TOP 10

Messinin “Qarabağ”lı qənimi: “Fərq etmir ki, 700, yoxsa 70 min adam qarşısında oynayacam”

Futbol
Tarix: 2018-07-10 12:51

Çempionlar Liqasının 2018/19 mövsümü bacamızdadı. Artıq sabah “Qarabağ” Sloveniyada “Olimpiya”ya qarşı ilk matçına çıxacaq. Doğrudu, bu görüşdə “süvarilər” İslandiya yığmasının heyətində dünya çempionatında iştirak etmiş Hannes Halldourssonun xidmətindən yararlana bilməyəcək. Lakin heç kimdə şübhə doğurmur ki, məhz Lionel Messinin penaltisini qaytaran qolkiper Ağdam klubunda “1 nömrə” olacaq. Sport24.az-a verdiyi müsahibədə islandiyalı əlcək sahibi keçidində Yakub Jezniçakın da rolunun az olmadığını vurğulayıb.

 

-    Dünya çempionatında oynamış qapıçısan. Buna rəğmən Azərbaycanda gələn təklifi müsbət dəyərləndirdin...
-    “Qarabağ”dan maraqlı təklif gəldi. Yeni bir səhifə yaşamaq, yeni ölkədə təcrübə mənim üçün maraqlıdır. Böyük klubda oynayıb titullar üçün döyüşmək hər zaman yaxşıdır. Bu komanda ilə Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirəm.

 
-    Ümumiyyətlə, Azərbaycan futbolu haqqında əvvəllər nəsə eşitmişdin?
-    Dürüst olmaq istəyirəm. Çünki bundan öncə Azərbaycan futbolu haqqında demək olar ki, heç bir şey bilmirdim. Yalnız “Qarabağ” “Kopenhagen”i məğlub edəndə Azərbaycan komandasını gördüm. Danimarkada çıxış etdiyim üçün bu matça baxmışdım. Gördüm ki, “Qarabağ” həqiqətən əla komandadır. 

 

-    Bəlkə səni “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində oynaması cəlb etdi?
-    Mümkündür ki, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində oynaması mənim seçimimdə əhəmiyyətli rol oynadı. Və Bakı şəhəri haqqında da məlumat topladım. Çox xoşuma gəldi və düşündüm ki, bu şəhərdə yaşaya bilərəm. 

 

-    Bilirsən ki, Azərbaycanda oynayacaq ilk islandiyalısan?
-    Bunu bilirəm. Düşünürəm ki, burada yaxşı günlərim olacaq. 

 

-    Artıq komandadasan. Qurban Qurbanovla münasibətlər necədir və onun haqqında nə bilirsən?
-    Böyük məşqçidir. “Qarabağ”la fantastik nəticələr əldə edib. Son 5 ildə Avropa səhnəsində tarix yazıb. Bilirəm ki, cari ilin yanvar ayından millinin baş məşqçisidir. Onunla son həftədə görüşdük və yaxşı söhbətimiz oldu. 

 

-    “Qarabağ”ın polşalı legioneri Yakub Jezniçak bildirib ki, Halldourssonun “Qarabağ”a gəlməyində mənim də köməyim olub. Onunla telefonda xeyli danışdıq. 
-    Düz deyib. Yakubla danışdıq və “Qarabağ”a gəlməyə qərar verdim. Çünki o, mənim bütün suallarımı cavablandırdı. Böyük köməyi dəydi mənə. 

 

-    İslandiya azarkeşləri daim mükəmməl performansları ilə diqqət çəkiblər. Azərbaycan stadionlarında belə azarkeşlər olmayacaq. Bu səni narahat etmir?
-    Dediyim kimi, Azərbaycan çempionatından məlumatım yoxdur, amma yaxşı günlərə ümid edirəm. Mənim üçün klubun uğurlarına motivasiya olmaq daha önəmlidir. Məsələn, fərq etmir ki, 700, yoxsa 70 min adam qarşısında oynayacam. Sadəcə, həmişə oynadığım oyundan və uğurdan zövq alacam.
 

MEHMAN SÜLEYMANOV

19 Iyul 2018
18 Iyul 2018
B.eÇ.aÇC.aCŞB