TOP 10

Rövşən Hüseynli "Dördlər finalı"nı hədəfə alıb: “Ötənilki nəticənin təkrarlanmasına imkan verməməliyik”

Futzal
Tarix: 2018-07-06 10:14

Azərbaycanı yeni adı ilə ilk dəfə keçiriləcək futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz”ın hansı qrupda mübarizə aparacağı müəyyənləşib. Sport24.az xəbər verir ki, ölkə çempionu oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək əsas mərhələnin qrup oyunlarında yerli “Luçenec”, ilk mərhələdə E və F qrupunun qalibi olacaq komandalarla qarşılaşacaq.

 

Məlumat üçün qeyd edək ki, E qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovocobo” (Hollandiya), “Reading Futsal Klub” (İngiltərə), “Vytis” (Litva), “Murata” (San-Marino) komandaları qüvvəsini sınayacaq.

 

Bəs “Araz”ın təcrübəli qapıçısı Rövşən Hüseynli püşkün nəticəsi haqda nə düşünür? AFF-in "Facebook" səhifəsinə açıqlama verən qolkiper meydan sahiblərinin daha təhlükəli komanda olduğunu qabardıb: “Oyunlar Slovakiyada keçiriləcək. Üstəlik, bu ölkənin çempionu olan “Luçenec”in heyəti demək olar, Slovakiya millisinin oyunçularından qurulub. Bu komanda ilə oyun daha çətin keçəcək. Əslində, istənilən rəqibə hörmətlə yanaşmaq, onları ciddi qəbul etmək lazımdı. İlkin mərhələdə mübarizə aparacaq potensial rəqiblərimiz arasında ikisini xüsusilə fərqləndirmək istərdim. E qrupunda Makedoniya təmsilçisi “Veles”in, F qrupunda isə Hollandiyanın “Hovocobo ” komandasının daha güclü təsir bağışladığını qeyd edə bilərəm. Təbii ki, bunlar ehtimallardı. Fikrimizi bildiririk, amma nəticənin necə olacağını oyunlar başa çatdıqdan sonra biləcəyik”. O, turnirin adının dəyişdirilməsinin iştirakçılar üçün əlavə stimul olacağını da bildirib: “Yeri gəlmişkən, turnir artıq fərqli adla keçirilir. Ötən ilə qədər UEFA kuboku adlandırılan yarış indi Çempionlar Liqası adı altında keçiriləcək. Bu da iştirakçı komandalara əlavə stimul verəcək, qalib olmaq üçün motivasiyanı artıracaq”.

 

Hüseynli “Araz”dan ayrılanlar haqda da danışıb. O, hər bir futzalçının komanda üçün vacib olduğunu vurğulayıb: “Hər bir oyunçu bizim üçün vacibdi. Edu və Qalonun gedişi hiss olunacaq, ancaq onlarsız nəticə qazanmağın mümkünsüzlüyü fikri yaranmamalıdı. Rəhbərlik və baş məşqçi yeni transferlərlə komandanı əvvəlkindən güclü edəcəklər. İstənilən halda, ötənilki nəticənin təkrarlanmasına imkan verməməliyik. Ötən il iki ardıcıl qələbə qazandıq, ancaq “Deva” ilə matçda sanki oyunumuz alınmadı, “qara zolaq”a düşmüşdük. Çempionlar Liqasında isə buna yol verməyəcəyik. Təbii ki, məqsədimiz “Dördlər finalı”na vəsiqə qazanmaqdı”.

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB