TOP 10

Milyondan kim imtina edər, Və ya kim kimə xal bağışlayır?

Futbol
Tarix: 2018-05-07 14:58

Topaz Premyer Liqasının XXVI turunda yetərincə gözlənilməzliklərə şahidlik etdik. Gümüş medalı rəsmiləşdirmək üçün autsayderlərdən olan “Keşlə”ni məğlub edə bilməyən “Qəbələ”nin 1:1-lik bərabərliyini kölgədə qoyan nəticələr oldu ki, xeyli mülahizlərə, şübhələrə yol açdı. 

 

Qış fasiləsindən sonra “Zirə” nəhayət ki, ilk qələbəsini qazandı. Şübhələnmək istəyiriksə, bunu belə səsləndirə bilərik: “Necə oldu ki, heç kimi məğlub edə bilməyən “Zirə” gəlib “Səbail”in meydanında 3 xal qazandı?”. Ancaq arxaya boylandıqda Ayxan Abbasovun komandasının dəfələrlə layiq olmadıqları məğlubiyyətlərinə və udulası oyunlardan cəmi 1 xalla ayrılmalarına diqqət yetirdikdə, 7-ci pillənin sahibi üzərində qazanılan qələbəyə kölgə salmaq mümkün deyil. Bu qələbə gec də olsa, gəlməli idi ki, bu da XXVI turda baş verdi.

 

“Sumqayıt”. Ən çox müzakirə obyektinə çevrilən komanda. Qış fasiləsindən sonra fantastik sürət yığan “Gənclik şəhəri” təmsilçisi XXI turdan, yəni aprelin 2-dən bəri cəmi bir dəfə qələbə sevinci yaşayıb. Medallar uğrunda mübarizə aparan komanda üçün bu, yolverilməzdi! Bəs, nə baş verdi ki, “Sumqayıt” “söndü”? Əksəriyyət bunu Samir Abasovun bir neçə klubdan dəvət almasıyla bağlayır. Ancaq medalın tam fərqli, peşəkar tərəfi var. Mövsümün sonudu. Medallar uğrunda namizədlərin siyahısına diqqət yetirək. “Qarabağ”, “Qəbələ” və “Neftçi”dən fərqli olaraq, “Sumqayıt”la “Zirə” daha qısa ehtiyat oyunçular skamyasına sahibdirlər. Sıx qrafik bu iki komandanın yorğunluğunu şərtləndirdi ki, bu da nəticədə öz əksini tapdı. Doğrudu, “Zirə”də yetərincə futbolçu var, lakin onların 5-7-si zədə səbəbindən komandaya kömək edə bilmirsə, bu, öz təsirini göstərməyə bilməz.

 

Nəhayət, “Qarabağ”ın “Neftçi”dən aldığı məğlubiyyət barədə. Mövsüm ərzində cəmi bir dəfə uduzan ölkə çempionunun “ağ-qaralar”dan aldıqları yenilgi “aydın səmada şimşək” effekti verdi. Özü də bu, mövsümdə ilk ev məğlubiyyəti oldu. Bəli, “süvarilər” futbol ictimaiyyətində “məğlubedilməzlər” imicini formalaşdıra biliblər. Ancaq elə həmin komanda hər birimizə “yenilməz rəqib yoxdu” ifadəsini də Çempionlar Liqasının qrupuna düşməklə isbatlamağı bacarıblar. Necə ki, “Qarabağ” hansısa Avropa “div”inə “dişləri”ni göstərməyi bacarır, eynisini də Azərbaycanda Qurban Qurbanovun komandasına kimlərsə yaşada bilər. 

 

İnandırıcı görünmür “Neftçi”nin qələbəsi?

 

Onda “əl əli yuyar, əl də üzü” ifadəsini yaxşı-yaxşı götür-qoy edin. “Qarabağ” və “Zirə” komandalarını az qala bir bulaqdan su içdikləri iddia olunur. Bu, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Dəfələrlə idman prinsiplərinin pozulmasına dair əsassız iddialar da ortaya atılıb. İndi isə gəlin XXV tura qayıdaq. Çempionluğunu rəsmiləşdirmiş “Qarabağ” bütün “məntiqlər”ə əsasən “Zirə”yə uduzmalı idi. Ki, “qardaşları” da avrokuboklara getmək şanslarını xeyli artırmış olsunlar. Uduzmaq bir yana, 90-cı dəqiqədə “süvarilər” “Zirə”yə “od qoydular”. 

 

Deyək ki, “Qarabağ” söz-söhbətdən qorxaraq “Zirə”ni büdrətdi. Bəs, Ayxan Abbasovun komandasının avrokuboklara yüksəlmək uğrunda əsas iki rəqibindən biri – “Neftçi”yə uduzmaq necə? Axı, məntiqlə Qurban Qurbanovun komandası “Zirə”nin eşqinə “Neftçi”ni məğlub etməli idi! Axı, “Zirə” avrokuboklara yüksəlsə və qitəmiqyaslı yarışda ən azından ötənilki nəticəni təkrarlasa, büdcəsini təqribən 1 milyon manat zənginləşdirəcək! Axı, “Zirə”, “Neftçi”, “Sumqayıt”ın hər birinin ayrıca büdcəsi var! Yəni, kim Avropa Liqasına getsə, pulu da o qazanacaq! Başqa sözlə, heç bir klub bilərəkdən digərinə güzəştə getməz. Bütün məntiqlər isə yalnız hədəfinə çatan “Qarabağ”ın “qardaş” adlandırılan “Zirə” üçün çalışmalı olduğunu göstərsə də, bu da baş vermədi. Başqa sözlə, bu iddialara da “bir quş”.

 

Nəhayət, sonuncu versiya barədə. AFFA-nın bilərəkdən kimlərisə, ilk növbədə “Neftçi”ni avrokuboklara dartması barədə. Bir zəhmət, XXV turda “Neftçi”nin “Keşlə”yə məğlubiyyətini də əsaslandırın. Həmin “Keşlə”yə ki, məhz AFFA tərəfindən maliyyələşdirilir. Həmin “Keşlə”yə ki, ölkə çempionatında heç bir iddiası qalmayıb və yeniləcəyi təqdirdə heç kəs Yuri Maksimovun komandasını oyunu bilərəkdən uduzmaqda ittiham etməyəcəkdi.


CEYHUN ƏLİYEV

 

P.S. “Qarabağ” “Atletiko” ilə iki dəfə heç-heçə edəndə fantaziyaları fontan vuran insanlar ispanların bilərəkdən Azərbaycan çempionunu məğlub etmədiyini iddia etmişdi. Bəli-bəli, ÇL-in pley-offuna düşməməklə milyonlardan məhrum olmağa razılaşan Madrid təmsilçisinin.  

 

15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB