TOP 10

Mahmud Qurbanov "Neftçi"yə məşqçi kimi qayıtmağı şərəfli sayır: "Başqa təklif olmadısa, burda hay-həşir salmağın da yeri deyil"

Futbol
Tarix: 2018-06-14 14:00

"Neftçi" əsas komandasıyla yanaşı, əvəzedici heyətinə də yeni baş məşqçi təyin etdi. Ötən mövsümü 7-ci yerdə bitirməklə uğursuz nəticəyə imza atan komanda Azərbaycan futbolunun ən titullu oyunçusu Mahmud Qurbanova tapşırıldı. Bununla da "Professor" ləqəbli 45 yaşlı mütəxəssis "ağ-qaralar"a qayıtdı. Vaxtilə "Neftçi"nin heyətində futbolçu kimi həm ölkə çempionu, həm də kubokun sahibi olan Qurbanov Sport24.az-a müsahibəsində bir sıra maralı mətləblərə aydınlıq gətirdi.

 

- Ötən ilin sonunda müqavilənizin uzadılmamasından sonra milli komandamızdan getdiniz və işsiz mütəxəssislər sırasında yer aldınız. "Neftçi"yə təyinatınız necə baş tutdu?

- "Neftçi" Azərbaycan futbolunun tarixidi, flaqmanıdı. O, futbolumuzun böyük tarixinə, adət-ənənələri malik komandasıdı. "Neftçi"yə məşqçi kimi qayıdıb işləmək mənim üçün şərəfdi, böyük bir məsuliyyətdi. Özüm də "Neftçi"də oynamışam, çempion, kubok sahibi olmuşam. "Neftçi"nin tarixinə baxsaq, müstəqillik dövründə qazanılan nailiyyətlərdə hardasa pay sahibi olmuşam, bunda bizim da adımız var. İstəyirəm ki, "Neftçi"də məşqçi kimi fəaliyyətə başlayım. Uğurlu nailiyyətlərdə, nəticələrdə mənim də adım olsun.

 

- Ümumiyyətlə, "Neftçi" futbolçu karyeranızda hansı yeri tutub?

- Bu komandaya ilk gəlişim 1996/97 mövsümündə oldu. Onda çempion olsaq da, əvəzedicilərin nəticələrini də nəzərə aldılar. Buna görə AFFA "Qarabağ"ı çempion elan etdi və az sonra "Neftçi" iki yerə parçalandı.

 

- Həmin vaxt qızıl medalı almasanız da, UEFA dərhal, AFFA isə sonradan "Neftçi"ni çempion elan etdi...

- Bəli, medal almadıq, ancaq sonradan həmin çempionluğu bizə saydılar. Əlbəttə ki, "Neftçi"nin futbolçu karyeramda özünəməxsus yeri var. "Neftçi"ylə "Qızıl oyun"umuz olub, 2005-ci ildə "Xəzər Lənkəran"la Gəncədəki həmin matçda qalib gələrək çempion olmuşuq. Həmin ildə "Neftçi"nin heyətində "Birlik Kuboku"nda çıxış etmişik, finaladək irəliləmişik, həlledici matda "Lokomotiv"ə 1:2 hesabıyla uduzmuşuq. "Pünik" üzərində tarixi qələbədə iştirak etmişik. 2:0 hesabıyla qalib gəldiyimiz matçda qol müəlliflərinə - həm Georgi Adamiyaya, həm də Vidadi Rzayevə fərqlənmələrində məhsuldar ötürmələrimlə yardımçı olmuşam. Bu şeylər heç vaxt yaddan çıxmaz.

 

- Mövsüm bitəndən sonra Premyer Liqada 5 klubda baş məşqçi dəyişdi və gözləmək olardı ki, Mahmud Qurbanov da yeni təyinatlar sırasında olacaq. Hətta adınız "Sumqayıt" ətrafında hallandı. Yəqin ki, özünüz də Premyer Liqada baş məşqçi olmaq istəyərdiniz. Ancaq belə başa düşdük ki, heç bir variantınız olmayıb...

- Elədi, baş məşqçi kimi təklifim olmayıb. Əlbəttə, Premyer Liqada baş məşqçi işləmək istəyərdim. Ancaq bu, bizdən asılı olan şey deyil. Əslində, konkret variant olmadı. Real təklif yalnız "Neftçi"dən gəldi və bunu böyük məmnuniyyətlə də qəbul etdim.

 

- Əvəzedici komandada təklif gəlməyinə görə tərəddüd etmədiniz ki? Çünki Azərbaycanın ən titullu futbolçunuzu əvəzedici komandanın baş məşqçisi olması birmənalı qarşılanmadı...

- Dediyim kimi, əsas komanda səviyyəsində təklif olmadı. Belə baxanda, hamı deyir ki, Mahmud Qurbanov ən titullu futbolçumuzdu, 4 il millidə köməkçi məşqçi işlədim. Ancaq bu müddətdə heç bir dəyişiklik olmadı və heç bir klubda baş məşqçi postuna gəlməyimlə bağlı təklif olmadı.

 

- Bu, sizə qərbə gəlmir? Buna özünüzdə necə izah tapırsınız?

- Bunu izah etməyə ehtiyac yoxdu. Həmişə demişəm ki, bizim futbolda təəccüblü bir şey yoxdu. Futbol oynayanda da, məşqçi işləyəndə də futbolumuzdan çox şey görmüşəm. Buna görə də heç bir şey təəccüblü deyil. Təklif olmadısa, burda hay-həşir salmağın da yeri deyil. Baxmayaraq ki, Azərbaycanda ən titullu futbolçuyam, məşqçi kimi də təcrübəm var. Ancaq reallıqda heç bir təklif olmadı.

 

- Belə durum sizdə ruh düşkünlüyü yaratmır?

- Yaratmır deyəndə ki, mən də istəyərəm Premer Liqada baş məşqçi işləyim. Ancaq reallıq belədi ki, "Neftçi"nin əvəzedici komandasından baş məşqçisi təklifi gəldi. Başqa heç bir variant olmadı və bu, mənim üçün müəmmalı deyil. Ancaq görünür ki, Premyer Liqada olmağım maraqlı deyil.

 

- Bəlkə kimlərəsə maraqlı deyil, yoxsa...?

- Deyə bilmərəm. Yalandan durum deyim ki, konkret təklif oldu, bu, düzgün deyil.

 

- Hər halda, hazırda iş başındasınız və belədə, hardansa təklif gəlmək ehtimalı minimuma enir...

- Hansısa təklifi gözləmək... Bilirsiniz. futbolda təəccübləndirəcək bir şey yoxdu. Real təklif oldu, qəbul etdim. Kimsə fikirləşir ki, niyə əvəzedicilərin baş məşqçisi oldum, ancaq reallıq budu və bunu da qəbul etmək lazımdı.

 

- Əsas stimul nə oldu ki, əvəzedicilərdən təklifi məmnuniyyətlə qəbul etdiniz?

- Bizdə stimul işləmək, praktika, təcrübə qazanmaq, məşqçi ideyalarını yavaş-yavaş həyata keçirmək. Sonrası da Allah kərimdi.

 

- Millidən sonra əvəzedicilərdə baş məşqçi işləməyi geriyə addım sayırsınız?

- Olmayan təklifdən sonra olanı dəyərləndirmək lazımdı. Həyatımızn çox hissəsini futbola sərf etmişik, futbol adamıyıq. Ancaq bəzi ağzıgöyçəklər deyir ki, guya onun-bunun adamıyam. Ancaq onlar başa düşmürlər, savadları ona çatmır ki, oynayanda da futbolla məşğul olan kimi futbol adamı olmuşam, heç kimin adamı olmamışam. İndiyədək də məşqiçilikdə heç kimin adamı deyiləm. Futbol işiylə məşğul olmaqdan həzz alıram.

 

- Köməkçilərinizi artıq müəyyənləşdirmisiniz?

- Hələ yox.

 

- Neçə köməkçiniz nəzərdə tutulub?

- Yəqin ki, 2 nəfər. Bir köməkçim və qapıçılarla işləyən məşqçi.

 

- Ötən mövsüm "Neftçi"nin əvəzedicilərini çıxışı izləmisiniz?

- Açığı yox. O vaxt yığmada işləyəndə əsas komandanın oyunlarını izləyirdim, əsas fikrimizi ona yönətlmişdik. Təyinatımdan sonra 2-3 gündü yeni komandamla maraqlanıram, ümumi məlumat toplayıram.

 

- Yeni işinizdə əsas məqsədiniz nə olacaq? Əsas komandaya futbolçu yetişdrimək, yoxsa nəticə vermək, çempion olmaq?

- Əsas məqsəd futbolçularımızda oynamaqla inkişaf olmalarıdı. Bizim də köməyimiz dəysin ki, daha yaxşı çıxış etsinlər. Və əlbəttə ki, nəticə.

 

- Əsas komandanızın italiyalı yeni baş məşqçisi Roberto Bordinin təyinatını necə qarşıladınız?

- Onunla hələ görüşməmişik, çünki burda deyildi. Təbii ki, görüşəcəyik, müəyyən müzakirələr aparacağıq. Bordinin "Neftçi"yədək son iş yeri Moldovada "Şerif" klubu olub. Bu komandanın ötən yay Çempionlar Liqasında "Qarabağ"la Tiraspoldakı matçını stadionundan canlı izləmişəm. O vaxt millimizin məşqçisi kimi həmin oyuna göndərilmişdim. Maraqlı qarşılaşma keçdi. Açığı, rəqibə diqqət yetirmirdim. "Şerif" "Qarabağ"a uduzsa da, Avropa Liqasında qrupa düşdü, orda çıxş etdi. Bordinə "Neftçi"də uğurlar arzulayıram. İnanıram ki, komanda onun rəhbərliyi altında uğurlu çıxış edəcək.

 

- Necə düşünürsünüz, əvəzedicilərdə baş məşqçi işləmək gələcəkdə nə vaxtsa əsas komandaya baş məşqçi işləməyinizə təkan ola bilərmi?

- Futbol oynayanda uşaqlıqda arzulayırdım ki, "Kəpəz"də oynayım. Ora düşdüm və insanın arzuları getdikcə çoxalır. İndi əvəzedici heyətdəyəm. Məşqçiliklə bağlı gələcək planlarım var. Qabağa getmək, özümü sübut etmək istəyim var. Hər bir insanın arzusu olsun ki, harasa çatsın. Bu yerdə dayanmaq istəmirəm, daha da irəli getmək, inkişaf etmək istəyirəm. Təbii kİ, bunun üçün təcrübə toplamaq da lazımdı. Uğur qazamaq üşün əlbəttə. təcrübə gərəkdi.

 

MEHMAN SÜLEYMANOV

 

13 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB