TOP 10

MMA döyüşçümüzün gileyi: "Maddi dəstək yoxdu"

Digər
Tarix: 2018-05-05 12:11

Bəxtiyar Arzumanov. Ölkəmizdə MMA döyüş növləri o qədər də populyar olmasa da, məhz bu döyüşçümüz az-çox ad çıxaranlardandı. Dünən Bakı Olimpiya Stadionunda  baş tutan 7 döyüşdən birində məhz Arzumanov qüvvəsini sınamalı idi. Rəqibi Temirxan Axtemirovla döyüşdən öncə Bəxtiyar Sport24.az-ın əməkdaşının suallarını cavablandırdı.

 

-    İlk dəfə olaraq Azərbaycanda belə bir turnir keçirilir. Bu turnirdən nə gözləyirsən?
-    Hazırlıqlar yaxşı gedib. Döyüşə olduqca ciddi yanaşmışıq. İnşallah, məşqçimin ümidlərini doğruldaram.

 

-    Bəs Azərbaycanlı döyüşçüləri nə vaxt əsas qarşılaşmalarda, kəmər uğrunda döyüşlərdə görəcəyik? MMA-da nə çatmır?
-    Çatmayan şeylər çoxdur. İlk öncə, dəstəyi qeyd edərdim. Xalqımızın dəstəyi çatmır. Erməni döyüşçülər heç də bizdən artıq deyillər. Gəl ki, onlar dünyanın hər yerində müxtəlif turnirlərdə döyüşürlər, ancaq bizim millətdən idmançılarımıza dəstək azdır, yoxdur.

 

-    Dəstək deyəndə nəyi nəzərdə tutursan? Doğma arenada yarış olmamasını, yoxsa..?
-    Maliyyə tərəfini nəzərdə tuturam. Maddi dəstək yoxdu.

 

-    4 dəfə döyüşən rəqibin – Temirxan Axtemirovdan bu baxımdan daha təcrübəlisən: 9 döyüş keçirmisən. Bu, təcrübə baxımından sənə kömək edə və hansısa üstünlük verə bilərmi?
-    Üstünlük deyəndə, lap sıfırdan başlayan idmançı olsun, heç bir döyüşə rahat çıxmıram. Hər şeyə hazır oluram.

 

-    Dəstəkdən danışdın. Ümumiyyətlə, MMA-ya baxanda görürük ki, orada dəstəkdən çox, PR həlledici rol oynayır.
-    Bəs, PR-a qədər gedib çıxmağa nə lazımdı? Burada dilənçilik etmirəm, sadəcə, real durumu qeyd edirəm.

 

-    Gələcəyə ümidin varmı?
-    Var, amma respublikada olimpiya idman növlərinə olan diqqət qeyri-olimpiya növlərinə olan diqqətdən daha çoxdu.

 

-    Belə turnirlər mütəmadi olaraq Azərbaycanda keçirilsə, vəziyyət düzələrmi?
-    Düzələ bilər, çünki izləyirlər və izləyərkən də istər-istəməz nəsə ola bilər.

 

-    Bu turnirdən sonra yaxın gələcəkdə nə kimi planların var?
-    Bundan öncə Bakıda ASB-83 turniri olmuşdu. Demişdilər ki, qalib gəlsən, müqavilə imzalanacaq. Hələ ki, gözləyirəm.

 

ƏKBƏR AĞAZADƏ
 

P.S. Seçimizidə yanılmamışdıq. Bəxtiyar Arzumanov axşam saatlarında növbəti qələbəsini qazanmağa müyəssər oldu.

23 May 2018
22 May 2018
B.eÇ.aÇC.aCŞB