TOP 10

Evin sirri evdə qalar, Və ya Getmanı “itirən” “mütəxəssis”

Futbol
Tarix: 2018-05-08 12:00

Evin sirri evdə qalmalıdı.  Bu, 10 il əvvəl də belə olub, 100 əvvəl də, bu gün də. Lakin hər yerdə yox. Müxtəlif vasitələrlə evin içini el-obaya göstərməyə - özü də sırf özünə sərf edən formatda – çalışan Tərlan Əhmədov özünü Mələk obrazında nümayiş etdirmək istəyir. 

 

Bunu görmək, bilmək üçün falabaxan olmağa zərurət yoxdu. Diqqət yetirin, XXVI turdakı “Qarabağ”la taleyükklü matç günü mətbuata informasiya sızdırılır ki, rəhbərliklə arasında münaqişə yaşanıb. Niyə məhz belə bir məqamda? Çünki “Qarabağ”dan qorxurdu. Uduzmaq ehtimalı yüksək olan görüşdən əvvəl öz aləmində “sığorta kartı” açdırmışdı. Ancaq özü inanmasa da, komanda növbəti 3 xalı qazanmağı bacardı.

 

Əlbəttə, bilsəydi ki, çərxi-fələk tərsinə dövran edəcək, özünü gülünc vəziyyətə salmazdı. Ceyhun Sultanovun keçirdiyi iclas “Keşlə”yə 1:2 hesablı məğlubiyyətdən sonra komandadakı ruh düşkünlüyünün aradan qaldırılması məqsədi daşıyıb ki, yekunda da bu, öz bəhrəsini verib.

 

Hə, Əhmədov matçsonrası mətbuat konfransında daha bir “incə” məqama toxunub: “Qalib olanda, şərik çox olur, məğlub olanda isə yox”. Bu sitatı diqqətlə oxuyun və sonra onun başçılığı altında “Neftçi”nin məğlub olduğu oyunlardan sonrakı fikirlərini vərəqləyin. Heç birində məsuliyyəti üzərinə götürməyən “mütəxəssis” “gah nala vurub, gah da mıxa”.

 

İndiki durumda isə olduqca bəsit taktika seçib. Komanda avrokuboklara vəsiqə qazana bilməsə, “rəhbərlik imkan vermirdi”, əksi olacağı təqdirdə isə “rəhbərlik nə qədər mane olsa da, MƏN bunu bacardım” taktikasını. Ancaq o qədər savadsız taktikadı ki, bunu kor da görür, kar da eşidir, lal da deyir.

 

Əhmədov tez-tez “mən “Neftçi”yə gələndə komandanın 1 xalı var idi” deyir. Gəldikdən sonra neylədi? Ardıcıl 2 məğlubiyyət və... Doğrudu, “Keşlə” üzərində səfərdə 2:0 hesablı qələbə qazanıldı. Məhz həmin “oyuna” görə meydan sahiblərinin iki oyunçusunu futboldan ömürlük kənarlaşdırdılar.

 

Qiş fasiləsindəki “istedadı” nəticəsində “Neftçi” azarkeşlərinin ağızlarından çıxan alov az qala Antalyanı yandırırdı. Qayıtdıqdan sonrakı oyun və nəticəsi də göz qabağında oldu. Hər vəchlə Mirabdulla Abbasovun yararsız olmasını isbatlamağa çalışan psevdo-məşqçi məhz bu istedadlı forvardın sayəsində sona 4 dəqiqə qalmış autsayder “Kəpəz” üzərində sınıq-salxaq 1:0-a sevindi. Bu məzmunsuz oyun, ardınca isə “Sumqayıt” tərəfindən təkqapıya görüşdə 0:2 hesablı məğlubiyyət – bax, budu “mən, mən, mən” deyən Əhmədovun bacardığı iş.

 

Maraqlıdı, nəyə görə, xallar, qələbələr, oyun üslubundakı irəliləyiş rəhbərlik dəyişikliyindən sonra baş verdi? Bilməmiş olmazsınız, cənab Əhmədov. Daha bir açıq qalan sual: 5 ay maaş üzünə həsrət qalan Emin Mahmudovun məsələsinə bir baş məşqçi kimi niyə müdaxilə etmirdiniz? Axı, maaş almayan futbolçudan 100 faizlik fədakarlıq tələb etmək mümkün deyil.

 

Aranı qarışdırmaqla reytinq toplamaq mümkün deyil. Aydın məsələdi ki, Əhmədovun bütün etdikləri gələcəkdə hansısa yeni kluba “tilov” atmaq cəhdidi. Vaxtilə bunu “Səbail”də həyata keçirə bilməsə də, ümidləri tükənməyib. Ancaq bu şəkildə Mələk obrazı yaratmaq istəyi... 

Yəqin ki, Tərlan bəy yuxarıdakı şəkildə niyə bir nəfərin çatışmadığını yaxşı bilir. Həmin nəfərin adını biz deyirik – İqor Getman. Ehtiyat oyunçular skamyasında niyə Getmanın olmamasını biz araşdırıb tapdıq. Ancaq Əhmədovdan fərqli aranı qarışdırmaq niyyətində deyilik. Sadəcə, Əhmədovun A komandası ilə məşğul olmaq əvəzinə, tələm-tələsik bütün yaş qrupları üzrə məşqçilərini dəyişdirilərək öz yaxın çevrəsindən təyinatlarını həyata keçirməklə “Neftçi”nin bütün komandalarını ağlar günə qoyduğunu qeyd etməyə bilmərik.   

 

Evin sirri evdə qalmalıdı.  Bu, 10 il əvvəl də belə olub, 100 əvvəl də, bu gün də. Lakin hər yerdə yox...

 

CEYHUN ƏLİYEV

16 Iyul 2018
15 Iyul 2018
B.eÇ.aÇC.aCŞB