TOP 10

“Neftçi” Sport24.az-ın sorğusunu cavablandırdı: transferlər, toplanış, büdcə - RƏSMİ

Futbol
Tarix: 2018-06-11 15:40

Cari mövsüm Avropa Liqasında ölkəmizi təmsil edəcək “Neftçi”nin yay hazırlıq planları məlum olub. Bu barədə Sport24.az-a məlumatı klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev verib.

 

Həmsöhbətimiz komandanın iyunun 17-də bir araya gələcəyini bildirdi: “Baş məşqçimiz Roberto Bordin Bakı toplanışını iyunun 17-dən 21-dək keçirəcək. Bundan sonra komandamız Türkiyənin Topuk yaylası bölgəsinə üz tutacaq. Qardaş ölkədəki toplanış iyulun 6-dək davam edəcək”.

 

Allahverdiyev Bakıdakı toplanış çərçivəsində yoxlama oyunu keçirməyəcəklərini dilə gətirdi: “Yoxlama görüşlərini ancaq Türkiyədə keçirməyi planlaşdırırıq. Topuk yaylasında 4 matçda qüvvəmizi sınayacağıq. Hələ ki, rəqiblər barədə məlumat verə bilmərəm. Müxtəlif variantlar var, danışıqlar aparırıq. Yaxın günlərdə müqavilə imzaladıqdan sonra toplanış çərçivəsində üz-üzə gələcəyimiz komandaların da adlarına aydınlıq gətirəcəyik”.

 

Daha sonra “Neftçi” rəsmisi transferlər mövzusuna da yetərincə aydınlıq gətirdi: “Dario Federiko ilə 1 illik müqavilə imzalanacaq. Artıq baş məşqçimiz onun alınmasına dair rəyini bildirib. Futbolçu da təklifimizi müsbət qiymətləndirib. Bundan əlavə Tural Axundov da növbəti mövsüm komandamızın şərəfini qoruyacaq. Müqavilə müddəti başa çatan Kiril Petrovla da ortaq məxrəcə gəlmişik. Ukraynalı müdafiəçiylə 1+1 illik müqavilə bağladıq. Eyni zamanda, Məhəmməd Mirzəbəyovla da işbirliyini davam etdirəcəyik. Cinah müdafiəçisi növbəti mövsümü də sıralarımızda olacaq. Ruslan Abışovla da müqavilə imzaladıq. Komandamızın kapitanı ilə 2 illik sözləşmə əldə etmişik”.

 

Həmsöhbətimiz daha neçə legionerin alınacağına və hansı mövqeləri gücləndirmək barədə düşündüklərini də qeyd etdi: “Planda daha 4 legionerlə anlaşmaq var. Bunlardan biri mərkəz müdafiəçisi, biri dayaq yarımmüdafiəçisi, biri hücumameylli yarımmüdafiəçi və biri də hücumçu olacaq. Hazırda Roberto Bordin təklif edilən futbolçuları diqqətdən keçirir. Hansısa barədə müsbət qərar verdikdən sonra futbolçuyla masa arxasına əyləşiləcək”.

 

Bəs, gedənlər, müqavilə müddəti uzadılmayanlar? Rüstəm bəyi dinləyək: “İlkin Qırtımovla qarşılıqlı şəkildə müqaviləyə xitam vermişik. Klub rəhbərliyi Derlis Meza Kolli, Rəşad Sadiqov, İqnasio Herrera ilə başa çatan müqaviləni yeniləməmək qərarı verib”.

 

Sonda klub sözçüsü ölkə mətbuatında yayılan büdcə artımına dair xəbərlərə də aydınlıq gətirdi: “Neftçi”nin büdcəsi artırılmayıb, yayılan xəbərlər həqiqəti əks etdirmir. Bazamızın tikilişi üçün ayrılan vəsaitə gəlincə, bunun bizə aidiyyəti yoxdu. Komandanın büdcəsi ötənilki kimi də qalacaq. Ancaq bu vəsait “Neftçi”nin uğurlu çıxış etməsi, layiqli mübarizə aparması üçün bəs edəcək”. 

14 Avqust 2018
13 Avqust 2018
B.eÇ.aÇC.aCŞB