TOP 10

Musayev öz vətənində döyüşməyi ikiqat məsuliyyət sayır: "İdmanda qardaş qardaşla da vuruşur"

Digər
Tarix: 2018-05-02 20:00

Mayın 4-də Bakıda Olimpiya Stadionunda keçiriləcək WFCA-48 beynəlxalq turniri üçün bu gün mətbuat konfransı təşkil olunub. Sport24.az xəbər verir ki, tədbirdə Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev, Rusiyanın "Akhmat" klubunun vitse-prezidenti İslam Datsayev və idmançıları iştirak ediblər.

 

Yarış ərəfəsində 14 kq çəki salan Musayev yaxşı hazırlaşdığını bildirib: "Çəki salmaq ən çətin prosesdi. Hər şeyin yaxşı olacağını düşünürəm. Öz vətənimdə vuruşmaq ikiqat məsuliyyətdi. Qoy, güclü qalib gəlsin. Rəqibim Maarif Pirayevlə təlim-məşq toplanışlarından tanışıq. Amma idmanda qardaş qardaşla da vuruşur. Rəqibin zəif cəhətlərindən danışmaq istəmirəm. Öz döyüş planım var və buna uyğun da döyüşəcəm".

 

Datsayev yüksək səviyyəli təşkilatçılığa görə Bakı Olimpiya Stadionunun və "Olimpiya" klubunun rəhbərliyinə təşəkkür edib: "Heç kimə nokaut arzulamıram - nə döyüşdə, nə də həyatda. İnanıram ki, baxımlı döyüşlər olacaq". 

 

"Akhmat"ın nümayəndəsi Aslanbek Badoyev də Azərbaycanda bu cür döyüş gecəsinin təşkilinə görə məmnunluğunu ifadə edib: "Bu yarışdakı qaliblər çempion kəməri uğrunda döyüşmək şansı əldə edəcəklər. Bu cür döyüşlər təşkil etmək üçün mütləq azarkeş toplayan yeri qəhrəmanlar olmalıdır. Azərbaycanda həmin qəhrəmanlar Bəxtiyar Arzumanov, Mehman Məmmədov, Tofiq Musayev, Aqşin Məmmədov kimi peşəkarların simasında var. Bizə təklif gəldi və razılaşdıq. Burada gördüklərimizdən məmnunuq. Bakı Olimpiya Stadionunun rəhbərliyinə təşəkkür edirəm. Öhdəliklərini çox gözəl yerinə yetirdilər".

 

"Akhmat"ın tanınmış nümayəndəsi, çempionu Məhəmmədrəsul "Frodo" Hasbulayev turnirin super-döyüşündə Salman Jamaldayev ilə görüşəcək. O, titul üçün döyüşmək imkanının hər zaman olmadığını bildirib. Titulun sahibi Jamaldayev isə bunu qazanmağın qorumaqdan çətin olduğunu söyləyib. Yarışın təşkilatı işləri ilə məşğul olan Bakı Olimpuya Stadionunun direktor müavini Rüstəm Adilov stadionun döyüşə tam hazır olduğunu diqqətə çatdırıb. O, kassalarda cəmi 150 biletin qaldığını deyib.

 

Qeyd edək ki, mayın 4-də saat 19:00-da başlayacaq turnirin təşkilatçıları "Olimpiya" və "Akhmat" döyüş klubları, eləcə də Bakı Olimpiya Stadionudur. Ümumilikdə, WFCA-48 turnirində MMA qaydalarına uyğun olan 14 döyüş keçiriləcək. Turnir Azərbaycanda bir ilk olacaq və tamaşaçıların rəğbətini qazanaraq bir ənənənin başlanğıcı olacağına inanılır. Rinq Bakı Olimpiya Stadionunun əsas meydançasında qurulacaq, tamaşaçılar isə 3000 yerlik oturacaqlarla təmin ediləcək. Biletlərin satışı online olaraq iticket.az saytına, şəhərin mərkəzləşdirilmiş kassalarından, həmçinin ASAN mərkəzlərində mövcuddur; qiymətlər 5, 10 və 20 manat arasında dəyişir. Turnirdə Azərbaycan, Rusiya, Argentina, ABŞ, Qırğızıstan, Braziliya, Ukrayna, Qazaxıstan, Tacikistan və Dominikan Respublikasının MMA döyüşçüləri öz bacarıqların göstərəcəklər.

 

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB