TOP 10

Ruslan ruslara azarkeşlik edir: "Biz də istəyirik ki, Azərbaycanda belə bayram olsun"

DÇ-2018
Tarix: 2018-07-03 10:00

Rusiyada keçirilən dünya çempionatında həycan daha da artır. Pley-off mərhələsinin startı mübarizəni daha da gərginləşdirdi. Axı, burda səhv etməyə ixtiyarın yoxdu və uduzan avtomatik yarışdan kənarda qalır. Sözsüz ki, 1/8 finalda hələ ki, ən gözlənilməz nəticə Rusiyanın İspaniyanı penaltilər seriyasıyla da olsa mübarizədən kənarlaşdırmasıdı. Həmin uğura sevinənlərdən biri də milli komandamızın üzvü Ruslan Qurbanov oldu ki, bu da təsadüfi deyil. Axı, Ruslan əslən bu ölkədəndi, 1991-ci ilin sentyabrın 12-də Stavropolda anadan olub və 2010-cu ilədək futbol həyatı Rusiyaya bağlı olub. 27 yaşlı Qurbanov Sport24.az-ın mundialla bağlı suallarını cavablandırıb. 

 

- Rusiyanın 1/8 finalda İspaniya üzərində gözlənilməz qələbəsinə sən də "Facebook"da biganə qalmayaraq yazdığın statusda "Rusiyanın İspaniyanı keçməsi onu göstərir ki, futbolda məğlubedilməz rəqib yoxdu" fikrini qeyd etmisən və Rusiyanı qələbə münasibətilə təbrik etmisən. Belə çıxır ki, bu qələbəni sensasiya yox, qanunauyğunluq sayırsan?
- İspaniya oyunda topa daha çox sahib idi, daha çox hücum edirdi. Görünürdü ki, onlar Rusiyadan güclüdü. Ruslar rəqibini yalnız əks-hücumlarda tutmağa çalışırdı. Rusiya dözə bildi, İspaniya qol vura bildi, lakin cavabını da aldı. Penalti isə lotereyadı, bəxt rusların tərəfində idi. Bu üzdən də qalib gəldi. 

 

- Bu mindialda favoritlərin bir-bir sıradan çıxması artıq tendensiya halını alıb - Almaniya, Argenina, Portuqaliya, İspaniya. Səncə, bu, nəyin göstəricidi?
- İndi futbolu həqiqətən hamı oynaya bilir. İstənilən yığma yaxşı oyun göstərməyi bacarır. Bu dünya çempionatı göstərir ki, favoritlər uduza bilərlər. Necə ki, qeyd etdiyiniz yığmalar artıq mundialla vidalaşaraq evlərinə dönüblər. Dünya çempionatı da məhz bu gözlənilməz nəticələrlə maraqlıdı. Yəqin ki, məşqçilər rəqibləri düzgün təhlil edir, futbolçularına meydanda düzgün tapşırıqlar verir. Futbolçular da bunu lazımınca yerinə yetirirlər ki, nəticə göz qabağındadı. 

 

- Turnirədək favoritin kim idi?
- Argentina yığması. Düşünürdüm ki, bu milli dünya çempionu olacaq.

 

- Bəs indi favoritin kimdi?
- İndisə əlbəttə, Rusiyaya azarkeşlik edəcəyəm. Braziliya və Xorvatiya yığmaları da var. Maraqlı olacaq. 

 

- Argentinaya Lionel Messiyə görə azarkeşlik edirdin, yoxsa uşaqlıqdan bu yığmanın pərəstişkarısan?
- İstərdim ki, Messi dünya çempionuluğunu da qazansın. Çünki zəngin kolleksiyasında yalnız bu mükafat yoxdu. Bununla da cari ildə "Qızıl top"un qalibi olması məsələsini artıq indidən həll etsin. Həmçinin Kriştiano Ronaldo haqda da bu sözləri deyə bilərəm. Bununla Ronaldoyla Messini müqayisə etmirəm. Onlar dünyanın ən güclü futbolçularıdı. Hərəsinin hesabında 5 "Qızıl top" var. Belə da qalması daha yaxşı olardı. Sadəcə, Messinin dünya çempionu olmasını istəyirdim.

 

- Kriştianoyla Lionelin yaşlarını nəzərə alsaq, yəqin ki, onlar karyeralarını dünya çempionluğuna həsrət qalaraq bitirəcəklər...
- Böyük ehtimalla belə də olacaq. Sizinlə tam razıyam. Ola bilər ki, növbəti dünya çempionatında da oynasınlar. Ancaq o vaxt birinin 37, digərinin 35 yaşı olacaq. 

 

- Səncə, Argentina kimi güclü yığma niyə belə uğursuz oynadı?
- Baş məşqçisinn qərarları anlaşılmaz oldu. Sərəncamında o qədər ulduz futbolçular var - İquain, Dibala, Aquero. Ancaq ehtiyatda qalırlar, ya sonradan meydana çıxırlar. Görünür, Argentina bu mundiala hazır deyildi, təzyiqə tab gətirə bilmədi.

 

- Rusiyada doğulduğunu, bu ölkənin tarixi vətənin olduğunu nəzərə alsaq, həmyerlilərinin uğuruna daha çox sevinərsən...
- Əlbəttə, Rusiya yığmasına görə sevindim, afərin onlara. Ancaq deyə bilmərəm ki, mənim üçün toy-bayram oldu. Sözsüz ki, bu qələbə mənim üçün xoş oldu. Onlar göstərdilər ki, bu gün istənilən rəqibə qalib gəlmək olar. Dünya və Avropa çempionu olan İspaniya yığması evdə dönür, Rusiya isə 1/4 finaldadı.

 

- Necə düşünürsən, bu, şimal qonşularımız üçün ən son nöqtədi, yoxsa...?
- Düşünmürəm. Xorvatiyayla da dözə bilsələr, yenə penaltilər seriyası, yenə qalib ola bilərlər. Futbolda hər şey mümkündü. Rusiyaya azarkeşlik edəcəyəm. 

 

- Maraqlıdı, Rusiya yığmasının üzvlərindən kimlərləsə şəxsi tanışlığın varmı və ya vaxtilə birgə futbolda ilk addmlarınızı atmısınız?
- Rusiya yığmasının mundial üçün heyətinə düşməyən, ancaq bunadək uzun müddət sıralarında olan Dmitri Polozla futbolda birgə böyümüşük, Stavropol "Dinamo"sunda birgə oynamışıq. Sonradan birgə Moskva "Lokomotiv"inə yollandıq. Elə alındı ki, o, orda qaldı, mən yox. Beləcə "Lokomotiv"də böyüdü, bu klubun futbol məktəbini keçdi, əvəzedicilərində oynadı. Səhv etmirəmsə, əsas komandasına götürmədilər, “Rostov”a getdi, indisə “Zenit”də çıxış edir. Ondan fərqli olaraq final mərhələsindəki heyətə daxil edilən 1993-cü il təvəllüdlü mərkəz müdafiəçisi İlya Kutepov də Stavropoldandı, bizimlə birgə futbola başlayıb. Məncə, onlar məni xatırlayarlar. Sadəcə, əlaqəmiz yoxdu, ünsuiyyət qurmuruq. 

 

- Mundialda favoritlər sırasında olmayan yığmaların uğurlu çıxışından sonra milli komandamızın heç olmasa böyük turnirlərin final mərhələsinə düşməsi istəyimiz daha da artır. Sənin də üzvü olduğun millimizlə bu sevinci yaşamaq bizlərə nəsib olacaq?
- İnşallah. Əlbəttə, bunun üçün yaxın aylarda mübarizəyə başlayacağımız Millətlər Liqası yaxşı şansdı. Biz də istəyirik ki, Azərbaycanda belə bayram olsun, hamı görsün ki, ölkədə futbol var.  

 

MEHMAN SÜLEYMANOV

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB