TOP 10

"Keşlə" fərqi, "Keşlə" xarakteri

Futbol
Tarix: 2018-05-15 10:18

1999-cu ildən milli çempionatımızda fasiləsiz çıxış edən, ilk addımlarını "Xəzər Universiteti" kimi atan, 2004-cü ilin yayında "İnter"ə çevrilən, cari mövsümün ikinci dövrəsindən isə "Keşlə" adını daşıyan klub. Paytaxt təmsilçisinin cari çempionatı 6-cı yerdə başa vuracağı artıq indidən, yəni sona 1 tur qalmışdan bəllidi. Yuri Maksimovun yetirmələri 5-ci pillədə olan "Sumqayıt"dan 12 xal geridədi, ən yaxın izləyicisi "Səbail"i isə 5 xal qabaqladıqlarından onlar üçün əlçatmazdılar. Ancaq bu, o demək deyil ki, "Keşlə"nin Avropa Liqasına çıxmaq şansı qalmayıb. Komanda ölkə kubokunun finalına vəsiqə qazanıb ki, bu da qalib olacağı halda avrokuboklara birbaşa vəsiqə qazanması deməkdi.

 

Əslində, "Keşlə" üçün çempionatın ilk yarısını uğursuz saymaq lazımdı. Təsadüfi deyil ki, komanda hesabında 28 xalın çoxunu - 17-i məhz qış fasiləsindən sonra toplayıb. Hələ 1 tur qaldığını, "Səbail" üzərində qələbənin gözlənilən olduğunu nəzərə alsaq, ümumi xal hesabının 60-70 faizi çempionatın ikinci yarısında əldə olunduğunu görürük. Komandanın ilk dövrədəki çıxışına isə istər-istəməz baş məşqçi dəyişikləri öz təsirini göstərdi. Mövsümə 2 ildir baş məşqçisi olan Zaur Svanadzeylə başlayan bakılılar uğursuz çıxışın müqabilində gürcü mütəxəssisi istefaya göndərməli oldu. Bu, "Keşlə" adıyla debütdə evdə son pillənin sahibi "Kəpəz"ə 0:2 hesablı məğlubiyyətdən sonra reallaşdı. Rəhbərlik həmin vaxt qələbə üzünə həsrət qalan komandanın "sükanı"nı ilin sonunadək Ramiz Məmmədova tapşırdı. "Keşlə"nin çempionatda qələbəsiz seriyasını bu mütəxəssis də qıra bilmədi. Məmmədova "Keşlə"ylə qələbə sevinci yaşamaq "Kəpəz"lə ölkə kubokunun 1/4 final matçlarında nəsib oldu. Rəqibini hər iki oyunda - 2:0 və 3:2 hesabıyla - məğlub edən bakılılar yarımfinala vəsiqə qazandı.

 

Cari mövsümdə 3 baş məşqçiylə işləyən "Keşlə" qış fasiləsində "sükanı atrxası"na ukraynalı Yuri Maksimovu gətirdi. Qış transfer dövründə ən fəallardan olan komanda heyətinə xeyli yeni futbolçu cəlb etdi. Paytaxt təmsilçisinin inamlı təsir bağışlaması hələ dövrələrarası fasilədəki yoxlama oyunlarda özünü göstərdi. Düzdür, bunlar qeyri-rəsmi matçlar olsa da, "Keşlə"də oyun planında yaxşılığa doğru dəyişiklər özünü göstərdi. Maksimov Bakıdakı yoxlama oyunlarını da nəzərə alsaq, 6 qarşılaşmadan 4-də meydanı qalib tərk etdi, yeganə məğlubiyyətini Antalyada həmyerlilərindən - Lvov "Karpatı"sından 1:2 hesabıyla aldı.

 

"Keşlə"nin qış fasiləsindən sonrakı çıxışı bir sıra göstəricilərlə də diqqət çəkir. Bu, ilk növbədə məhsuldarlıqla əlaqəlidi. Belə ki, Yuri Maksimovun yetirmələri bu il ölkə kubokunu da nəzərə alsaq keçirdiyi bütün oyunlarda - 15 qarşılaşmanın heç birində meydanı qolsuz tərk etməyib. TPL-in digər iştirakçılarının hamısının, hətta ardıcıl 5-ci dəfə çempion olan "Qarabağ"ın da qol vurmadığı matçlar olduğunu nəzərə alsaq, heç kim bu göstəriciylə öyünə bilməz. "Keşlə" sonuncu dəfə ötən ilin son çempionat matçında - "Qəbələ"yə 0:3 hesabla yenildiyi səfər qarşılaşmasında rəqib qapısına yol tapa bilməyib.

 

"Keşlə" mövsümün ikinci yarısında daha bir göstəricidə həmin "Qarabağ"ı qabaqlayır. Bu da böyükhesablı məğlubiyyət almamağıyla bağlıdı. Çempion isə bu zərbəni məhz "Keşlə"dən son turda alıb - 0:3. "Qarabağ"a bu çempionatda heç bir komanda 1 oyunda 2 qol vura bilmədiyi halda, Yuri Maksimovun yetirmələri 3 dəfə bunu bacardı. Özü də ilk 16 dəqiqədə 8 dəqiqə kəsiyində. Bununla da "Qarabağ" Qurban Qurbanovun baş məşqçiliyi dövründə qazanılan ardıcıl 5 çempionluqda ilk dəfə darmadağın olundu. "Keşlə" liderdən qış fasiləsindən sonra səfərdə də uduzmayaraq xal ala bildi - 1:1. Hər iki oyunda sol cinah müdafiəçisi Slavik Alxasov baxımlı qolla yadda qaldı.

 

Yuri Maksimovun komandası gümüş medalçı "Qəbələ"ylə oyunlarda da meydanı xalslz tərk etməyərək, rəqibini qələbə üzünə həsrət qoyub. Özü də hər iki oyunda eyni - 1:1 hesablı heç-heçə qeydə alınıb. Göründüyü kimi, "Keşlə" cari çempionatın ən güclü komandasına bu il uduzmayaraq mümkün 12 xaldan yarısını alıb.

 

Avrokuboklara iddiasını davam etdirən "Zirə"nin qış fasiləsindən sonra "Keşlə"ylə oyunları daha uğursuz olub. Belə ki, Ayxan Abbasovun komandası turnir cədvəlində özündən aşağıda olan rəqibinə hər iki qarşılaşmada 1:2 hesabıyla uduzaraq xal ala bilməyib. Yuri Maksimovun yetirmələri üçün bu il ən uğursuz matçlar "Sumqayıt"la olub. Bu rəqibə hər iki halda 1:2 hesabıyla uduzduğundan xal almaq mümkün olmayıb. Bu planda yalnız "Sumqayıt" "Keşlə" üçün keçilməz olub. Ancaq məhz bu rəqiblə kubokdakı uğurlu matçlar TPL-dəki uğursuzluğu unutdurub. Həmin vaxt yüksəlişdə olan, qış fasiləsindən sonra məğlubiyyətin nə olduğunu bilməyən "Sumqayıt" ilk yenilgisini məhz "Keşlə"dən aldı. "İnter Arena"da 0:1 hesabıyla uduzan Samir Abasovun komandası evdə bunun əvəzini çıxa bilmədi (1:1) və mübarizəni dayandırdı. Yeri gəlmişkən, "Sumqayıt" bu uğursuzluqdan sonra çempionatda artıq 4 turdu qələbə qazana bilmir və nəticədə 5-ci pilləyə düşərək medal qazanmaq bir yana, avrokuboklara yollanmaq şansını xeyli azaldıb.

 

Düşünmək olardı ki, "Keşlə" əsas vəzifələrindən birini - ölkə kubokunun finalına çıxandan sonra Premyer Liqa matçlarına önəm verməyərək arxa plana keçirəcək. Çünki məlum idi ki, Zaur Axundovun komandası çempionatda qalan 5 oyunda qalib gəlsəydi belə, avrokuboklar zonasına düşə bilməyəcəkdi. Ancaq əksinə, komandadan xarakter, əsl peşəkarlıq nümunəsi gördük. "Zirə" və "Neftçi"ni "İnter Arena"dan 1:2 hesablı məğlubiyyətlə yola salan, ikincilərin çempionatda 2 aylıq məğlubiyyətsiz seriyasına son qoyan "Keşlə" çətin Qəbələ səfərindən də xalla ayrıldı. Bu matçda nəticə daha çox diqqətçəkən idi. Axı məlumdu ki, "Keşlə"nin finalda rəqibi məhz "qırmızı-qaralar"dı və qarşılaşma məhz Qəbələdə keçiriləcək. Şanslar Roman Qriqorçukun yetirmələrinin xeyrinə olsa da, bakılılar rəqibinə "dişi"ni göstərdi və finalda da işinin çətin olacağına işarə vurdu. Ümumiyyətlə, "Keşlə" ev komandası olmayaraq səfərdə də inamlı təsir bağışlayır, həlledici matçlarda adətən hesabı açan tərəf olur. Yeri gəlmişkən, "Keşlə" adıyla ilk qələbə Maksimovun vaxtında məhz rəqib meydanında - Gəncədə "Kəpəz" üzərində 1:0 hesabıyla qazanılıb.

 

"Keşlə"nin qış fasiləsindən sonra uğurlu çıxışında əsl lideri olan Sezar Meza Kollinin xüsusi rolu olması qeyd edilməlidi. Paraqvaylı oyun qurucusu komandasını arxasınca uğurla daşıyır, demək olar hər oyuna ya vurduğu qolla, ya da etdiyi məhsuldar ötürməylə damğasını vurur. Sezarın finala vəsiqənin əsas memarı olduğu desək, yanılmarıq. "Sumqayıt"la qolsuz bərabərliklə nəticələnəcəyi gözlənilən ilk yraımfinalda uzatma dəqiqələrində uzaq məsafədən cərimə zərbəsini dəqiq yerinə yetirməklə gözəl qola imza atan Meza Kolli səfər matçında da fərlqənməyi bacardı və cütün taleyini təkbaşına həll etdi. Gözəl fərdi oyun keyfiyyətləriylə seçilən paraqvaylı rəqibləri üçün əsl başağrısına çevrilib. Sezar öz oyunuyla hər bir TPL iştirakçısının öz heyətində görməyi arzuladığı futbolçuya çevrilib. Özü də unutmayaq ki, o, "Keşlə"yə keçənədək yarım il klubsuz qalıb. Ancaq onun bu qədər uzun müddət futbolsuz qalmağı qətiyyən hiss olunmur. Düzdür, Sezarın əvvəllər də Azərbaycanda - həmin "İnter"də və "Zirə"də çıxış etdiyini nəzərə alsaq, uyğunlaşmayla bağlı probleminin olmadığı başadüşüləndi. Ancaq onun ən yaxşı oyununu məhz "Keşlə"də göstərdiyi də birmənalıdı.

 

"Keşlə" 21 yaş limitində oyunçuyla da fərqlənən komandadı. Qış fasiləsindən sonra bu mövqedə stabil oynayan, U-21 yığmasına da cəlb olunan Cabir Əmirli ağır zədələnərək mövsümü vaxtından əvvəl başa vurmağa məcbur olandan sonra da böyük boşluq yaranmadı. Həmin mövqedə yer alan U-21-in digər üzvü Sertan Taşkın inamlı çıxışıyla diqqət çəkir. Sol cinah müdafiəçisi Slavik Alxasov isə qolları sıralamaqla cari mövsümün ən məhsuldar arxa xətt oyunçularından birinə çevrilib.

 

Azərbaycan futbolunda bir vaxtlar ən istedadlı futbolçulardan olan, "Qarabağ"dan Hollandiyanın "Tvente" klubuna transfer olunan, ancaq məhz orada 1 il ehtiyatda keçirməklə futbolçu karyerası enişə gedən Vaqif Cavadov da qış fasiləsindən sonra "Keşlə"nin şərəfini qoruyur. Təcrübəli hücumçu indiki klubunda son vaxtlar daim əsas heyətdə yer almaqla, oyun praiktikası qazanmaqla özünə gəlməkdədi. "Keşlə"ni kapitan kimi də meydana çıxaran Vaqifin hesabında 3 qol var.

 

"Keşlə"də qış fasiləsindən sonra nə qədər yaxşılığa doğru dəyişiklər olsa da, əsas yekun nəticədi. Təbii ki, bu, ölkə kubokuna sahib olmaqdı. Bu, eyni zamanda final sindromunu qırılması demək olacaq. Axı "İnter" indiyədək 4 dəfə (2005, 2008, 2009, 2011) kubokun finalında oynasa da, hər dəfə meydanı məğlub tərk edib. Maksimov həmin finalda cəza üzündən texniki zonadan kənarda olsa da, onun hazırlayacağı komandanın yenə xarakter göstərəcəyi gözləniləndi. Qələbə ilk dəfə Azərbaycan Kubokunun "Keşlə" adıyla qazanılması demək olacaq. 

 

MEHMAN SÜLEYMANOV

 

22 May 2018
21 May 2018
B.eÇ.aÇC.aCŞB