TOP 10

Tərlan Əhmədovun "Neftçi"dən çıxardığı əməkdar məşqçi: "O, çox kinli insandı..."

Futbol
Tarix: 2018-05-22 10:30

Tərlan Əhmədovun "Neftçi"nin baş məşqçi postundakı fəaliyyəti ilə bağlı müzakirələr son günlərdə daha geniş vüsət alıb. Və təbii ki, bu, daha çox sosial şəbəkədə - "Facebook"da öz əksini tapır. Özü də bu mütəxəssislə bağlı fikirlər haçalanır. Onun "ağ-qaralar"da qalmasını istəyənlər də var, istəməyənlər də. Azərbaycanın ən təcrübəli mütəxəssislərindən olan Tofiq Mustafayev də "Facebook"da Əhmədov haqda çox sərt fikirlər səsləndirib. Halbuki, 62 yaşlı mütəxəssis "Neftçi"dən artıq 5 ay çıxsa da, bu komandanın baş məşqçisinin əleyhinə mətbuatda çıxış etməmişdi. "Neftçi"nin məşqçisi kimi çempion, "Bilrik kuboku"nun qalibi olanm Mustafayevlə görüşərək məsələyə aydınlıq gətirdik və söhbətimiz zamanı bir çox maraqlı mətləblər ortaya çıxdı.  

 

"Tərlan Əhmədov gələn kimi demişdi ki, Tofiq Mustafayevi akademiyadan çıxarmaq lazımdı"

 

- “Neftçi”dən gedişinizə nə səbəb oldu? Öz istəyiniz, yoxsa sadəcə, getməyə məcbur oldunuz?
- Bildiyiniz kimi, “Neftçi” hamının sevimli klubudu və ordan heç kim öz istəyilə getmir. Gedişim yeni il qabağı oldu. Həmin vaxt futbol həyatımda bir-birinə zidd epizodlar yaşandı. Əvvəlcə Azərbaycan Gənclər və İdman Nazirliyi ilə AFFA tərəfindən əməyimi dəyərləndirib mənə “Əməkdar məşqçi” adı verdilər. Bundan sonra isə “Neftçi”nin U-15 komandasını çalışdıra-çalışdıra klubdan məni uzaqlaşdırdılar. 


- Adətən baş məşqçini nəticəyə görə çıxarırlar. Ancaq “Neftçi”nin U-15 komandası qış fasiləsinə liderlər qrupunda yollanmışdı...
- Turnir cədvəlində 3-4-cü pillələrdə idik və 2-ci yerdən cəmi 4 xal fərqimiz vardı. Lider “Qəbələ” idi, 2-ci yerdə isə “Vətən” gedirdi. Özü də son oyunda “Vətən”i 2:0 hesabıyla məğlub etmişdik. Bu komanda mövsümdə ilk məğlubiyyətini məhz bizdən aldı. Çempionatda fasilə oldu, mənə zəng etdilər ki, bazaya gəl. Təbii ki, mən də səbəbini soruşdum. Dedilər ki, müqaviləni ikitərəfli pozmaq lazımdı. Dedim ki, bu qərarı artıq vermisinizsə, ora gəlməyim vacib də deyil, düzgün də. Mən özümə hörmət edən insanam. Vermisinizsə qərarı, verin də, mən nə deyirəm ki? Müqaviləmə xitam verin, mən ora gəlməyəcəm. 


- Qərarı nəylə əsaslandırdılar?
- İnanırsınız, heç bununla maraqlanmadım da. Aydın məsələdi ki, yeni baş məşqçi gəlib, onun öz ətrafı var. Akademiyaya yəqin ki, öz dost-tanışlarını yerləşdirməlidi. Belə başa düşdüm. Mənə çatdırmışdılar...


- Konkret nəyi?
- Tərlan Əhmədov gələn kimi demişdi ki, Tofiq Mustafayevi akademiyadan çıxarmaq lazımdı. Bilmirəm nəyə görə? Aramızda elə bir şey olmayıb. “Xəzər Lənkəran”da bir yerdə işləmişik. Görüşəndə həmişə səmimi görüşmüşük, bir-birimizə qarşı münasibətdə problem yaşanmayıb. 

 

"AZAL-da 4 il işlədin, həmin klubun akademiyasından AZAL üçün bir futbolçu yetişdimi?!

 


- Hesab etmirsiniz ki, məsələnin kökündə AZAL-da bir yerdə işlədiyiniz vaxt durur? Onda Əhmədovun köməkçisi idiniz, bir müddət sonra klubdan gedəsi oldunuz...
- AZAL-da onunla 2 ay bir yerdə çalışdım. Sözün düzü, aramızda heç bir ziddiyyət də olmadı. Sadəcə, Əhmədovun mənə qarşı münasibətindən hiss etdim ki, AZAL-da çox işləməyəcəyəm. Üstəlik, bu klubla mayda müqaviləm bitirdi. 


- Bir sözlə, Tərlan Əhmədov “Neftçi”yə gələndə artıq özünüzü ona hazırlamışdınız ki, yaxın müddətdə burdan gedəcəm...
-  Bəli, yüz faiz bunu bilirdim. 


- Akademiyanın komandalarına öz kadrlarını gətirməsi nə dərəcədə düzgün idi, yoxsa burda məqsədli addım vardı?
-  Mütəxəssisə qiymət vermək lazımdı. Ola bilər ki, onun məşq prosesində hansısa səhvi, nəsə bir problemi olsun. Əvvəlcə bunu tapıb aradan qaldırmaq lazımdı. Yoxsa mən gəldim, Tofiq Mustafayev xoşuma gəlmir, işləməli deyil – bu düzgün yanaşma deyil. Tofiq Mustafayev mütəxəssisdi. Yaxşı, onu çıxarırsan, getməsini istəyirsənsə, ondan savadlısını gətir qoy. Ay Tərlan Əhmədov, sən AZAL-da işlədin də, 4 ildə orda oldun, həmin klubun akademiyasından AZAL üçün bir futbolçu yetişdimi? Mən hələ milli komanda səviyyəsində demirəm. 


- Yenicə “Əməkdar məşqçi” adını alan mütəxəssisi işdən çıxarmaq da anormallıqdı...
-  (gülür) Zərbədi də, canı sağ olsun... Elə şeylərə dərinliyinədək fikir verən insan deyiləm. Əsas məsələ insanların hər şeyə düzgün yanaşmağıdı. Mən düzgün insanam. Kiməsə görə pis ola bilərəm, ancaq mən futbolu, uşaq futbolunu bilirəm axı... 

 

- Sizi öz fikriniz deməkdən çəkinməyən insan kimi tanıyıram. Bəlkə Əhmədova iş prosesiylə bağlı iradlarınızı bildirmisiniz və bu da onun xoşuna gəlmirdi?
-  Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Vəli Qasımovun da köməkçisi işləmişəm. Həmişə düzgünlüyün tərəfdarıyam. Komandada oyunla, məşqlə əlaqədar problem varsa, mən onu deməliyəm. Baş məşqçinin köməkçisiyəmsə, bunu düzgün deməliyəm, yalandan tərifləməli deyiləm...Baş məşqçinin seçiminə həmişə hörmətlə yanaşmışam. Məndən nəsə tələb olunursa, onu yerinə yetirirəm. 


"Vaqif Sadıqovun da gedişində onun böyük rolu var"

 

- Ümumiyyətlə, Tərlan Əhmədovun AZAL-da məşqləri necə keçirdi? Yetərincə problem var idimi?
- Aydın məsələdi ki, əvvəl işlədiyim baş məşqçilərin məşq prosesiylə Tərlan Əhmədovunku arasında böyük fərq var. Məşq ardıcıllığı, məşqin məqsədi var. Hər kəs öz futbol fəlsəfəsinə malikdi və buna uyğun məşq prosesini qurur. Ancaq aydın məsələdi ki, Tərlan Əhmədov Vaqif Sadıqov ola bilməz, Tərlan Əhmədov Vəli Qasımov ola bilməz, Tərlan Əhmədov Ağasəlim Mircavadov ola bilməz, Tərlan Əhmədov Qurban Qurbanov ola bilməz, Tərlan Əhmədov Yunis Hüseynov ola bilməz. Başa düşürsünüz, reallıq belədi.


- Yəni Əhmədov onlardan çoxmu zəifdir? Sizi onun məşqçiliyində nə qane etmirdi?
- Söhbət məni qane etməkdən yox, bilik, bacarıqdan gedir. Məşq həftəlik tsikldirsə, onun ardıcıllığı olmalıdı, plan üzrə hazırlanmalıdı. Bəlkə Əhmədovun hazırlıq planı belədi, ancaq gördüyüm məşq prosesləri, çalışdığım baş məşqçilərin işləriylə Tərlan Əhmədovun işi arasında böyük fərq var. 


- Sözlərinizdən belə nəticə çıxarmaq olar ki, hər yaxşı futbolçudan yaxşı məşqçi olmur...
- Tərlan Əhmədova futbolçu kimi böyük hörmətim var. Ola bilsin ki, gələcəkdə yaxşı məşqçi də olsun. Söhbət hal-hazırdan gedir. İndi elə məşqçilər var ki, zəifdi, biliyini, savadını, təcrübəsini artırır, yavaş-yavaş o səviyyəyə gəlib çıxır. 


- Tərlan Əhmədovda inadkarlıq var idimi ki, baş məşqçi olduğuna görə özü bildiyini yeridirdi?
-  Aramızda heç vaxt elə bir ziddiyyət olmayıb ki, o nəsə desin, mən inkar edim və yaxud mən deyim, o inkar etsin. İlk dəfə “Xəzər Lənkəran”da bir yerdə çalışmışıq. Onda Əhmədov məşqçiliyə yeni başlayırdı. Mən Ağasəlim müəllimdən öyrənirdim, Tərlan Əhmədov məndən. Harda işləmişəmsə, hər yerdə nəticə vermişəm. Öz əməyimin hesabına əsas komanda səviyyəsinə gəlib qalxırdım. Mən Tərlan Əhmədov kimi gəlməmişəm.


- “Facebook”da qeyd etdiyiniz kimi, Tərlan Əhmədov “Neftçi”yə öz biliyi, bacarığı hesabına yox, Ramim Musayevin köməkliyi və Elxan Abdullayevin “torbasını tikməklə” gəlib...
- Bəli, bunu hamı bilir. O özü də həmişə deyib ki, məni “Neftçi”yə Ramin Musayev gətirib. 


- Bəs Elxan Abdullayevin ayağının altını qazımaq necə olmuşdu?
- Əhmədov AZAL-a necə gəlmişdi Vaqif Sadıqovun yerinə? Həmin yolla gəlmişdi.

 
- Yəni hesab edirsiniz ki, Vaqif müəllimin də gedişinə bu səbəbkar olmuşdu?
- Bəli-bəli. Vaqif Sadıqovun da gedişində onun böyük rolu var. 


- “Torba əməliyyatı” necə həyata keçirilirdi?
-  Bunu o, yaxşı bilir, ondan soruşmaq lazımdı. Mən elə şeyləri bilmirəm. 

 

“Neftçi” səviyyəsində baş məşqçi avtoritet olmalıdı, həm də öz mövqeyi olan"

 

- Bir sözlə, hesab edirsiniz ki, Tərlan Əhmədov “Neftçi” səviyyəsində baş məşqçi deyil...
- Birincisi, “Neftçi” səviyyəsində baş məşqçi avtoritet olmalıdı. İkincisi, öz mövqeyi olan mütəxəssis. Bilirsiniz, “Neftçi”yə səni gətirməli deyillər, “Neftçi”yə səni istəməlidirlər. İstəmək başqadı, ancaq səni gətirib qoyurlar. Mətbuatı izləyirəm, Əhmədovun açıqlamalarını oxuyuram. Deyir ki, mənim qarşıma yer tutmaq, avrokuboklara çıxmaq şərti qoymayıblar, filan. “Neftçi” baş məşqçinin qarşısına şərt qoymur, ora gələn baş məşqçi bilməlidi ki, bu komanda lider olmalıdı, 1-ci yeri tutmalı, avrokuboklara getməlidi. “Neftçi”nin adı özü şərtdi, başa düşürsünüz? Yoxsa hər dəfə deyir ki, mən gələndə komandanın 1 xalı vardı. 3 oyundan 1 xalı vardı da! 


- Bu cür açıqlamalar daha çox özünü sığorlamaq deməkdi. Çünki məlumdu ki, nəticə verməyən baş məşqçini rəhbərlik yola salır..
- Heç vaxt pislik istəmərəm. Allah eləsin ki, işi avand olsun, Avroliqaya çıxsın, işləsin, azərbaycanlıdı, ailəsi var, ətrafında da 3-4 başqa azərbaycanlı məşqçi işləyir, onlar da ailələrini dolandırır. Xarici mütəxəssis gələndə bilmək olmayacaq ki, nə olacaq. Onun tərəfdarı deyiləm ki, azərbaycanlı məşqçi çıxsın. Ancaq azərbaycanlı mütəxəssis də hərəkətinə, insanlara münasibətinə çox diqqətli olmalıdı. Yeni il qabağı, çempionatın ortasında məşqçini işdən çıxardasan... Tək məni yox, 3-4 məşqçini də çıxardıb. Sən onların çörəyinə bais olursan. Kişi kişinin çörəyinə bais olmaz. Sən o qədər də savadlı, həyatı başa düşən insan deyilsən, əzizim. Gələcəkdə ola bilərsən. Ancaq hal-hazırda sən elə insan deyilsən. Yaxşılıq eləmirsən-eləmirsən, heç olmasa camaata pislik eləmə. Sən bu olmalısan. İnsan var ki, həyatda yaxşılıq edə bilmir. Etmək istəyir, ancaq alınmır. Elədirsə, pislik eləmə. Mənim üçün fərqi yoxdur ki, “Neftçi”də işləyəcəm, yoxsa başqa klubda, hansısa bölgədə. Əsas odur ki, futboldayam, xeyrim dəyir, futbolçu yetişdirə bilirəm. 

 

"Elxan Abdullayevin dövründə də "Neftçi" bu futbolu oynayırdı"

 


- Çox müzakirə olunur ki, Tərlan Əhmədov “Neftçi”ni dirçəltdi. Kənardan bu, necə görünür?
- “Neftçi”nin çıxışı onun əməyi deyil, futbolçular adlarına görə oynayırlar. Orda elə futbolçular - ən çox yerliləri deyirəm – yığılıb ki, öz adlarına, ailələrinə, onlara qarşı münasibətə görə can qoyurlar. Deyim ki, Əhmədov nəsə fövqəladə bir dəyişiklik edib, sistem qurub, - heç nə yoxdu. “Neftçi” həmişə olduğu kimi, öz oyununu oynayır. Elxan Abdullayevin dövründə deyirdilər ki, pisdi, ancaq “Neftçi” həmin vaxt da bu futbolu oynayırdı. Ola bilsin ki, nəticə verə bilmirdi, hardasa bəxtsizlik amili vardı. Bir də ki, biz futbolu başa düşürük, görürük də. Oyuna baxan kimi görünürdü ki, orda nə var-nə yox. “İnter”lə oyun olsun və yaxid qeyrisiylə oyun. Hər şey göz qabağındadı. 


- Danışılmış oyunlara işarə vurursunuz...
- Deyə bilmərəm ki, danışılmışdı, nədi. Ancaq meydanda yüzfaizlik mübarizə görsənmir də.  


- Xüsusilə “İnter”lə “Bakcell Arena”dakı oyunlar müzakirə olundu...
- Bəli, bunlar elə-belə olmadı ki...Deməli, nəsə var ki, müzakirə olunur. Arada Nizami Hacıyevlə Mirhüseyn Seyidov qaldılar. Onlar hələ Azərbaycan futboluna kömək edə bilərdilər. Baxmayın, milli komandanın üzvləri olublar, gəncliklərində yaxşı oynayıblar, Nizami “İnter”in kapitanı olub. Həyatda elə anlar var ki, sən öz mərdliyini, kişiliyini bütün vəziyyətlərdə eyni cür göstərməlisən. Düzdür, bunu futbolçular tərəfindən gördük, ancaq Tərlan Əhmədov tərəfindən yox. 


"Qurban Qurbanov "Neftçi"də qalaraq köməkçisi olmağımı istəyirdi"

 

- Ümumiyyətlə, Əhmədov futbolçularla dil tapa bilirdimi? Kollektiv qura bilirdimi?
- Şirin dillə danışmaq o demək deyil ki, hər şey həll olundu. Söhbət şirindillikdən getmir. Demirəm ki, acıdildi. Şirindilli, ümumiyyətlə, dilli insandı. Ancaq çox kinli insandı.


- Doğrudan?  
- Həddən artıq kinli insandı. Mən onu hiss etmişəm. Ola bilsin ki, “Xəzər Lənkəran”da birgə işlədiyimiz vaxtda Ağasəlim müəllimə daha yaxın olmuşam, buna görə qısqanclığı olub. Düşünə bilərdi ki, artıq ilk dövrədən sonra onu komandadan uzaqlaşdırar, yaxud özü getsin – deyə bilmərəm. Hardasa o kin qala bilərdi ki, mən getdim, o qaldı. Tərlan Əhmədov bir şeyi də yaddan çıxarmasın ki, o, həmin “Xəzər Lənkəran”da Samir Ələkbərovun yerinə gəldi. Nə yolla gəldi, necə elədi, onu da mən bilmirəm. 


- Yəni bunda da şübhəli məqam var...
- Məncə. Xahişlə, minnətlə ola bilərdi. O, Samir Ələkbərovun yerinə gəldi. Biz - Ağasəlim Mircavadov, mən, Samir Ələkbərov bir yerdə işləmişik. Yenidən “Xəzər Lənkəran”a bir qayıtmalı idik. Ancaq elə olmadı.


- Samir Ələkbərov sizlər gedəndən sonra “Xəzər Lənkəran”da qalaraq İqor Ponomaryovun köməkçisi oldu. Bəlkə məsələ buna görədi?
- Bu gün həqiqətən belədi ki, baş məşqçi gedəndə gərək köməkçisi də getsin. Məsələn, Ağasəlim müəllim “Neftçi”dən gedəndə mənim qalmaq variantım vardı. O vaxt komandaya Qurban Qurbanov baş məşqçi gəldi. Bildiyiniz kimi, onun böyük qardaşı Musa Qurbanovla ailəvi dostam, Qurban müəllimlə münasibətim yaxşıdı. Onlar da istəyirdi ki, “Neftçi”də qalım, vitse-prezident Ramin Musayev də. Ancaq Ramin müəllimə vəziyyəti izah etdim. Dedim ki, futboldan uzaqda qalmışdım, Ağasəlim müəllim məni futbola qaytardı. O, “Neftçi”dən gedirsə, mənim burda qalmağım düzgün çıxmır da, məni düzgün başa düşün. Yenə də sizinlə dostam-qardaşam, ancaq getməliyəm. 

 

- Ancaq Vaqif Sadıqov AZAL-dan gedəndən sonra qalıb Tərlan Əhmədovun köməkçisi oldunuz. Bu, nəylə bağlı idi?
- Sözün düzü, Vaqif müəllim gedəndə üçümüz də getmək istəyirdik. Ancaq Sadıqov dedi ki, siz – mənimlə Şakir Qəribov - qalın. Sonra elə oldu ki, Şakir müəllimə “get” dedilər. Mənə isə dedilər ki, sən qalmalısan. Tərlan Əhmədov gələndə özü də demişdi ki, sən heç yerə getmirsən, birgə işləyəcəyik. Axırı da başqa cür oldu. 


- Dərhal getməyiniz daha yaxşı olmazdımı?
- Bilirdim ki, mayda özüm çıxıb gedəcəm. 


- Bəs həlledici nə oldu ki, iki ay qalıb Əhmədovun köməkçisi işlədiniz?
- Yenə də mən qalıb onunla işləyəsi deyildim. Müqaviləmin bitməsini gözləyirdim. Sözün düzü, o vaxt klubun vitse-prezidenti olan Fikrət Hüseynovun sözünə görə qaldım. Komandada əvvəl işləmiş bir nəfər lazım idi. Vaqif Sadıqov getdi, Şakir Qəribov getdi, bir nəfər qalmalı idi köhnələrdən ki, komandanın problemləri haqda baş məşqçiyə məlumat versin. 


- Qaldığınıza görə sonradan peşmançılığınız oldu?
- Bəli, gərək dərhal gedəydim.

 

"İdman direktoru baş məşqçiyə demədən də komandanı yığa bilər, prezidenti deyibsə, bu, yetərlidi"

 


- Son dövrlər Tərlan Əhmədovla “Neftçi”nin rəhbərliyi arasında olan münasibətlər, “soyuq müharibə” mətbuatda geniş müzakirə obyektinə çevrilib. Əsas diqqət mərkəzində klubun idman direktoru Ceyhun Sultanovdu ki, onu çox yaxşı tanıyırsınız, “Xəzər Lənkəran”da çiyin-çiyinə işləmisiniz...
- Ceyhunu çox yaxşı tanıyıram və deyə bilərəm ki, o, problemli insan deyil. Sultanov öz işini biləndi. Əvvəla, yaxşı futbolçu olub, savadlıdı. İkincisi, hamıyla münasibət qura bilir, fərqi yoxdu kimdi. İki il “Xəzər Lənkəran”da birgə olduq, münasibətimiz əla idi. O, mənə məşqçi, böyük qardaş kimi hörmətlə yanaşırdı, mən də ona futbolçu, dost kimi hörmət edirdim. Həmişə bir-birimizə hörmətimiz olub. O, “Sumqayıt”da, mən “Neftçi”də akademiyada da, əsas komandada da işləyəndə həmişə səmimi görüşmüşük. Əsas odu ki, Ceyhuna görə həmişə sevinmişəm. İnanıram ki, prezident Kamran Quliyevlə birgə nəsə qurub yarada bilərlər. Sultanov futboldan çıxan insandır da.


- Tərlan Əhmədov ondan narazılıq edir ki, rəhbərlik işinə müdaxilə edir...
- Tərlan Əhmədov qoy, özünü sığortalamasın. Ceyhun elə tərbiyədə deyil ki, onun işinə müdaxilə eləsin. Mən inanmıram ona. 


- Əsas müzakirə mövzusu idman direktorunun baş məşqçi olmadan komandayla görüş keçirməsidi... 
- Burda problem ola bilməz. İdman direktoru baş məşqçiyə demədən də komandanı yığa bilər. Klub prezidenti deyibsə, bu, yetərlidi.


- “Neftçi”nin qış fasiləsində legioner transferləri əsas heyətə düşə bilmirlər. Ancaq Ceyhun Sultanovun özünün yeganə transferi olan Sonni Mustivar digərlərindən fərqlənir....
- Həmişə demişəm ki, legioner gəlirsə, ehtiyat oyunçular skamyasında oturursa, o, heç lazımlı legioner deyil. Nəyə görə gəlib ehtiyatda oturur ki...Deyirlər ki, legionerə vaxt lazımdı adaptasiya olsun. Yaxşı, usta futbolçuya adaptasiyaya vaxt lazım deyil. Adaptasiya havaya ola bilər, o da 3 gün çəkir. Futbolun dili bir dənədi də - ötürmə vermək, açılmaq, meydanda sürətlə keçib qol vurmaqdı. Nə adaptasiya? Başa düşmürəm bunu. Onda məşqçilərə də adaptasiyaya vaxt verək. Əlbəttə, istəyirdik ki, bu komanda Avropa Liqasında təmsilçimiz olsun. “Neftçi” "Neftçi"di də, uşaqlığımızın komandasıdı. Ona Tərlan Əhmədova görə qiymət vermirəm. Tərlan Əhmədov “Neftçi”də ömrü boyu işləməyəcək ki...O, orda işləyir, “Neftçi”dən üzümü döndərim, gedəndən sonra yenidən sevim – bu, düzgün deyil axı. “Neftçi” hamının sevimli komandasıdı və ona uğurlar arzulayıram.  


MEHMAN SÜLEYMANOV

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB