TOP 10

PFL prezidentinin işıq üzünə həsrət müsahibəsi: “Belə getsə, pensiyaya çıxmalıyıq”

Futbol
Tarix: 2018-07-04 10:22

İyulun 2-də Peşəkar Futbol Liqasının 10 yaşı tamam oldu. Həmin tarixdə AFFA-nın inzibati binasına baş çəkib, ölkədaxili yarışların keçirilməsinə cavabdeh qurumun rəhbəri Ramin Musayevlə yubileylə bağlı müsahibə götürmək istədik. Doğrudu, söz sözü çəkdi və yekunda oxuyacağınız bir geniş, rəhmətlik Böyükağa Hacıyev demiş, “podrobnıy” material alındı. Ancaq fors-major hadisə müsahibənin işıq üzü görməsini yubatdı. Axı, işıq olmayan yerdə yazını işıq üzünə çıxarmaq olmur… İnanırıq ki, Ramin müəllim inciməz. 

 

 

"Mətbuatdan gördüyümüz nöqsanlardan dərs götürürük və çalışırıq ki..."

- Məlumdu ki, aprelin 26-da dünyaya gəlmisiniz. Ancaq iyulun 2-si də sizin üçün xüsusi gündü, çünki həmin gün birdən-birə 3 bayramı qeyd edirsiniz - keçmiş polis əməkdaşı kimi polis gününü, yarandığı vaxtdan rəhbərlik etdiyiniz PFL-in artıq 10 illiyini və daim ünsiyyətdə olduğunuz idman jurnalistlərinin peşə bayramını. Demək olarmı ki, iyulun 2-də daha çox diqqət mərkəzində olursunuz?
- Deməzdim ki, diqqət mərkəzindəyik. Yenə də sağ olsun mətbuat işçilərimiz, qardaşlarımız, hər birindən təbrik aldıq. Təbriklər davam edir, çox sağ olsunlar. Tək media nümayəndələrindən təbriklər aldıq. Başqa heç bir qurumdan təbrik eşitmədik, görmədik. Bir də dostlarımızın - idmandan kənar insanlar, futbolsevərlər zəng vurub dedilər ki, Ramin müəllim, bayramınızdı, təbrik edirik. Sizinlə danışa-danışa əsgər yoldaşım, tanınmış idman adamı Ruzbeh Əliyevdən təbrik mesajı gəldi - həm polis günü, həm də PFL-in 10 illiyi ilə bağlı. Ancaq fərq etmir, ruhdan düşmürük. Hər zaman mətbuat işçiləriylə birgə olmuşuq, mübarizə aparmışıq. Mətbuatdan gördüyümüz nöqsanlardan dərs götürürük və çalışırıq ki, işlədiyimiz müddətdə fəaliyyətimizdən narazı qalan olmasın. Şükürlər olsun ki, işimiz də pis alınmadı. 10 il müddətində UEFA-nın reytinqində irəliləyiş oldu. Azərbaycan çempionatı istər Avropa, istərsə də dünya futbol reytinqində öz yerini tutmağı bacardı. Bu 10 il ərzində gördüyümüz işlərə hansısa bir səviyyədə olan bəzi insanlar qısqanclıqdanmı deyək, paxıllıqdanmı deyək, diqqət ayırmadılar. Buna ani baxıram və bizi ruhdan salmır, əksinə, bir daha göstərir ki, kim kimdi. Respublikadan kənarda olanda ürəklə danışmaq olur ki, bizdə də klublar var, reytinqimiz kifayət qədər yüksəkdi. Bəli, bizim ölkədə də Çempionlar Liqasının himni səslənib, biz də o sevinc anını yaşamışıq. Fərqi yoxdu hansı idman növüdü, istənilən sahəsində uğur olanda zəng vurub təbrik edirik, borcumuzu yerinə yetiririk. Bu gün nəsə diqqət olmadı. Bəlkə yaydı, hamı dincəlir, ola bilər (gülür)...

 

- Belə deyim var - uman yerdən küsərlər. Kimdən küsürsünüz?
- Heç kəsdən. Niyə küsməliyəm? O vaxt küsərəm ki, sözümü deməyə qorxaram. İnsan bir şeyi düşünməlidi: aldığın məvacib halalın olmalıdı, aldığın pulu halal qazanmalısan. Mənə sual versələr ki, aldığın pula layiq iş görə bilirsən, deyərəm ki, bəli. Dediklərim özümdən razılıq əlaməti deyil. İşimizdən razıyam. Bu, tək mənim işim deyil, ümumi PFL-in əziyyətidi. Ən başda operatorlarımız olmaqla, onların əziyyətidi. Sizlərin əziyyətidi, yağışda, küləkdə, istidə stadionlarda oyunlarda olursunuz. Belə götürəndə, insan həmin hava şəraitində doğma övladına qıyıb çölə buraxmaz. Ancaq sizlər hər zaman yanımızda olmusunuz, operatorlarımız yanımızda, iş başında olub. Bunların nəticəsidir ki, klublarımız reytinqdə irəliləyir, hakimimiz Əliyar Ağayev UEFA-nın I kateqoriyasına layiq görülür. Çempionat zəif olsaydı, həmin hakim harda oyun idarə edəcəkdi? Haqq-ədalət olmasaydı, həmin hakim üzə çıxmazdı axı. 2008-ci ildə avrokuboklarda hansı nəticələrimiz vardı? İlk dəfə "Neftçi" qrupa vəsiqə qazandı, sağ olsun Sadıq Sadıqov. Bundan sonra "Qarabağ", "Qəbələ" vəsiqə qazandı. "Qəbələ" Avropada rekord vurdu. 

 

- İki il dalbadal Avropa Liqasında 4 mərhələ keçərək qrupa düşdü...
- Bəli, "sıfır"dan başlayaraq hara kimi irəlilədi. Bunun özü futbolun inkişafıdı, futbolda olan nailiyyətlərdi. Haqq-ədalət olmasaydı, hansı klubumuz irəli gedə bilərdi? Bu gün klublarda çalışanlar da bilir ki, haqq-ədalət bizdə var və bundan sonra da inşallah, olacaq. Dünya çempionatına baxırıq, hakimlikdən danışırıq. İnanıram ki, bizim klublara qarşı haqsızlıqları orda görsələr, heç də bizdən razı qalmazlar. Sözsüz ki, narazılıq olur. Amma sonradan araşdırma gedir, görürlər ki, yox, o incikliyin də yeri yoxdu. Hər kəs etdiyi hərəkətə, atdığı addıma cavabdehdi. 

 

 

"Bəzi insanlar deyirdi PFL finalı bilərəkdən Qəbələyə apardı ki, meydan sahibləri qalib gəlsin"

- Bəllidi ki, Sovet dövründə 10 yaşına çatan məktəbli pionerə keçirdi. Orda 3 qrup olurdu - I qrup əlaçılar, II qrup yaxşı, III qrup kafi oxuyanlar. PFL-in 10 yaşda neçənci qrupda pionerə keçmiş sayırsınız?
- Biz pensiyaya keçmişik, təqaüdə gedirik. 

 

- PFL?
- Bəli. Belə getsə, pensiyaya çıxmalıyıq. 

 

- Nə olub ki?
- Çünki 10 yaş bir qurum üçün az ömür deyil. 10 yaş yəqin ki, 100 yaşa bərabərdi, az əziyyət çəkilməyib. Yerli-yersiz çox irada rast gəlmişik. Ancaq sonda haqq-ədalət olur. Hamı deyirdi ki, bu il ölkə kubokunu sahibi "Qəbələ" olacaq, matç Qəbələdə keçirilir, komandalar bilərəkdən ora aparılır, bunlar hamısı qurmadı. Göydə Allah şahiddi, yerdə də hər iki klub rəhbəri ki, belə şey olmayıb. Gördüyünüz kimi, “Qəbələ” rəhbərliyi oyunda iştirak etdi, sonadək oturdular, təbrik də etdilər. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovdan eşitdim – kim güclüdü, o da qalib gələcək, fərqi nədi ki, harada oynayırıq? Ancaq bəzi insanlar deyirdi PFL finalı bilərəkdən Qəbələyə apardı ki, meydan sahibləri qalib gəlsin. Bunun nə dəxli var? Hansı haqsızlığa rast gəldik? Heç bir.

 

 

"PFL-in bu 10 ildə ən böyük uğuru Azərbaycanda Çempionlar Liqasının himninin səslənməsidi"

- Gəlin, 10 ili vərəqləyək. PFL-in bu müddətdə ən böyük uğuru kimi hansı hadisəni qabardardınız?
- Azərbaycanda Çempionlar Liqasının himninin səslənməsini. İnşallah, gözləyək görək, bir daha nə vaxt səslənəcək. 

 

-  Çox uzağı görürsünüz?
-  Uzaq görmək üçün demədim. Sadəcə, dedim ki, o anı yaşamaq bizə böyük sevinc verir.

 

-  Ancaq keçən yay “Qarabağ”la bağlı bədbin idiniz. Hesab edirdiniz ki, Qurban Qurbanovun komandası bundan əvvəlki illərdə olduğu kimi güclü deyil. Bəs bu dəfə “Qarabağ”dan, avrokuboklardakı təmsilçilərimizdən nə gözləyirsiniz?
- Vallah, bu püşkatmanı görəndən sonra ehtiyatla danışmaq lazımdı. Klublarımızın etdikləri transferlər göz qabağındadı. Artıq bizim əlimizdən gəlib keçiblər. Tək “Neftçi”ni deyərdim ki, hardasa komandanı toparlaya biliblər.

 

 

"Qarabağ"ın istədikləri legionerlər deyiblər ki, 8 komandalı çempionatdırsa, ora getməyə ehtiyac yoxdu"

- “Qarabağ”ın özündə oyunçu qıtlığı var...

-  Qurban Qurbanovla tez-tez əlaqə saxlayırıq. İstədiyi futbolçuları ala bilməyib. Hətta eşitdiyimə görə, istədikləri legionerlər deyiblər ki, 8 komandalı çempionatdırsa, ora getməyə ehtiyac yoxdu. İndi elə düşünürlər. Çempionatın səviyyəsinə klubların sayı ilə qiymət verirlər. Ancaq keçənilki çempionatın nəticəsini izləmirlər ki, 8 komanda olsa da, Çempionlar Liqasında qrup mərhələsində oynayıblar. Bunlara fikir vermirlər, yalnız komandaların sayına baxırlar. Bu, onların şəxsi fikridi. Ancaq onu da deyirəm ki, klubların hazırlığı bir o qədər qənaətbəxş deyil. 4 klubun daxilində yalnız “Neftçi”ni fərqləndirmək olar. 

 

- “Neftçi”yə də II mərhələdə “Sevilya” kimi rəqib düşüb…
- Bu da bir az əlavə çətinlikdi. Ancaq qorxmaq lazım deyil. “Neftçi” sürprizləri xoşlayır, təəccübləndirməyi bacarır. 

 

- İnanırsınız ki, “Sevilya”nı keçər?
- Niyə inanmıram? Bu, əvvəlki “Sevilya” deyil.

 

- “Qarabağ”ın indiki durumu sizi daha çox narahat edir, yoxsa ÇL-də formatın dəyişməsi?
- Əsas formatın dəyişməsi. Çünki güclü komanda yüz faiz düşəcək. Ona görə də bir az narahatçılıq var. Klublarımız yetərincə lazım olan futbolçuları hələ tapa bilməyiblər, işə gec başlayıblar. Gərək yayı gözləməzdilər, avrokuboklara vəsiqə qazanmamışdan – artıq qışda transfer işlərini  görərdilər. Komandalar yığılır, legionerlər gəlir, özü də yaxşı futbolçular. Axı onlar bir-biriylə oynamayıblar. İstənilən futbolçunu gətir, uzağı 2 faizi bəlkə yeni komanda yoldaşını dərhal başa düşər. Bunun üçün 4-5 tur lazımdı. Hazırda reytinqdə yaxşıyıq və aşağı düşməyi istəmirəm. 

 

 

"Premyer Liqaya gələn yoxdu, ancaq görüntü ki, bu rayonda komanda var"

- Qeyd etdiniz ki, bir çox legioner Azərbaycana çempionatda komandaların sayının az olmasına görə gəlmək istəmir. Bunu da bilirik ki, başlıca səbəbkar bölgələrdi, çünki klubların yaranmasına imkan vermirlər. Gəlib əl uzatmırlar ki, yeni klublar formalaşsın. Bütün hallarda, siz də razılaşarsınız ki, Azərbaycan üçün 8 komanda azdı. 10-12 olsa, maraqlı olar. Çempionatımızda klub sayının artırılması üçün hansı addımlar atmaq lazımdı?
- Bizdən - AFFA, PFL-dən asılı nə varsa, edirik. Bu gün klublara sponsorluq edən insanlar I Divizionda qalmaqla razılaşırsa, onları necə Premyer Liqada oynamağa məcbur edə bilərik? Yaxud neçə komandanı AFFA maliyyələşdirməlidi? Bu da düzgün deyil. Onda Azərbaycan yox, AFFA çempionatı olur ki… Futbola bizim yox, kənardan diqqət olmalıdı. Gözəl vurğuladınız ki, bölgələrdə futbola əvvəlki kimi inam, sevgi yoxdu. Bəzən azarkeşlər bizi 8 komandanın olmasına görə qınayırlar. Xatırlayırsınızsa, bir ara söz gəzdi ki, “Xəzər Lənkəran” qayıtmaq istəyir. Komandanın I Divizionda oynamamış Premyer Liqaya gəlməyi düzgün deyil. Buna baxmayaraq dedim ki, buna gedərəm, təki “Xəzər Lənkəran” gəlsin. Qoy, məni qınasınlar, günahlandırsınlar. Nəinki “Xəzər Lənkəran”, hansı komanda Premyer Liqada çıxış etmək istəyirsə, gəlsin. Hələ püşk atmamışıq, 8 komanda deyirik. Gəlsin, desin ki, Premyer Liqaya gəlirəm, məni qoymurlar. Görüm kimdi gəlmək istəyən? Gəlmək istəyən yoxdu. 

 

- Belə çıxır ki, sadəcə, görüntü yaradırlar?
- Bəli, ancaq görüntü ki, bu rayonda komanda var. Ancaq elə deyil. İstəyərəm ki, 12-16 komanda olsun. Ancaq mən istəməklə deyil ki… Hansı klub rəhbəri deyə bilər ki, istər I Divizionda, istərsə də Premyer Liqada oynamağa gəlmişik, Ramin müəllim qarşımızı kəsib. 

 

 

"I Divizionda 6 komanda olacaqsa, məcburuq əvəzedici heyəti onlara qataq ki, say 14 olsun"

- Praktika da onu göstərir ki, I Divizionda çempionluğu qeyd edən həmin “Xəzər” klubunun daha sonra başı hansısa daşdan daşa dəydi. Bizdə olan məlumata görə, “Qarabağ Vyana” klubunun da sponsorları eyni insanlardı və o da artıq dağılır. Bu, danılmaz faktdı, ancaq deyək ki, bu məsələni necəsə Milli Məclisdə qadlrımaq ki, icra başçıları futbola arxa çevririrlər…
- Mən o mövzuda danışmaq istəmirəm…Hər kəsin öz işi, tapşırığı var və hər kəs ona verilən tapşırığa əməl edir. Ancaq mənə elə gəlir ki, bu, tək bizdə deyil, bütün dünyada maliyyə problemi var. İnşallah, yaxın zamanlarda düzələr, bögələrimizdə də futbol olar. Bu məsələylə bağlı Regional Futbol Liqası öz işini görür. Qismətdi, yəqin ki, əvvəlki sponsorlarımızdan kiminsə işi alınar, futbola qayıdar və yaxud başqa sposnrolar peyda olar. Gözləyək.

 

- Belə bir şayiələr gəzir ki, Premyer Liqa klublarının əvəzedici heyətləri I Diviziona göndəriləcək və onlar iştirak edəcək ki, danışılmış oyunların qarşısı birdəfəlik kəsilsin…
- Danışılmış oyunların qarşısını kəsmək üçün dediyiniz addımı atmaq məsələnin həlli demək deyil. Deyirik danışılmış oyun, düzdü, UEFA-dan məktublar gəlir. Ancaq hələlik heç nə sübut olunmayıb. Demirəm ki, danışılmış oyunlar yoxdu. Ancaq bilirəm ki, alqı-satqı yoxdu. Satan varsa, alan kimdi bəs? I Divizionda komandalarının hansı imkanı var ki, oyun alsın. Bu, yoxdu. Ola bilsin ki, bukmekerlərə görə oynayanlar var və buna görə məktublar gəlir. Bunu da araşdırmaq üçün hüquq-mühafizə orqanlarına məktublar göndərilir, işlər gedir. I Divizionda 6 komanda olacaqsa, məcburuq əvəzedici heyəti onlara qataq ki, 14 komanda olsun, futbolçular yetişsin. Onda gərək reqlament dəyişsin, çünki Premyer Liqadakı futbolçular zədələnir, cəzalanırlar, gəlib əvəzedicilərdə oynayırlar. Onda necə olacaq? Bütün bunlar müzakirə olunmalıdı. 

 

 

"U-21 yığmasının Premyer Liqada çıxış etməsi üçün də büdcə lazımdı"

- Belə bir versiya da var ki, aşağı yaş qruplarından ibarət yığmalardan biri I Divizionda təmsil olunsun…
- Eşitməmişəm. 

 

- Bəs U-21 yığmasının oyun praktikası qazanmaq üçün Premyer Liqada oynaması necə? Bu şərtlə ki 21 yaş limiti ləğv olunsun…
- Ona da büdcə lazımdı.

 

- Razıyıq. Ancaq bilirsən ki, o pul nəyə xidmət edəcək. Hətta layihə şəklində  deyək ki, futbolçular heç bir klubdan zorla alınmasın, sadəcə, icarə əsasında getsin. Bunun qarşılığında da limit ləğv olunsun…
- Yaş söhbəti var, gəncdirlər. Ardıcıl məğlubiyyətlər mənfi təsirini göstərə bilər. Bunu I Divizionda etmək olar, Premyer Liqada yox. 


- Ona görə Premyer Liqa deyirik ki, U-21-in baş məşqçisi Rəşad Sadıqov saytımıza müsahibəsində çıxış etməyə hazır olduğunu bildirdi. Deməli, yetirmələrinə güvənir ki, belə deyir…
-  Bu, 9-cu. Bəs 10-cu kim olsun?

 

- “Kəpəz”.
-  Büdcəsi buna imkan verirmi? Yox.


 

"VAR-a çəkilən xərcə Premyer Liqaya 2 komanda buraxmaq olar"

- VAR sisteminin tərəfdarı olmadığınızı bilirik. Bu sistem mundialda böyük əks-səda doğurdu, hakimliklə bağlı çox səhv qərar dəyişdirildi. Bundan sonra yenə də VAR-ın əleyhidarı olaraq qalırsınız?
- VAR sisteminin əleyhinəyəm. 


- Ancaq ədaləti həmişə üstün tutan bir insansınız…
- Bəli. Bizim çempionatda ədalətsizlik görmürəm. 

 

- Hakim yanıla, sonradan isə səhvini düzəldə bilər ki, bununla ədalət bərqərar olunar…
-  Onda sizə sual verim – elə olmadı ki, hakim videotəkrara baxaraq fikrində qaldı?

 

- Təbii ki, oldu. Ancaq səhvini düzəldənlər daha çox oldu. 80 faiz səhvlər aradan qalxır. 
-  VAR-a çəkilən xərcə mənə elə gəlir ki, Premyer Liqaya 2 komanda buraxmaq olar. Bu, bizə daha çox xeyir verər, nəinki VAR. 


- Bununla maraqlanmısınız ki, həqiqətən böyük büdcə tələb edir?
-  Bəli, böyük məbləğdi. Hardasa 2 milyon avro civarındadı. Bir də ki, bizim çempionatda elə böyük qlobal problem olmayınb axı. 

 

- Dünya çempionatına baxandan sonra dediyinizlə razılaşmaq olur. Ancaq digər tərəfdən, Azərbaycanda elə texnika olmayıb ki, fikir yürüdək…
- VAR futbola olan marağı öldürür. Özü də bizdə bu sistem mümkün deyil. Hər 10 dəqiqədə dayanacağıq ki, gəlin, baxaq. Bizdə onu yüz faiz bazara çevirəcəklər. Aut düz çıxmadı, gəlin, baxaq, onda hər hissəyə gərək 50 dəqiqə əlavə edək. 

 

 

"Belə çıxır ki, PFL yalnız Rövnəq Abdullayevə lazımdı, vəssalam"

- Yaman bədbinsiniz…
-  Yox, niyə? Əlayam, mənə maraqlıdı. İnsanların sifətini tanıyırıq da. 


- 10 il bəs etmir tanımaq üçün?
-  Bu, artıq sübutdu. Bu gün möhür vurulan gündü. Belə çıxır ki, PFL yalnız Rövnəq Abdullayevə lazımdı, vəssalam.


- Rövnəq müəllim təbrik edib?
- Bəli. 

 

 

"Elə günlər olacaq ki, məcburuq həftənin 4-cü günü də oynayaq, 1-ci gün də matç keçirək"

- Növbəti çempionatda oyunların günləri, başlanma saatıyla bağlı dəyişiklik etmək fikrindəsiniz?
- Elə günlər olacaq ki, məcburuq həftənin 4-cü günü də oynayaq,1-ci gün də matç keçirək. Bu da milliyə görədi. Təsəvvür edin ki, millinin təlim-məqş toplanışına görə hər 3 ayda 20, ümumilikdə 60 gün komandalar fasiləyə göndərilməli olacaqlar. Bu mövsüm çox ağır olacaq. Millətlər Liqasının çempionatımıza böyük təsiri var. Məcburuq ki, milli komandamıza hər ayda 20 gün vaxt ayıraq. Bu müddətdə klublarımız boş-bekar qalacaqlar. Mövsüm 9 ay olur, 2 ay itiririk. Qalır 7 ay ki, bu müddətə kubok da oynamalısan. Çox sıxlıq olacaq. Ona görə də məcburuq ki, qarşılaşmlar tək həftəsonu yox, başqa günlər də olsun. 


- Bəs başlanma saatı? Media nəzərə alınacaqmı? Çünki 2 saatlıq intervalla olanda, fiziki çatdırmaq olmur …
- Çox düz buyurursunuz. Yerində verilmiş sualdı. Hər stadionda süni işıqlandırma olacaqsa, dediyinizi reallaşdırmağa çalışacağıq. Elə mənim özümə də rahat deyil. Bir stadiona gedim oyuna baxım, digərinə getməyim – bu düzgün deyil. Deyirlər ki, Ramin müəllim birinə baxdı, birinə yox və bunu hörmətsizlik kimi qəbul edirlər. Ancaq çatdırmaq olmur. Oyunun biri Zirədədi, biri şəhərdə. Stadionlarımızın əksəri təmirə bağlanır və inşallah, yəqin ki projektorları olacaq. Qarşılaşmaları elə salacağıq ki, arasında 3 saat fərq olsun. Çempionatın startınadək təmirdə olan stadionlarda işlər başa çatmayacaq və buna görə də böyük problem yaşayacağıq. 


 

“Neftçi” uşaqlıdan sevdiyim klub olub, bunu necə inkar edə bilərəm?"

- Yeni çempionat maraqlı gözlənilir. Əsas favoritiniz kim olacaq? Sizcə, “Neftçi” çempionluq mübarizəsinə qayıdacaqmı?
-  Bu gün hazır olan komandalardan “Neftçi”ni görürəm. Avrokuboklarda yaxşı mübarizə aparsalar, yəqin ki, çempionatda daha rahat çıxış edəcəklər.


- Yəni çempionluq mübarizəsində “Neftçi”ni “Qarabağ”dan daha üstün tutursunuz? 
- Çempion demədim, bunu deməyə ixtiarım da yoxdu. Mənə elə gəir ki, “Neftçi” bu mövsüm daha yaxşı oynayacaq. Və bunu etməyə artıq borcludu. Çünki azarkeşləri yaxşı nəticələr üçün darıxıb. Mən də “Neftçi”nin azarkeşiyəm. Bunu danmıram, demişəm, deyirəm, deyəcəm də. İstər PFL-də işləyim, istərsə də işləməyim, harda olsam, deyəcəm. Çünki “Neftçi” uşaqlıdan sevdiyim klub olub, bunu necə inkar edə bilərəm? 

 

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV


 

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB