TOP 10

AFFA-nın “topa tutduğu” Premyer Liqa: klublar nə düşünür? - SORĞU

Futbol
Tarix: 2018-05-11 21:09

Bu gün İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın baş katibi Elxan Məmmədov brifinq təşkil etdi. Gündəmdə dayanan bir sıra məsələlərlə yanaşı, Assosiasiya rəsmisi daha bir məqama toxundu: “NİKE” şirkəti ilə milli komandamız arasında müqavilə var. Biz də bu müqavilədən istfadə edərək, klublarımıza da dəstək olmağa çalışdıq. Nəticədə, AFFA ilə “NİKE” arasında müqavilə imzalandı. Bu müqaviləyə əsasən Topaz Premyer Liqasında iştirak edən klublarımıza “NİKE” topları pulsuz paylanılacaq”.

 

Bəs, bu topların maliyyə dəyəri nə qədərdi? Ümumiyyətlə, mövsüm üçün klublarımıza nə qədər top tələb olunur? Bu, addımı faydalı hesab etmək olarmı? Sport24.az Topaz Premyer Liqasında növbəti mövsüm iştirakı dəqiqləşən 7 kluba müraciət edərək mövqelərini öyrəndi.

 

Asif Əsgərov (“Qarabağ” klubunun baş meneceri): “NİKE” toplarının təqdimetmə mərasimi avqustun 12-13-də İngiltərə Premyer Liqasında həyata keçiriləcək. Avropanın belə nəhəng futbol ölkəsində bu firmanın topları ilə oynanılırsa, onlar pis ola bilməz. Büdcəmizə görə, əlbəttə, bu, dəryada bir damladı. Amma AFFA rəhbərliyi belə bir müqaviləyə nail olubsa, “Qarabağ” klubu olaraq bu addımı birmənalı şəkildə ancaq alqışlaya bilərik. Deyilənə görə, buyaxınlarda hər kluba 2-3 nümunəvi top veriləcək ki, futbolçular “NİKE” toplarını da hiss etsinlər. Mövsüm üçün 100 topun klubumuza çatmayacağını düşünürəm. Lakin AFFA “NİKE” şirkəti ilə tərəfdaş olduğu üçün bizə lazım olacağı təqdirdə əlavə topları bazar qiyməti ilə deyil, xüsusi sərfəli qiymətə əldə edə biləcəyik. Bir daha təkrar edirəm ki, bu cür addım alqışlanmalıdı”.   

 

Rəmiş Malıyev (“Keşlə” klubunun baş direktoru): “Onsuz da qənaət rejimində çalışırıq. Bizim üçün hər manatın dəyəri var. Nə gizlədim, top qıtlığı da yaşayırıq. Assosiasiya Topaz Premyer Liqası klublarına belə bir hədiyyə edirsə, buna sevinməmək mümkün deyil. Düşünürəm ki, mövsüm üçün 100 top yetərli olacaq. Biz hər şeydə qənaət edirik. Bu topların dəyəri isə 20 min manat civarındadı ki, “Keşlə” üçün kifayət qədər böyük məbləğdi”.

 

Riad Rəfiyev (“Sumqayıt” klubunun prezidenti): AFFA-nın Premyer Liqada çıxış edən klubların hər biri üçün100 ədəd top ayırması xəbərini sözsüz ki, müsbət və sevinc hissi ilə qarşıladıq. Bu alqışlanası addım ilk növbədə klubun büdcəsinə qənaət deməkdir. Çünki hər mövsümün əvvəlində klub olaraq əsas və əvəzedici komandaları toplarla təmin etmək üçün müəyyən qədər vəsait xərcləyirdik. Düşünürəm ki, ayrılacaq 100 ədəd top mövsüm ərzində əsas və əvəzedici komandamız üçün yetərli olacaq. Bildiyiniz kimi, əksər çempionatlar da “NİKE” toplarla oynanılır. Bu seçimi klub olaraq yalnız alqışlaya bilərik”.

 

Səbuhi Səfiyarlı (“Qəbələ” komandasının meneceri): “Əlbəttə ki, müsbət qarşılayırıq. Mövsüm ərzində əsas və əvəzedici komandamıza təqribən 100 top lazım olur. AFFA da bu tələbatımızı tam qarşılayırsa, biz bunu yalnız alqışlaya bilərik. “NİKE” toplarının dəqiq qiymətini bilmirəm. Ancaq düşünürəm ki, bir ədədi 200 manat civarında olar. Bu da 20 min manat təşkil edir. Kifayət qədər ciddi qənaətdi”.

 

Ramin Həsənov (“Səbail” klubunun icraçı direktoru): “Topaz Premyer Liqasında (TPL) yeni klubuq. Büdcəmiz də elə zəngin deyil. Bizim kimi klublara qənaət edilmiş hər manat böyük önəm kəsb edir. Ötən mövsümün əvvəlində bizə 100 ədəd “NİKE” topları verilmişdi. Ancaq cari mövsüm TPL-də “Adidas” topları ilə oynanılması ilə əlaqədar bizim üçün ayrılan topları daha  aşağı yaş qruplarına verdik. Başqa sözlə, hər iki firmanın topu futbolçularımıza tanışdı. Mən mütəxəssis deyiləm. Lakin futbolçularımızın dilindən eşitdiyimi deyə bilərəm ki, “NİKE” toplarını daha üstün sayırlar”.

 

Natiq İsmayılov (“Zirə” klubunun prezidenti): “Düşünürəm ki, bu, tək “Zirə” üçün yox, ümumiyyətlə, Topaz Premyer Liqasının hər bir komandası üçün ciddi dəstəkdi. Əlbəttə ki, müsbət qarşılayırıq”.

 

Kamran Quliyev: (“Neftçi” klubunun prezidenti): “Bu mövzu Klublar Komitəsinin (KK) iclasında qaldırılmışdı. “NİKE” şirkəti milli komandamızın texniki sponsorudu. Bu səbəbdən də AFFA-nın baş katibinin də iştirakı ilə keçirilən son iclasda məsələ qaldırdıq ki, klublara da həmin şirkətin toplarından paylansın. Bu gün də məlum oldu ki, Topaz Premyer Liqasında iştirak edən kollektivlərin hər birinə 100 ədəd top paylanacaq. Daha sonra məsələnin texniki tərəfinə vardıq. “NİKE” şirkətinin 2018-2019 mövsümü üçün yeni model toplarının təqdimetmə mərasimi İngiltərə Premyer Liqasında keçiriləcək. Yalnız bundan sonra toplar ölkəmizə gətirilə bilər. Bu da avqustun ortalarına təsadüf edəcək. Belədə, yeni mövsümə hazırlıq zamanı klublarımız fərqli toplarla hazırlıq keçməli olacaq ki, bu da sonradan futbolçulara mənfi təsirini göstərər. Lakin alternativ variant kimi mövsümün ilk yarısını “NİKE”-nin 2017-2018 topları ilə keçirmək qərarı verildi. Bunun üçün də hər komandaya 50 top veriləcək. Mövsümün ikinci yarısına hazırlıq prosesini isə artıq yeni model toplarla keçəcəyik ki, bu dəfə də hər kluba daha 50 top ayrılacaq. Mövsüm ərzində 100-ə yaxın topdan istifadə edirik. Başqa sözlə, AFFA-nın hədiyyə edəcəyi toplar bizə mövsümün sonunadək kifayət edəcək. Bu, təqribi 20 min manat qənaət deməkdir. Bu vəsait əvəzedici heyətin iki oyunçusunun illik məvacibidi. Üstəlik, bir müddət əvvəl “İnstat” şirkətinə ödədiyimiz puldan da azad olduq. Bu məbləği də top üçün ayrılan vəsaitin üstünə gəlsək, bir sıra nəzərəçarpacaq xərclərimizə qənaət etmiş oluruq ki, bunun da qarşılığnda aşağı yaş qruplarında əlavə pozitiv işlər görə bilərik”.

15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB