TOP 10

Samir Əliyev "Səbail"dəki dəyişiklikləri müsbət qarşılayır: "Sumqayıt"ın baş məşqçi təklifinə ona görə razılıq vermədim ki..."

Futbol
Tarix: 2018-06-13 14:18

"Səbail" mövsüm bitəndən sonra Samir Əliyevlə müqaviləni qarşılıq pozaraq onunla yollarını ayırdı. 39 yaşlı mütəxəssis bundan dərhal sonra Ukraynaya 3 həftəyə yaxın müddətlik səfərə yollandı ki, bu da ağır mövsümün yorğunluğunu çıxarmaqla bağlı idi. Artıq Vətənə dönən Əliyev Sport24.az-ın suallarını cavablandırıb.

 

- Məşhur kurort məkanlarından olan Truskavetsdə istirahətiniz necə keçdi? Mövsümün ağır yorğunluğunu çıxara bildinizmi?

- Şükür Allaha, hər şey yaxşı keçdi. Həm müalicə, həm də istirahət idi. İndi daha rahatam, daha gümraham.

 

- Yəni işləməyə enerji toplamısınız. Eləsə harda çalışacaqsınız? Bunu özünüz üçün müəyyənləşdirmisiniz?

- Sözün düzü, hələ bilmirəm. Çünki dəqiq bir şey yoxdu.

 

- "Səbail" rəhbərliyi sizə klubda qalmağı, məşqçilikdən kənar olan vəzifə təklif etmişdi. Həmin məsələ gündəmdə qalırmı?

- Açıq desəm, gündəmdədi. Bu günə-sabaha bilinməlidi. Aramıza söhbət olmuşdu. Alınsa, bir-iki günə bilinəcək. Çox güman, yenə iş başında olacam. Olmasa, istirahət edəcəm.

 

- İdman direktoru vəzifəsidi?

- Buna oxşar bir işdi. Klubun akademiyasıyla bağlı olacaq. Məşqçilikdə gərginlikdi, stressdi, bunlardan uzaq olaq istəyirəm. Hərçənd, istirahətdə olduğum müddətdə baş məşqçiliklə bağlı digər klubdan təklif vardı.

 

- "Sumqayıt"dan...

- Bəli. Sözün açığı, ciddi təklif idi. Ancaq müalicədə, istirahətdə idim deyə razılıq vermədim. Hələ ki bir müddət baş məşqçilikdən kənarda qalaraq istirahət etmək istəyirəm.

 

- Nə qədər müddət məşqçilikdən kənarda qalmaq istəyirsiniz?

- Heç olmasa 5-6 ay. Çünki yenicə müalicə kursu keçmişəm və istirahətə ehtiyacım var. Sonra inşallah, qismət olar, çalışarıq. Dekabradək istirahət edib gərginlikdən kənarda qalmaq istəyirəm.

 

- Premyer Liqa təmsilçilərinin sayının az - cəmi 8 klub olduğunu nəzərə alsaq, baş məşqçi kimi iş tapmaq çətindi. Belə olan halda,"Sumqayıt"ın təklifini geri çevirdiyinizə görə sonradan peşmançılıq olmadı?

- Heç bir peşmançılıq yoxdu. Sağlıq olsun, qismət olsa, məşqçilik karyeramız hələ qarşıdadı.

 

- Yeri gəlmişkən, "Sumqayıt" yeni baş məşqçisini artıq müəyyənləşdirib. Bu, yaxşı tanıdığınız, sizi "Xəzər Lənkəran"a futbolçu kimi gətirən Nazim Süleymanovdu....

- Premyer Liqamıza çoxlu yeni baş məşqçi təyinatı oldu. 8 komandalı çempionatda 5 klubda baş məşqçi dəyişikliyi oldu. Yalnız "Qarabağ", "Zirə" və "Keşlə"də baş məşqçilər qaldı. Yeni baş məşqçilərin bəzilərinin bu mövsüm debütü olacaq. Elələri də var ki, onlara özlərini sübut etmək üçün bir şansdı. Yeni təyin olunan baş məşqçilərin hər birinə uğurlar arzulayıram. Aralarında debütantlar, təcrübəsizlər də var, təcrübəlilər də. Baxmayaraq ki, 8 komandalı çempionatdı, arzu edirəm ki, daha gərgin, maraqlı mübarizə olsun. Məncə, builki çempionat keçən mövsümdən daha gərgin, daha intriqalı olacaq.

 

- Sizin rəhbərliyiniz altında Premyer Liqada debüt mövsümünü keçirmiş "Səbail"də də baş məşqçi dəyişikliyi oldu. Aftandil Hacıyev kimi, köməkçilər - Emin Ağayevlə Fərhad Vəliyevi də millimizdə birgə oynadığınız dövrdən yaxşı tanıyırsınız. Bu təyinatları necə dəyərləndirərdiniz?

- Truskavetsdə olduğum zamanı Aftandil mənimlə əlaqə saxladı, danışdıq. Ona da uğurlar arzuladım. Hacıyev üçün də bir sınaqdı, təcrübədi. Özünü göstərmək, gələcəkdə də baş məşqçi işləmək baxımından gözəl bir şansdı. Məşqçi həyatıdı, kimsə getməlidi, yerinə kimsə gəlməlidi. Kimsə gedir, sən onun yerinə gəlirsən. Peşəkarlıq baxımından bu, normal bir şeydi.

 

- "Səbail" artıq bir sıra transferlərə də imza atıb. Aralarında təcrübəli futbolçular, milli üzvələri yetərincədi. Sizcə, onlar komandaya kömək edə bilərlərmi?

- Doğrudan da "Səbail" çox yaxşı, keyfiyyətli transferlər etdi. Onlar arasında milli komandada çıxış etmiş, hətta indi də oynayanı var. Məncə, indi komanda daha da güclü olub. Hesab edirəm ki, "Səbail" bu mövsüm daha iddialı olacaq.

 

MEHMAN SÜLEYMANOV

19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB