TOP 10

Azərbaycanın Rusiyadakı “elçi”si ilə Moskva görüşü: “Kopenhagen”lə oyunu şərh edəndə, matçın sonlarında rəsmən ağlayırdım”

Futbol
Tarix: 2018-05-24 21:15

“Studiyada sizinlə Elvin Kərimov idi”, - bu sözləri “NTV plyus” kanalından neçə dəfə eşitmişik? Hər dəfə dəfə də ürəyimizə yağ kimi yayılıb. Bədnam qonşularımızla informasiya müharibəsində Rusiya kimi nəhəng dövlətdə həmyerlimizin yüz milyonlarla izləyicisi olan bir kanalda çalışması əlbəttə ki, qürurvericidi. Moskvada isə Elvinlə üz-üzə gəldik. Şərhçi-həmkarımızla tədbirdəki görüşdən sonra müsahibə götürməmək peşəyə hörmətsizlik olardı. Qalırdı Elvinin razılığını almaq və vaxtının olub-olmamasını dəqiqləşdirmək. Kərimov belə bir təşəbbüsümüzün olduğunu eşidincə, dərhal “sevə-sevə” deməklə əsl azərbaycanlı istiqanlığını göstərdi. İndi isə monitora yaxın əyləşin: Sport24.az-ın studiyasında sizinlə Elvin Kərimovdu.

 

"Məktəb illərində tikintidə fəhlə işləmişəm"

- Özün haqda danışardın...
- Lənkəranın kəndində dünyaya göz açmışam. 1990-cı ilin 6 aprel tarixində anadan olsam da, mayın 16-ı kimi qeydiyyata düşmüşəm. 

 

- “Lipa”san?
- Hə, elə də demək olar (gülür). Cəmi bir neçə aydan sonra Kronşdadta köçmüşük. Təqribən 10 il orada yaşadıqdan sonra Sıktıvkara köçdük. Valideynlərim hal-hazırda Sıktıvkarda yaşayır. Elə qardaşım və onun ailəsi, yaxın qohumlarım – demək olar, hamı Sıktıvkardadı. Mən özüm də indi orda olmalıydım. Lakin 2011-ci ildə Moskvada təşkil olunan müsabiqədə iştirak edib, qalib adını qazanandan sonra burda yaşamağı qərara aldım. Həmin müsabiqə olmasaydı, Moskvaya gəlməyəcəkdim. Böyük şəhərləri sevən biri deyiləm. 

 

- Televiziyaya gələnə qədər başqa sahələrdə işləyirdin? 
- Məktəb illərində tikintidə fəhlə işləmişəm. Daha doğrusu, işləməyə çalışırdım. Ali məktəbə daxil olandan sonra jurnalistika sahəsində çalışmağa başladım. Bir müddət Komi Respublikasının “Budni” qəzetində işlədim, daha sonra qısa müddət radioda fəaliyyət göstərdim. Bu mərhələləri keçəndən sonra müsabiqədə qalib adını qazandım və beləcə, “NTV-plyus” karyeram başladı. 

 

- Özün futbolla məşğul olmusan?
- Əlbəttə. Hətta bir dəfə futbol üzrə Komi Respublikasının çempionu, iki dəfə isə bürünc mükafatçısı olmuşam. Düzdü, çempion olduğumuz mövsümü ehtiyat oyunçular skamyasında keçirmişdim (gülür). Beşinci yeri tutanda isə əsas heyət üzvü sayılırdım. 

 

- Hansı mövqedə çıxış edirdin?
- Cinah yarımmüdafiəçisi idim. 

 

- Hansı universiteti bitirmisən?
- Sıktıvkar Dövlət Universitetinin filologiya fakültəsini. Həmin vaxt jurnalistika fakültəsinin varlığından xəbərsiz idim. Açığı, universitetə qəbul olacağımı gözləmirdim də. Azərbaycanda dəniz kənarında uzanıb günəş şüası qəbul edirdim və  birdən atam zəng vurdu ki, jurnalistika fakültəsi var, sənədləri ora verək. Dedim, ver. Gecikmə ilə də olsa, sənədləri verdik və çətinliklə qəbul etdilər. Çünki sənədləri verəndə gec idi.

 

- Ailəlisən? 
- Bəli, 2015-də ailə qurmuşam.

 

- Övladın var?
- Hələ yoxdu.

 

"Anamla qaynanam tez-tez ləvəngi bişirib göndərir"

- Ata-ananın hər ikisi azərbaycanlıdı?
- Lənkərandan, talışdılar. Düzdü, mən də oralı hesab olunuram. Amma ömrünü Rusiyada keçirən biri kimi, bir növ bura öyrəncəliyəm, buranın düşüncələrinə sahibəm. Azərbaycana gedəndə hiss edirəm ki, Vətəndəyəm. Orda çox yaxşı dostlarım var, insanları möhtəşəmdilər. Buna baxmayaraq, ömrümün sonuna qədər yəqin ki, Rusiyada yaşayacam.

 

- Azərbaycana tez-tez gəlib-gedirsən?
- Əvvəl ildə bir-iki dəfə gedirdim. Amma son vaxtlar böyük fasilə vermişəm. Sonuncu dəfə Vətəndə 2012-də olmuşam. Qardaşımın toyu ərəfəsi idi.

 

- Lənkəranda, yoxsa Bakıda?
- Hər ikisində. Maşallah, hər yerdə qohumlarımız var. Bilirəm ki, son illərdə Bakı çox dəyişib. Bəzən içimdən gələn səs “Bakıya get” deyir. Amma sıx iş qrafikinə görə alınmır. 

 

- Həyat yoldaşın rusdu?
- Xeyr, azərbaycanlıdı, öz lənkəranlımızdı. Əsilləri Lənkəranın Veravul kəndindən olsa da, ömrü boyu Çerepovetsdə yaşayıb. 

 

- Sonuncu dəfə ləvənginin dadına nə vaxt baxmısan?
- Düzünü desəm, ləvəngidən doymuşam. Yoldaşım bacarmır, amma anamla qaynanam tez-tez bişirib göndərir.

 

"Azərbaycanda pis danışıram deyə, çox istifadə etmirəm"

- Azərbaycandakı idman telekanallarını tanıyırsan? 
- Təbii ki. “İdman Azərbaycan”la “CBC Sport”un varlığından xəbərdaram. Əvvəllər yayda Azərbaycana gedəndə dünya çempionatı, yaxud Avropa çempionatı kimi mötəbər yarışları yerli telekanallarda izləyirdim. 

 

- Bu telekanallardakı verilişləri vaxtaşırı izləyə bilirsən?
- Təəssüf ki, alınmır. Burda baxmaq olmur. Amma yadımdadı ki, bir neçə il əvvəl Çempionlar Liqasının yarımfinalında “Çelsi” – “Atletiko” görüşünü Azərbaycan telekanalında izləmişdim. İnternetdə yayın axtarırdım, birdən qarşıma bizimkilər çıxdı. Böyük məmnuniyyətlə baxdım. 

 

- Yəqin ki, futbol əsnasında şərhçilərin nə danışdığını başa düşürdün? 
- Əlbəttə, anlayırdım. Azərbaycanca tam başa düşürəm, hətta danışıram da. Sadəcə, pis danışıram deyə, çox istifadə etmirəm.

 

- Elədisə, Rusiya və Azərbaycanın şərhçilik məktəbləri arasındakı fərqlərin nədən ibarət olduğunu deyə bilərsən?
- Şərhçilik manevrlərini nəzərdə tuturuqsa, arada ciddi fərq yoxdu. Əksinə, oxşarlıq çoxdu. Azərbaycanlı şərhçilər də ruslar kimi, “top dığırlamaqla” məşğul deyil, əsasən danışmağa, gördüklərindən bəhs etməyə üstünlük verirlər. Sovet təcrübəsi özünü göstərir... Bir neçə il əvvəl alman telekanalında “Herta” – “Qalatasaray” oyununa baxırdım. Maraq üçün saydım, alman həmkarımız 45 dəqiqə ərzində cəmi 100-ə yaxın söz işlətdi. Burda elədi ki, duet olanda şərhçilər bir-biri ilə danışır, zarafatlaşır. Yekunda isə maraqlı reportaj alınır. Gördüyüm etibarilə Azərbaycanda da burdakı kimidi. 

 

- Yaxşı, sualı başqa cür qoyum. İki ölkənin şərhçiləri arasındakı fərq nədi?
- Azərbaycanda əvvəl eləydi ki, dünya, yaxud Avropa çempionatının qrup matçları və ya həlledici görüşləri studiyadan şərh olunurdu. Və belədə, bu, özünü oyunun ab-havasında göstərirdi. Çünki studiyadan şərh etmək aparıcının işi haqda dolğun məlumat vermir. Mənə elə gəlir ki, Azərbaycanda emosional şərhçilik var. Xüsusilə böyük oyunlarda bu, özünü göstərir. 

 

- Vasili Utkin açıqlamalarının birində demişdi ki, azərbaycanlı şərhçilər üçün ikiqat çətin olacaq. Çünki onlar həm rus, həm də türk telekanallarına baxırlar deyə, iki fərqli üslub arasında ilişib qalacaqlar. 
- Bu fikirlə mən də tam razıyam. Söz soruşum: indi Azərbaycanda rus kanallarına baxan var?

 

- Əlbəttə!
- Amma mənə elə gəlir ki, yeni nəsil rus dilində çox danışmır, rus telekanallarına maraq göstərmirlər. Elədisə, lap yaxşı. Fikrimcə, türkiyəli həmkarlarımız da almanlar və ingilislər kimi, “top dığırlamaqla” məşğuldular. Bir neçə il əvvəl maraqlı görüntü ilə rastlaşmışdım. Hansısa oyunu duet şəklində şərh edirdilər və orda dialoqdan istifadə etmək əvəzinə, biri 5 dəqiqə danışıb, sözü digərinə ötürürdü. Sanki yanaşı deyillər, fərqli yerlərdən şərh edirlər. Razılaşaq ki, sovet məktəbinin idman şərhçiliyi tam başqa şeydi. 

 

- Bu gün maraqlı, eyni zamanda gözlənilməz vəziyyətlə üz-üzə qaldın. Tədbirlə bağlı Özbəkistandan Moskvaya gələn Sanobar adlı jurnalist bütün iştirakçı və qonaqların qarşısında “Matç TV”də işə düzəlməklə bağlı sizə müraciət etdi. Nə vaxtsa belə halla rastlaşmışdın?
- Düzü, bu cür ciddi tədbirdə belə şeyi ilk dəfə görürdüm. Açığı, özüm üçün də gözlənilməz oldu. Amma internetdə yazanlar, xahiş edənlər olur. Hətta azərbaycanlılar da işə düzəlməklə bağlı yazır, maraqlanır, xahiş edir. Amma anlaya bilmirəm ki, niyə məhz mənə deyirlər? Mən “Matç TV”də sadəcə, şərhçiyəm. Menecer deyiləm, telekanalın rəhbəri kimi tanınmıram. Az öncə həmin xanım məndən xahiş etdi, mən də öz növbəmdə rəhbərlikdən soruşacam, burda qəbahət yoxdu. Nə desələr, həmin xanıma çatdıracam. Ən maraqlısı odu ki, 15-16 yaşlı gənclər var - iki sözü arxa-arxaya qoyub cümlə qura bilmirlər – onlar şərhçi olmaq, “Matç TV”də işləmək istədiklərini deyirlər.

 

"Atam deyir, ay axmaq, sən orda nə danışırsan, titrda da sənin dediklərin əsasında 0:0 yazılıb, halbuki, hesab 1:0-dı"

- “NTV-plyus”dakı fəaliyyətinin ilk dövrləri yadındadı? Müsabiqədən qalib ayrıldın, onu bildik. Bəs işə başlamağın?
- Yay ayı idi, təsadüfən “NTV-plyus”da işçi qəbulu üzrə anons gördüm. Halbuki, futbol şərhçisi olmaq uşaqlıq arzum idi. Görəndə ki, futbolçu ola bilməyəcəm, şərhçiliyi seçdim. Qardaşımla birləşib, valideynlərimin toy videokasetlərini silib, üstünə futbol oyunlarını yazırdıq. Evdə boş kaset qalmamışdı. Yəni o qədər həvəsim vardı... Hə, anonsu görəndən sonra müsabiqəyə qatıldım. Həmin müsabiqə ki, ilk turda 600-dən artıq həvəskar iştirak edirdi.  Buna qədər radioda çalışdığımdan, texniki işlərlə bağlı müəyyən təcrübəm vardı. Ona görə də ilk mərhələni adlamaq çətin olmadı. İkinci turda isə 60-dan bir qədər artıq adam yer almışdı. Oyunun bir hissəsini təhlil etməli və şərhçilik mövzusunda üç suala cavab verməliydim. Bu sınaqdan da üzüağ çıxıb, finala yüksəldim. Həlledici mərhələdə 20-21 nəfər qalmışdı. Finaldan bir həftə əvvəl Moskvaya gəlib, oteldə qaldım. Finalda olacağımı biləndə boğazımdan yemək keçmirdi, iki həftə universitetə getmədim. Özlüyümdə qətiləşdirmişdim ki, mənə universitet yox, məhz bu şansdan maksimum yararlanmaq lazımdı. Televizorun qarşısında oturub, gündə 8-9 saat Avropa və dünya çempionarlarındakı şərhlərə qulaq asırdım. Qulaq asdıqca yazır, sonra yazılanları oxuyurdum. Yekunda yazdıqlarımdan konspekt əmələ gəlmişdi. Finalda uşaqlar əlimdəki konspektlərin həcmini görəndə şoka düşmüşdülər. Bu qədər yüklənmədən sonra çətin sınaqdan da üzüağ çıxmağı bacardım.

 

- Şərh etdiyin ilk oyun yadındadı?
- Fransa çempionatı idi, “Marsel” – “Brest” oyunu. Timur Juravel “Lujniki”də “Spartak” – ÇSKA qarşılaşmasındaydı və Fransa çempionatının görüşünü şərh etməyə çatdırmadı. Efirdən təxminən 50 dəqiqə əvvəl bildim ki, oyunu mən şərh edəcəm.

 

- Başına gələn maraqlı və gülməli olaylar yəqin ki, çox olub. Onlardan hansını nəql edə bilərsən?
- Belə hadisələr karyeramın ilk dönəmlərində çox olub. “Roma” – “Sampdoriya” oyununu mənə həvalə etmişdilər. Açığı, çox həyəcanlı idim, nə qədər də olmasa İtaliya çempionatının qarşılaşması idi. Çünki buna qədərki yarım ildə daha çox Latın Amerikasında keçirilən, əsasən də Braziliya çempionatının oyunlarını şərh edirdim. Səhərəyaxın saat 4-də kim idi Libertadores çempionatının oyunlarına baxan? Birdən-birə “Roma” – “Sampdoriya”... Nə isə, “Sampdorya” qol vurdu. Qolu bayram edirəm, qışqırıram, emosiya-filan. Sonra elə bildim qol qeydə alınmayıb və düzəliş etdim ki, hesab 0:0-dı. Xoşbəxtlikdən həmin gün efirdə telefonu söndürməmişdim. Bir də baxdım ki, atam dalbadal zəng edir. Atam deyir, ay axmaq, sən orda nə danışırsan, titrda da sənin dediklərin əsasında 0:0 yazılıb. Halbuki hesab 1:0-dı. Təxminən 15 dəqiqə “qol qeydə alınmayıb” deyəndən sonra üzrxahlıq edib, “Samptoriya”nın hesabda öndə olduğunu bildirdim. Başımı o qədər itirmişdim ki, həmin gün “Roma”nın vurduğu qolu da təqdim etməmişdim. Kuryoz hadisə idi.

 

- Sənin üçün uyğun duet ortağı kimdi? Efirdə kiminlə daha rahat olursan?
- Mənim üçün duet ortağının kim olması önəmli deyil. Əsasən öz işimi görməyə çalışıram. 

 

- Azərbaycanlı həmkarlarınla əlaqən var?
- Əsasən sosial şəbəkələrdə danışırıq. “Facebook”da Elmir Əliyevlə Rüstəm Fətəliyev var dostluğumda. “İdman Azərbaycan”da Tərlan Şahinoğlu ilə Fərid Ramazanov var – amma onlarla da əsasən virtual dostluğumuz var. Yaxınlığımız, dostluğumuz yoxdu. Həm də, iki il idi “facebook”u dondurmuşdum, heç kimlə ünsiyyətim yox idi.

 

"Kumirim Vasili Utkindi!

- Təsəvvür et ki, ÇSKA – “Ural” görüşünü şərh edirsən və hakim haqlı penaltini təyin etmir. Sən də epizodla bağlı fikirlərini bildirir, həmin anda qayda pozuntusunun olduğunu iddia edirsən. Oyunun ertəsi qapısına penalti verilməyən klubdan zəng vurub, narazılıq edirlər. Belə hallar olur?
- Əlbəttə, olur. Həm də bir dəfə yox, mütəmadi.

 

- Sizdə belə anlayış var ki, şərhçi penalti epizodu ilə bağlı şəxsi fikrini deməməlidi? Yəni hakim hansı qərar verirsə, odu...
- Məncə, eyni çətinlik sizdə də mövcuddu. Amma burda bir qədər fərqlidi. Əvəllər hansısa klub istədiyi şərhçini “ban” edə bilirdi. Nümunə deyim, bir ara “Spartak” Aleksey Andronova qadağa qoymuşdu. İstəmirdi ki, klubun oyunlarını o şərh etsin. Telekanal rəhbərliyi tapşırmır ki, şübhəli epizodlara qıcıq yaradacaq şərhlər verməyin. Amma Valeri Karpin Matç Tv-də rəhbər postda çalışanda deyirdi ki, mülahizə yürüdəndə mütləq qeyd edin ki, fikrimcə belə olmalıdır.

-

- Elə olur ki, hansısa komandanın iştirakı ilə keçirilən oyunu şərh etməkdən boyun qaçırırsan?
- Əksinə, şərh etmək üçün icazə ala bilərəm, amma boyun qaçırdığım yadıma gəlmir. 

 

- Şərhçilər konkret liqalara görə bölünür?
- Fransa çempionatını mütəmadi Roman Truşeçkin və Aleksandr Şmurnov şərh edir. Almaniya çempionatının oyunlarında iş başında Roman Naquçev, Sergey Krivoxarçenko və mən oluruq. 

 

- Maaş nə qədərdi?
- Bu, şəxsi məsələdi, məbləğ açıqlamağın tərəfdarı deyiləm. 

 

- Hər sahədə işləyənin kumiri olur. Sənin üçün kumir kimdi?
- Vasili Utkin! Yetişməyimdə 90 faiz pay sahibidi.

 

- Azərbaycan klublarının iştirakı ilə keçirilən oyunlarda iş başında olmaq yəqin ki, qeyri-adi hissdi...
- “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsində görmək əlavə motivasiyadı, başqa hisslərdi. Amma “Qarabağ”ın oyunlarından sonra məni çox qıcıqlandırırlar, ünvanıma söyüşlər söyürlər. Bir dəfə hardasa yazı oxudum ki, guya mən Azərbaycana, “Qarabağ”a qarşıyam. Bilmirəm niyə, amma bəzi insanlarda belə fikir formalaşıb. Halbuki, “Kopenhagen”lə oyunu şərh edəndə, matçın sonlarında göz yaşlarımı saxlaya bilmədim, rəsmən ağlayırdım. “İnter”lə Bakıdakı oyunda hakim qolu qeydə almayanda xeyli müddət özümə gələ bilmədim. Onda da Riçardın qolunun qeydə alındığını zənn edib, sevincdən ağlamışdım. Bizimkilərin oyunu şərh etmək, əlbəttə, xüsusi hisslərdi.

 

-  Vidalaşmaq vaxtıdı, qardaş!
-  Fürsətdən istifadə edib sizə, azərbaycanlılara, bizi izləyən dostlarımıza təşəkkür edirəm. İnanıram ki, tezliklə Azərbaycanda görüşəcəyik.

 

CEYHUN ƏLİYEV, Bakı - Moskva - Bakı

19 Noyabr 2018
18 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB