TOP 10

Gürcü mütəxəssis Rəşad Sadıqova yüksək qiymət verdi: "Onunla yığmanız tam fərqli oynayır"

Futbol
Tarix: 2018-05-17 13:38

Azərbaycanla Gürcüstanın U-20 yığmaları arasında "Dalğa Arena"dakı yoldaşlıq görüşü rəqibin 2:1 hesablı əzmkar qələbəsiylə nəticələnib. Matçdan sonra gürcülərin baş məşqçisi Vasili Maysuradze Sport24.az-a müsahibə verib. Gürcü mütəxəssis yığmamıza, yeni baş məşqçisi Rəşad Sadıqova qiymət verib. 

 

- Bakıda ilk dəfəsiniz?

- Yox. Bunadək paytaxtınıza yığmalarla bir neçə dəfə səfər etmişəm. İlk dəfə 2012-də "Caspian Cup"a gəlmişəm. Sonradan U-17 və U-19-lar səviyyəsində də görüşlərimiz olub. İndi isə U-20-ylə burada oldum.

 

- Yığmalarımızda nələr dəyişib? Budəfəki rəqibiniz necə təsir bağışladı?

- Komandanız haqda ilk növbədə onu deyim ki, çox xoşuma gəldi. Artıq tam fərqli oynayırsınız. Bilirəm ki, baş məşqçiniz yaradıcı insandı. Yığmanız çox sürətli komandadı. Bizim U-20 yığması da yeni yığılıb. Hazırlaşmağa vaxtımız yox idi. Cəmi 2 gündü toplaşmışıq. Yaxşı matç alındı. Bərabər səviyyəli mübarizə oldu. Ancaq yaxşı ki, biz qalib gəldik. Uğura biz nail olduq.

 

- Sizcə, nəticə qanunauyğun oldu?

- Siz necə düşünürsünüz?

 

- Məncə, millimiz ən azı uduzmamalı idi...

- Ancaq məncə, hesab oyuna görə oldu. 

 

- Yəni qələbəyə siz daha yaxın idiniz?

- Dediyim kimi, bərabər səviyyəli qarşılaşma idi. Ancaq belə deyərdim ki, qələbəni qopara bildik.  

 

- Oyun öncəsi problemlə üzləşdiniz. Komandanızı gətirən avtobus texniki nasazlıq üzündən yolda dayandığından, matç 15 dəqiqə gec başladı...

- Bəlİ, avbtobusumuz yolda xarab oldu. Nəticədə şosedə 30 dəqiqə qalmalı olduq. Necə deyərlər, "ÇP" baş verdi (gülür). Ancaq düşünmürəm ki, bu, bilərəkdən edilmişdi.

 

- Aydın məsələdi ki, hər qələbə önəmlidi, sevindiricidi. Ancaq qola elə emossional sevinirdiniz ki, sanki prinsipial, böyük əhəmiyyət kəsb edən rəsmi matç idi...

- Komandamızda 20 yaşdan da az - 2000-cü il təvəllüdlü 3-4 futbolçu vardı. Yəni tam heyətimiz yox idi. 5-6 əsas futbolçumuz kənarda qalmışdı. Qələbə həmişə sevindiricidi. Qalib gələndə daim şad oluruq. Hesab edirəm ki, qələbəni həmişə qeyd etmək lazımdı. 

 

- Yığmamızdakı futbolçulardan biri Gürcüstan çempionatında oynayır. Maraqlıdı, bunu bilirdiniz?

- Doğrudan? Kim?

 

- 11 "nömrə"li cinah yarımmüdafiəçisi Fərid Nəbiyev. Müqaviləylə Praqa "Slaviya"sına məxsus olsa da, icarə əsasında II liqa təmsilçisi "Şevardani"də bir neçə aylıq çıxış edir...

- Yox, bilmirdim. 

 

- Köməkçilərinizdən biri - qapıçılarla işləyən Georgi Lomaya futbolumuza çox yaxşı bələddi. O, karyerasının 7 ilini Bakı "İnter"də keçirib. Maraqlıdı, Lomaya sizə Azərbaycan futbolu haqda bir məlumat vermişdi?

- Öncə bildirim ki, Lomayanın ünvanına yalnız xoş sözlər deyə bilərəm. Bilirəm ki, futbol həyatının böyük bir hissəsi Azərbaycana bağlıdı. U-21 yığmanızın Kosovoyla səfərdəki rəsmi oyununu izləmişəm və buna əsasən məndə bir təəssürat yaranmışdı. Bilirəm ki, necə oynayırsınız, hansı futbolu sevirsiniz. Buna əsasən bu qarşılaşmanı planlaşdırmışdım.

 

- Azərbaycanlı həmkarınız - Rəşad Sadıqov futbolumuzda böyük fiqurdu...

- Bəli, bilirəm. Bax, bunu məhz Lomaya mənə demişdi. Məncə, hələ də oynayır, elədi?

 

- Bəli, "Qarabağ"ın kapitanıdı...

- Bildiyimə görə, xarakterli insandı, liderlik keyfiyyətlərinə malikdi. Ona salamlarımı çatdırın və həmkarımıza işində uğurlar arzulayıram. 

 

MEHMAN SÜLEYMANOV

 

19 Noyabr 2018
18 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB