TOP 10

Çəlikəl yeni transferlərin çox olacağını açıqladı: "Maddi məsələlərdə komandadakı tarazlığı pozmamalıyıq, balansı qorumalıyıq"

Futbol
Tarix: 2018-05-24 10:50

Topaz Premyer Liqasında ardıcıl 5-ci çempionluğu qazanan "Qarabağ"ı qarşıda məsul sınaq gözləyir. Ölkəmizi yenə Çempionlar Liqasında təmsil edəcək Ağdam klubu hazırda əsas diqqəti heyətin komplektləşdirilməsinə yönəldib. Özü də bu dəfə çempionumuzdan gedən futbolçuların az olmayacağını nəzərə alsaq, transfer çalışmalarında daha aktivlik müşahidə olunmalıdı. "Qarabağ"ın direktoru Əmrah Çəlikəllə söhbətimizdə bu məsələlərə aydınlıq gətirməyə çalışdıq. Klub rəhbəri Sport24.az-a müsahibəsinə yeni transferlərlə bağlı işlərin gedişi haqda ümumi məlumat verməklə başladı.

 

- Əlbəttə, yeni transferlərimiz olacaq. Bununla bağlı işlər gedir. Ancaq bildiyiniz kimi, məlumatlı gizli saxlayırıq. Buna görə detallı açıqlama verə bilməyəcəyəm. Amma hal-hazırda görüşdüyümüz, danışdığımız futbolçular var.

 

- Yalnız legionerlərdi?

- Yox. Həm yerli, həm də əcnəbi oyunçulardı. Bundan əlavə, bizdə müqaviləsi bitən futbolçularla da danışıqlarımız gedir.

 

- Heç olmasa onu bilmək olar ki, neçə yeni futbolçu almağı, hansı mövqeləri gücləndirməyi planlaşdırırsınız?

- Bunu dəqiq deyə bilmərəm. Çünki bu məsələdə baş məşqçimiz Qurban Qurbanov səlahiyyət sahibidi. Çox güman ki, imkan daxilində baş məşqçimizin istədiyi qədər futbolçunu heyətimizə cəlb edəcək.

 

- Adı "Qarabağ" ətrafında xeyli vaxtdı hallandırılan, hələ qış fasiləsindən gələcəyi deyilən Cənubi Afrikanın “Mamelodi” klubunun mozambikli hücumçusu Xama Billiatın məsələsi nə yerdədi?

- Bilmirəm o məsələ niyə bu qədər uzandı. Hələ ki, futbolçu haqda söhbət gedir. Vaxtında Qurban müəllim də bu haqda açıqlama verdi ki, o, maraqlandığımız futbolçulardan biri idi. Ancaq Xama hal-hazırda transfer siyahımızda, danışıqlar apardığımız futbolçular sırasında yoxdu.

 

- Müqaviləsi bitən legionerlər mövzusu maraqlıdı. İbrahim Şehiç, Dani Kintana, Ansi Aqolli. Onları saxlaya biləcəksiniz?

- Saxlamaq deyəndə ki, əlbəttə, təkliflərimizi deyəcəyik. Hazırda danışıqlarımız gedir. Kimlə razılaşacağıq, kimlə yox, onu tez bir zamanda biləcəyik. Tək dedikləriniz yox, bizə lazım olan, müqaviləsi bitən bütün futbolçularla danışıqlar aparırıq.

 

- Legionerlər daha yaxşı şərtləri olan yeni müqavilələr istəyirlər. Onlar Çempionlar Liqasının qrupuna düşməsindən, bunun nəticəsində "Qarabağ"ın maddi durumu xeyli yaxşılaşandan sonra belə demək olarsa, yeni anlaşmaya görə daha çox pul gözləyirlər. Əks təqdirdə qalmağı lazım bilmirlər. Məsələn, deyilənə görə, Şehiç yeni müqavilənin maddi şərtlərini onu qane etməməsindən narazılıq edərək gedir. Belə mənzərəyə şahid olmusunuz?

- Öz transfer siyasətimiz var. Biz bir komandayıq, komandada tarazlıq, balanslar var. Onu itirməməliyik, əksinə, qorumalıyıq, pozulmasına imkan verməməliyik. Əlbəttə, hamı daha çox pul qazanmaq istəyər. Ancaq dediyim kimi, öz fəlsəfəmiz var və ondan qırağa çıxmırıq.

 

- Hər halda, yeni müqaviləyə görə məbləğ əvvəlkiylə müqayisədə aşağı olmaz...

- Əlbəttə, aşağı olmaz, yuxarı olar. Çempionlar Liqasında, Premyer Liqada uğur qazanmaq istəyiriksə, futbolçularımızın istəklərini, tələblərini yerinə yetirməliyik. Ancaq istəklərimizdən, imkanlarımızdan kənarda olan futbolçular da olacaqlar. Komandamızdan rəsmən gedən futbolçuları tez bir zamanda mətbuata bildirəcəyik.

 

- Hələ ki rəsmən yalnız Pedro Enrike açıqlanıb...

- Əslində, Pedro onsuz da bilinirdi ki, gedəcək. O, bizdə icarədə oynayan futbolçu idi. Anlaşması bitdi və sağollaşdıq.

 

- Yeri gəlmişkən, onu birbaşa transfer etmək heç müzakirə olunmadı?

- Bildiyiniz kimi, Pedro üçün çox böyük məbləğdən söhbət gedir. Söhbət burda futbolçunun özündən yox, əvvəlki klubu PAOK-dan gedir. Ona görə də danışıqlara yekun vurduq.

 

- Razılaşarsınız ki, 6 ildi "Qarabağ"da oynayan Riçard Almeydanın gedişi böyük itkidi. Onu saxlamağa cəhd oldumu?

- Almeydanın aparıcı futbolçu olaraq artıq Azərbaycana da bağlılığı var. Əlbəttə, onun istəyi, karyerasıyla bağlı qərarı əsas idi. Almeyda istəyərək belə qərar verdi və danışığımız olmadı.

 

- Onun karyerasını harada davam etdirəcəyindən məlumatlısınız? Sizə deyibmi?

- Yox. Mən də sizin kimi bilmirəm və gözləyirəm. Ümidvaram ki, onun üçün yaxşı olacaq.

 

- Ramil Şeydayev də icarəsi bitən futbolçudu və onun da gələcək taleyi maraqlıdı. Bu hücumçu "Qarabağ"da qalacaqmı, yoxsa...?

- Ramil müqaviləylə məxsus olduğu "Tranzonspor" klubuna qayıtdı və hələ ki, o barədə də dəqiqləşən bir şey yoxdu.

 

- Baş məşqçiniz iyunun 10-da millinin düşərgəsindən qayıdacaq. Həmin vaxtadək heyətlə bağlı məsələlərə aydınlıq gələcək, yoxsa Qurban Qurbanovun yığmada işi bitəndən sonraya qalacaq?

- Qurban müəllim hər iki tərəfdə, maşallah, çox işləyir. Bütün gücünü, bacarığını həm yığmaya, həm də "Qarabağ"a xərcləyir. İnşallah, millidə olduğu müddətdə "Qarabağ"la bağlı ehtiyac olarsa, danışıqlarımız olacaq.

 

- "Qarabağ"ın daxili transfer bazarında çalışmalarında durum necədi?

- Əlbəttə, yerli transferlərimiz də olacaq. Ancaq indi bunu reallaşdırmaq çətindi.

 

- Niyə?

- Çünki istədiyimiz azərbaycanlı oyunçuların klublarıyla müqavilələri var.

 

- Hər halda, qış fasiləsindən fərqli olaraq yayda çox futbolçunun müqaviləsi bitir...

- Dediyim kimi, bu məsələ Qurban müəllimin istəyindən asılıdı.

 

- "Qarabağ"dan adətən mövsüm bitəndə bir-iki oyunçu, əsasən ehtiyatda qalanlar gedirdi. Ancaq belə görünür ki, bu yay gedənlər ötən illərdən çox olacaq. Bu, sizlərdə Çempionlar Liqası öncəsi komandanın yenidən formalaşdırmağa görə narahatçılıq doğururmu? Boşluğu doldura biləcəksiniz?

- İnşallah, yaxşı olacaq. Biz özümüzə də inanırıq, Qurban bəyə də. Bəli, yeni transferlərimiz çox olacaq. Ancaq işimizin öhdəsindən gələcəyimizə inanırıq.

 

P.S: Bu gün Əmrah Çəlikəlin ad günüdür. Sport24.az kollektivi "Qarabağ"ın direktorunu doğum günü münasibətilə təbrik edir, ona işlərində uğurlar arzulayır.

 

MEHMAN SÜLEYMANOV

 

 

 

18 Sentyabr 2018
17 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB