TOP 10

Rəşad Əzizli Bordinlə çempion olacaqlarına inanır: "İlk gündən özümü ona göstərməliyəm ki..."

Futbol
Tarix: 2018-06-12 16:20

"Neftçi" ötən mövsümdə 2 qapıçının xidmətindən yararlandı. "Ağ-qaralar" mövsümə Səlahət Ağayevlə başlayıb, çempionatı onunla da başa vursalar da, gənc həmkarı Rəşad Əzizli daha çox qapını qorudu. 24 yaşlı Əzizli Sport24.az-a müsahibəsində həm geriyə boylandı, həm də yeni baş məşqçiylə gələcək perspektiv haqda düşüncələrini bölüşdü.

 

- Ötən mövsüm "Neftçi"dəki çıxışını necə dəyərləndirərdin? Mövsümü aktivinə yaza bilərsənmi?
- Bəli, çünki mənim üçün uğurlu oldu. Həm "Neftçi"yə dəvət oldum, həm də baş məşqçi dəyişikliyindən sonra oynamağa başladım. Uğurlu da alındı. Düzdü, səhvlər də oldu. Sonluqda da 3-cü yeri qazandıq, çempionatı medalla başa vurduq. Bu, karyeramda ilk mükafat oldu. Həm də milli komandaya dəvət olundum. Yəni hər şey mənim üçün uğurlu oldu.

 

- Ancaq onu da nəzərə alaq ki, son 6 turda ehtiyatda qaldın. Bu da Azərbaycan Kubokunun "Qəbələ" ilə "Bakcell Arena"da 1:3 hesabıyla uduzaraq mübarizəni dayandırdığınız cavab yarımfinal matçında buraxdığın səhvlərlə bağlı idi. Həmin uğursuz görüşü sonradan soyuq başla təhlil edəndə, hansı nəticəni çıxardın?
- O qədər də ruh düşkünlüyü olmadı. Sadəcə, elə oyunda səhv oldu ki... Lazımsız yerdə olan səhv idi. Buna görə də adam bir az pis oldu, ruh düşkünlüyü yarandı. Həmkarım Səlahət Ağayev də qapıda durmalı idi. O da şansını gözləyirdi. Şans ona da oldu, "çərçivə"də dayandı. Buna görə nə inciyirəm, nə də pis oluram. Hər şeyin öz vaxtı var, hər kəs öz şansını gözləyir. Futbolda olan bir şeydi, normal qəbul edirəm.

 

- Həmin vaxt çempionatın həlledici mərhələsi idi, "Neftçi" də uğurlu çıxış edirdi. Belə vəziyyətdə şans qazanacağını nə dərəcədə real sayırdın?
- Düzdü, futbolda belə deyim var ki, qalib heyəti dəyişmirlər. Ancaq yenə də öz şansımı gözləyirdim. Baş məşqçi nə vaxtsa mənə yenə şans versəydi, özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəkdim. Sadəcə, elə oldu ki, Səlahət yaxşı durdu, komanda qalib gəldi və mənə elə bir şans yaranmadı.

 

- "Neftçi"ylə hələ 1 illik müqavilən var?
- Bəli.

 

- Mövsüm bitəndən sonra getmək haqda düşündünmü? Bəlkə başqa klublardan təkliflər var idi?
- Çempionatın sonunda oynamasam da, komandada qalmaqla bağlı heç bir tərəddüdüm olmadı. Yenə də özümə inanıram. "Neftçi"də oynamaq hamının arzusudu. Bu klub futbolumuzun flaqmanıdı, onun böyük tarixi var. Burdan başqa yerdə özümü təsəvvür etmək istəmirəm. "Neftçi" elə "Neftçi"di. Elə burada "1 nömrə" olmağın özü böyük bir nailiyyətdir. Düzdür, oynamaq baxımından alınmasaydı, bəlkə də nəsə düşünmək olardı Ancaq bunu qabaqcadan demək də olmur. Hər şeyi zaman göstərəcək. Başqa yerdə oynaya bilərəm. Məsələn, "Sumqayıt"da, "Səbail"də çıxış etmək olar. "Neftçi"də " 1 nömrə" olmaq çox çətin olacaq və rəqabətə girməyə hazıram. Yenidən əsas qapıçı olmağa çalışacam. İnanıram ki, buna nail ola bilərəm.

 

- Nə vaxtsa legioner həyatı yaşamaq istərdinmi?
- Legioner həyatı yaşamaq futbolçuya faydalı olur. Bunun olmasını istəmişəm. Sadəcə, real bir təklif olsa, bunu nəzərdən keçirmək olar. Getsəm də, tam hazır olanda bunu edəcəm. Xaricə gedib 1-2 aydan sonra qayıtmaqdansa, getməmək ondan yaxşıdı. Gedirəmsə, birdəfəlik. Deyərdim ki, 1-2 ildən sonra legioner həyatı yaşamağa tam hazır ola bilərəm.

 

- Mövsüm bitəndən sonra istirahətə vaxtın oldu, yoxsa yenə məşqlər...?
- Çempionat mayın 20-də qurtarandan məşqlər edirəm. Sağ olsun Rəşad Sadıqov, mənə yığmada məşq etməyə imkan yaradır. Orda iyunun 10-dək məşq eləmişəm. Bundan sonra bazamızda yüngül qaçıram, fitnes məşqləri edirəm, yeni mövsümə hazırlaşıram.

 

- Yeni baş məşqçiniz Roberto Bordinlə tanış olmağa imkan tapmısan?
- Bəli, elə bazada məşq etdiyim zamanı təsadüfən görüşdük. İdman direktorumuz Ceyhun Sultanovla bir yerdə idi. Ceyhun müəllim tanışlıq verdi ki, qapıçımızdı, tanıdı, salamlaşdıq.

 

- Necə insan təsiri bağışladı?
- Çox mülayim insana oxşayır. Deyib-gülən, zarafatcıl, səmimi insan təsiri bağışlayır. İnanıram ki, bizi bu məşqçiylə maraqlı yol gözləyir.

 

- Ümumiyyətlə, italiyalı mütəxəssisin təyinatını necə qarşıladın?
- Bu haqda fikir bildirmək mənim işim deyil. Məlumatım var idi ki, "Şerif"in baş məşqçisi olub və ötən yay "Qarabağ"la Çempionlar Liqasında qarşılaşıb. Məşqçinin karyerası var. "Neftçi"yə hər halda, zəif məşqçi gəlməz. "Neftçi"yə ancaq 1-ci yeri tutmaq, nəticə qazanmaq üçün məşqçi dəvət olunar. Yəqin ki, Bordin bu işin öhdəsindən gələcək.

 

- Bordin Azərbaycanda çalışacaq ilk italiyalı baş məşqçi olacaq və onunla işləmək hər futbolçuya nəsib olmur...
- Bəli, bu, mənim üçün yaxşı bir şansdı və onu dəyərləndirməyim lazımdı. İnşallah, məşqlərə başlayandan özümü ona göstərməliyəm ki, əsas heyətə düşüm və orada yerimi möhkəmləndirim. Avroliqaya düşmüşüksə, ən azından orada oynamalıyam. Avrokuboklarda çıxış etmək arzumdu. İstərdim ki, komandaya kömək edim, baş məşqçiyə özümü göstərim.

 

- Bordin təqdimetmə mərasimində Sport24.az-ın qapıçılarla bağlı sualına cavab olaraq bildirib ki, "Neftçi"dəki yerli qolkiperlərdən razıdı və əcnəbi gətirmək fikri yoxdu...
- Onun bu açıqlamasıyla tanışam. Deyib ki, komandada qapıçılardan razıyam. Bunun özü bizim üçün müsbət cəhətdi ki, haqqımızda yaxşı fikirləşir. Sadəcə, bizə o qalır ki, özümüzü Bordinə tam göstərək.

 

- "Neftçi"yə qapıçılarla işləyən yeni məşqçi də təyin olunub və Etibar Tarıverdiyevin rəhbərliyi altında işləyəcəksiniz. Onunla yolların kəsişibmi?
- Bəli. Etibar müəllimi çoxdan tanıyıram. Məni Berti Foqtsun çalışdığı mili komandaya dəvət edib. Həmin vaxtda orda qapıçılarla işləyən məşqçi idi. Onunla işləmişəm, güclü məşqçidi. İnanıram ki, Tarıverdiyevin də dəstəyi olacaq və baş məşqçiylə məsləhətləşəcəklər. Kim güclüdü, buna qapıçılarla işləyən məşqçimiz qərar verəcək. Açığı, Etibar müəllimin təyinata sevindim. Mənə onunla işləmək çox xoş olacaq.

 

- Səlahətlə aranızda rəqabət necə gedir?
- Sağlam rəqabətdi. Səlahətlə qardaş kimiyik. Məndən yaşca böyükdü, sözünü qəbul edirəm. O da mənə məsləhətlərini verir. Bu gün Ağayev qapıda durubsa, sabah mən duracamsa, burada heç bir inciklik yoxdu. Əsas odu ki, komandaya xeyirli olsun.

 

- "Neftçi"nin Avropa səhnəsinə uğurla qayıtmaq perspektivini necə dəyərləndirirsən? Ümumiyyətlə, azarkeşlərinizin həsrətində olduğu əzəmətli "Neftçi"ni qarşıdakı mövsümdə görə biləcəyikmi?
- Bu qədər təqdimatlar, görülən işlər göstərdi ki, bizi doğrudan da maraqlı çempionat gözləyir. Sırf 1-ci yerə oynayacağıq, yalnız çempionluq haqda düşünəcəyik. Əvvəlki "Neftçi"nin titullarını qaytarmağa çalışacağıq. Bu, bizim borcumuzdu. "Neftçi"nin adına görə bunu etməliyik. İnşallah, buna nail olarıq. Deməzdim ki, hər şey Avroliqadan başlayır. Düzdü, orda uğurlu çıxış lazımdı, ancaq qrupa düşmək çətin olacaq. Hər şeyin bir əvvəli var. Yenə də üzərimizə düşən vəzifənin öhdəsindən gəlmək - uğurlu startla başlamaq istəyirik.

 

-Sonda azarkeşlərinizə çağırışın nə olardı?
- Onlara sözüm odu ki, hər zaman bizi dəstəkləsinlər. Məğlub olsaq da belə, arxamızda dursunlar. "Neftçi" fanatlarından başqa komandanı belə çılğın dəstəkləyən, sevən fanatlar yoxdu. "Forza Neftçi" həmişə "1 nömrə"di. Bu liderlik mövqelərini həmişə belə qorusunlar, davam etdirsinlər. Biz də öz oyunumuzda inşallah, onları sevindirərik.

 

MEHMAN SÜLEYMANOV

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB