TOP 10

Azərbaycan güləşinin parlaq simasının xatirəsinə: İki növdə idman ustası, uğurlu məşqçi və qətiyyətli hakim

Güləş
Tarix: 2018-06-14 17:11

Oqtay Qulam oğlu Hüseynov. Yaşasaydı, bu yay 72 yaşı tamam olacaqdı. Ancaq artıq 3 ildir o, aramızda yoxdu. 2015-ci ilin bu günü Hüseynov gözlərini əbədi yumdu və bununla da Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verdi. Sərbəst güləş və sambo üzrə idman ustası, Azərbaycanın əməkdar məşqçisi Oqtay Hüseynov 69 yaşında dünyasını dəyişdi.

 

Tanınmış idman mütəxəssislərindən biri olan Oqtay Hüseynov 1946-cı il iyul ayının 23-də Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun güləşmə və onun metodikası fakültəsini bitirən Hüseynov hələ tələbəlik illərindən əvvəl sərbəst güləş üzrə Respublika Olimpiya İdman Liseyində məşqçi-müəllim kimi çalışıb. Mərhum idman mütəxəssisi ömrünün sonuna qədər həmin idman ocağında fəaliyyət göstərib.

 

Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim olan Oqtay müəllim 1991-ci ildən FİLA referisi kimi Sidney və Atlanta Olimpiya oyunlarının, 14 dəfə dünya çempionatının, 22 beynəlxalq turnirin hakimi olub, 1998-ci ildə isə güləş idman növündə ən yüksək sayılan "E" kateqoriyasını alıb. Bir çox idman növlərində olduğu kimi, güləşdə də Azərbaycan hakimlik məktəbi özünəməxsus yer tutur. Hələ keçmiş SSRİ dönəmindən etibarən, Azərbaycan güləş hakimləri başda Olimpiya Oyunları olmaqla, dünya və Avropa çempionatları, Ümumittifaq dərəcəli yarışlarda ədaləti qoruyaraq etibarlı hakimlik məktəbinə sahib olduğumuzu sübuta yetiriblər. 1988-ci ildən başlanan uğurlu yolda yeganə fasilə 1996-cı il Atlanta Olimpiadasına təsadüf edir – Azərbaycanın müstəqil ölkə olaraq iştirak etdiyi ilk Yay Olimpiya Oyunları kimi tarixə düşən və sərbəst güləşçimiz Namiq Abdullayevin gümüş medal qazandığı bu mötəbər yarışda güləş hakimimiz olmayıb. Sükutu 2000-ci il Sidney Olimpiya Oyunlarında məhz Oqtay Hüseynov pozub. Bəli, o, müstəqillik dövrümüzdə ilk dəfə olaraq Olimpiya Oyunlarında ədaləti qoruyan ilk hakimimizdi. Tanınmış referimiz həmçinin 2004-cü ildə Afinada da öz idarəçiliyi ilə diqqət mərkəzində olub. 2008-ci ildən etibarən isə Olimpiya Oyunlarında Azərbaycan güləş hakimliyinin simasını Hicran Şərifov qoruyur. Tanınmış referimiz Pekin-2008, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında hakimlik edən ədalət təmsilçiləri sırasında yer alıb və o, 3 Olimpiya Oyunlarında iş başında olmaqla Azərbaycan idmanı tarixində özünəməxsus rekorda imza atıb, yüksək peşəkarlığına görə “Qızıl fit” mükafatına da layiq görülüb. Şərifov estafeti məhz Hüseynovdan qəbul edib və bu şərəfli missiyanı uğurla davam etdirir. 

 

Bütün bu uğurların məntiqi nəticəsi olaraq Oqtay Hüseynov 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən idmanın inkişafındakı xidmətlərinə görə, Azərbaycanının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 2002-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. 2001-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti olub.

 

Oqtay Hüseynov Azərbaycan idmanına çoxlu sayda tanınmış güləşçilər bəxş edib. Onlar sırasında Aslan Ağayevlə Rövşən Umudov xüsusi yer tutur. Əslən Ukraynadan olan dünya çempionu, Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elmi-mədəni, idman mərkəzinin təsisçisi, Ümumukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri olan Oleq Krapivin də Oqtay müəllimin tələbəsi olub. 2015-ci ildə Bakı I Avropa Oyunlarında, 2016-cı ildə Rio Olimpiya Oyunlarında 74 kq çəki dərəcəsində çıxış edəcək bürünc medalçı olan Cəbrayıl Həsənov da Hüseynovun 44-cü baş məşqçisi olduğu Respublika Olimpiya İdman Liseyinin yetirməsi olub.

 

Oqtay Hüseynovun ailəsində layiqli davamçısı olub. Bu, yeganə oğlu Elmar Hüseynovdu. 1974-cü il təvəllüdlü oğul Hüseynov 17 yaşında SSRİ idman ustası olub. O, 1991-ci ildə Gürcüstanın Qori şəhərində keçirilə Vladimir Rudaşvilinin xatirəsinə həsr olunmuş SSRİ idman ustası normasını yerinə yetirmişdi. Elmar Hüseynov bir neçə il sonra Azərbaycan çempionatının qalibi, mükafatçısı olub, müxtəlif yarışlarda iştirak edib, mükafatçı olub. O, bizimlə söhbətdə atasının uşaqlıqdan güləşə sevgisinin olduğunu bildirdi: “Böyüdüyü məhəllədə əksəri güləşçilər olub. Atam “Dinamo” cəmiyyətində başlayıb, həm sərbəst güləşlə, həm samboyla məşğul olub. İlk müəllimi mərhum Sabir Hüseynov olub. Sonradan özü məşqçilik edib, çoxlu yetirməsi olub. Aslan Ağayev, Oleq Krapivin bünövrədən onun yanında məşq ediblər. Atamın güləş həyatında hakimlik xüsusi yer tutur. Beynəlxalq dərəcə alıb, Olimpiadalarda hakimlik edib. 2005-ci ildə döşəkdə fitini təntənəli surətdə beynəlxalq dərəcəli hakimimiz Hicran Şərifova verib. Mən özüm 1984-1996-cı illərdə - 12 il peşəkar güləşlə sərbəst növdə məşğul olmuşam. Sonradan müəyyən səbəblərə görə güləşdən getməli oldum. Ancaq indi də aktiv həyat sürürəm. Güləşdə əksəriyyət çəki salanlar olur. Ancaq rəhmətlik atam heç vaxt qoymayıb ki, çəkimi salım. Deyirdi ki, neçə kilosan, onda da döyüş, ona uyğun güc yığ, qolun qüvvətli olsun. 66 kq olmuşam, 68 kq-da güləşmişəm. Çətinlikdən qorxmamışam. Onun üçün iki vacib şey olub – oxumaq və aktiv həyat sürmək. Bunun ikisi bir yerdə çox çətindi. Ancaq təkid eləmədi ki, güləşdə qalım. Oxumağa fikir verdim, iki ali təhsilim var. Həm Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm, həm də Bakı Dövlət Universitetinin hüquq fakültəsini”.

 

Oğul Hüseynov atasının son günlərini belə xatırlayır: “Avropa Oyunlarına məşəlin aparılmasında iştirak etməli idi. Hazırlaşmışdı, məşqlərə getmişdi. Qəfildən halı pis oldu, mayın 29-da xəstəxanaya yerləşdirdik, 3-cü gündə vəziyyəti pisləşdi. Həkimlər reanimasiyaya qaldırdılar, 17 gün orda qaldı və böyrək çatışmazlığından dünyasını dəyişdi. Halbuki, bundan öncə özünü çox rahat hiss edirdi, heç bir şeydən şikayəti yox idi. Atasız ilk il mənim üçün çox çətin keçdi. Allah heç bir ailəni böyüksüz qoymasın. İndi oğlumla təsəlli tapıb, onunla nəfəs almağa çalışıram. Çünki oğluma atamın adını qoymuşam”.

 

Bəli, Elmar Hüseynovun oğlu, Oqtay müəllimin nəvəsi onun adını daşıyır. Yəni bu ailədə yeni Oqtay Hüseynov böyüyür, 9 yaşı olsa da artıq peşəkar idmanla – üzgüçülüklə məşğul olur: “Yaxşı üzür, 3 dəfə respublika çempionu olub. Yəqin ki, gələcəkdə babasının yolunu davam etdirər. Bir ildən sonra güləşə qoymağı düşünürük. Mən də güləşə 10 yaşında getmişəm, atam da.   Oğlum 2016-cı ildə atamın xatirəsinə həsr olunmuş güləş yarışını izlədi və çox xoşuna gəlmişdi”.

 

Azərbaycan güləşində özünəməxsus yeri olan insanlar da Oqtay müəllimin əziz xatirəsi ilə bağlı Sport24.az-a danışdılar. Ən tanınmış güləş mütəxəssislərimizdən olan , həm kişilərdən, həm də qadınlardan ibarət milli komandamızın baş məşqçisi olmuş Yaqub Məmmədov Hüseynovu hələ 60-cı illərdə tanıdığını bildirib: “Üç ildi Oqtay müəllim aramızda yoxdu. Onun yoxluğu Azərbaycan güləşi üçün böyük itki oldu. Hüseynovu 1961-ci ildən tanıyırdım. İlk dəfə gənclərin Bakı birinciliyində ayrı-ayrı çəkilərdə güləşmişik. Oqtay müəllim öz güləşi ilə hamını valeh edirdi. O qədər gözəl fəndlər işlədirdi ki, bu, indiyədək hamının yadındadı. Sonralar neçə dəfə Azərbaycan çempionu oldu. Bu, həm gənclər, həm də böyüklər arasında oldu. Onu xüsusilə qeyd etmək istəyirəm ki, 1967-ci ildə Moskva şəhərində SSRİ Xalqlarının IV Spartadakiadasında o cür məşhur pəhləvanların arasında 63 kq çəkidə 3-cü mükafatçı oldu və ən gənc güləşçi kimi tarixə düşdü. O zaman cəmi 21 yaşı vardı və həmin nəticəni göstərməsi elə bil dünya və Avropa çempionatında mükafat qazanmaq kimi bir şey idi. Həmin illərdə SSRİ-nin yığma komandası dünyanın aparıcı komandalarından biri sayılırdı. Oqtay müəllim 1973-ü ilədək Azərbaycan yığma komandasının tərkibində bir neçə dəfə beynəlxalq görüşlərdə fərlqəndi. Bu, Əfqanıstanda, Polşada, Çexoslovakiyada, İraqda olub və eyni komandanın tərkibində olmuşuq. Oqtay müəllim nəticələriylə bizi valeh edib. O, tək-tük güləşçilərimizdən biridi ki, 3 güləş növü üzrə SSRİ idman ustası adını qazanıb. Bu, həm sərbəst, həm yunan-Roma, həm də sambo üzrə olub. Hüseynov güləşməklə yanaşı, paralel olaraq sambo üzrə yığmanın baş məşqçisi olub. 1975-ci ildə SSRİ xalqlarının Spartakiadası bir neçə şəhərdə keçirilirdi. Oqtay müəllim Gürcüstanda dünya çempionuna qalib gəlmişdi. Bunlar hamısı tarixi faktlardı. Oqtay müəllim Respublika Olimpiya İdman Liseyində 40 il məşqçi-müəllim kimi çalışıb və ömrünün son gününədək həmin məktəbdə əmək fəaliyyətini davam etdirib. Çox yüksək məşqçilik qabiliyyəti vardı. Onun hazırladığı tələbələr buna bariz nümunədi. Xəzər İsayev, Aslan Ağayev, Rövşən Umudov, neçə-neçə çempionlar həmin məktəbdə onun rəhbərliyi altında yetişiblər". 

 

Məmmədov Hüseynovun güləşdə hakimlik fəaliyyətində də özünəməxsus yeri olduğunu qeyd edib: "Oqtay müəllim məşqçilik fəaliyyəti ilə yanaşı, hakimlik edirdi. Azərbaycan müstəqilliyə qədəm qoyduğu ildə ilk beynəlxalq dərəcəli hakim idi və bizimlə birgə dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında olaraq hakim qismində çıxış edirdi. Sidney, Afinada Olimpiya çempionlarımız olan Namiq Abdullayevlə Fərid Mansurov güləşdikləri dövrdə Oqtay müəllimin zəhmətinin bəhrəsini görüblər. Hakim kimi də çox yüksək səviyyəli idi. Güclü hafizəsi vardi, necə deyərlər, quşu gözündən vururdu. Necə güclü güləşçi olmuşdu, hakim kimi də elə fərqlənirdi. Sözü keçərli idi, hakimlər ona böyük hörmət edirdilər. Beynəlxalq hakimlərə nə desəydi, hansı iradlarını bildirsəydi, bundan qaçmazdılar. Yəni, bu, göstəriş deyildi. Sadəcə, qarşındakılar onun fikrini qəbul edirdilər. Çünki güləşi yaxşı bilirdi, hakim kimi də yetişmiş idi. Güləşdə yuxarıda işlənən fəndlərin - qarın üzərindən aşırma, omba üstündən, ayaqla ilişdirib atmaq və bu kimi fəndlərin ustası idi. Oqtay müəllimin yeri həmişə görünür. Onun yoxluğuyla barışmaq olmur, ürəyimiz ağrıyır. Həyatda necə gözəl insan, yol yoldaşı idi... Təvazökar insan idi, çılğınlığı da olsa sözünü yerində deyirdi. Həmişə böyük kimi məsləhətlərini verirdi. Güləşçilər bir kəlmədən başa düşürdülər ki, Oqtay müəllim nə demək istəyir. Tənqidində məqsəd o idi ki, gələcəkdə bundan nəticə çıxarsınlar, yarışlara hazırlıq prosesində elə səhvlərə yol verməsinlər. Mən özüm bir məşqçi kimi Oqtay müəllimdən çox bəhrələndim. Birgə həm xoş, həm ağrı-acılı günlərimiz olub. 1984-cü ildə SSRİ məktəblilərinin spartakiadasında çempion olmaq dünya çempionu kimi bir şeydi.  Həmin yarışda sərbəst güləşdə 2 çempion verdik - Aslan Ağayevlə Azər İsayev. Onlar Oqtay müəllimin yetirmələri idilər. Bu nəticəyə görə hər ikimiz Azərbaycan SSR-in Ali Sovetinin fəxri fərmanını aldıq". 

 

İdman ustası, Azərbaycan çempionu, respublika birinciliyinin qalibi, beynəlxalq turnirlərin mükafatçısı olan Bəhram Dadaşov Oqtay Hüseynovun Azərbaycan güləşinin parlaq siması, fəxri olduğunu söyləyib: "Oqtay müəllim çəxsi məşqçim olmasa da, hamımızın ustadı. Həm güclü güləşçi olub, həm də güclü hakim. O, həmişə güləşçilərimizə lazımı məsləhətlərini, tövsiyələrini verirdi. Çox istiqanlı bir insan, əsl kişi, “köhnə qvardiya”dan idi. Məşqçi, insan, valideyn kimi çox tələbkar idi. Düzgünlüyü sevirdi. Həm zarafatcıl idi, həm də sözü üzə deməkdən çəkinmirdi. Belə qətiyyətli insanlar nadir hallarda olur. Onunla həyatda yaxın olmuşuq. Həm də Bakıda – I mikrorayonda qonşum idi, Mərdəkandakı bağ evinə də tez-tez yığışırdıq. Oqtay müəllim üzərində durmadan çalışırdı. Çünki işinin peşəkarı idi. Biri var fəndi ayaqla işləyirlər, biri də var kürəkdən atırlar. Məhz bu fəndlərin mahir ustası idi. Tələbələri döşəyə cəngavər kimi çıxırdılar. Yetirmələrinin istər güləşçi, istərsə də həyatda şəxsiyyət kimi formalaşmasında çox böyük rolu olub. O qədər xətrini istəyirdilər ki, güləşi atandan sonra da yanında olururdular. Oqtay müəllim eyni zamanda gözəl ailə başçısı idi. Üç övladı var – iki qızı, bir oğlu. Oğlu Elmar Hüseynov da peşəkar güləşçi, idman ustası olub. Ailəsi əsl nümunəvi idi. 2015-ci ilin iyunun 12-də I Avropa Oyunları başlamışdı. Məşəl estafetində iştirakçıları arasında Oqtay müəllim yer alması nəzərdə tutulmuşdu. Ona forma da vermişdilər. Ancaq starta az qalmış səhhətində problem yarandı və mayın 29-da xəstəxanaya apardılar. İyunun 14-dək orda qaldı, həyatının son dəqiqələrində yanında olanlardan biri idim. Palataya girdim, az sonra dünyasını dəyişdi. Baxanda, cavan oğlana oxşayırdı. Yaraşıqlı idi, o qədər yaşı vermək olmazdı. Taleyin işinə bax, qırxı ad gününə təsadüf etdi”.

 

Sərbəst güləş üzrə Olimpiya çempionu, Sidney-2000-nin qalibi, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq İbrahimov mərhunun güləşdəki xidmətlərini yüksək qiymətləndirib: “Allah rəhmət etsin, ruhu şad olsun Oqtay müəllimin. Başda oğlu olmaqla müəllimləri, tələbləri onun əziz xatirəsini həmişə yad edirik. Oqtay həm böyük məşqçi olub, həm də beynəlxalq dərəcəli hakim kimi güləşimizə, idmanımıza böyük töhfəsini verib. Hüseynovun özünəməxsus dəst-xətti olub. Beynəlxalq güləş aləmi onun jestlərindən, qətiyyətindən çəkinirdi. Həm güləşdə, həm samboda idman ustası olmaq hər insana nəsib olmur. Oqtay müəllimin məharətlə yerinə yetirdiyi gözəl fəndləri vardı və bunu tələbələrinə öyrədirdi. Rəqibin gücündən istifadə edirdi, həm sambo, həm də güləş fəndləri özündə vəhdət təşkil edirdi. Oqtay müəllimi yeniyetmə vaxtlarımızdan tanıyırdıq. O vaxt “Spartak”, sonradan "Zenit" adlanan cəmiyyətdə 80-ci illərdə güləşlə məşğul olmuşam. Hüseynov bütün tələbələrini həmin cəmiyyətə görüşə gətirirdi və ilk dəfə onda gördüm. Respublikada yer tutandan sonra yeniyetmələr, gənclər, əsas komandaya düşməyə başladıq və Oqtay müəllim bizə məsləhətləriylə kömək edirdi. Daxili yarışlarımızda birbaşa hakim etməsə də, baş hakimlik edib. Titul qazanmış tanınmış idmançılar olsaq da, güzəştə getmirdi. Hamının səhvi olur, bunu edəndə başa salırdı ki, təkrarlamaq olmaz, çünki xəbərdarlıq xalı verə bilərlər. Bu isə sənə baha başa gələ bilər, ona görə də bunun üzərində şəxsi məşqçinlə birgə işləmək lazımdı. Hüseynov həm SSRİ çempionatında, həm ölkə birnciliyində hakim kimi iştirak etdi, ümumittifaq, sonradan beynəlxalq dərəcəli hakim adını qazandı. 1994-95-ci illərdə Avropa, dünya çempionatında hakim kimi iştirak etdi. Tələbələri arasında ən tanınmışlardan olan Oleq Krapivinin şərəfinə turnir ənənə halını alıb. Bu da bizim yeniyetmələr üçün güləşin inkişafıma bir təkan verir. Azərbaycan güləşçilərinə laqeyd, qeyri-obyektiv yanaşma olan öz etirazını bildirirdi. Çünki qətiyyətli idi, sözünü deməkdən həqiqətən çəkinmirdi, qəti fikrini bildirirdi. Xalça üzərində baş hakim olanda demək olar hamı onunla razılaşırdı. Düzdü, qərarlarına etirazlar olurdu, yenidən baxırdılar və görürdülər ki, Oqtay müəllim doğrudan düzgün qərar verib".

 

Abdullayev bildirib ki, Hüseynov Azərbaycanı hakim olaraq beynəlxalq miqyasda layiqincə təmsil edib, tanıdıb: "1994-cü ildə İtaliyanın paytaxtında Romada Avropa çempionatında bizimlə birgə iştirak etmişdi. Onun yanımızda olmağı artıq bizə stimul verirdi. Başqa ölkələrin hakimləri görürdülər ki, Azərbaycanın artıq beynəlxalq dərəcəli hakimi var. Bizə qarşı qeyri-obyektivlik etsələr, bilirdilər ki, Oqtay müəllimin jesti, qəti qərarları var. Hamı onu da yaxşı bilirdi ki, Hüseynov qərəzli idarəçilikdən tam uzaq idi. Bütün güləş aləmində onu ədalətli hakim kimi tanıyırdılar. Şükürlər olsun ki, bu əziyyəti yerdə qalmadı və artıq olimpiadalara birgə yollandı. Bu, tarixi faktdır ki, güləşdə ilk Olimpiya çempionlarımız olan zamanı – həm mənim, həm də Fərid Mansurovun qələbəsində yanımızda idi. Hətta kadrda görünür ki, fəxri kürsüyə qalxdığım zamanı Oqtay müəllim əhatəmizdədi. Onunla beynəlxalq turnirlərdə. təlim-məşq toplanışlarda çox bir yerdə olmuşuq. Bu, bizim güləşçilərə böyük stimul verirdi. Şəxsi məşqçimizin olmamasına baxmayaraq, kənardan məşqçi kimi tövsiyələrini verirdi, hamımıza yaxından kömək edirdi. Ən əsası, hakimliklə bağlı məsləhətlərini verirdi. İzah edirdi ki, necə xalçaya çıxmaq lazımdı, hakimlərin idmançılara necə simpatiyası yarana, necə şəxsi qərəzlik edə bilər, onları açıqlayırdı. Bizə həmişə deyirdi ki, təmkinli olun, hakimə fikir verməyin, hakimin qərarına qarşı çılğın olmayın, bunlar şəxsi qərəzlikdən qaynaqlanmır. Fit çalınmamış mübarizəni dayandırmayın, hətta fit çalınsa belə, yenə mübarizənizi aparın. Qoy, hakim əli ilə işarə etsin ki, rəqibi burax. Biz də buna fikir verirdik. Azərbaycanın güləşçilərinə beynəlxalq miqyasda həmişə təzyiq olub. Atlanta Olimpiadası buna əyani sübut idi ki, hakimin qeyri-obyektivliyi üzündən qızıl medal əlimdən alındı. Oqtay müəllimin həmin vaxt orda olması müəyyən şeyləri dəyişə bilərdi. Oqtay müəllim hakimlərin qeyri-obyektivliyini birmənalı qeyd etmişdi. Hətta rəyini bildirmişdi ki, 3 xal rəqibdən öndə olmalı idim. Hakimlərlə söhbətində onlar da etiraf etmişdilər ki, böyük bir səhv olmuşdu. Şükürlər olsun ki, Sidneydə gümüş qızıla çevrildi və həmin səhvlər təkrarlanmadı. Qaydalar imkan versəydi, beynəlxaql yarışlarda məhz Oqtay Hüseynovun əlimi göyə qaldıraraq məni çempionu elan etməsinin sevincini yaşamaq istərdim. Bu, mənim üçün qürurverici olardı”.

 

Yunan-Roma növü üzrə Olimpiya çempionu, Afina-2004-ün qalibi, Azərbaycan Gənclər və İdman Nazirliyində idman şöbəsinin müdiri Fərid Mansurov Oqtay Hüseynovun çox tanınmış məşqçilərimizdən, hakimlərimizdən olduğunu ön plana çəkib: " Düzdür, Oqtay müəllim sərbəst güləş növündə olsa da, həmişə yarışlarda eyni vaxtda olurduq. Güləşdiyim vaxtda o, həmişə hakimlik edirdi. Oqtay müəllim heç vaxt fərq qoymurdu ki, bu, sərbəst güləşdi, yoxsa yunan-Roma. Bir güləş ailəsi olaraq hamıya eyni gözlə, məhəbbətlə yanaşırdı. Bizə idmançı kimi xalça üzərində necə özümüzü aparmağımızı öyrədirdi. Çünki döşəyi idarə edən hakimlər idmançıların özlərini necə aparmalarına fikir verirdilər ki, bunun da nəticələrə böyük təsiri vardı. Oqtay müəllimin güləş həyatına baxışda özünəməxsus dəst-xətti olub. Onun göstərdiyi xidmətlər çox böyükdü, danılmazdı, əvəzolunmazdı. Həyatda deyib-gülən, gülərüz, xoş auralı bir insan idi. Xatirimdə belə bir insan kimi qalıb".

 

Mansurovun sözlərinə görə, Hüseynov onu digər güləşçilərə nümunə göstərib: "Güləşdiyim vaxtda həmişə məni bəzi idmançılara nümunə göstərirdi ki, döşəkdə özünüzü sakit, Fərid kimi aparmaq lazımdı. Hakimlər hətta haqsızlıq edirsə, sən ona cavab qaytarmamalı, əsəblərini cilovlamalısan. Çünki ola bilər ki, sənin elədiyin hərəkət də hakimin xoşuna gəlməsin və onun üçün artıq arzuolunmaz idmançı olarsan. İmkan düşdüyü təqdirdə ilk haqsızlıq etdiyi insan sən ola bilərsən. Ola bilər ki, hakim səhvi bilməyərəkdən edib, bilməyərəkdən xalı rəqibinə verib. Ona görə də hakimin üstünə coşmaq lazım deyil. Olimpiya kateqoriyalı hakim idi və qaydalarda dəyişiklik ediləndə, yığmada onu ilk növbədə Oqtay müəllim bizlərə bunu çatdırırdı. Onun bu gün adı çəkiləndə, xatirəsi həmişə böyük fəxarətlə yad olunur. O, bizimlə iştirak etdiyi dünya və Avropa çempionatlarında hakim kimi iştirak etsə də, məşqçi kimi tövsiyələrini verirdi. O, artıq 3 ildir bizləri tərk edib. Allah ona qəni-qəni rəhmət eləsin, qoyub getdiyi insanların canı sağ eləsin. Adını daşıdığı nəvəsinə uzun ömür versin. Oqtay müəllimin oğlu Elmar peşəkar güləşçi olub, bizim də yaxın dostumuzdu. O, Oqtay müəllimin tərbiyəsini alıbsa, təbii ki, başqa cür də ola bilməz”. 

 

Bəli, Oqtay Hüseynovun vəfatından 3 il keçir. Dəyərlı dostları onun “Qurd qapısı” qəbiristanlığındakı məzarını yad etdilər. Biz də unudulmaz insanı onunla bağlı xatirə yazımızda yad etdik. Qəbriniz nurla olsun, Oqtay müəllim!


 

MEHMAN SÜLEYMANOV

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB