TOP 10

Lomaya "Keşlə"yə Qəbələdəki finalda azarkeşlik etməyə gələcək: "Deməzdim ki, gürcü futbolçuların bura gəlişinin azalması pulla bağlıdı"

Futbol
Tarix: 2018-05-17 09:00

Gürcüstanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçılarla işləyən məşqçisi və Bakının "İnter" (indiki "Keşlə") klubunun keçmiş qolkiperi Georgi Lomaya Sport24.az-a müsahibə verib. 39 yaşlı mütəxəssislə söhbətimizə uzun zaman sonra yenidən Azərbaycanda olmaqla bağlı təəssüratlarını öyrənməklə başladıq. 

 

- İlk növbədə sizlərlə yenidən görüşdüyümə görə şadam. Azərbaycan mənim üçün ikinci vətənim kimidi. Ölkənizdə 7 ilimi keçirmişəm. Burada dostlarımı, tanışlarımı görməkdən həmişə çox şadam. Yenidən bu ölkəyə gəldiyimə görə sevindim. Ancaq artıq futbolçu yox, məşqçi qismində təşrif buyurmuşam. 

 

- U-20 yığmamızla oyunu necə dəyərləndirərdiniz?

- Özünüz də gördünüz ki, bərabər səviyyəli oyun oldu. Görünür ki, baş məşqçi Rəşad Sadıqov çox yaxşı komanda yaradıb. Onun məşqçi kimi əli, dəst-xətti dərhal görünür.

 

- Yığmamız Sadıqovun kapitanı olduğu "Qarabağ" kimi oynayır...

- Bəli, çox sürətlə oynayır. İlk hissədə sizin komandanın bizdən çox şansı oldu. İkinci hissədə isə dəyişikliklərdən sonra üstünlük tərəfimizə keçdi və qalib gəldik.

 

- Nəticəni oyuna görə sayırsınız?

- Fikrimcə, bərabər səviyyəli oyun idi. Sadəcə, bəxt bizim tərəfdə oldu və qələbə qazandıq.

 

- Oyunun gedişində qalib gəlib hər kəsə "Gürcüstanda pul az olsa da, Azərbaycandan daha yaxşı futbol oynayırıq” fikrini sübut etmək ağlınızdan keçirdimi?

- Bütün hallarda, pul olsa da, olmasa da, meydana çıxırsansa, istənilən komandayla oyunda hədəf yalnız qələbə olmalıdı. Sadəcə, Azərbaycanla qarşılaşanda, burada köhnə dostlarımla görüşmək xoş oldu. Qalib gəlməyimiz isə sevindirici haldı. 

 

- "İnter”dən ayrıldıqdan sonra Azərbaycana ilk dəfə gəlirdiniz?

- Xeyr, daha əvvəl gəlmişdim. Əlbəttə, burda tez-tez oluram. Əslən bakılıyam (gülür).

 

- Komandamızdakı futbolçu Vato Arveladze məşhur Arveladze nəslinin davamçısı olmalıdı...

- Bəli, o,məşhur  Şota və Arçil Arveladzelərin qardaşı oğlu, Gürcüstan Futbol Federasiyasının sabiq baş katibi Revaz Arveladzenin oğludu. 

 

- Azərbaycan çempionatında gürcü futbolçuların sayının azalmasını nə ilə əlaqələndirərdiniz?

- Səbəb deyə bilmirəm.

 

- Bəlkə futbolumuzda pul azalıb, ona görədi, yoxsa...?

- Deməzdim ki, bu, pulun azalması ilə əlaqədardı. Sadəcə, klublarınız bizim ölkənin oyunçuları ilə maraqlanmalıdırlar. Hazırda Gürcüstan çempionatında xeyli gənc futbolçu çıxış edir. Yəni çempionatımız da xeyli gəncləşib. 

 

- İndi sizin zamanınızdakı kimi xarizmatik futbolçuların - Georgi Lomaya, Georgi Adamiya kimilərin olmadığını düşünmürsünüz?

- İstedadlar həmişə olub. İndi də var. Hər halda, bizdə hamı futbolu sevir. İndiki gənclərimizin hamısı yaxşıdı. Sadəcə, öz üzərində işləməkdən çox şey asılıdı. Dediyiniz amil həm də çıxış etdiyin çempionatdan asılıdı. Güclü liqada, güclü komandalara qarşı oynadıqda inkişaf edə, futbolçu kimi artıra bilirsən. 

 

- "İnter"in çıxışını heç olmasa internet vasitəsilə izləyirsiniz?

- Əlbəttə. Bilirəm ki, adı dəyişdirilərək, "Keşlə" olub. Sevinirəm ki, artıq onlara avrokuboklarda oynamaq üçün icazə verilib. Keçmiş komandama ölkə kubokunun finalında uğurlar arzulayıram. Bəlkə özüm də gəlib stadiondan izlədim. İstərdim ki, Qəbələyə gəlim.

 

- Üstəlik, final Gürcüstana yaxın yerdə keçiriləcək...

- Elədi. Gürcüstandan Qəbələyə bir neçə saatlıq yoldu. Səfərdə oynasalar belə, istənilən halda, onlara azarkeşlik edəcəyəm.

 

- "İnter”in uzun müddət sonra "Keşlə” adlanması sizə necə təsir edir?

- Doğrudur, komanda "İnter” adlanan vaxt oynamışam. Ancaq istənilən halda, ikisi də mənə eyni, doğma komandadı. Eyni stadionda çıxış edirlər. Qapıçılarla işləyən məşqçimiz Cəmaləddin Əliyev də yenə komandadı. Çox sevinirəm ki, onunla yenidən görüşdüm. Minnətdaram ki, mənə burada çıxış etmək üçün 7 il şans verdilər. Əliyev çox sağ olsun ki, mənə bu qədər uzun müddət güvəndi, indiyədək  onunla dostam.

 

- Maraqlıdı ki, keçmiş komandanızın hazırda əsas qapıçısı milimizin də "1 nömrəi"si olan Kamran Ağayevdi...

- Kamranla da dostluq edirəm. Onunla da "İnter"də birgə olmuşam. Ağayevə də uğurlar arzulayıram. Mənimlə "İnter"də çiyin-çiyinə oynamış Səlahət Ağayevə də salamlarımı yollayıram. Onlarla görüşmək üçün elə də vaxtım olmadı. Lakin Cəmaləddin Əliyevlə görüşdüm. Fürsətdən istifadə edərək, milli komandanıza da UEFA Millətlər Liqasında və 2020-ci il Avropa çempionatının seçmə tsiklində uğurlar arzulayıram. Azərbaycan xalqına isə salamlarımı çatdırıram.  

 

MEHMAN SÜLEYMANOV

22 May 2018
21 May 2018
B.eÇ.aÇC.aCŞB