TOP 10

On günə 3 fərqli Azərbaycan: pis, yaxşı, zalım

Futbol
Tarix: 2018-06-10 14:14

Bura Vətəndi. Bu məmləkətin hər hadisəyə özəl yanaşması var: emosional, “mən hər şeyi bilirəm” xarakterli… Bura Vətəndi. Bu məmləkətdə futbola baxış bucağı da fərqlidi: “nə gündəyik”, yaxud “futbol bizlik deyil”dən “yığmamız istənilən rəqibi darmadağın edər”ə qədər məsafə 90 dəqiqəni əhatə edir. Mayın 29-dan iyunun 9-dək 10 günlük məsafə də bu baxımdan “bir igidin ömrüdü”.

 

Bu zaman kəsiyində millimiz 3 oyun keçirdi, hər oyunda tərəflərdən biri 3 qolla qalib gəldi. Bu, bənzərliklər var, amma fərqli məqamlar o qədərdi ki…

 

Qırğızıstan yığması ilə görüş asiyalıların futbolçularımızla ayaqlaşa bilməməsini ortaya qoydu. Bakı Olimpiya Stadionunda keçirilən matçda Aleksandr Krestininin yetirmələri “yarımfabrikat” təsiri bağışlayırdılar. Bu səbəbdən də böyükhesablı – 3:0-lıq qələbə ciddi göstərici kimi qələmə verilə bilməzdi…

 

Qazaxıstana qarşı matç. Qurban Qurbanovun heyətlə bağlı rotasiyaları davam edir. Buna baxmayaraq, eksperimental heyətin bir sıra obyektiv səbəblərini də qeyd etməliyik. Müdafiə xəttinin qanadlarında İlqar Qurbanovla Təmkin Xəlilzadənin yer alması çox müzakirə olundu. Ancaq rəqibin oyun dəst-xəttini xatırladıqda, baş məşqçimizin yanılmadığını qəbul etməmək olmur. İlqarın Azərbaycan parametrləri ilə yetərincə sürətli olması faktı danılmazdı. Ancaq nə etmək olar ki, İlqar bizdə sürətli sayılır, onun vizavisi daha yüksək start sürətinə sahibdirsə, bunu kompensasiya etmək olduqca müşkül məsələdi. Üstəlik, meydan sahiblərinin taktikası da “sirli qutu” deyil: onlar ilk 15 dəqiqədə maksimal sürət təklif etməklə rəqiblərinə başağrısı olmağa çalışırlar. Qapımıza vurulan ilk qol da məhz İlqarın sürətdə uduzmasından sonra baş verdi.

 

Bu arada Dmitri Nazarovla bağlı fərqli qeydi etməliyik. Dima üçün daha ağır, daha çox “proqramlaşdırılmış”, fiziki mübarizələrə hesablanmış yığmalara qarşı oynamaq rahat olur. Məsələn, Skandinaviya ölkələri təmsilçiləri kimi komandalara. Elə o özü də Almaniya futbolunda bişib ki, bu da həmin “proqramlaşdırılmış” məktəblər sırasındadı. Ancaq bu, Qazaxıstanla oyunda keçərli deyildi. Lakin Qurban Qurbanov üçün Kosovo yığmasına kartları açmaq da münasib gediş ola bilməzdi. O, sadəcə yoxlayırdı. Çünki yoxlama oyunları məhz yoxlamaq üçün də nəzərdə tutulub. Hə, bir də rəsmi oyunlardakı rəqiblərinin kartlarını qarışdırmaq üçün.

 

Həmin görüşdə meydanda 3 Ruslan var idi. Nazarovdan savayı Qurbanov və Abışov da start heyətində yer almışdı. Hazırda Ruslan Qurbanovun ideal formada olmadığını tək biz bilmirik, təbii ki, baş məşqçinin də yetirməsindən xəbəri var. Ancaq o, həm də futbolçuya oyun praktikası qazandırdı. Həmin praktikanı ki, futbolçu “Qəbələ”də son oyunlarda ala bilmirdi. Bu da nəticənin böyük ölçüdə əhəmiyyətsiz olmasından xəbər verirdi.

 

Nəhayət, Qazaxıstan millisinin motivasiyasını da bura əlavə etməliyik. Meydan sahibləri qalib gəlmək üçün dəridən-qabıqdan çıxırdılar. Bu cür hallar futbolda olur. Ancaq hər oyunda yox. Hər halda, 0:3-lük məğlubiyyəti faciə kimi qələmə vermək xəttini kökündən yanlış hesab edirik.

 

Nəhayət, dünən Latviyada baş tutan görüş. Artıq ilk dəqiqələrdən yığmamızın oyunu diqtə edən tərəf olacağı aşkar sezilməyə başladı. Bəs, nə dəyişdi ki, Qurban Qurbanovun komandası şirə döndü? Təbii ki, baş məşqçi optimal heyəti də iş başında görmək istəyirdi ki, bunu da “desertə”, Millətlər Liqası öncəsi son qarşılaşmasına saxlamışdı.

 

Pavel Paşayev və Ürfan Abbasovdan ibarət müdafiənin cinahları avtomatlaşdırılmış rejimdə işləyirdi. Paşayevin hücuma dəstək verməyə meylli futbolçu olmaması hər kəsə məlumdu. Lakin “ukraynalımız” müdafiədə dəmir intizamıyla seçilir. Beləcə, qanadlardan birində hücum üstünlüyü əldə etmiş olurduqsa, digərində “sığortaçı”ya.

 

Riçard Almeydanın yoxluğunda dayaq və hücumameylli yarımmüdafiəçilər arasındakı mərkəzdəki əlaqələndirici obrazında ideal seçim Emin Mahmudovdu ki, dünənki görüşdə bunu gördük. Cavid İmamverdiyevin əla forma yığdığını nəzərə alsaq, latışlarla matçda yığmamızın liderinə çevriləcəyinə şübhə yeri qalmırdı. Vinger mövqeyində Araz Abdullayevlə Namiq Ələsgərovun oynaması da ideal seçim idi ki, qanad oyunçularımız hər bir hücumda ən fəal formada iştirak edirdilər. Ramil Şeydayevin hücumun sivri ucunda peyda olması bir qədər mübahisəyə səbəb ola bilər. Hər halda, Mahir Mədətov daha məhsuldar futbolçudu. Lakin Şeydayevin tarantipli forvard olması Latviya yığmasını yormağa da hesablana bilərdi.

 

İlk dəqiqələrdən oyunda dominant tərəf millimiz oldu ki, yekun nəticədə də bu, öz əksini tapdı. Vəssəlam? Artıq millimizi qəhrəman obrazında qələmə verməliyik? Olmaz, qətiyyən olmaz!

 

Əvvəla, bir deyimi xatırladaq: hər bir komanda rəqibi imkan verdiyi qədər oynaya bilir. Millimizin dünənki rəqibi də ən azından Qazaxıstan səviyyəsində deyildi. İkinci məqam start heyətinin Millətlər Liqası prizmasından ideala ən yaxın olması idi. Bu da başadüşüləndi. Çünki milli komandada futbolçunun funksional hazırlığını artırmaq qeyri-mümkündü, taktiki cəhətdən müxtəlif gedişlər yoxlanılmalıdı. Təbii ki, yoxlama görüşlərində. Hər halda, Qurban Qurbanov bütün yoldaşlıq oyunlarında eyni “11-liy”i meydana buraxsaydı, Kosovo üçün hansısa sirr qalmazdı. İndiki durumda isə Azərbaycan qeyri-sabit yığma obrazı formalaşdırıb. On gün ərzində 3 tamamilə fərqli oyuna şahidlik etdik.

 

Nəhayət, daha bir xoş hadisə. Latviya ilə matçda 10 dəqiqəlik olsa da, Bədavi Hüseynovun meydana qayıdışı nəticədən də çox sevindirən məqam kimi göstərərdik. Həqiqətən millimizin Bədaviyə böyük ehtiyacı var. Ümid edək ki, sentyabradək Hüseynov funksional hazırlığını qaydasına sala biləcək.

 

Yekun olaraq Qurban Qurbanovun start heyətində güvənəcəyi futbolçuların faiz ehtimalı ilə siyahısını təqdim edək:

 

Kamran Ağayev, Qara Qarayev, Maksim Medvedev, Cavid İmamverdiyev – hamısı 100;

Araz Abdullayev – 95;

Namiq Ələsgərov – 90;

Mahir Mədətov – 85;

Pavel Paşayev,  Ürfan Abbasov, Riçard Almeyda – hər üçü 80;

Emin Mahmudov – 75;

Ruslan Abışov, Ramil Şeydayev – hər ikisi 70;

Təmkin Xəlilzadə, Dmitri Nazarov – hər ikisi 60;

İlqar Qurbanov, Bədavi Hüseynov, Rəhman Hacıyev – hər üçü 50;

Ruslan Qurbanov – 45.

 

CEYHUN ƏLİYEV

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB