TOP 10

Elşad Əhmədovun açılan “Sabah”ı: “Çətin vəziyyətdən çıxmaq yolunu özün tapmalısan”

Futbol
Tarix: 2018-05-17 15:15

Elşad Əhmədov. 2017-nin sonlarından bu ad ölkə mətbuatında tez-tez hallandı. Əvvəlcə, Elxan Abdullayevin istefasından sonra “Neftçi”də ən azından qış fasiləsinədək qalacağı bildirilsə də, Tərlan Əhmədov həmin postu tutdu. Ardınca “Neftçi”nin əvəzedicilərinin baş məşqçisi postundan da ayrıldı. Daha sonra qışda I Divizionda 9-cu pillədə qərarlaşmış “Xəzər” klubunun “sükanı arxası”na keçdi. Qısa müddət kəsiyində Əhmədov “Xəzər”i autsayderlər sırasından çempionluğa daşıya bildi. Lakin klubun Premyer Liqada iştirak üçün lisenziya ala bilməməsi Əhmədovun da zəhmətinin üstündən xətt çəkdi. Ancaq zəhmətkeş insanın əziyyəti heç vaxt bəhrəsiz qala bilməz. Premyer Liqaya “Sabah”ın buraxılacağına dair xəbərdən cəmi 2 gün sonra Elşad Əhmədova bu klubu çalışdırmaq təklif olundu. Dünən 48 yaşlı mütəxəssislə görüşmək qərarına gəldik. Bir xeyli məqamlara obyektiv səbəbdən aydınlıq gətirə bilməsək də, “Sabah”ın sabahı barədə ümumi karkasın cizgiləri sezildi.

 

- İlk növbədə buna aydınlıq gətirərdiniz ki, “Sabah”dan təklif kim tərəfindən, nə vaxt gəldi?
- “Xəzər”lə Premyer Liqaya çıxacağımızı neçə vaxtdı fikirləşirdik, buna da ümidli idik. Xəbər çıxdı ki, “Sabah” orda iştirak edəcək. Bundan sonra AFFA-nın Lisenziyalaşdırma Qrupunun yekun qərarını - vacib xəbəri gözlədik. Düşünürdük ola bilər ki, “Xəzər”i də Premyer Liqaya buraxalar. Ancaq rəhbərlik dedi ki, alınmadı. Mənim də fikrim Premyer Liqada “Xəzər”i görmək idi. Əziyyət çəkmişdik, istəyirdik ki, güclülər dəstəsinə çıxaq. Ancaq mətbuatdan xəbər yayılanda ki, Premyer Liqaya “Xəzər” yox, “Sabah” buraxılır, bundan sonra hazırkı klubum mənimlə əlaqə qurdu. Təklif “Sabah” rəhbərliyindən gəldi və mənə ilk sualları bu oldu ki, bizimlə işləyərsinizmi. Mən də cavab verdim ki, “Xəzər”i gözləyirəm, Premyer Liqaya çıxsa, yüz faiz bu klubda qalacam. Ancaq biləndən sonra ki, “Xəzər” çıxmır, təkrar mənimlə əlaqə saxladılar.  Düşündük, görüşdük, söhbətləşdik və razlaşdıq.

 

- Azərbaycanda heç vaxt müqavilənin şərtləri açıqlanmır. Hər halda, razılaşaq ki, I Divizionla Premyer Liqa fərqlidi. “Sabah”la müqavilənizdə bu, öz əksini tapırmı?
- Hələ ki, müqavilə bağlamamışıq. Sadəcə, şifahi razılıq əldə olunub. 

 

- Danışdığınıza əsasən demək olarmı ki, fərq varmı?
- Orda da tam təfərrüat olmayıb. Əsas odu ki, “Sabah”dakı mühit məni qane etdi. Danışdığımız insanlarla bir-birimizi başa düşdük. Dediyiniz məsələyla bağlı söhbət olmayıb, ancaq olacaq. Bugünkü gün üçün (söhbət dünən olub – müəl.) hələ konkretləşməyib. 

 

- “Sabah” rəhbərliyindən konkret kimlə danışmısınız?
- Ad çəkməyim, ancaq rəhbərlikdə olan insanlarla danışmışam.

 

- Hədəflərlə bağlı söhbətiniz olub?
- İlk növbədə baxımlı futbol haqda danışdılar. Onlar komandanın gözəl oyun göstərməsini istəyirlər. Gələn mövsümdə imkan daxilində yaxşı çıxış etmək istəyirik. Konkret hansısa yeri tutmaq haqda söhbət olmayıb. 

 

- Premyer Liqa bir az mürəkkəb sistemdi. Azərbaycanı nəzərdə tuturam. Sonuncu yerin sahibi gah I Diviziona düşür, gah da Premyer Liqada qalır. Hər halda, o riskə getmək məqsədiniz olmayacaq ki, 8-ci yeri tutaq, ümid edək ki, dəyməzlər...
- Yox, qətiyyən! İnşallah, fikrimcə, normal bir komanda yarada biləcəyik. Beynimdən keçənləri həyata keçirsək, buna nail ola biləcəyik. Sonuncu yeri tutmağı düşünmürük. Mən Elşad Əhmədov olaraq “Sabah”a axırıncı yeri tutmaq üçün getmək istəmirəm. Rəhbərliklə fikir mübadiləsi apardıqdan sonra əmin oldum ki, onlar da bunu istəməzlər. Ancaq normal, baxımlı futbol oynayan komanda qurmaq olar. 

 

- Nəticə də olmaq şərtilə...
- Bəli, bu, vacibdi. Premyer Liqa hər dəfə bizə şans veriləsi yer deyil. Bu şansdan səmərəli istifadə edib özümü isbat etmək istəyirəm. 

 

- "Xəzər"in dəst-xəttini xatırlayanda, hardasa şən, sürətli futbol görürdük. Premyer Liqada eyni dəst-xətti “Sabah”la tətbiq etməyi planlaşdırırsınız, yoxsa fərqli bir ideyalarınlız var?
- Yaxşı bilirsiniz ki, hər məşqçinin öz üslubu olur. Futbolçu dövrüm yadınıza gəlir ki, necə oynamağı sevirdim.  Komandamı bacardığım qədər bu üslubda oynatmaq istəyərəm. Misal gətirim, qapıçın topu tutub heç nədən irəli vuranda, ağrıyıram, hirslənirəm. İstəmirəm ki, top boş-boşuna irəli vurulsun. Düşdüyünüz çətin vəziyyətdən çıxmaq yolunu özün tapmalısan. Yoxsa vurum irəli, bu, çıxış yolu deyil. 

 

- Yəni sizin baxışınıza görə topla “lotereya oynanılmamalıdı”...
- Bəli, istəyim budur ki, top məndə olsun, topa daha çox sahib olaq. Düzdür, “Sabah”ın Premyer Liqada “Qarabağ”a, “Qəbələ”yə qarşı bunu etməsi real deyil. Ancaq inşallah, yenə bu yöndə işləyəcəyik. 

 

- Rəhbərliklə ilkin söhbətiniz əsnasında bilmək istərdik ki, komandada legionerlərə yer olacaqmı, yoxsa..?
- Legionerlər olacaq. Özüm də çox istəyirəm ki, komandada azərbaycanlı futbolçular, gənc oyunçular çıxış etsin. Ancaq bizdən nəticə istəniləndə, meydanda ən azı 4-5 legionerin olması vacibdi. 

 

- Yəqin ki, artıq gözaltı etdiyiniz futbolçular var...
- Var. Ancaq bilmirəm ki, büdcəmiz nə qədər olacaq. Buna görə konkret bir şey açıqlaya bilmirəm. Ancaq legionerlər istəyirəm.

 

- Bəs yerli futbolçular?
- Onlar da planımızda var. Həmin maddi məsələlər onlara da da aiddi. “Sabah”ı deməyək, “Xəzər” üçün legionerlər fikirləşirdik. Çempionata o fikirlə baxırdım ki, bu komandanı Premyer Liqaya çıxaracağıq. Olmadı, ancaq Elşadın ağlındakı fikir yenə qalır. 

 

- Köməkçilərinizlə bağlı fikir artıq formalaşıbmı?
- Tam yox. İki variantım var. Bu da rəhbərliklə edəcəyimiz söhbətdən, maddi şərtlərdən asılıdı. 

 

- Emin Abbasovla Gündüz Abbaszadə “Xəzər”ə gəlişinizdə müstəsna pay sahibləri olublar....
- Bəli, yanılmırsınız. “Xəzər”in çempion olduğunu demirəm, ortaya çıxmasında, 1-ci yeri tutmasında, mehriban kollektiv olmasında Elşad Əhmədovdan da çox Emin Abbasovun əməyi var. Bunu böyük hərflərlə qeyd edirəm. Hər halda, nə dediyimi yaxşı bilirəm. Komandanın yığılmaısnda 30 faiz mən iştirak etmişəmnsə, 70 faiz pay Eminindi. Abbaszadənin də görülən işlərdə rolu, zəhməti olub. O, mənimlə birgə “Xəzər”ə gəlib. Onlarla birgə işləmək istəyərəm. Ancaq bunun üçün “Sabah” rəhbərliyi ilə söhbət etməliyəm. Fikrimdən keçəcək şeylər var. Ancaq bu, o demək deyil ki, Emin Abbasovla Gübndüz Abaszadə də artıq bura gəlirlər. Saytlarda bu haqda yazlanları oxuyuram, ancaq fakt məndə belə məlumat yoxdu. Bilmirəm ki, belə şeylər hardan çıxır. İndiyədək deyilənlər boş söhbətlər var. Ancaq ağlımdan keçən şeyləri “Sabah”ın rəhbərliyinə çatdıracam. Məsləhət olacaqsa, olacaq. Ancaq indiyədək konkret bir şey yoxdu. 

 

- Sizdən asılı hiss odur ki, kluba bu insanların rəhbərlikdə təmsil olunmağını tövsiyə edəcəksiniz...
- Bəli. Yekun qərarı klub rəhbərliyi verəcək.

 

- Sirr deyil ki, təlim-məşq toplanışını ölkə xariicndə etmək böyük effekt verir. Heç olmasa bununla bağlı rəhbərliklə söhbət etmisiniz ki, bu, klub üçün ayrılmaz hissədi?
- Onu özləri qısa söhbətimizdə dedilər ki, hazırlıq proqramımız budu və ora xaricə təlim-məşq toplanışı üçün səfər daxildi. Türkiyə və ya hansısa ölkəyə getmək söhbəti var. Bunu özüm üçün qeyd etmişəm və fikrimi rəhbərliklə görüşümdə deyəcəm. Mən bilən təsdiqlənər. Ancaq xaricdə hazırlıq keçmək mütləq planda var. Əlbəttə, bunu reallaşdırmalıyıq. “Xəzər”lə I Divizion təmsilçisi olaraq Antalyaya təlim-məşq toplanışa gediriksə, necə Premyer Liqa klubu olaraq getməyək?  Bu, vacib məsələdi.

 

- Plan artıq hazırdımı ki, komanda nə vaxt yığılacaq, təlim-məşq toplanışı nə vaxt başlanacaq, neçə mərhələdən ibarət olacaq?
- Özüm üçün bunu yazmışam, ancaq rəhbərlik tərfindən təsdiqlənməyib. Bunu görüşdə edəcəyik. Fikrim odu ki, iyunun 18-də yığışaq, tibbi müayinədən keçək, seleksiya işlərinə başlayaq. Buna bir həftə vaxt ayıracağıq. Ancaq bu, mənim fikrimdi, rəhbərlik də təsdiqləməlidi. Hələ ki, bu haqda məsləhətləşməmişik. Hazırlığa burda başlayacağıq. Təlim-məşq toplanışının yoxlama oyunları üçün nəzərdə tutulan ikinci mərhələsi çox güman Türkiyədə olacaq. 

 

- Konkret hara? Ərzurum?
- Görək hara məsləhət olacaq. Türkiyə variantı olacaq ki, maddi xərc çox olmasın. Azərbaycanad 12 günlük təlim-məşq toplanışı planlaşdırılıb. İyulun 9-22-i Türkiyə hazırlığını yazmışam. Bundan sonra Bakıya qayıdaraq çempionat oyunlarına hazırlışacağıq. 

 

- Ümumilikdə neçə yoxlama oyunu nəzərdə tutulub?
- Türkiyədə getməmişdən 2-si, orda 4-ü, qayıdandan sonra biri. Yəni ümumilikdə 7. Sadəcə, təsdiqlənəndən sonra sizə dəqiq deyə bilərəm. Ola bilər ki, rəhbərliklə söhbətimizdən sonra nəsə dəyişiklik olsun. Ancaq köklü dəyişiklik gözlənilmir. 

 

- Fikrinizcə, legionerlər hansı mövqelərə lazımdı?
- Onurğa sütununa. Yəni hər mövqedə biri mütləq lazımdı. 

 

- O cümlədən qapıda?
- Bu mövqedə də fikirləşirəm. Ancaq daha çox mərkəz müdafiəçisi, dayaq yarımmüdafiəçisi, oyun qurucusu, hücumçu. Mənim üçün bunlar vacibdi. 

 

- Premyer Liqada qısa müddət “Neftçi”də baş məşqçi əvəzi oldunuz. Premyer Liqanın ab-havası yeni komandanıza necə təsir edəcək? İlkin proqnozunuz necədi? Debütantın dizləri əsməyəcək?
- Debütant olaraq çıxışımız yığdığımız futbolçulardan asılı olacaq. Elşad Əhmədov olaraq dizi heç vaxt əsəsi deyil. Ancaq komandada necə futbolçuları yığacağımızı düşünəndə, daha çox gənclərlə çıxası olsaq, bəlkə də ola bilər. Ancaq təcrübəlilərə üstünlük versək, heç vaxt olmaz. Suala tam cavab verə bilmirəm. Çünki hər şey əlimizdə olacaq büdcədən asılıdı. Bunu biləndən sonra yüz faiz işimi bilərəm. Ancaq inanmıram ki, əsmək olsun. Sadəcə, həyəcan ola bilər. 

 

-    Sonda daha bir maraqlı məqama toxunmaq istəyərdik. Arif Əsədovdan halallıq aldınız?
-    Arif müəllimə böyük hörmətim var. Sözünü futbolçu kimi də, məşqçi kimi də demiş mütəxəssisdi. “Sabah”ın rəhbərliyi ilə görüşdən dərhal sonra Arif müəllimə zəng vurdum. Xeyli söhbət etdik. Mənə uğurlar arzuladı. İnanıram ki, Əsədov tezliklə yenidən iş başında olacaq.

 

CEYHUN ƏLİYEV
 

22 May 2018
21 May 2018
B.eÇ.aÇC.aCŞB