TOP 10

"Mundial-2018": DÇ-nin debütantları

Futbol
Tarix: 2018-05-16 10:52

Bir ay sonra Rusiyada sayca 21-ci futbol üzrə dünya çempionatı start götürəcək. 4 ilin ən nüfuzlu idman yarışı olan DÇ-də 32 komanda çempionluq uğrunda mübarizə aparacaq. Turnirin tarixinə nəzər salsaq, görərik ki, indiyə qədər 77 ölkə mundial həyəcanı yaşayıb ki, bu il debüt edəcək İslandiya və Panamanı da əlavə edəndə bu rəqəm 79-a bərabər olur.

 

“Mundial – 2018” rubrikamızda həm İslandiya, həm də Panama haqda söhbət açmışıq. Ancaq bu dəfə mövzunu daha da geniləşdirib DÇ tarixində yalnız 1 dəfə çıxış edən komandalara toxunmaq qərarına gəldik. İndiyədək neçə ölkənin debüt çıxışı elə son iştirakı olub? Hansı debütant daha yaxşı nəticə göstərib? 1 dəfə iştirak edib “əsas iştirakdır” prinsipini əldə rəhbər tutan yığma komanda hansıdır?

 

İndiyə qədər 19 milli komanda DÇ-də 1 dəfə iştirak edib ki, ilk belə hal 1938 Fransa mundialında yaşanır. 

 

1938: KUBA, İNDONEZİYA

 

Kuba və İndoneziya – İlk qəhrəmanlarımız məhz bu 2 milli komandadır.

 

DÇ-yə vəsiqə qazanan Kuba və İndoneziya Fransa topraqlarında debüt edirlər. O dönəm Niderlandın müstəmləkəsi olaraq mundiala Niderland ost-Hindistanı altında qatılan İndoneziya yığması Asiyanı mundiallarda təmsil edən ilk kollektiv olaraq tarixə keçir. İlk mərhələdəcə Macarıstana 0:6 uduzan asiyalıların mundial tarixi elə 1 oyundan ibarət olur.

(Bu heyət İndoneziyanın mundialda iştirak etdiyi ilk və son heyət olaraq tarixə keçdi)

 

Kubaya gəlincə, mərkəzi amerikalılar İndoneziyaya nisbətən daha uğurlu çıxış edirlər. İlk mərhələdə Kuba Rumıniya ilə 3:3-lük heç-heçəyə nail olur. O dövr penalti seriyası olmadığına görə komandalar 2-ci dəfə üz-üzə gəlirlər və bu matçda rəqibinə 2:1 qalib gələn “Karib şirləri” ¼ finala vəsiqə qazanır. Ancaq bu mərhələdə İsveçə 0:8 məğlub olan amerikalıların bu, son mundial matçı olur. Bu mundialdan sonra nə Kuba, nə də İndoneziya heç vaxt Dünya çempionatına vəsiqə qazana bilmədilər.

1958: UELS

 

Hadisələri qabaqlayıb söyləyək ki, ən yaxşı debütant məhz Uels yığması olub. 1958-ci ildə İsveçdə debüt edən “əjdahalar” qrupda İsveç, Macarıstan və Meksika ilə heç-heçə edib pley-offa vəsiqə uğrunda Macarıstanla təkrar matçda qüvvəsini sınayır. Rəqibinə 2:1 qalib gələn britaniyalılar ¼ finalda Braziliyaya rəqib olurlar. Burada 17 yaşlı Pelenin qoluna mane ola bilməyən Uels mübarizəni dayandırır. Mundialı 5-ci pillədə başa vuran “əjdahalar” ən yaxşı debütant olaraq tarixə keçir.

(Uelslə matçda fərqlənən Pele mundiallarda ilk qoluna imza atır)

 

1970: İSRAİL

 

Növbəti qəhrəmanımız İsrail yığmasıdır. Böyük futbol ənənələri ilə seçilməyən İsrail DÇ 1970-də debüt edir. Asiyanın yeganə təmsilçisi olan “ağ-göylər” qrupda yalnız Uruqvaya məğlub olur - 0:2. Digər 2 oyunda Meksika (1:1) və İtaliya (0:0) ilə matçlarda heç-heçəyə razılaşan asiyalılar qrupu 2 xalla sonuncu sırada başa vurmalı olur. Bu debütdən sonra heç vaxt DÇ həyəcanı yaşaya bilməyən İsrailin mundiallarda ən yaxşı göstəricisi 12-ci yerdi.

(İsrailin Meksika qarşısındakı 11-liyi)

 

1974: HAİTİ, ZAİR

Almaniyada təşkil olunan mundialda 2 komanda birdən debüt edir ki, onların da bu, ilk və son iştirakları olur. Söhbət Afrika və Şimali Amerikanın yeganə təmsilçiləri olan Konqo (Zair) və Haitidən gedir. Hər iki komanda turniri bərbad nəticələrlə xalsız başa vurur, xüsusilə afrikalıları qeyd etmək olar. Yuqoslaviyadan alınan 0:9 hesablı məğlubiyyət DÇ tarixində qeydə alınan ən böyükhesablı 3 məğlubiyyətdən biridir. Şotlandiya və Braziliyaya da müvafiq olaraq 0:2 və 0:3 uduzan Zair yığması mundialı -14 top fərqi ilə başa vuraraq ən pis debütant kimi tarixə keçir.

 

Zair kimi Haiti də qapısında 14 top görür, ancaq Polşa (0:7), Argentina (1:4) və İtaliya (1:3) kimi rəqiblərə qarşı mərkəzi amerikalılar İtaliya və Argentina kimi nəhənglərə qol vurmağı bacarır. Buna baxmayaraq onlar da Zair yığmasından sonra ən bərbad debütant olurlar.

(Dino Zoff və onu məyus edən Emmanuel Sanon)


1982: KÜVEYT

 

İspaniyada Asiyanın yeganə təmsilçisi olmuş Küveytlə davam edək. Braziliyalı Karlos Alberto Perreyranın başçılığı altında mundiala vəsiqə qazanan Küveyt turnirə Çexoslovakiya bərabərliyi ilə başlasa da, daha sonra Fransa və İngiltərədən müvafiq olaraq alınan 1:4 və 0:1 hesablı məğlubiyyətlər nəticəsində qrupda qaldı. 1 xal qazanaraq İspaniyanı 24 komanda arasında 21-ci sırada tərk edən “mavi dalğa” ləqəbli milli komanda o mundialdan sonra bir daha DÇ-yə vəsiqə qazana bilmədi.

1986: İRAQ, KANADA

 

Bu dəfə İraq və Kanada “əsas iştirakdır” prinsipinə uyğun olaraq mundialı xalsız başa vurdular. Meksikada təşkil edilən mundialda debüt edən Kanada Fransa (0:1), Macarıstan (0:2) və SSRİ (0:2) ilə matçlarda nə xal qazana bildi, nə də fərqlənə.

Kanadadan fərqli olaraq İraq fərqlənə bilsə də, xal qazana bilmədi. Bütün oyunlarda minimal fərqlə yenilən “Mesopatamiya aslanları” Paraqvayla Meksikaya 0:1, Belçikaya isə 1:2 məğlub olmaqla sonuncu olmaqdan qurtuldu.

(İraq milli komandası Meksika ilə matçdan öncə)

 

Ümumiyyətlə, həm Kanada, həm də İraq DÇ-1986-da xal qazana bilməyən millilər oldular, sadəcə asiyalılar şimali amerikalıları ümumi sıralamada qabaqlaya bildilər.

 

1990: BƏƏ


Karlos Alberto Perreyranın növbəti debüt millisi Birləşmiş Ərəb Əmirlikləri yığması ilə davam edək. Əksər yığmalar kimi BƏƏ də turniri xalsız başa vurdu. Qrupda ardıcıl olaraq Kolumbiyaya 0:2, Qərbi Almaniya (1:5) və Yuqoslaviyaya (1:4) uduzan “Zayedin oğlanları” ləqəbli komanda 24 komanda arasında sonuncu oldular.

(BƏƏ futbolçuları və Yürgen Klinsmann)

 

1998: YAMAYKA

 

Braziliyalı Rene Simoeşin başçılığı altında ilk dəfə mundiala vəsiqə qazanan Yamayka millisini Fransada H qrupunda Xorvatiya, Argentina və Yaponiya ilə mübarizə gözləyirdi. İlk 2 turda “damalılar”a 1:3, Argentinaya isə 0:5 uduzaraq pley-off şanslarını itirən “Reggae Boyz” ləqəbli milli mundialı digər debütantlar kimi xalsız yox, 3 xalla tərk etdi. Yaponiya ilə matçda 2:1 qalib gələn mərkəzi amerikalılar ilk dəfə 32 komanda arasında keçirilən turniri 22-ci pillədə başa vurdu.

(Argentina ilə matçda Rikardo Qardner və Xavyer Zanetti)

 

2002: ÇİN

 

5 milli komanda ilə DÇ-də iştirak etmiş yuqoslaviyalı baş məşqçi Bora Milutinoviçin son cəhdi debüt edən Çin yığması ilə Yaponiya və Koreyada qeydə alındı. C qrupunda Braziliya, Türkiyə və Kosta-Rika ilə mübarizə aparan “əjdahalar” hər 3 matçda məğlub olmaqla yanaşı heç fərqlənə də bilmədilər. İlk dəfə qatıldığı mundialı 31-ci sırada tamamlayan Çin yalnız Səudiyyə Ərəbistanı millisini qabaqlaya bildi.

(Türkiyə – Çin matçından Yıldıray Baştürk və Jiayi Şao)

 

2006: ANQOLA, TOQO, UKRAYNA, TRİNİDAD VƏ TOBAQO

 

DÇ-2006 debütlər baxımından daha zəngin bir mundial oldu. Afrikadan Anqola və Toqo, CONCACAF-dan isə Trinidad və Tobaqo millisi debüt edirdi. Müstəqil ölkə olaraq Ukrayna da ilk mundial həyəcanını yaşayırdı. Hadisələri qabaqlayıb söyləyək ki, ən yaxşı nəticəyə məhz avropalılar imza atdılar.


Mundialın ilk sürprizi isə Leo Beenhakkerin çalışdırdığı Trinidad və Tobaqo yığmasından gəldi. İsveçlə qarşılaşan “Soca Warriors” qolsuz heç-heçə etməklə çoxlarını təəccübləndirdi. Daha sonra İngiltərə ilə matçda da sensasiyaya yaxın olan mərkəzi amerikalılar son 7 dəqiqədə buraxılan qollarla meydanı xalsız tərk etdilər. Paraqvayla matçı 0:2 məğlub başa vuran Beenhakkerin yetirmələri mundialı qol vurmadan tərk etsə də, İsveçlə matçda qazanılan 1 xal 1 milyon yarım əhalisi olan Trinidad və Tobaqo üçün böyük bayrama səbəb olmuşdu.

(Trinidadlı futbolçular İsveçlə matçda qazanılan tarixi 1 xalı azarkeşləri ilə qeyd edir)

 

Mundialın digər qara-qırmızı yığması Anqola ilə davam edək. D qrupunda yer alan qərbi afrikalıların da uğurlu çıxış etdiyini söyləmək olar. Yalnız Portuqaliyaya 0:1 uduzan “qara qollar” Meksika (0:0) və İranla (1:1) sülh bağlayaraq turniri 2 xalla başa vurdu.

(İranla matçda fərqlənən Flavio Anqolanın tarixinə keçdi. Bu qol “qara qollar”ın DÇ-də vurduğu ilk və hələ ki son qoldur)

 

Toqo isə Fransa (0:2), İsveçrə (0:2) və Koreya (1:2)  ilə mübarizədə qrupu xalsız başa vurdu. Hər 3 oyunda məğlub olan “şahinlər”in təsəllisi Koreya ilə matçda vurulan 1 qol oldu. Adebayorun lideri olduğu komanda mundialı 30-cu sırada başa vurdu.

(Toqolu futbolçular Koreya ilə matçda hesabda önə keçməyin sevinci yaşayır)

 

Keçək, mundialın bir başqa təəccübləndirən yığması Ukraynaya. Oleq Bloxinin rəhbərliyi ilə ilk dəfə DÇ-yə yollanan “sarı-göylər” üçün turnir bərbad başladı. İspaniya ilə qarşılaşan ukraynalılar meydanı 0:4 hesablı darmadağınla tərk etdi. Ancaq bundan sonra Şevçenkonun lideri olduğu komanda ardıcıl olaraq Səudiyyə Ərəbistanına 4:0, Tunisə də 1:0 qalib gəlib pley-offa vəsiqə qazandılar. 1/8 finalda İsveçrəyə rəqib olan Bloxinin yetirmələri 0:0 bitən matçda penaltilərlə rəqibini məğlub edib debüt turnirində ¼ finala vəsiqə qazandı. Bu, yuxarıda qeyd etdiyimiz Uelsin nəticəsinin təkrarlanması demək idi. ¼ finalda İtaliya qarşısında aciz qalan (0:3) Ukrayna 32 komanda arasında 7-ci olmaqla debütdə ən yaxşı nəticə qazanan 2 komandadan biri oldu.

(Penalti seriyasında İsveçrəyə 3:0 qalib gələn Ukrayna ¼ finala vəsiqə qazanır)

 

2010: SLOVAKİYA
 

İlk dəfə Afrikaya həvalə olunan turnirin də qonağı var idi. Söhbət Slovakiya yığmasından gedir. 

 

Slovakiya turnirin ilk oyununda naməğlub Yeni Zelandiya ilə matçda son saniyələrdə 3 xalı əldən verdi -1:1. Ardınca Paraqvaya da 0:2 uduzan Vladimir Vayssın komandası son tura qrup sonuncusu kimi daxil olurdu. Pley-offa vəsiqə qazanmaq üçün Slovakiya İtaliyaya qalib gəlməli idi ki, DÇ tarixlərinin ən maraqlı oyunlarından biri hesab olunan matçda slovaklar son dünya çempionları İtaliyanı 3:2 məğlub edərək qrup 2-cisi kimi 1/8 finala vəsiqə qazandılar. Burada isə Niderlanda 1:2 uduzan “üçrənglilər” mübarizəni dayandırmalı olurlar.


(Sonradan Bakının “Rəvan” komandasında da forma geyinəcək olan Kamil Kopunek İtaliyanı 3-cü dəfə məyus edərək komandasını pley-offa daşıyır)

 

2014: BOSNİYA VƏ HERSEQOVİNA

 

Rubrikanın son belə komandası isə Bosniya və Herseqovina yığmasıdır. Braziliya mundialında debüt edən Safe Suşiçin komandası Argentina (1:2) və Nigeriya (0:1) qarşısında aciz qalaraq pley-off şanslarını itirib. Son turda İran üzərində qazanılan 3:1 hesablı qələbə isə Balkan təmsilçisi üçün təsəlli olub.

(İran üzərində qazanılan qələbə Bosniyanın mundiallar tarixində qazandığı yeganə qələbədir)

 

ƏKBƏR AĞAZADƏ
 

P.S  Onu qeyd edək ki, müstəqil dövlət kimi Çexiya DÇ-2006-da debüt etsə də, onlar Çexoslovakiya xələfi sayıldığından bu siyahıya aid edilmir.
 

22 May 2018
21 May 2018
B.eÇ.aÇC.aCŞB