TOP 10

TPL-in sonuncu iştirakçısı kim olsun? “Qoy, güclü qalib gəlsin!”

Futbol
Tarix: 2018-05-11 17:12

Sabah AFFA-nın Lisenziyalaşdırma Qrupu Topaz Premyer Liqasının (TPL) 8-ci iştirakçısının adını rəsmən açıqlayacaq. Artıq məlumdur ki, “qızın iki adaxlısı var”. Namizədlər sırasında I Divizionun qalibi “Xəzər”in olmaması faktı çoxları üçün gözlənilməz olsa da, fakt budu ki, Qubanı təmsil etməyi planlaşdıran kollektiv ən vacib meyarlardan biri – bank təminatını təqdim edə bilməyib. Belədə, “Xəzər”in niyə “ofsayd”a düşməsi ətrafında əlavə olaraq baş sındırmağa dəyməz. Elitanın son təmsilçisi olmağa namizədlər də məlumdu – “Kəpəz” və “Sabah”. 

 

AFFA-nın baş katibi Elxan Məmmədovun İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi brifinqdə “Kəpəz”in Premyer Liqanı sonuncu pillədə bitirdiyinə görə, I Diviziona yuvarlanmalı olmasını qabartması, Gəncə təmsilçisinin sabah rəsmən elitaya “əlvida” deyəcəyinə ciddi işarə kimi qəbul edilməlidi. 

 

Həqiqətən də, qaydaya əsasən Premyer Liqanın sonuncusu aşağı dəstəyə, I Divizionun çempionu isə elitaya vəsiqə almalıdı. Ancaq məsələ burasındadı ki, “Sabah”ın Premyer Liqada iştirak etmək üçün lisenziya şərtlərinin hər birinə cavab verməsinə rəğmən, Divizionun çempionu olmaması faktı da mövcuddur. Bu sətirlər yazılarkən, Arif Əsədovun baş məşqçisi olduğu komanda çempionatdakı son oyununu bitirsə də, digər qarşılaşmalar davam edir. Ancaq həmin görüşlərin nəticələrindən asılı olmayaraq, “alimlər”in hətta ilk 3-lüyə düşməyəcəyi dəqiqdir.

 

...Gəncə matəm içindədi. Bəlkə də bütün qərb bölgəsi. Hər halda, Premyer Liqada bölgənin yeganə təmsilçisi “can üstündə”di. Son akkorda 24 saatdan da az vaxt qalıb. Aydın məsələdi ki, perspektiv baxımından “Kəpəz” və “Sabah” futbol xəritəsinin müxtəlif qütblərində qərarlaşıblar. Istər azarkeş olsun, istər tarix, istər bölgə təmsilçiliyi faktoru, istərsə də infrastruktur. Ancaq digər faktı – “Kəpəz”in Premyer Liqanı sonuncu yerdə bitirməsini də unutmaq ədalətsizlik olar.

 

Bəs, nə etməli? Axı, “yuxarı baxırsan, bığdı, aşağı – saqqal”. Sport24.az olaraq yaranmış pat vəziyyətindən alternativ yol təklifi verməyi qərara aldıq. Zənnimcə, futbol ictimaiyyəti də bu təşəbbüsün ideal olduğunu təsdiqləyər.

 

“Kəpəz” də Premyer Liqada qalmağı haqq etməyib, “Sabah” da idman prisniplərinə əsasən elitaya vəsiqə qazanmayıb. Başqa sözlə, hər iki komandanın elitada mübarizə aparmaq hüququ yoxdu. Ancaq alternativ variant da mövcud deyil. Heç olmasa 8 komandanın iştirakını təmin etmək üçün bu iki kollektivdən biri Premyer Liqada çıxış etməlidi. 

 

“Qoy, güclü qalib gəlsin!” – idmanın əsas şüarlarından biri də məhz belə səslənir. Bax, biz də məhz ən güclünün müəyyənləşdirilməsini təklif edirik. Bu komandalar arasında iki oyundan ibarət duel keçirilsin və bu qarşılaşmaların nəticəsinə görə də Premyer Liqanın son iştirakçısı müəyyənləşsin. Nə deyirsiniz, yarayar, yaramaz?

 

CEYHUN ƏLİYEV
 

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB