TOP 10

Kamran Quliyev: “Havanın temperaturu 36 dərəcə idisə, azarkeşlər onu 45 dərəcəyə qaldırdılar!”

Futbol
Tarix: 2018-07-13 01:24

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Macarıstan “Uypeşt”i üzərində 3:1 hesablı qələbədən sonra “Neftçi”nin prezidenti Kamran Quliyev oyunu stadiondan işıqlandıran media mənsublarının suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, klub funksioneri əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

 

-    Oyun xeyli isti hava şəraitində keçdi. Qapımızda erkən qol gördük. Lakin komandamız toparlana bildi. Rəqib qapısına verduğumuz 3 qol bunun bariz nümunəsidir. Hansısa futbolçunu xüsusi qeyd etmək istəməzdim. Bütün komanda yaxşı oynadı. 
 

- Belə nəticəni gözləyirdiniz?
- Bu qədər qol bir qədər gözlənilməz oldu. Yaxşı olardı ki, qapımızda qol görməyək. Bu, birinci addımdı, ikinci addımı bir həftə sonra Budapeştdə atmağa çalışacağıq. Macarıstan paytaxtında bizi daha çətin oyun gözləyəcək. Rəqib komandanın iki futbolçusu viza problemi ilə əlaqədar Bakıya gələ bilməmişdi. Onlar cavab görüşündə oynaya biləcəklər. Bizə qarşı daha istəkli və azarkeş dəstəyinə malik komanda çıxacaq. İnanıram ki, uşaqlar öz oyunlarını göstərə biləcək və biz mərhələni adlayan tərəf olacağıq. 
 

- İsti hava şəraitinin “Neftçi”nin xeyrinə olduğunu düşünmürsünüz? 
- Bizim komandada da əcnəbi futbolçular var. Ola bilsin, onlar belə hava şəraitinə öyrəşməyiblər. Burada əsas üstünlüyümüz azarkeş dəstəyimiz idi. 
 

- Sizcə, qələbədə əsas rolu kim oynadı? 
- Azarkeşlər! Havanın temperaturu 36 dərəcə idisə, azarkeşlər onu 45 dərəcəyə qaldırdılar! Azakeşlərə, komandaya, klubumuzun bütün əməkdaşlarına və siz jurnalistlərə təşəkkürümü bildirirəm. Belə hava şəraitində bura gəlmisiniz, oyunumuzu işıqlandırırsınız. Buna çox sevinirəm. 
 

- “Neftçi” qayıtdı?
- Bunu 1-2 aydan sonra soruşarsınız, deyə bilərəm. Həmin vaxt məndən soruşmayacaqsınız, “Neftçi”nin qayıdıb-qayıtmadığını özünüz görəcəksiniz. Amma inanmaq istərdim ki, biz düzgün yoldayıq. 
 

- Oyundan sonra klubunuzun Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə birgə paltardəyişmə otağına daxil oldunuz və böyük səs-küy oldu. Komandaya mükafatın həcmi elan olundu? 
- Çingiz Abdullayev, Müşahidə Şurasının bütün üzvləri burada idi. Komandamız mükafat barədə çox danışmaq istəmədi. Futbolçular bizdən mükafatı mərhələ adlayacağımız təqdirdə istəyiblər. Bu, futbolçuların bizə jestidir. Komandanın necə oynayacağını heç kim bilmir. Amma kollektivdaxili ab-havanın belə olması bizim qazancımızdır. 
 

- Yeni transfer gözlənilirmi?
- Baxarıq. Baş məşqçi, köməkçiləri ilə görüşümüz olacaq. Ondan sonra daha dəqiq nə isə deyə bilərik. Ola bilər ki, komandaya heç bir yeni futbolçu gəlməsin. Çünki hər mövqedə əvəzedici var. Baxarıq. 
 

- Yeni transferlərdən nə dərəcədə razı qaldınız?
- Qoran Paratski hələ 90 dəqiqə oynamağa hazır deyil. Amma sonadək mübarizə apardı. Slavko Braliç meydana daxil olduqdan sonra müdafiə xəttini möhkəmləndirdi. Darionun oyununu özünüz gördünüz, mən əlavə şərh etmək istəmirəm. Baqali Daboya isə sadəcə, əhsən! Yerli futbolçular da qələbə üçün əllərindən gələni etdilər.  
 

CEYHUN ƏLIYEV

22 Sentyabr 2018
21 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB