TOP 10

Qurban Qurbanov Qəbələyə keçmiş futbolçusunu izləməyə gəlib: "Hücumçuyla bağlı 3-4 variantımız son anda alınmadı"

Futbol
Tarix: 2018-07-12 21:28

“Qarabağ”ın və milli komandamızın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutan “Qəbələ” – “Proqres” oyunun fasiləsində brifinq keçirib. Təcrübəli mütəxəssis Sport24.az-ın Qəbələyə ezam olunan əməkdaşının da suallarını cavablandırıb.  

 

- Öncə “Olimpiya” ilə oyun haqda danışmağınızı istərdik. Rəqib necə komanda idi?
- Yaxşı komandadı. Demək olar ki, ilk mərhələdə qarşılaşdığımız ən güclü rəqibdi.  Ümumiyyətlə, klub olaraq çox inkişaf ediblər. Oyun çox çətin idi.  Minimal hesablı qələbə o demək deyil ki, cavab oyunu bizim üçün asan olacaq.  Fərdi xarakterli yaxşı oyunçuları var.  Komandanın özünəməxsus oyun üslubu var. Həmçinin, məşqçiləri yenidir və çox istəklidirlər. Daha çox öz çatışmazlıqlarımız üzərində çalışmalıyıq. Bəzi problemlərimiz var.  Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə apardılar. 

 

- Yeni transferlər necə təsir bağışladılar?
- Onların işgüzarlığından razıyam. Çox istəklidirlər, işlərinə peşəkar yanaşırlar. Amma oyun baxımından təkcə onlarda yox, bütün futbolçularda çatışmazlıqlar var.  Tam adaptasiya olmaları üçün bir neçə oyuna ehtiyac var.  Elə oyunçu var ki, fiziki hazırlığı tam qaydasında deyil. Buna baxmayaraq, mənim üçün ən önəmli olan futbolçuların peşəkarlığıdır ki, bu da onlarda var.  


- “Qarabağ” Çempionlar Liqasına bir hücumçu ilə yollanıb. Mərhələni keçsəniz, hücumçu transferini sürətləndirəcəksiniz?
- Demək olar ki, ən çox axtardığımız oyunçu hücum mövqeyinədi Buna çox vaxt sərf edirik. 3-4 variantımız oldu, demək olar ki, alınmışdı. Amma son anda razılıq əldə olunmadı.  Bu gün yenə axtarışdayıq, variantlar var, danışıqlar aparırıq.  Hücumçu transferini hər zaman açıqlaya bilərik.  


- Variantlardan birinin də Yaponiyanın “Şaqan Tosu” klubundan ayrılan İborranın olduğu deyilir... 
- Ola bilər. Bu variant da var.  

 

- Klubların oyunu milli komandaya hazırlıq baxımından vacibdi. “Qəbələ”nin ilk hissədəki oyununu nəzərə alsaq, nə görə bildiniz?
-Hər iki komanda ehtiyatlı futbol sərgiləyir.  Bu mənə tanışdır: dünən biz də ehtiyatlı oynayırdıq. Çünki ilk oyunda rəqibi daha yaxından tanımağa çalışırsan. Hiss olunur ki, oyunun intizamı qaydasındadı.  Hava da çox istidi.  Belə havada futbolçulardan maksimumu tələb etmək düzgün olmaz. Ümumən, oyundan razıyam və düşünürəm ki, ikinci hissə daha maraqlı olacaq.  Bugünkü oyun hələ heç nə demir.  Hazırlıqdan 3-4 oyun sonra futbolçu tam idman formasını bərpa edir.  


- Hansı kompenent oldu ki, məhz Qəbələyə gəlməyi üstün tutdunuz. Düzü, biz sizi uzun yoldan sonra Bakıda, “Neftçi”nin oyununda gözləyirdik....
- Bir neçə kompenent var. Rauf Əliyevi canlı izləmək istəyirdim. Bundan başqa, digər oyunçular var. Mənim üçün də hansı futbolçunun meydanda olacağı maraqlı idi. Həm də “Qəbələ”yə azarkeşlik etməyə gəlmişəm.  


- Nizam-intizama önəm verən məşqçisiniz. Qara Qarayevin qırmızı vərəqə almasına münasibətiniz necədi?
- Hər iki sarı vərəqə adi oyun epziodu idi. İkinci sarı vərəqədən sonra xəbərdarlıq etdim. Hakim rəqibə qırmızı vərəqə verməsəydi, Qaranı da cəzalandırmayacaqdı. 


 

MEHMAN SÜLEYMANOV, Qəbələ

19 Iyul 2018
18 Iyul 2018
B.eÇ.aÇC.aCŞB