TOP 10

Elxan Məmmədov I Divizion klublarından narazıdı: "Təəssüf ki, hazırda 10 komandalı çempionat ehtimalı çox azdı"

Futbol
Tarix: 2018-05-01 13:36

 AFFA-nın baş katibi Elxan Məmmədov Klublar Komitəsinin bu gün keçirilən iclasında iştirak edib. Qurum rəsmisi Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. 

 

- İclasda hansı məsələlər müzakirə olundu?

- İclasda bir sıra məsələlər müzakirə olundu. Hazırda hər bir klubumuz fərdi qaydada birbaşa statistika məlumatları alaraq bunun qarşılığında maddi vəsait xərcləyir. Biz də Klublar Komitəsinin müraciətinə baxaraq, mərkəzləşdirilmiş sistemdə "InStat" şirkəti ilə danışıqlar apardıq. Nəticədə ümumi olaraq, illik 80 min avroluq müqavilə  imzaladıq. Artıq bu şirkət bütün klublara məlumatları birbaşa göndərəcək. Nəticədə maddi planda qənaət olacaq, əlavə xərcə ehtiyac olmayacaq. Bu sistem mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərəcək. Hesabladıq ki, hər bir klubumuz buna ildə 12 - 14 min avro vəsait xərcləyir. Bu statistik, fitnes və skaut sisteminin məlumatlarını əldə etməyə görədi. Mərkəzləşdirilmiş danışıqlar apardıqdan sonra daha yaxşı təklif ala bidik. Çünki 80 min avroya bütün milli komandalar da daxil oldu və ən əsası, məşqçilərimiz Gənclər Liqasının bütün statistik məlumatları ilə təmin olunacaqlar. Fikrimcə, bu, Çempionlar Liqası, UEFA Gənclər Liqasında iştirak edən klubların və ümumiyyətlə, bütün komandaların baş məşqçiləri üçün vacibdi.

 

- Xərclər AFFA tərəfindən qarşılanacaq?

- Bəli. Düşündük ki, ilk növbədə, mərkəzləşdirilmiş sistemdə danışıqlar aparanda qənaət edə bilərik və bunu etdik də. Hazırda 8 klubumuz, Gənclər Liqasında çıxış edən komandalar, bütün millilər bu sistemə daxildi.

 

- Müqavilə artıq qüvvəyə minib?

- Bəli, 2 illik müqavilə ötən həftədən qüvvəyə mindi. Müraciət bizə Klublar Komitəsindən gəldi. Müzakirələrdən sonra qərara gəldik ki, bu addımı ataq.

 

- Hazırda Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümü üçün klubların lisenziyalaşdırılması ilə bağlı məsələ nə yerdədir?

- Əslində, bu məsələnin Klublar Komitəsinə aidiyyatı yoxdu. Lakin bu məsələ gündəmdədi və futbol ictimaiyyəti müzakirə edir. Dəfələrlə qeyd etmişik ki, hər şey lisenziyalaşdırmadan asılıdı. FİFA-nın lisenziyalaşdırma ilə bağlı sərt qərarları var. Bu qərarları AFFA və Premyer Liqa sisteminə daxil etmişik. Gəlin, Lisenziyalaşdırma Qrupunun qərarını gözləyək. Bütün klublar sənədlərini təqdim edib. Bəzi klublar sənədləşməni maksimum təmin etməyə çalışdılar. Bəziləri isə buna qeyri-peşəkar yanaşdılar.

 

- Hansılar?

- Onların adlarını çəkmək mən tərəfdən qeyri-etik olardı. Amma I Divizion klublarının bu məsələyə qeyri-peşəkar yanaşmanı davam etdirmələri bizi məyus edir. Əslində, I Divizion gələcəyi göstərir. İlk addımları belə qeyri-peşəkar atırlarsa, risk edə bilmərik. Vaxtilə AFFA İcraiyyə Komitəsi bəzi klublara ona görə güzəşt etdi ki, Premyer Liqada komanda sayı artsın. Ancaq təcrübə onu göstərir ki, bu, müsbət effekt vermədi. Çempionat gedə-gedə bəzi klublar fəaliyyətlərini dayandırdılar, bəzilərinin maddi problemləri üzə çıxdı. Bu gün AFFA olaraq, çempionata 8 klubla başlayırıqsa, bu sayla da bitirməyi təmin etməliyik. Bu, bizim üçün ən vacib məsələdi. Digər önəmli məqam maliyyə şəffaflığının təmin olunmasıdı. Nəhayət, idman meyarını qeyd edərdim. Təbii ki, infrastruktur da vacibdir. Lakin bu məsələnin həllinə dair bir yol tapa bilərik. Çünki hazırda AFFA-nın balansında da stadionlar var. Onları klublara təqdim etməyimiz mümkündür və etmişik də. 

 

- Lisenziyalaşdırma Qrupunun qərarı nə zaman açıqlanacaq?

- Mayın 15-dək.

 

- Növbəti mövsümdə I divizionla əvəzedicilər birləşərsə, neçə komandanın iştirakı nəzərdə tutulub? Orda limit necə olacaq?

- Bu məsələ Klublar Komitəsinin iclasında müzakirə olundu. İstərdik ki, Gənclər Liqası da gücləndirilsin. Çünki UEFA ildən-ilə bu liqaya daha böyük önəm verir. Biz də bunu ona görə davam etdirməliyik ki, qalibimiz UEFA Gənclər Liqasında təmsil olunur. Gənclər Liqasında çıxış edən futbolçular növbəti mövsüm 20-21 yaşda olanda əslində, Premyer Liqada çıxış etməlidirlər. Limit məsələsi də önəmlidi. Hazırda 1996/97 təvəllüdlülərlə bağlı limit var ki, mütləq oynamalıdı. Bu yaşı saxlamaq, yoxsa 1998-99-cu illəri tətbiq etməklə bağlı hazırda müzakirələr gedir. Bu, birbaşa AFFA İcraiyyə Komitəsinin səlahiyyətində olan məsələdi.

 

- Premyer Liqada 10 komanda düzəlməsə, 9 komandalı çempionat keçirmək düz gəlmir. Belə olan halda, hansı addım atılacaq?

- Hazırda planda 8 komandanın iştirakıdı. Lisenziyalaşdırma ilə bağlı problem olduğundan və real vəziyyəti gördüyümüz üçün təəssüf ki, hazırda 10 komandalı çempionat ehtimalı çox azdı. Təbii ki, bu məsələ AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə edildikdən sonra müvafiq qərar qəbul olunacaq.

 

- “Xəzər” lisenziya ala bilsə, onda son pillənin sahibi olacağı dəqiqləşən “Kəpəz” I Diviziona düşməlidi?

- Əsasnaməyə uyğun olaraq və idman prinsiplərinin qorunması üçün Premyer Liqada mövsümü axırıncı yerdə bitirən komanda aşağı liqaya düşməlidi. Lisenziyalaşdırma ilə bağlı sənədlərin təhlilini aparararaq vəziyyəti görürük. Bir komandanın Premyer Liqaya yüksəlmək ehtimalı var. O da ilk növbədə lisenziyalaşdırmanın şərtlərini təmin etməlidi. Çünki bu gün yalnız komandaya yox, kluba lisenziya veririk. Təəssüf ki, hazırda I Divizionda komanda yanaşması əsas götürülür.  Bu da peşəkar klub yanaşması deyil. 8 komanda bizdə sabitlik yaradıb. Çünki Premyer Liqa təmsilçilərimiz klub kimi fəaliyyət göstərirlər. Uşaq liqalarında çıxış edən komandaları var, məşqçilər mütəmadi kurslarımıza qatılırlar. Həkimlər, fizioterapevtlər, menecerləri də nəzərə alsaq, əsl peşəkar klubdular. Bizə də Premyer Liqada komanda yox, klub lazımdı.

 

MEHMAN SÜLEYMANOV

17 Iyul 2018
16 Iyul 2018
B.eÇ.aÇC.aCŞB