TOP 10

“Avropa qapıları”nı açan Azərbaycan kvarteti

Futbol
Tarix: 2018-07-11 16:30

Bu gün “Qarabağ”ın timsalında Azərbaycan klubları üçün avrokubok mövsümü start götürür. İki gün ərzində 4 təmsilçimiz Çempionlar və Avropa Liqasında ilk oyunlarını keçirəcəklər. Ağdam təmsilçisi Sloveniyada “Olimpiya” ilə ilk matçına çıxacaq. “Neftçi” və “Qəbələ” evdə müvafiq olaraq “Uypeşt” və “Proqres”i qəbul edəcək, “Keşlə” isə Maltada “Baltsan”ın qonağı olacaq.

 

***

 

Başlayaq Qurban Qurbanovun komandasından. İlk baxışdan “Qarabağ”da inqilabi dəyişikliklər yaşanıb. Yayda komandadan 10 futbolçu gedib. Ancaq bunlar arasında yalnız iki sima – Riçard Almeyda və İbrahim Şehiçi komandanın aparıcı simaları adlandırmaq olar. Doğrudu, Pedro Enrike də çempionumuzun oyununa xüsusi rəng qatmışdı, lakin onun ölkəmizi tərk edəcəyi xeyli əvvəldən məlum idi. Anton Kanibolotski onsuz da 3-cü qapıçı statusundan azad ola bilməmişdi və belədə, legionerin gedişi başadüşülən idi. Şehiçin gedişinə “süvarilər” iki əlcək sahibi ilə cavab verdilər: Hannes Halldorsson və Vaqner da Silva. Başqa sözlə, “Qarabağ”ın çərçivə problemini nəinki həll etdiyini, hətta ötən mövsümlərlə müqayisədə gücləndirdiyini iddia edə bilərik. Elə yeni meydan oyunçuları da kifayət sanballı görünürlər: Filip Ozobiç, Abdulla Zubir, Simeon Slavçev də Ağdam klubunun oyununa rəng qata biləcəklər. “Qarabağ”la bağlı hissəni təmsilçimizin “Olimpiya”ya qarşı çıxacağı təxmin etdiyimiz heyətlə yekunlaşdıraq:

 

Vaqner da Silva – Maksim Medvedev, Rəşad Sadıqov, Yakub Jezniçak, Ansi Aqolli – Dani Kintana, Qara Qarayev, Miçel, Filip Ozobiç, Abdulla Zubir – Mahir Mədətov.

 

***

 

“Qəbələ” də “dərisini dəyişdi”. Roman Qriqorçukun gedişindən sonra klub Vitali Vernidubun da xidmətindən imtina etdi. Ancaq daha böyük itki Baqali Dabo ilə Filip Ozobiç sayılmalıdı. Bundan əlavə Dion Malone, Famussa Kone də yola salındı. “Qırmızı-qaralar”ın yeni simasını Albaniya "Skenderbeu"sundan gələn futbolçular müəyyənləşdirəcək. Söhbət Sabien Lilay və Ceyms Adeniyidən gedər. Eyni zamanda, Lalavele Atakora da komandanın oyununa rəng qatmağa çalışacaq. Sonda “Qəbələ”nin sabah axşam “Proqres”lə oyunda start heyətində meydana çıxacaq təxmini heyətini proqnozlaşdıraq:

 

Dmitri Bezotosnı – Ürfan Abbasov, Bəhlul Mustafazadə, Voislav Stankoviç, İlqar Qurbanov – Qismət Alıyev, Sabien Lilay, Asif Məmmədov, Ceyms Adeniyi, Stiven Monroz – Rauf Əliyev

 

***

 

“Keşlə” sanki məşhur lətifədəki tar çalan Molla Nəsrəddindi. Yuri Maksimov qış fasiləsində formalaşdırdığı heyətin özülünü qorumaqla yalnız kosmetik dəyişikliklərə əl atdı və yetirmələrinə güvəndiyini göstərdi. Ukraynalı mütəxəssis güvəndiyi simalardan yalnız Nemanya Stoyanoviç və Pərdis Fərcad Azaddan azad olmaq qərarı verdi. Əvəzində Miloş Bosançiç, Amil Yunanov kimi futbolçuları komandasının rənglərinə qatan “Keşlə”, son anda Bahodir Nasimova da qucaq açdı. Maksimov nəticənin necə qazanılması yollarını bilən mütəxəssis olduğunu ölkəmizdəki 6 ayda nümayiş etdirə bildi. İndi bunu Maltadan başlayan yolda da isbatlamağın vaxtıdı. “Baltsan”la səfər qarşılaşmasında təmsilçilərimizi heç-heçə qane edəcəyindən, böyük ehtimalla “Keşlə” praqmatik futbola üstünlük verəcək. Əlbəttə, səfərdə heç-heçə yaxşı nəticə sayılır, ancaq məhsuldar bərabərlik daha yaxşı olar. Qələbə isə... Qərəz, növbə çatdı “Keşlə”nin təxmini start heyətinə:

 

Kamran Ağayev – Slavik Alxasov, Adrian Skarlatake, Denis Silva, Tərlan Quliyev, Sərtan Taşkın – Sezar Meza Kolli, Ebrima Sohna, Vaqif Cavadov, Miloş Bosançiç – Amil Yunanov.

 

***

 

Nəhayət, “Neftçi” barədə. Yayda ən böyük dəyişikliklər “ağ-qaralar”da baş verdi. Bunun üçün zəmin də yaranmışdı. Rəhbərlik, texnki və inzibati heyət, habelə məşqçi dəyişikliyi yeni komandanın formalaşacağından xəbər verirdi.  Roberto Bordinin komandası Türkiyə toplanışı zamanı keçirdiyi 4 görüşün hamısından qalib ayrıldı.  Əlbəttə, rəqiblər Avropa nəhəngləri deyildi. Lakin burda bir incə məqama diqqət yetirmək lazımdı: italiyalı mütəxəssis yeni 4-3-3 sistemini tətbiq etməyə başlayıb. Bunun üçün münasib rəqiblərin seçilməsi də şərtdi ki, Bordin də məhz ortabab sparrinqlərə üstünlük verdi. Son illərdə yetərincə uğursuz transferlərlə yadda qalan “Neftçi” indi daha döyüşkən, daha əzəmətli təsir bağışlayır. Ancaq dediklərimiz hələ ki, kağız üzərindədi. Cümə axşamı Bordin və yetirmələri ilk rəsmi sınağına çıxacaqlar. “Dalğa Arena”da Macarıstan “Uypeşt”i ilə ölüm-dirim mübarizəsinə. Bəs, “ağ-qaralar”ın potensial start heyətini necə görürük? Bu da “ağ-qara” 11-liyimiz:

 

Səlahət Ağayev – Tural Axundov, Ruslan Abışov, Kirilo Petrov, Anton Krivotsyuk – Qoran Paratski, Soni Mustivar, Rəhman Hacıyev – Dario Frederiko, Baqali Dabo, Namik Ələsgərov.  

 

Proqnozlarımızın nə dərəcədə doğrulacağını 2 gündən sonra tam biləcəyik. Ancaq bu, həlledici deyil. Təki biz yanılsaq belə, təmsilçilərimiz büdrəməsin!

 

CEYHUN ƏLİYEV
 

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB