu 4 istiqamətdə əməli addımlar atdıq. Mənim üçün əsas şərtlərdən biri o idi ki, mütləq şəkildə bir rəhbərə tabe olmaləyam, 5 nəfərə yox. Bir də ki, hazırladığım konsepsiya 1 illik təsdiqlənəndən sonra yolumuza davam etməliyik. Kamran müəllim bütün şərtlərlə razılaşdı və “gəl, başla işə” dedi. 

 

- "Neftçi"də ilk olaraq nədən başladınız?
- İşə başlamazdan öncə “Neftçi”də ümumi vəziyyətə dair monitorinq apardım. İlk addımım hər bir işçimlə ayrıca görüşmək oldu. Hər bir görüşdə onların iş prosesi, problemləriylə maraqlandım və “Neftçi”ni necə görmək istədiklərini soruşdum. Hazırda departamentimizdə əməkdaşlar var ki, “Neftçi”də işləməklə yanaşı “Neftçi”nin azarkeşləridi. Onlara sadəcə, yolu göstərmək lazımdı ki, bu yolla gedək. “Neftçi”dəki sələflərim - Mehman Rəsulov, Rüstəm Əfsərli, Anar Şabanoğlu müəyəyn bir işlər görmüşdülər. Amma ola bilər ki, bu gün rəhbərliyim mənə yaratdığı şəraiti o vaxtkı rəhbərlik onlara yaratmamışdı. Bu, bəlkə də onların iş prosesinə mane olmuşdu. 

 

- Belə çıxır ki, siz həmkarlarınızdan daha inadkar olmusunuz?
- Əvvəldən şərtlərimi irəli sürdüm və dedim ki, qəbul edirsinizsə, gəlim. İşsiz deyildim, əmək haqqı baxımından da fərqi yox idi. Orda nə qədər idisə, “Neftçi”də də onu alıram. Əslində, maaşın söhbətini də etmədim. Onsuz da həmin əmək haqqını alırdım. İşçilərimlə görüşümdə departamentdə olan problemlərini soruşdum. Biri mikrofonun, biri kompüterin, biri də videkameranın işləmədiyini dedi. “Neftçi” köklü klub olsa da, struktur formalaşmamışdı. Başa düşdüm ki, hər şeyi sıfırdan başlamalıyıq.  İlk işimiz “Consept plan” (konsepsiya planı) yazmaq oldu. Rəhbərlik 1 ildə mediayla, azarkeşlərlə, digər qurumlarla əlaqələrimin hansı istiqamətlərdə olmasıyla bağlı konsepsiyamı bəyəndi. Təbii ki, əlavə dəyişikliklərlə bağlı fikirlərini səsləndirdilər və mən də razılaşdım. Texniki çatışmazlıqları da yoluna qoyduq və işçilərimizi “silahlandırdıq”. Bu, olmalıdı ki, onlar normal, keyfiyyətli iş görsünlər. Məsələn, montajçımıza sual verirəm ki, “Simurq”da işlədiyim zamanı “Neftçi”nin videolarına baxaraq bəyənirdim. Özüm də montajı bacarıram. Ancaq son dövlərdəki videoları bəyənmirəm: müəyyən ssenari yoxdu, hər şey kor-korandədi, çəkdin, verdin, heç bir şüuraltı təsir yoxdu; heç bir effektlərdən istifadə olunmur. Mənə “komanda uduzanda heç bir şey verməyin” deyilib. Təbii ki, bunu belə qoya bilməzdim: komandanın necə oynamasından asılı olmayaraq, hər ksə üzərinə düşən işi yerinə yetirməlidi. Niyə media daha çox “Neftçi”nin üzərinə düşür? Çünki “Neftçi” qapalı yer olmuşdu. Media klubdan informasiya çıxartmaqdan ötrü istə-istəməz öz mənbələrini axtarır. Lap işçiyə çıxırdı...Klub prezidentinin yanına qıraqdan kim gəlirdi, artıq mediada bilirdilər ki, filankəs gəldi. Bu da ona görə yaranırdı ki, informasiya vermirsən, avtomatik olaraq jurnalistin də işi informasiya axtarmaqdı. Sən mediaya açıq olanda, istədiyi müsahibəni verəndə mətbuta hər bir hadisəylə bağlı açıqlama almamış bunu özün edəndə, münasibətlər qaydasına düşür. Media görür ki, axtardığı informasiyanı “Neftçi” özü verib, bundan sonar başqa yollar axtarmır, medianın işi daha rahat olur. Bütün bu işlər qurulandan sonra hər şey qaydasına düşdü. 

 

 

"Neftçi"də sırf azarkeşlərlə əlaqələndirici şəxs olacaq"

 

- Bəs azarkeşlərlə bağlı konsepsiyanız necə idi?
- Təbii ki, azarkeşlərlə bağlı müəyyən bir konseptura vardı. Azarkeşlə rəhbərlik arasında çox böyük bir problem yaranmışdı. Köhnə dövrdən bir uçurum yaranmışdı ki, bunu aradan qaldıraraq rəhbərliklə azarkeşi yaxınlaşdırmağa, görüşlər keçirməyə çalışdıq. Düzdü, klubda azarkeşlərlə əlaqələndirici şəxs hələ yoxdu. O iş hələ də bizim üstümüzdədi. Struktur baxımından departametimiz bu formada olacaq - marketinq, media, “Neftçi” TV, fan-shop və azarkeşlərlə əlaqələndirici şəxs. Bunların hamısı bir departamentin tərkibində formalaşmalıdı. 

 

- Yəni azarkeşlərlə əlaqələndirici təyin olacaq həmin şəxs də sizə tabe olacaq?
- Bəli, bizim departamentdə yer alaraq mənə tabe olacaq. O, sırf azarkeşlərlə əlaqələndirici şəxs olacaq. Azarkeşlərlə bağlı xüsusi konsepsiyam var. Yeni bir ideya var ki, yeni “Neftçi” azarkeşləri formalaşdıraq. Azərbaycanda SOCAR-da nə qədər insan işləyir, onların hər birinin övladını cəlb etmək olar. Hər birimz futbola 8-12 yaş arasında maraq göstərməyə başlayırıq. Həmin insanların övladlarını adlarını, ev ünvanlarını alacağıq, mövsüm başlayana yaxın həmin uşağın adına evinə məktib gedəcək. Orda “Neftçi”nin tarixi, “Neftçi” ailəsinin üzvü, azarkeşinin olmasının üstünlükləri əks olunacaq. Həmin məktubla yanaşı, bir atribut da göndərəcəyik. Və oyunun bileti ki, sənə oyuna dəvət edirik. Bu uşaq istər-istəməz valideynləri ilə birgə stadiona gələcək və onun üçün stadionda xüsusi bir yer ayıracağıq. Ona arenada qarşılaşacağıq, “Neftçi”nin fan-şopunu, muzeyini gəzdirəcəyik, ətraflı məlumat verəcəyik. Bu uşaq şüuraltı olaraq artıq “Neftçi”li olacaq. Təbii ki, uşağın beyni ağ kağız kimidi. Oyundan çıxanda növbəti bileti də ona verəcəyik. Artıq 3-cü oyuna o azarkeş özü gəlmək istəyəcək. Ümumi olaraq fikirləşirik ki, bu gün Azərbaycanda azarkeşin futbola gəlməməsinin əsas səbəblərindən biri də stadionda darıxmasıdı. Bunun üçün oyundan əvvəl , oyundan sonra hansısa maraqlı şeylər təşkil etməliyik. 

 

- Yəni, əyləncəli layihələr...
- Bəli. İnsan təkcə futbola baxmağa gəlmir. İşdən, dərsdən yorğun halda çıxır, yaxud insan istirahət günündə ailəsiylə gələrək dincəlmək istəyir. Oyundan əvvəl, fasilədə hansısa bir əyləncəyə baxır. Məsələn, “Neftçi” “Qarabağ”la oynayır, selfi çəkib “Qarabağ” "haştaq"ı ilə paylaşacaq, avtomatik fasilədə bu şəkillər monitorda veriləcək. Bu, onlar üçün bir maraqdı. Bundan başqa, “Neftçi” TV ilə azarkeşlərə yaxınlşacağıq və onlara tribuna verəcəyik. Eləsi var ki, “Neftçi”lidi, ancaq “Neftçi”nin oyunlarına gəlmir. “Uypeşt”lə Bakıdakı videonu görəndən sonra o da oyunumuza gəlmək istəyəcək. Onun meydançadan xəbəri yoxdu ki, azarkeşlər oyuna necə hazırlaşır, necə gəlirlər. Ancaq həmin videoyla ona şüuraltı təsir etdik. Oyuna gəlməyən adamlara təsir etdik ki, sən də gəl bu həyəcanı yaşa. Öz-özünə deyəcək ki, kaş həmin gün mən də stadionda olardım. Azarkeşi danışdırırıq, heç bir şey əvvəldən planlaşdırılmamışdı. Sabah o mikrofon oyuna gəlməyən azarkeşə də uzana bilər. 

 

 

"Neftçi" TV bu ayın sonunda “Youube” üzərindən artıq onlayn yayıma keçəcək"

 

- “Neftçi” TV-ni iki dəfə qabartdınız. Hal-hazırda buna “Neftçi” TV demək düzgün olmazdı, çünki televiziya kimi hələ fəaliyyətə başlamayıb…
- Bu ayın sonunda “YouTube” üzərindən artıq onlayn yayıma keçəcəyik. Pilot versiya iş vaxtını əhatə edəcək - saat 10:00-dan saat 18:00-dək. Bura “Neftçi”nin tarix ərzində keçirdiyi oyunların göstərilməsi daxil olacaq. Hal-hazırda arxiv idarələriylə danışaraq həmin oyunları əldə etməyə çalışırıq. “Neftçi” TV-nin həftəlik proqramları, verilişlər, müsahibələr, müxtəlif təqdimatlar olacaq. Kabel televiziyası hazırlamaq üçün bir ideologiya hazırlamışıq. Ancaq bundan öncə özümüz üçün bir baza formalaşdırmalıyıq. Bilməliyik ki, hansı imkanlarımız var, “proqram səbəti”ni təxmini müəyyənləşdirməliyik. Bilməliyik ki, kabel televiziyasına çıxsaq, həftə ərzində “səbətimiz”də nələr olmalıdı. Bəli, fikrimiz kabel televiziyası açmaqdır. Bununla bağlı artıq işlərə başlanılıb. Avqustun ortası üçün sırf kabel televziyası üzrə əcnəbi mütəxəssis gələcək. O, bütün sistemimizin qurlmasında köməkliyini göstərəcək. İndiki plana uyğun olaraq sentyabrın axırı - oktyabrın əvvəlinə gündəlik 3-4 saatlıq yayımla fəaliyyətə başlamaqdı. Bu vaxt ərzində həm “Neftçi”ylə bağlı verilişlər, həm oyunların müzakirəsi, həm də akamediyanın oyunlarının canlı yayımlanması nəzərdə tutulub. “CBC Sport” çempionatın yayım şirkəti olsa da, onlarla danışıb öz oyunlarımızın kabel televiziyasından verilməsini istəyirik. Bunlar ideologiya olaraq formalaşıb. O ki qaldı aparıcılar kimlər olacaq, hələ o mərhələyə gəlməmişik. Bu dəqiqə “Neftçi” TV-nin texniki cəhətdən konsepsiyası hazırlanır. Sonra aparıcılar, çəkiliş, montajın necə olacağı müəyyənləşəcək. 

 

- Bundan sonra  yayımın müddəti də artacaq...
- Təbii ki, işə başlayandan, effektivliyini artırandan sonra yayım saatını da artıracağıq. Bu ayın axırına pilot layihəsi kimi “YouTube”dən başlayacağıq. Əslində, bu məsələyə bir az tez başladıq. Amma əlimizdəki texniki vasitələr buna imkan vermədiyi üçün dayandırdıq. Heç elan da etmədik. Sadəcə, işçilərimzə dedim ki, test rejimində başlayaq, görək nə vəziyyətdədi. Əlimizdə olan vasitələr çatmadı və araşdırdıq ki, bunun üçün xüsusi kompüter alınmalıdı.  
 

 

 

“Neftçi”nin fan-şopunun irəli getməməsinin səbəblərindən biri qiymətlərin çox bahalı olmasıdı"

 

- Daha bir məqama toxunaq. Azərbaycanda fan-şop gəlir gətirmir. Bunu gəlirli sahəyə çevirmək üçün nə mane olur və bu maneələri aradan qaldırmaq olarmı?
- İlkin araşdırmamıza görə, “Neftçi”nin fan-şopunun irəli getməməsinin səbəblərindən biri qiymətlərin çox bahalı olmasıdı. Azərbaycanda orta gəlir səviyyəsini götürəndə, hamının imkanı çatmır ki, “Neftçi”nin 60-70 manatlıq formasını alsın. “Nike” firmasının indiki formaları heç 60-70 manat etmir. Orijinal formaları satşa çıxarsaq, bu, 90 manatdan yuxarı edəcək. Bunun üçün düşünürük ki, “Nike”ın aşağı keyfiyyətli formalarını da satışa çıxaraq. Azarkeş fan-şopumuza girəndə, 25-30 manata da forma görsün, 50 manat da, 90 manat da.

 

- Yəni kimin hansına maddi imkanı çatır, onu alsın...

- Bəli, Orda fərq yalnız malın keyfiyyətində ola bilər. Ancaq seçim imkanı verək ki, hamı öz gücünə görə məhsulumuzu ala bilsin. Bununla fan-şopla bağlı işlərimiz yekunlaşmır. Bir mütəxəssisi də fan-şopa gətirmək istəyirik. O, sırf təşkilati işlərlə məşğul olacaq. Bu, Kamran müəllim tərəfindən təsdiqlənib. O da dedi ki, fan-şop işini bacaran ayrıca bir nəfər olsun, onunla məşğul olsun. Satış təşkil edən şəxs kimi hər bir xırda atributların hazırlanmasını fikirləşsin, təkiflərini versin, bunlar da icra olunsun. Onlar da normal qiymətə satılsın. Bu gün “Neftçi”nin fan-şopunda qələm 35 manatadı. Kim gedib 35 manat verib qələm alar? Amma bir məktəbli fan-şopa gedib 40-50 qəpik verib qələm ala bilər və bununla da “Neftçi”nin atributuyla məktəbə getmiş olacaq. 

 

 

"Bakı şəhərində hər bir rayon üzrə məktəblilər arasında 8-9-cu siniflərarası futbol turniri keçirməyi planlaşdırmışıq

 

- Azərbaycanda vaxtilə belə bir praktika olub və elə “Neftçi”nin tarixinə aiddi: komandanın məşqçi heyəti və aparıcı futbolçuları  ali təhsil ocalqarına gedərək görüşlər təşkil edirdi. Yaxud klub məktəblilər araısnda hansısa yarışmalar keçirilirdi, münsiflər heyətində misal üçün Səməd Qurbanov otururdu. Bu, istər-istəməz uşaqlara psixoloji təsir idi ki, həm yarışmada iştirak edir, həm də “Neftçi” axırda qaliblərə müəyyən mükafatlar verirdi. Bu da kluba bir bağlılıq yaradır. Bu tip PR aksiyalar gələcək planlara daxildirmi?
- Hər bir şirkətin, futbol klubunun korporativ-sosial məsuliyyəti (KSM) olur. Bizim də işlərimizdən biri bu yöndədi. Bura təhsil ocaqları, kimsəsiz evləri və digər sahələr aiddi. Bundan ötrü ilk layihəmizi etdik – “Neftçi”nin yay düşərgəsi. Bu, KSM layihəmizdi, pilot layihədi. İkinci layihəyə hazırlaşırıq, bunu iclasda müzakirə etdik və təsdiqlənmək üçün rəhbərliyə təqdim etdik. Belə bir fikrimiz var ki, Bakı şəhərində hər bir rayon üzrə məktəblilər arasında 8-9-cu siniflərarası futbol turniri keçirək.  Yekunda hər rayonun qalibləri arasında şəhər çempionunu  müəyyənləşdirək. Bu, bizə nə verəcək? Mən özüm məktəbdə oxuduğum vaxtı məktəblilərarası futbol çempionatı keçiirlirdi. Ordan nə qədər uşaqlar vardı ki, həmin çempionatdan seçilmişdilər. Sumqayıtda Tofiq Rzayev vardı, gəlirdi izləyirdi, məktəbli çempionatından uşaqları seçirdi. Kamal Quliyev, Mahir Şükürov, Rəşad Kərimov o çempionatdan seçilmişdi. Mənim özümü məktəblilər arasından seçib dəvət etmişdilər. Bu, bizə həm azarkeş olmaq, həm də futbolçu vermək baxımından faydalıdı. Elə valideyn var ki, uşağının sitedadını görmür, onu futbola aparıb qoymur. Amma çox gözəl futbolçudu, nə olsun ki, 8-ci sinifdə oxuyur. Düzü, bunu bir az aşağı yaş qruplarında da etmək olar. Amma bu, bizə daha çox məsuliyyət verə bilər. Pilot layihə olaraq 8-9-cu siniflərdən başlamaq istəyirik. 

 

- Bu layihəni məktəblər açılanda - sentyabrdan başlamağı planlaşdırırsınız?
- Bəli, məktəblər yeni tədris mövsümünə açılmalıdı. Məsələn, Nərimanov rayon təhsil şöbəsiylə danışmalıyıq ki, bütün təşkilati işləri öz boynumuza götürürük, sizə lazım olsa çempionatın keçirilməsiylə bağlı yer də veririk. Bilmirik, bəlkə də hansısa məktəbin hələ də yaxşı meydançası var, orda çempionatı keçirə bilərik. Oyunları idarə etmək üçün peşəkar hakimlər də dəvət olunacaq. 

-

11X11-ə, yoxsa mini futbol olacaq?
- Hesab edirik ki, 11X11-ə olsa, daha effektli iş olar. Bu, peşəkar yanaşmadı. Çempionatı 5-6-cı siniflərlə etsək, təbii ki, 11X11-ə edə bilməyəcəm. Ancaq 8-9-cu sinifdə oxuyan uşaqlar sabahın əsgəridi. 

 

 

"Mətbuat xidmətinin xəbəri olmadan futbolçu bir açıqlama verirsə, bunun məsuliyyətini birbaşa futbolçu daşıyır"

 

- Məlumdu ki, media tərəfdən “Neftçi”nin futbolçularına maraq böyükdü. Futbolçularla media arasında ünsiyyətdə körpünü necə qurmusunuz?
- Hər bir klubda daxili kodeks var, Futbolçu, işçi klubla müqaviləyə imza atanda, ordakı daxili kodekslərə tabe olmaq məsuliyyətini üzərinə götürür. Burda nizam-intizam, fəaliyyəti ilə bağlı bütün görəcəyi işlər maddələrlə göstərilib. Cərimələr də “Əmək məcəlləsi”nə uyğun olaraq tətbiq olunur. Mən “Neftçi”yə  gələndə, kodeksdə o maddə var idi. Ancaq geniş şəkildə yox idi ki, nə vaxt ümumiyətlə, açıqlama vermək olmaz, klubun siyasətilə bağlı hansı suallara cavab vermək olar, hansına yox. Misal üçün jurnalistlə danışanda nələrə xüsusi diqqət yetirmək lazımdı, nəyə görə mətbuat xidmətiylə danışmaq gərəkdi. Mətbuat xidməti baş məşqçiyə verilə biləcək sualların 70 fazinin cavabını əvvəldən ona deməlidi. Bordin təqdimatı zamanı konfrans zalına daxil olarkən onu bununla təmin etmişdim. Mətbuat xidmətinin xəbəri olmadan futbolçu bir açıqlama verirsə, bunun məsuliyyətini birbaşa futbolçu daşıyır. Məsələn, elə məsələlər var ki, rəhbərlik bu mövzuda danışmağı hər kəsə qadağa edib. Ancaq futbolçu danışırsa, bu, klubun siyasətinə uyğun deyil. Bu, senzura da deyil, dünyanın hər yerində tətbiq olunan bir şeydi. Mətbuat xidməti həm də əlaqələndirici şəxsdi. Mən də əlaqəni qurmalıyam və buna çalışıram. 

 

- Futbolçular icazə məsələsini normal qarşılayırlarmı?
- Demək olar normal qarşılayırlar. Xüsusilə legionerlər. Onlar üçün bu, adi bir şeydi, belə də olmalıdı. Bilməliyəm ki, nə sual verilib. Elə legioner var ki, müsahibəylə bağlı  razılıq alır, jurnalist ona sualları göndərən kimi, atır mənə. Bilməyimi istəyir ki, mənə bu sualları veriblər. Deyir ki, belə cavab vermək istəyirəm, baxıram, deyirəm ki, problem yoxdu. Futbolçu bu hərəkətiylə həm də özünü sığortalamış olur.  

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB