TOP 10

Camalxanov "Kəpəz"in Premyer Liqada qalacağına böyük ümidlər bəsləyir: "Bilirik ki, lisenziya üçün tələb olunan bütün şərtləri yerinə yetirmişik"

Futbol
Tarix: 2018-05-06 15:44

"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda bir müddətdi başlayan təmir-bərpa işləri sürətlə davam edir. Gəncəyə son səfərimiz zamanı buna özümüz də canlı şahid olduq. "Kəpəz"in icraçı-direktoru Elnur Camalxanovla müsahibəmizdə həm görülən bu işlərə, həm də əsas komandanın Premyer Liqada qalmaq perspektivinə toxunduq. 

 

- Gəncə şəhər stadionunda təmir-bərpa işlərinin cari mövsümün sonunda başlanması nəzərdə tutulmuşdu, yoxsa bir az yubanma oldu?

- Yox, işlər gözlənildiyi kimi də başladı. Bildiyiniz kimi, şəhər rəhbərliyi tədbirlərin birində bu haqda məlumat vermişdi ki, Gəncə stadionunda böyük həcmdə işlər görüləcək. Həmin məqam indi yetişib. Gördüyünüz kimi, təmir-bərpa işləri aparan briqadalara xeyli canlı qüvvə və eyni zamanda texnika cəlb olunub. Demək olar hər gün gecə-gündüz işlər gedir.

 

- İşlərin nə vaxta yekunlaşması planlaşdırılıb?

- Elə bir konkret vaxt yoxdu. Klub rəhbərliyi tərəfindən gələn mövsüm üçün komandanın Gəncəyə köçürülməsi planlaşdırılır. Buna əsasən deyə bilərik ki, stadionda təmir-bərpa işləri növbəti mövsümün startınadək yekunlaşmalıdı.

 

- Komandanın bazada qalmaq üçün hər cür şəraiti olacaqmi?

- Bəli. Otaqlarda da, fasadlarda da təmir gedir. İstilik sisteminin bərpa olunmasıyla bağlı artıq müəyyən işlər görülür. Heç şübhə etmirəm ki, növbəti mövsümə normal şəraiti olan baza olacaq və "Kəpəz" burda qalacaq. Bu, klubla yanaşı, şəhər rəhbərliyinin özünün prioritet marağındadı ki, komanda Gəncədə məskunlaşsın, məşqlərinin hamısını burada keçirsin.

 

- Stadionun ərazisində məşq meydançalarının olması nəzərə tutulub...

- Bununla da bağlı görülən işlərə şahid oldunuz. İki məşq meydançası olacaq: biri süni, biri təbii örtüklü. Ərazidə texnikalar işləyir, torpaqlar daşınır. Bütün işlər yüksək səviyyədə görülür.

 

- Gəncə şəhər stadionunda media sektoru qeyri-münasib, azarkeşlər olan yerdədi ki, bu da işə maneçilik törədir və bu məsələyə də mətbuatda dəfələrlə toxunulub. Stadionda yenidənqurma işləri çərçivəsində, yaxın gələcəkdə bununla bağlı iş görülməsi planlaşdırılır?

- Bəli, bu məsələ diqqət mərkəzimizdədi. Stadionda yenidənqurma işləri çərçivəsində bununla bağlı müvafiq addımların atılması nəzərdə tutulub.

 

- Bütün bunların olması çox yaxşı haldı. Ancaq digər tərəfdən, fakt budu ki, "Kəpəz"in I Diviziona düşməsi artıq rəsmiləşib. Hərçənd, qış fasiləsində xeyli transfer, o cümlədən yeni legionerlərin keçidi reallaşdı. Ancaq "Kəpəz" sonuncu pillədən qurtula bilmədi. Bu nəticəni necə şərh edərdiniz?

- Təbii ki, bununla bağlı reqlament nə deyəcəksə, elə də olacaq. "Kəpəz" in sonuncu yerdə  getməsi faktdı. Təbii ki, istəməzdik belə olsun. Klubumuz üçün heç arzuolunan nəticə deyil. Heç kim də yüksək liqanı tərk etmək istəməz. Ancaq reqlamentə görə belə alınıbsa, təbii ki, buna qarşı hər hansı bir tədbir görmək mümkün deyil. Yalnız oyunla, qazandığın nəticələrlə sonuncu pillədən yaxa qurtarmaq olardı. İndisə bu, aktual deyil. Gördüyünüz kimi, qalan oyunlarımızda qalib gəlsək belə, 7-ci yerə yüksəlmək şansımız yoxdu. Ancaq futbolun inkişafıyla bağlı irəli sürülən təklfilər var - buna əsasən Premyer Liqada 10 komanda mübarizə aparacaq - bu, reallaşarsa, "Kəpəz" yenidən güclülər dəstəsində öz gücünü sınamağa başlayacaq və növbəti mövsümdə hədəfimiz yüksək yerlərdən birini tutmaq olacaq. İnşallah, düşünürəm ki, buna nail olarıq.

 

- Bəs komanda I Diviziona düşməli olsa, taleyi necə olacaq? "Kəpəz"in pespektivi necə görünür?

- Bunu zaman göstərəcək. Biz də AFFA İcraiyyə Komitəsinin qərarını gözləyirik. "Kəpəz" I Diviziondadı" deyə duşünərək hal-hazırda hansısa bir qərar vermək olmaz. Bildiyiniz kimi, ümid sonda ölür.

 

- Yəni "Kəpəz"in I Diviziona düşməsiylə barışmırsınız?

- Barışmaq istəmirik ki, Kəpəz" I Diviziona düşəcək. Çünki böyük ümidlərimiz var ki, Topaz Premyer Liqasında növbəti mövsümdə mübarizə 10 komandayla davam etdiriləcək.

 

- Bəli, prioritet budu. Ancaq məsələ ondadı ki, 10-cu komanda tapılmır. "Kəpəz" qalırsa, I Divizionun çempionu olan "Xəzər" gəlirsə, say 9 olur. Bununla isə çempionata başlamaq olmur. Yenə 8 komanda olacaqsa bu, əleyhinizədi. Çünki reqlamentə əsasən "Kəpəz" Premyer Liqanı tərk etməlidi...

- Ad çəkmək istəmirəm kim gələcək,  kim yox. Ancaq elitaya gəlmək istəmək işin hamısı demək deyil. Yəni orda müəyyən lisenziya şərtləri var ki, onları yerinə yetirmək lazımdı. "Kəpəz" bunların öhdəsindən tam şəkildə peşəkarcasına gəlib. Bu işlərdə lisenziyalaşdırma çox böyük önəm kəsb edir. AFFA-nın baş katibi Elxan Məmmədovun da bunu müsahibəsində qeyd etdiyini bilirsiniz. Böyük ümidlərimiz var ki, "Kəpəz" Topaz Premyer Liqasında qalaraq mübarizəsini davam etdirəcək.

 

- Sizə rəsmi şəkildə deyilib ki, Premyer Liqada iştirak etmək üçün lisenziyalaşdırmadan keçmisiniz?

- Xeyr. Amma bilirik ki, lisenziya üçün tələb olunan bütün şərtləri yerinə yetirmişik.

 

- Siz hardasa buna işarə vurursunuz ki, həmin "Xəzər" bunu "Kəpəz" qədər edə bilməz?

- Heç bir klubun menecment işlərini aşağılamaq istəmirəm. Ancaq düşünürəm ki, "Kəpəz" hər şeyi peşəkarcasına yerinə yetirib. Öz klubumuza cavabdehəm və işlərin içində olan şəxs kimi deyirəm ki, biz lisenziyalaşdırma ilə bağlı bütün hüquqi prosedurları, sənədləşdirmənin hamısını yerli-yerində AFFA-ya təqdim etmişik. Ancaq Elxan müəllimin açıqlamasından da xəbərdarsınız və bilirsiniz ki, I Divizionda olan komandaların lisenziyalaşdırılmayla bağlı böyük problemləri var. Bu üzdən ümid edirik ki, "Kəpəz" Premyer Liqada alacaq.

 

- Ancaq AFFA-nın baş katibi keçirdiyi brifinqdə onu da qeyd etdi ki, 10 komandalı çempionatın olması ehtimalı çox azdı. Onda da 8 komanda olacaq ki, bu zaman reqlament əleyhinizə işləyəcək..

- Təbii ki, reqlament əleyhimizədi. Yenə də deyirəm ki, ümid ən sonda ölür. Ümid edirik ki, hansısa güzəşt nəticəsində Premyer Liqada qalacağıq. Ancaq bu, ümidimizdi, belə olacağına əmin deyilik.

 

- Yəni "Kəpəz"in Premyer Liqada qalıb-qalmayacağı dəqiqləşməyənədək heyətlə, yeni müqavilələrlə bağlı məsələ müzakirə mövzusu deyil...

- Bəli-bəli, bu haqda heç danışmağa dəyməz.

 

- "Kəpəz" Premyer Liqada saxlanılarsa, komandanın gücləndirilməsi yönündə işlər nəzərdə tutulub. Maddi durum, klubun büdcəsi buna imkan verəcəkmi ki, mükafatlar uğrunda mübarizə aparasınız?

- Mövcüd büdcə əsasında hərəkət etməliyik. Büdcəmiz nədirsə ona uyğun da işlərimizi planlaşdırmalıyıq. Həmin büdcə, maddi imkanlar daxilində də mövcud işlərimizi quracağıq və baş məşqçiylə bu barədə müzakirələr aparacağıq.

 

- Yeri gəlmişkən, belə qənaətə gəldik ki, baş məşqçinizin işindən razısınız. Hərçənd, Yunis Hüseynov da komandanı son pillədən çıxara bilmədi...

- Baş məşqçimizdən razıyıq. O, işini qurub. Oyunlarımızı özünüz də izləyirsiniz və görürsünüz ki, komandada irəliləyişlər var. Son pillədən yaxa qurtara bilməməyimizin səbəbinə gəlincə, baş məşqçimiz mövsümün ortasında dəyişdi. Onun yığdığı futbolçuları öz sisteminə adaptasiya etməsi üçün, oyunçuların bir-birini tanıması, uyğunlaşması üçün vaxt keçməsi lazımdı. İdmanda bu, belədi. Fərdi idman növlərində menecmentdə çalışmışam və buna şahid olmuşam ki, birdən-birə uğur əldə etmək qeyri-mümkündü. Heç bir baş məşqçi deyə bilməz ki, 6 aya bunu əldə edəcəyəm, stəkanda fırtına yaradacağam. Bu, mümkün olan şey deyil.

 

- AFFA Klublar Komitəsinin sizin də iştirak etdiyiniz son iclasında müzakirə olunan məsələlərdən biri əvəzedicilərlə I Divizion komandalarının birləşməsi idi. “Kəpəz”in bu məsələylə bağlı mövqeyi necədi?

- Klub daxilində bu məsələni müzakirə etdik və qərara gəldik ki, əvəzedicilərin yarışı öz qaydasında qalsın.

 

MEHMAN SÜLEYMANOV, Bakı-Gəncə-Bakı

22 May 2018
21 May 2018
B.eÇ.aÇC.aCŞB