TOP 10

10 illik kitabı vərəqləyərkən: Qurbanın qurbanları

Futbol
Tarix: 2018-06-02 15:00

Qurban Qurbanov “Qarabağ”ın “sükanı arxası”nda ardıcıl 5-ci çempionluğunu qazandı. Onun qitəmiqyaslı yarışlarda da Ağdam təmsilçisi ilə tarixi nəticələri az olmayıb. Doqquz ildi “süvarilər”i çalışdıran təcrübəli mütəxəssisin son 5 mövsümdəki uğuru heç də təsadüfi deyil. O, buna damla-damla, dişi-dırnağı, zəhmətkeşklik və indakarlığı ilə nail olub. Ardıcıl 5 mövsüm ölkə daxilində hegemonluq etmək özlüyündə qəhrəmanlıqdı. Cari mövsüm mayın son günlərində başa çatdı. İndi Qurbanovun məşqçilik karyerasını vərəqləməyin əsl vaxtıdı.

 

10 il öncə başlayan uğurlu yol

2004/05 mövsümündən sonra “Qarabağ” qarşısına gəncləşdirmə siyasəti qoyur. Elxan Abdullayev, Böyükağa Ağayev kimi mütəxəssislərlə istəyinə nail ola bilməyən komanda Rasim Karanın xidmətindən yararlanmaq fikrinə düşür. Amma türkiyəli çalışdırıcı 2008/09 mövsümünün startına sayılı günlər qalmış komandanı yarıyolda qoyaraq “Xəzər Lənkəran”dan gələn cəlbedici təkliflə razılaşıb “aradan çıxır”. Onu 36 yaşlı gənc Qurban Qurbanov əvəzləyir. Taleyin ironiyasından Rasim Kara məhz Lənkəranda Qurbanovun “Qarabağ”ına – bir müddət öncə atıb getdiyi komandaya - yenilgidən sonra postu ilə vidalaşır. İndi həmin matçı çox az adam xatırlayır. Heç Qurbanovun özü üçün bu görüş bir o qədər də böyük əhəmiyyət kəsb etməyə bilər. Lakin “Qarabağ” rəhbərliyinin Karadan qisas almaq istəyinin hansı həddə olmasını təsəvvür etmək çətin deyil. 

 

Qəhrəmanımız ilk mövsümündə çempionatda 5-ci pilləni tutsa da, ölkə kubokundakı zəfər onu həm xilas etdi, həm də avrokuboklara daşıdı. Çünki “Qarabağ” avrokuboklara vəsiqə qazanmayacağı təqdirdə, o, öz istəyi ilə Ağdam təmsilçisindən ayrılacaqdı. Admir Telidən başqa, başda təcrübəli və komandanın liderlərindən biri olan makedoniyalı Artim Şakiri və digər legionerlərlə vidalaşan mütəxəssisin Avropa Liqasında püşk üzünə gülməsə də, tale üzünə gülür. İlk mərhələdə Norveçin “Rusenborq” komandası həmin dövr üçün ən arzuolunmaz rəqib idi. Uzaq Skandinaviyadakı matç meydan sahiblərinin diqtəsi altında keçsə də, Azərbaycan təmsilçisi kiçik sensasiyaya nail olur – 0:0. Aydın məsələ idi ki, “Rusenborq” üçün 0:0 fiasko deyildi. Axı, cavab oyununda vurulacaq bir qol böyük ölçüdə problemin həlli demək idi. Paytaxtımızda keçirilən cavab matçı iyulun 23–də - Ağdamın işğal günündə baş tutdu. Tofiq Bəhramov adına stadionda “iynə atsaydın yerə düşməzdi”.  İlk yarının bitiminə 1 dəqiqə qalmış “Respublika” stadionu “partladı”. Rəşad Sadıqovun vurduğu qol  növbəti 45 dəqiqə üçün də yeganə oldu və Qurbanovun hələ təməl daşını qoymağa başladığı “Qarabağ” ilk tarixi nəticəsinə imza atdı.

 

"Rusenborq"un keçmiş baş məşqçisi: "Qarabağ" öz taktikası ilə bizi üstələdi və bu, Qurban Qurbanovun uğuru idi"

Bəs, “Rusenborq”un ovaxtkı baş məşqçisi Erik Hamren həmin günü necə xatırlayır? Əlbəttə, üstündən uzun illər ötüb və bütün detallar yaddaşda qala bilməz. Ancaq arayıb tapdığımız Hamren xatirələrini bölüşməyə razılıq verdi: “Qurban Qurbanov yaddaşımda elə də qalmayıb. Amma “Qarabağ”ı xatırlamamaq mümkün deyil. Favorit biz olduğumuz halda mərhələni onlar adladı. Əla komanda idi. Norveçdə yaxşı müdafiə olundular və 0:0 hesablı bərabərlik qeydə alındı. Kifayət qədər qol şansını boşa vermişdik. Bakıda isə əla atmosfer önündə uduzduq. Azərbaycan paytaxtında da imkanlarımız oldu. Amma “Qarabağ” öz taktikası ilə bizi üstələyə bildi. Bu, baş məşqçinin uğuru idi”.

 

Qurbanovun komandası növbəti mərhələni də müvəffəqiyyətlə adladı. Maraqlıdı ki, bu dəfə də Qurbanovun qurbanı Skandinaviya təmsilçisi oldu. Finlandiya “Honka”sı üzərində qazanılan qələbə “Rusenborq” səddi qədər ajiotaj doğurmadı. Qəhrəmanımızın komandası III təsnifat mərhələsində Hollandiya “Tvente”sinə ilişdi. Evdə qolsuz bərabərlik və səfərdəki 1:3 ağdamlıların avrokuboklarla vidalaşmasını şərtləndirsə də, məhz 2009-2010 “Qarabağ”ın avrokuboklarda bir mövsüm ərzində müsbət saldoya imza atması kimi tarixə düşdü: 3 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət.

 

2010-2011 avrokubok mövsümündə Qurbanovun komandasına inam daha böyük idi. Vəziyyət o həddə çatmışdı ki, Makedoniya “Metallurq”u ilə görüşlərdən öncə əksəriyyət “Qarabağ”ı aşkar favorit görürdü. Nə yaxşı ki, hələ o dövrlərdə Qurbanovun dəmir intizam sevgisi var idi. Yetirmələrinin arxayınlaşmaması üçün hər şey edən mütəxəssis ümumi nəticənin də sanballı olmasına nail oldu – 5:2! Ardınca Şimali İrlandiyanın “Portadaun” kollektivi sıradan çıxarıldı. Əgər Britaniya təmsilçisi üzərində qələbə gözlənilən idisə, növbəti mərhələni hamı sonuncu kimi qiymətləndirirdi. Axı, rəqib Polşanın ən tanınmış klublarından olan “Visla” idi. Lakin Qurbanov belə düşünmürdü. Artıq ilk oyunda ümumi qələbənin təməli qoyuldu. Səfərdə qazanılan 1:0-lıq gələbə böyük ümidlər vəd edirdi. Cavab qarşılaşması bu ümidlərin əbəs olmadığını göstərdi. Həmyerlilərimiz artıq ilk 45 dəqiqədə 3 dəfə polşalıların qapısının torunu silkələməyi bacarmışdı. Doğrudu, Qurbanovun yetirmələri sonradan iki dəfə məyusluq yaşadılar. Lakin “Qarabağ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinin astanasına daxil olmağı bacardı. Düzdü, pley-offda Dortmund “Borussiya”sı ağdamlılar üçün keçilməz sədd oldu və hər iki qarşılaşmada qalib gəldi. Lakin “Qarabağ” adlı maşın ilk cücərtilərini verməyə başlamışdı…

 

2011-2012 mövsümündə Qurbanovun drujinası 3-cü mərhələdə iki görüşün nəticəsinə görə (1:0 və 1:4) “Brügge” səddini aşa bilmədisə, növbəti mövsüm ümumiyyətlə, avrokuboksuz qaldı. Dərhal da “Qurban tükənib, olanı budu, “Qarabağ”ın iddialarına cavab vermir” tipli palaz-palaz yazılar dərc olunmağa başladı. Elə azarkeşlər də amansız idilər. Onlar çempionluq tələb edir, “Qarabağ” isə daxili arenada “Neftçi”nin hegemonluğuna son qoya bilmirdi. Lakin əksər klub rəhbərlərindən fərqli, “Qarabağ” məşqçisinin arxasında dayandı, mütəxəssis isə bu çətin dönəmdə də özündə güc tapmağı bacardı. 

 

2013-14 mövsümündə də Avropa Liqasının pley-offunadək yüksələn ağdamlılar yenə də “alman maşını”nda ilişdilər. Bu dəfə “Ayntraxt” səddi keçilməz oldu. Ancaq 2014-cü ildə digər bir zirvə fəth edildi: Qurbanovun “Qarabağ”ı nəhayət, ölkə çempionu adını qazandı! UEFA Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayan “süvarilər”in ilk qurbanı Malta “Valetta”sı oldu ki, adalıların “qoltuğu”na 5 cavabsız top verildi. Ardınca Avstriya “Zaltsburq”u üzərində evdə qazanılan 2:1 hesablı qələbə hamını ümidləndirsə də, səfərdəki 0:2 Qurbanov@CO-nu Avropa Liqasının pley-offuna göndərdi. Hə, tale Qurbanovu növbəti dəfə sınağa çəkirdi. Rəqib “Tvente” idi. Həmin “Tvente” ki, 5 il əvvəl Ağdam klubunun Avropa Liqasının qrupuna yüksəlmək istəyini gözündə qoymuşdu. Elə ilk görüşdən sonra da Hollandiya səddinin keçiləcəyi real görünmürdü. Hər halda, evdə 0:0-lıq bərabərlik nikbinliyə əsas verə bilməzdi. Lakin Qurbanovun drujinası səfərdə hesabda geri düşməsinə rəğmən, cavab qolunu vurmaq üçün özündə güc tapdı və tarixində ilk dəfə qrup mərhələsinə vəsiqəni əldə etdi. 

 

"Tvente"nin sabiq baş məşqçisi Qurban Qurbanova salam göndərdi: "Onun "Qarabağ"ıyla yenidən üz-üzə gələ bilərik"

Biz “Tvente”nin ovaxtkı baş məşqçisi Alfred Şröyderi də tapdıq. Bəs, təcrübəli mütəxəssis üstündən 4 il keçən qarşılaşmanı necə xatırlayır? Dediklərindən belə anlaşıldı ki, “Qarabağ”ın qələbəsi onun yaddaşında dərin iz buraxıb: “Təbii ki, “Qarabağ”la oyunumuzu xatırlayıram. Çox maraqlı matçlar keçmişdi. Bakıdakı 0:0-lıq heç-heçədə bizim kifayət qədər şanslarımız da var idi. Amma istifadə edə bilmədik. Hollandiyada isə “Qarabağ” yaxşı oyun göstərdi. 1:1-lik heç-heçə onları qrup mərhələsinə yüksəltdi. Qrupa yüksəlməyə tamamilə layiq idilər. Qurban Qurbanovu şəxsən çox tanımasam da, davranışları əla idi. İnsan kimi də, məşqçi kimi gördüyü iş hiss edilirdi. Mən hətta sonradan da “Qarabağ”ı izləməyə başladım. Çempionlar Liqası qrupunda çox yaxşı oynadılar. “Atletiko” ilə oyunlarda heç-heçələr sadəcə, möhtəşəm nəticə idi. “İnter”ə qarşı qalmaqallı matçları da yadımdadır. Bir sözlə,  Qurban Qurbanovun işi göz önündədir. Onu görsəniz, məndən salam deyin. Hazırda “Ayaks”da köməkçi məşqçiyəm və “Qarabağ”la yenidən üz-üzə gələ bilərik”. 
 

 

Roberto Mançini: "Qarabağ" bizə qarşı çox yaxşı oynamışdı və son saniyələrdə qapımız qarşısındakı epizod qol idi"

AL-in qrup mərhələsində debütant olmasına baxmayaraq, Qurbanovun komandası qapazaltı olmaq niyyətində deyildi. Hərçənd, püşk “süvarilər”in üzünə heç də gülməmişdi. Əzəmətli İtaliya “İnter”i, qitəmiqyaslı yarışlarda “saç ağartmış” “Sent-Etyen” və... təəssüf ki, həmin il UEFA Rusiya ilə hərbi münaqişəyə görə Ukrayna klublarına xüsusi simpatiya bəsləyirdi. Bax, elə bu səbəbdən “Qarabağ”ın hüququ aşkar şəkildə tapdandı və “Dnepr” “qulağından dartılaraq” 1/16 finala daşındı. Dnepropetrovsk təmsilçi eyni ssenari ilə Avropa Liqasının finalınadək aparıldı. “Qarabağ” isə “İnter”lə matçın son dəqiqəsində vurulan təmiz qolun qeydə alınmaması səbəbindən qrup 3-cülüyü ilə barışmalı oldu. Həmin matçda “İnter”in “sükanı arxası”nda dayanmış Roberto Mançini 1001 fırıldaqla (gah vaxtının olmadığını, gah oyunu xatırlamadığını deyirdi – müəl.) danışmaqdan boyun qaçırsa da, sonda azərbaycanlı inadkarlığı üstün gəldi. Oyunun videoicmalını ona təqdim etdikdən sonra Mançini danışdı: “Həmin oyunu xatırladım. “Qarabağ” bizə qarşı çox yaxşı oynamışdı. Gərgin matç keçirmişdik. Azərbaycan klubu növbəti mərhələyə çıxmağı haqq edirdi. Düşünürəm ki, həmin epizod qol idi. Lakin meydançada bunu görmək çətin idi. Qurban Qurbanov isə o qədər də yadımda qalmayıb. Sadəcə, həmin klub çox yaxşı qurulmuşdu. Məşqçi işi hiss olunurdu”. 

 

Valter Matsari: "Qurban Qurbanov mənə dərhal bacarıqlı və bilikli məşqçi kimi göründü"

Yeri gəlmişkən, həmin mövsüm “İnter”i İtaliyadakı görüşə başqa məşqçi çıxarmışdı və komandası 2:0 qalib gəlmişdi. Söhbət Valter Matsaridən gedir:  “Qarabağ”la Avropa Liqasının qrup mərhələsində üz-üzə gəldik. Düzdür, matçı 2:0 qazandıq, amma çətin oldu. Oyundan əvvəl komandanı öyrənərkən gördüm ki, çox yaxşı təşkilatlanmış bir heyətə qarşı çıxış edəcəyik. Bacarıqlı baş məşqçiləri var. Mən heç vaxt həmkarlarım haqqında şərh vermirəm. Amma Qurban Qurbanov mənə dərhal bacarıqlı və bilikli məşqçi kimi göründü. Hələ o zaman aydın idi ki, yüksələn məşqçi olacaq. Hər halda, bunun isbatını cari mövsüm Çempionlar Liqasının qrup mərhələsinə düşən “Qarabağ”ın ifasında gördük”.

 

"Qurban Qurbanov yaratdığı komanda ilə qürur duya bilər, ancaq bundan da vacibi onun əsl centlmen olmasıdı"

Bəli, atalar əbəs yerə “iştah diş altındadı” deməyiblər. Növbəti 2 mövsümdə də Qurbanovun yetirmələri Avropa Liqasının qrupunda mübarizə aparılsa da, hamı ən azından Çempionlar Liqasının pley-offunu istəyirdi. Ancaq 2016-2017 mövsümündə bir büdrəmə yaşandı. Avropa Liqasının pley-off mərhələsində İsveçdə “Göteborq”a 0:1 məğlub olan çempionumuzun düşdüyü vəziyyət heç də ürəkaçan deyildi. Lakin Qurbanov bu durumdan da alnıaçıq çıxmağı bacardı. Evdəki 3:0 bütün daşları yerinə düzdü. İsveç təmsilçisinin ovaxtkı baş məşqçisi Yorgen Lenartsson sözügedən qarşılaşmanı belə xatırlayır: “Qarabağ”a qarşı keçirdiyim oyunları yaxşı xatırlayıram. Çox güclü komanda idi. Evdə qalib gəlsək də, Bakıda üstünlüyü qoruya bilmədik. Qurban Qurbanov orada əla ab-hava yaratmışdı. Bunu isə xüsusi vurğulamalıyam: yaratdığı komanda ilə qürur duya bilər, ancaq bundan da vacibi onun əsl centlmen olmasıdı”.

 

Nəhayət, ötən mövsüm Qurbanovun “Qarabağ”ı “şeytanın ayağını qırdı”: “Samtredia” üzərində qələbə gözlənilən idisə, Moldova “Şerif”i ilə qarşılaşmada favorit göstərmək müşkül məsələ idi. Xüsusilə də ilk oyunda qeydə alınan qolsuz bərabərlikdən sonra əksər futbolsevərlərimiz “yenə də AL-in pley-offuna gedəcəyik” kimi bədbin fikirlərə daldılar. Lakin qəhrəmanımızın bir sözü burda lap yerinə düşür: “Mən evdə 0:0-ı 2:1-lik qələbədən münasib nəticə sayıram”. Məhz Moldovada “Qarabağ” daha rahat oynadı. Bunun da səbəbi “Şerif”in futbolçularının Bakıdakı qarşılaşmada qapanması idi. Evdə daha açıq futbol sərgiləyən “Şerif” “Qarabağ atları”nın qarşısında aciz qaldı.

 

Stale Solbakken: "Qarabağ"ın göstərdiyi futbol baş məşqçinin əl işi idi"

Nəhayət, ÇL pley-offunu Azərbaycan azarkeşi də görəcəkdi. Rəqib də ən arzuolunmazı deyildi – Danimarka “Kopenhagen”i. Evdəki qarşılaşmada 1:0 və indi bütün Azərbaycanın gözü uzaq Skandinaviya ölkəsində idi. İnsan övlədı inanclı olur. İlk yada düşən Qurban bəyin zəfər yürüşünün məhz Skandinaviya təmsilçisi – Norveç “Rusenborq”una qarşı başlaması idi. Lakin İbrahim Şehiçin səfərdə ilk yarının son dəqiqəsində buraxdığı kobud səhv Azərbaycanı matəmə qərq edir. İndi rəqibi qrup mərhələsindən 1 qol ayırır. Amma 63-cü dəqiqədə səhnəyə Dino Ndlovu çıxır və… Bəli, bu qol sevincimiz cəmi 3 dəqiqə davam edir və Cəhənnəm əzablı son 24 dəqiqə. Bacardı, bacardılar, bacardıq. Həmin gecəhamı dəli idi, sevinc dəlisi. Qurbanov isə ənənəvi soyuqqanlıq silahını yerə qoymadı. Bəs, tarixi zəfərin qurbanı Stale Solbakken həmin gecəni necə xatırlayır?: “Onu şəxsən tanımıram. Amma komandası haqqında deyəcəklərim var. Çox yaxşı komanda qurub və “Qarabağ” öz gücünü göstərdi. Taktika baxımından bilikləri də göstərdiyi oyunla ortaya çıxdı. Qurbanov yaxşı məşqçidir. Komandasının Çempionlar Liqasında da çıxışını izlədim. Həqiqətən yaxşı oynadılar. Göstərdikləri futbol məşqçinin əl işi idi”.

 

Bəli, Qurbanov ÇL-in qrupunda da yumruğunu çırpmağı bacardı. Madrid “Atletiko”su ilə hər iki görüş onun aktivinə yazıldı. Həmin “Atletiko” ki, yekunda Avropa Liqasının qalibi oldu. Nə gizlədək, Dieqo Simeonenin də fikirlərinə yer ayırmaq istəyirdik. Ancaq alınmadı…

Qurbanov isə indi həm də millimizin uğur cığırını açmalıdı. Növbəti yük, növbəti uzun yol. Ölkənin "1 nömrəli" komandasında da artıq qələbə hesabını açıb, "siftə" böyükhesablı olub. Elə yenilənmiş “Qarabağ”la da yeni səhifələr yazılmalıdı. Biz sadəcə, Qurbanovun qurbanlarını xatırladıq. Bu, ancaq ən yaddaqalan qurbanlar idi. Qarşıda isə hələ neçə-neçə klubun, millinin əzilməsinə şahidlik edəcəyik. Axı, onun hələ cəmi 46 yaşı var…

 

CEYHUN ƏLİYEV

19 Sentyabr 2018
18 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB