TOP 10

Təhsil Nazirliyi və AzVİF arasında Memorandum imzalandı

Digər
Tarix: 2018-06-02 14:36

İyunun 2-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb. Sport24.az xəbər verir ki, memorandumu təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov imzalayıb.


Memorandumun imzalanmasında məqsəd tərəflər arasında 2018-2023-cü illərdə əməkdaşlığın əsas istqamətlərini müəyyənləşdirmək, uşaq və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onların asudə vaxtının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, gəncləri zərərli vərdişlərdən çəkindirmək, ölkənin velosiped idmanı üzrə yığma komandalarına ehtiyat idman qüvvələri hazırlamaq, habelə bu idman növünün kütləviliyini artırmaqdan ibarətdir.


Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək idmana göstərilən dövlət qayğısı, təhsil alanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idmana olan marağın artırılması istiqamətlərdə nazirlik tərəfindən görülən işlərdən danışıb. Nazir müavini velosiped idman növünün maddi-texniki bazasının yaxşılaşdırılması, idmançıların ustalıqlarının və bu idman növü üzrə kütləviliyinin artırılmasında birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib.


Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov çıxış edərək federasiya tərəfindən uşaq, yeniyetmə və gənclər arasında velosiped idman növünün populyarlaşdırılması və bu növlə məşğul olanların sayının artması istiqamətlərində görülmüş işlər barədə məlumat verib. Sahib Ələkbərov həyata keçirilən tədbirlərin gənc nəslin sağlam həyat tərzinə istiqamətləndirilməsi, zərərli vərdişlərdən uzaqlaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu sahədə AzVİF ilə Təhsil Nazirliyinin birgə fəaliyyətinin səmərəli və faydalı olduğunu vurğulayıb.


Qeyd edək ki, cari ilin 5-9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəblilər arasında velosiped yarışları təşkil olunub. Aprelin 1-dən başlayan və iyunun 2-də başa çatan bu tədbirlər Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilib. Yarışlara Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla 4 minə yaxın məktəbli qatılıb.
 

16 Oktyabr 2018
15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB